Çin Cənub Hava Yolları Bakı-Urumçi-Quanço aviareysini bərpa edir

Dünən Çin Cənub Hava Yolları (“China Southern Airlines”) Bakı-Urumçi-Quanço aviareysinin bu il iyulun 3-dən fəaliyyətini bərpa etməsi ilə bağlı təqdimat mərasimi keçirdi. Tədbirdə şirkətin rəsmi nümayəndələri, Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndəsi Elmar Əkbərov, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Xatirə Müseyibova iştirak edirdilər.

Təqdimat mərasimini açan Çin Hava Yolları Urumçi bölməsinin müdir müavini Çen Li Hong bildirdi ki, reysin açılması Çinlə Azərbaycan arasında dostluq, eləcə də iqtisadi-ticari əlaqələrin inkişafına yaxından kömək edəcək. “Azərbaycanla Çin arasında dostluq və mədəni münasibətlər yüksək səviyyədədir.  Hesab edirəm ki, bu reysin açılışından sonra ölkələr arasında turizm əlaqələri daha da genişlənəcək. Hazırda Böyük İpək Yolunun bərpası strategiyası haqqında danışıqlar aparılır və  düşünürəm ki, sözügedən reysin yenidən bərpası bu işə də öz töhfəsini verəcək”.

Şirkətin müdir müavini bildirdi ki, Çin Cənub Hava Yollarının baş qərargahı Çin Xalq Respublikasının Quanço şəhərində yerləşir və bu, beynəlxalq hava yolları şirkətidir. Şirkət Asiyanın flot ölçüsünə və sərnişin daşınma meyarına görə ən böyük, dünyanın isə altıncı ən böyük aviaşirkətidir. Aviaşirkət dünya miqyasında 35 ölkə və regionda 193 nöqtəyə 1930-dan çox gündəlük aviareys həyata keçirir. “SkyTeam” ilə sıx əməkdaşlığı əsasında bu təşkilata üzv olan digər hava yolları ilə əməkdaşlıq edir. Şirkətin qlobal uçuş şəbəkələşməsi 187 ölkə və regionda 1000 şəhəri əhatə edir. Çin Cənub Hava Yollarının Nyu-York, Los-Anceles, Paris, Tokio, Amsterdam, Dubay, Sidney, Vankuver, London və Seulda 56 satış ofisi fəaliyyət göstərir.

Onun sözlərinə görə, Bakı-Urumçi-Quanço aviareysi iyulun 3-dən işə başlayacaq: “Uçuşlar həftənin çərşənbə və bazar günləri həyata keçiriləcək. Bakıdan uçuş vaxtı 23.05, Urumçiyə gəlmə vaxtı 07.00 (yerli vaxtla), Urumçidən uçuş 09.40, Quançoya gəlmə vaxtı 14:35-ə, geriyə – Quançodan uçuş 12.50, Urumçiyə gəlmə 18.10, Urumçidən uçuş 20.10, Bakıya gəlmə – 21.05-ə nəzərdə tutulur. “Boeing 737-800” təyyarələri ilə mütəmadi şəkildə həyata keçiriləcək reyslər sayəsində sərnişinlər uçuş vaxtına qənaət edə biləcəklər".

Li Honq qeyd etdi ki, Çin Cənub Hava Yolları 10 ildir ki, Azərbaycanda fəaliyyət göstərir, 2006-cı il mart ayının 7-də ilk dəfə Bakı-Urumçi reysi həyata keçirilib: “Son bir ildən artıq müddətdə baş verən devalvasiya uçuşların dayandırılmasına səbəb olmuşdu. Lakin iyulun 3-dən etibarən reyslər daha geniş – Bakı-Urumçi-Quanço hava xətti ilə həyata keçiriləcək. Sərnişinlərə biznes-klasda hər biri 32 kq olmaqla 2 baqajı, ekonom-klasda isə 32 kq-lıq 1 baqajı ödənişsiz aparmağa şərait yaradılacaq”.

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin bildirdi ki, Azərbaycan və Çin arasında əməkdaşlıq yüksək səviyyədədir. İki xalq arasında mədəni mübadilə və qarşılıqlı əlaqələrin səviyyəsi də diqqətlayiqdir. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyəti artıq başa çatmaq üzrədir və burada fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın iqtisadi və sosial inkişafının şahidi olub. “Azərbaycan bir çox uğurlar əldə edib. Beynəlxalq səviyyədə keçirilən idman yarışlarına ev sahibliyi edərək dünya miqyasında kifayət qədər nüfuz qazanıb və iqtisadi uğurları ilə yeni eranın başlanğıcını qoyur. Azərbaycan bütün xalqların birlikdə yaşadığı bir ölkədir. Azərbaycandan xoş təəssüratlarla ayrılacağımı bildirmək istəyirəm. İyulun 3-dən fəaliyyətə başlayacaq aviareys də hər iki ölkənin sıx münasibətinə öz töhfəsini verəcək”.

Sonra Çin Cənub Hava Yollarının fəaliyyətindən bəhs edən videorolik nümayiş etdirildi. Şirkətin təşkil etdiyi üçmərhələli lotereya oyununun qalibləri elan edildi və Azərbaycan rəqqaslarının ifasında “Süleymani” rəqsi nümayiş olundu.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında