Taxılçılığın inkişafı diqqət mərkəzində saxlanılır

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Əsas məqsəd kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanmaq, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltməkdir.

Dövlət başçısının tapşırığına uyğun olaraq respublikamızda pambıqçılıqla yanaşı, tütünçülük və baramaçılığın inkişafı ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib. Bu sahələrin inkişaf etdirilməsi üçün rayonlarda böyük təcrübə, təsərrüfat vərdişləri var.  2015-ci ildə respublikada cəmi 1400 hektarda tütün əkilib, 3500 ton məhsul istehsal olunub, hər hektardan məhsuldarlıq 25 sentner təşkil edib. Ötən əsrin 70-80-ci illərində isə Azərbaycanda tütün əkini sahələri 18 min hektar, 1986-cı ildə məhsul istehsalı 65 min ton, məhsuldarlıq isə 39 sentner olub. Vaxtilə respublikamızda 6 min tona yaxın barama istehsal olunduğu halda, ötən il bu göstərici cəmi 236 kiloqram təşkil edib. Hazırda bu gəlirli sahələrin inkişaf etdirilməsi üçün dövlət tərəfindən bütün imkanlar səfərbər olunub.

Respublikamızda taxılçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Cari ilin taxıl yığımı mövsümündə respublika üzrə cəmi 927,4 min hektar sahədə biçin aparılması nəzərdə tutulub. Bunun 344 min hektarı arpa, 583 min hektarı buğda sahələridir. Ümumilikdə ötən illə müqayisədə payızlıq buğda sahəsi 42 min hektar çoxdur. Mayın 25-dən etibarən aran bölgələrində arpa biçini başlanıb və məhsuldarlıq hektardan 30-35 sentner təşkil edir. Biçinə hazırlıqla əlaqədar respublikada mövcud olan taxılyığan kombayn parkının dislokasiyası müəyyənləşdirilib və biçin qrafiki tərtib edilib.

Cari mövsümdə 2400-dən çox taxılyığan kombayn biçinə cəlb olunacaq. Mövcud olan kombaynlar tam saz vəziyyətə gətirilib, bölgələr üzrə taxılın yetişmə ardıcıllığı nəzərə alınmaqla kombaynların rayonlararası hərəkət qrafiki tərtib olunub. Bununla yanaşı, regional nümayəndəliklərin istifadəsində olan 500-dən çox kombayn biçin kampaniyasına cəlb ediləcək. Respublikada yeni toxum sortlarının yaradılmasına da mühüm önəm verilir. Hazırda dənli bitkilərdən arpa və buğdanın, dənli-paxlalı bitkilərdən isə ərzaq noxudunun seleksiyası aparılır. Bu sahədə tədqiqatlar üç istiqamətdə - Əkinçilik Elmi-Tədqiqat İnstitutundan daxil olan F2 hibrid materialları, beynəlxalq seleksiya mərkəzlərindən daxil olan, habelə yerli şəraitdə aparılan hibridləşmədən alınan materiallar əsasında həyata keçirilir. Son illər bu materiallar əsasında buğdanın “Ruzi 84”, “Qızıl buğda”, “Ləyaqətli 80”, arpanın “Dəyanətli”, “Qüdrətli 48”, ərzaq noxudunun “Sultan” sortları yaradılıb.

Bunlar əvvəlki sortlardan fərqli olaraq tez yetişir, xəstəliyə və quraqlığa davamlıdır. Məhsuldarlıqları isə orta hesabla 7-10 sentner çoxdur. Mərkəzdə, həm də müasir texnologiya ilə həmin sortların elit toxumları istehsal olunur. Hər il kənd təsərrüfatı bölgüsü əsasında toxumçuluq fermer təsərrüfatlarına orta hesabla 300-350 ton toxum satılır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında