Azərbaycanda infrastrukturun modernləşməsi və genişlənməsi

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Azərbaycanda infrastrukturun yeniləşməsi, qurulması istiqamətində böyük işlər görülüb. Lakin hələ həyata keçiriləcək tədbirlər də az deyil. Ancaq görülən işlər kifayət qədərdir. İnsanlar bu yeniliklərə öyrəşirlər. İndi misal üçün 5 – 7 il bundan əvvəlki vəziyyəti yada salanda görürük ki, yerlə göy qədər fərq vardır. Aeroport yolu, körpülər, qovşaqlar, tunellər tikilir, özü də hər yerdə...

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamız son illərdə sürətlə inkişaf edib və dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Hazırda Azərbaycan əldə etdiyi nailiyyətlərə görə Cənubi Qafqazın lider dövləti hesab olunur. Bu isə beynəlxalq sosioloji mərkəzlərin vaxtaşırı keçirdiyi rəy sorğularında, eləcə də xarici nəşrlərdə təqdir edilir, respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Məsələn, ABŞ-ın məşhur dərgilərindən olan “The National Interest” jurnalına müsahibəsində nüfuzlu ekspertlərdən sayılan Hilları Kreymer bildirib ki, Azərbaycanda geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son illərdə Prezident İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxışlarının birində deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə respublikamız sürətlə inkişaf edib, ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb, cəmiyyət həyatının bütün sahələri müasirləşib. Dövlətimiz ümumdünya səciyyəli proseslərin fəal iştirakçısına çevrilib, mühüm siyasi, iqtisadi və humanitar təşəbbüslərin müəllifi və təkanverici qüvvəsi kimi beynəlxalq arenada böyük nüfuz qazanıb. Qarşıda duran bütün əsas vəzifələr düşünülmüş və məqsədyönlü, elmi əsaslara malik dövlət proqramlarının həyata keçirilməsi nəticəsində uğurla icra olunub, respublikamız “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan strateji hədəflərə doğru inamla irəliləməkdə davam edib.

Akademik Ramiz Mehdiyev rəsmi statistikaya əsaslanaraq Azərbaycanda qısa dövr ərzində dünyanın aparıcı maliyyə və iqtisadi qurumlarının, beyin mərkəzlərinin diqqətini cəlb edən yüksək nəticələr əldə olunmasını da diqqətə çatdırıb. Alim bildirib ki, sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlər həqiqətən də heyrətamizdir. Belə ki, 2004-cü ildən sonra ötən dövr ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə artıb, yoxsulluğun səviyyəsi 5,5 faizə, işsizlik isə 4,8 faizə enib.

Azərbaycanda müasir sosial-iqtisadi infrastruktur yaradılıb, respublikanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunub. Minlərlə istehsal obyekti yaradılıb, müasir texnologiyalara əsaslanan zavod və fabriklər, texnoparklar fəaliyyətə başlayıb. Nəhəng infrastruktur layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Cənubi Qafqazın və Xəzər dənizi hövzəsinin nəqliyyat-logistika mərkəzinə çevrilib. Regional inkişaf proqramlarının davamlı olaraq həyata keçirilməsi bölgələrin simasını əsaslı şəkildə dəyişdirib və müasirləşdirib.

Prezident İlham Əliyev bəyan edib ki, “bizim bütün təşəbbüslərimiz Azərbaycan xalqının daha da yaxşı yaşamasına yönəlib və yerlərdə dəstəklənir. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Məhz buna görə də enerji resurslarının ixracından əldə olunan milli gəlirin böyük qismi mühüm sosial proqramların həyata keçirilməsinə, ölkədə insan kapitalının formalaşdırılmasına, elmin inkişafına, təhsilin səviyyəsinin yüksəldilməsinə, cəmiyyət həyatının bütün sahələrində müasir standartların, innovasiyaların tətbiqinə yönəldilir.

Xatırladım ki, Azərbaycan iqtisadiyyatının qlobal böhran fonunda belə inkişafı beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır. Təsadüfi deyildir ki, bir qədər öncə dərc edilmiş “Qlobal rəqabət qabiliyyəti: 2015-2016” hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən, tədqiqatın aparıldığı 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, öz lider mövqeyini qoruyub, “G-20”-yə üzv olan 8 ölkəni – İtaliya, Rusiya Federasiyası, Cənubi Afrika Respublikası, Türkiyə, Hindistan, Meksika, Braziliya və Argentinanı qabaqlayıb. Azərbaycan, eyni zamanda, “Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yer tutub, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olub. Qlobal böhran fonunda bir çox ölkələrin reytinqini aşağı salan “Fitch” beynəlxalq reytinq agentliyi respublikamızın suveren reytinqini bir daha investisiya səviyyəli “BBB-” səviyyəsində saxlayıb, reytinq üzrə proqnozu isə “sabit” kimi təsdiqləyib.

Prezident İlham Əliyevin çevik və praqmatik siyasəti, uzaqgörənliklə qəbul etdiyi qərarlar, həyata keçirilən qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mürəkkəb proseslərin, xarici risklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini neytrallaşdırır, ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin edir. Dövlət başçısının dediyi kimi: “Bu gün elə bir ölkə tapmaq çətindir ki, böhran ona təsir etməsin – hansısa ölkələrə daha çox, hansısa ölkələrə daha az. Amma Azərbaycan böhranlı illərdə də inkişaf edir... İnfrastruktur layihələri uğurla icra edilir, yeni iş yerləri açılır... Əlbəttə, bunun əsas səbəbi iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan güclü potensialdır. Məhz bu potensial hesabına dayanıqlı inkişaf gələcəkdə də belə davam edəcək”.

Azərbaycanda infrastrukturun inkişafına yüksək diqqət göstərilməsi təsadüfi deyil. Ölkə rəhbəri bununla bağlı demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri qısa müddətdə başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın”.

Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılan vəsaitlər hesabına son illər ərzində paytaxt Bakıda, eləcə də ölkənin regionlarında mühüm infrastruktur layihələri uğurla gerçəkləşdirilib. Nəqliyyat-yol kompleksində, həmçinin yol təsərrüfatında sistemli və davamlı tədbirlərin həyata keçirilməsi infrastrukturun tamamilə müasirləşdirilməsinə müsbət təsir göstərib. Elə bunun nəticəsidir ki, Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycan hazırda çox böyük tranzit imkanlarına malikdir.

Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yollar məhz respublikamızdan keçdiyi üçün ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticarət yollarının çoxunun birləşdiyi əlverişli logistik mərkəzə çevrilir. Azərbaycanın bütün Avrasiya regionu üçün strateji əhəmiyyətli logistik mərkəzə çevrilməsində ölkəmizin əlverişli coğrafi mövqeyi, burada zəruri nəqliyyat infrastrukturlarının mövcud olması, o cümlədən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da mühüm rol oynayır.

Son illər Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən bir sıra irimiqyaslı infrastruktur layihələrinin – müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi nəticəsində ölkənin xarici iqtisadi əlaqələri genişlənib. İnşası bu il başa çatdırılacaq Bakı – Tbilisi – Qars dəmiryol xətti Avropa və Asiya ölkələri arasında yük daşınmasında tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artıracaq. Yeri gəlmişkən, bu marşrut Asiya və Avropa ölkələrini birləşdirəcək ən qısa yoldur və onunla hər il 30 milyon ton yük daşınması gözlənilir.

Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq, 2016-cı il aprelin 20-də Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, martın 1-də isə Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib.

Qısa zaman ərzində Astara çayı üzərində tikiləcək dəmir yolu körpüsünün aşırımında 8 ədəd 32 metr dərinliyində özül qoyulub. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda dəmir yolu xəttinin 5 kilometrində torpaq yatağının işlənməsi başa çatdırılacaq. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Bu günə kimi 33970 kubmetr qum, 26000 kubmetr qaya daşı, 172732 kubmetr çınqıl, 4388 köhnə dəmir-beton məmulatı döşənib.

Ərazidə çirkab sularının axıdılması üçün 14 ədəd suötürücü qurğunun tikilməsi nəzərdə tutulub. Onlardan dördü artıq hazırdır. Eyni zamanda, dəmir yolu xəttinin çəkildiyi əraziyə düşən elektrik və qaz xətlərinin köçürülməsi davam etdirilir. Bu işlər yaxın üç ay ərzində başa çatacaq. Həmin əraziyə düşən evlərin köçürülməsi prosesinə yaxın vaxtlarda başlanılacaq. Körpünün və dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Nəqliyyat infrastrukturunda olduğu kimi, müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqinə xüsusi önəm verilməsi də infrastrukturun miqyasını genişləndirib. Azərbaycan “Azerspace-1” və “Azersky” peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulması bunun bariz ifadəsidir. Ölkəmizdə müasir idarəetmənin təmin olunması və şəffaflığın artırılması üçün “elektron hökumət” quruculuğu istiqamətində tədbirlərin ardıcıl reallaşdırılması da infrastrukturun həcminə və keyfiyyətinə öz müsbət təsirini göstərib.

Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin tranzit potensialının inkişafı üçün bu gün Avropa – Qafqaz – Asiya (TRACECA) nəqliyyat dəhlizinin çox böyük əhəmiyyəti var. Son illər Xəzəryanı ölkələrdən tranzit yolla Avropa istiqamətində daşınan karbohidrogen xammalın beşdə dörd hissəsindən çoxu məhz bu dəhlizin payına düşür.

Artıq ötən ilin avqustundan etibarən tarixi İpək Yolunun bərpası üzrə işlərə başlanılıb. Beynəlxalq Transxəzər nəqliyyat marşrutu ilə birinci sınaq konteyner qatarı Çindən Bakı limanına qədər 4768 kilometr (o cümlədən, dəmiryolu ilə 4258 kilometr və dəniz yolu ilə 510 kilometr) məsafə qət edib. Buradan isə Gürcüstan və Türkiyə ərazisi ilə Avropaya istiqamət götürüb. Milli Məclisin deputatı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib: “Transxəzər nəqliyyat marşrutunun açılması Azərbaycanın nəqliyyat qovşağına çevrilməsində növbəti addımdır. Bu, yük axınını və ölkəyə valyuta axınını artırmağa imkan verəcək”.

Bu il Ukrayna da Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə qoşularaq Çinə 10 vaqon və 20 konteyner yük göndərib. Sınaq qatarı Qara dənizlə Gürcüstanın Poti limanına, sonra dəmiryolu ilə Bakıya, buradan isə Xəzər dənizi vasitəsilə Qazaxıstanın Aktau limanına və nəhayət, Çinə çatıb.

Marşrutun uğurlu test sınağından sonra Ukrayna və Litva “Vikinq” konteyner qatarının Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə qoşulması barədə memorandum imzalayıblar. Bu, ondan xəbər verir ki, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Çinlə yanaşı, Avropa İttifaqı ölkələri də İpək Yoluna qoşulacaqlar. Yəqin ki, gələcəkdə Koreya Respublikası da bu sərfəli nəqliyyat dəhlizindən bəhrələnə biləcək. Hazırda Ukrayna – Gürcüstan – Azərbaycan – Qazaxıstan – Çin marşrutu üzrə yola sərf edilən vaxt, təqribən, 11 gün çəkir. Gələcəkdə isə bu müddətin 10 günədək azaldılması gözlənilir.

Xatırladım ki, bu il yanvar ayının 14-də Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna TRACECA dəhlizinin strateji tərkib hissəsi olan və ildə 15 milyon tondan çox yükdaşıma potensialına malik Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə yükdaşımalar üçün rəqabətqabiliyyətli güzəştli tariflər müəyyən edilməsi barədə protokol imzalayıblar.

Yeri gəlmişkən, beynəlxalq yükdaşımalarda hava nəqliyyatı da iştirak edir. Məsələn, Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti bu yaxınlarda Bakı ilə Yaponiyanın Komatsu şəhəri arasında birbaşa yük hava yolu açıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan Komatsu hava limanına ilk reys həyata keçirən təyyarədə 34 ton kommersiya yükü olub. “Silk Way West Airlines” aviaşirkəti bu marşrutla ən müasir “Boeing 747-8F Freighter” yük təyyarələri ilə həftədə iki dəfə müntəzəm reyslər həyata keçirəcək.

Azərbaycanda infrastrukturun tamamilə modernləşdirilməsinə müsbət təsir göstərən məqamlardan biri də odur ki, ölkəmizdə logistik nəqliyyat mərkəzinin yaradılması məqsədilə bərələr, tankerlər, quru yük gəmiləri, təyyarələr alınıb. Ticarət təyinatlı nəqliyyat marşrutlarının Azərbaycandan keçməsi respublikamıza həm siyasi, həm də iqtisadi dividentlər gətirir. Gələcəkdə isə bu amil bütün Avrasiya regionunun sosial həyatına müsbət təsir göstərəcək.

İndi isə diqqəti ölkədə yeni yolların çəkilməsi, köhnə yol-nəqliyyat strukturunun müasir tələblərə uyğun yenidən qurulması məsələsinə yönəltmək istərdim. Bu gün Azərbaycanın hansı bölgəsinə, şəhər və qəsəbəsinə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, bu isə həyatın, sözün əsl mənasında, canlanmasıdır. Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də yeni həyatın başlanğıcıdır.

Məhz buna görə də möhtərəm dövlət başçımız bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması ilə bağlı konkret tapşırıqlar verib. Bunun nəticəsi olaraq son illərdə Biləsuvar – İran sərhədi, Lənkəran – Lerik, Masallı – Yardımlı, Gəncə – Daşkəsən – Xoşbulaq, Quba – İspik – Xınalıq, Şamaxı – Pirqulu, Tovuz – Əlibəyli, Şəmkir – Gədəbəy, İsmayıllı – Qəbələ, Xaldan – Mingəçevir, Ağdaş – Ləki, Quba – Qəçrəş – Qımılqazma, Qusar – Əniğ – Ləzə, Qazaxbəyli– Aşağı Salahlı, Qəbələ – Ağdaş, Oğuz– Qəbələ, Quba – Qusar, Şəki – Qax, Ağstafa – Poylu – Gürcüstan sərhədi, Yevlax – Bərdə və digər avtomobil yolları yenidən qurulub, ölkədaxili yol infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib.

Azərbaycan Prezidenti İlham Əliyev kənd yollarının tikintisinə də xüsusi diqqət yetirib. Dövlət başçısı bununla bağlı demişdir: “Kənd yollarının yenidən qurulmasına ciddi ehtiyac var. Bu, iki məqsəd güdür. Həm infrastruktur yaxşılaşır, həm də insanlar işə cəlb olunur. Kənd yollarının tikintisində bizim xarici kompanentə ehtiyacımız yoxdur. Bütün lazım olan materiallar Azərbaycanda istehsal olunur və kənd yollarının tikintisində valyuta kompanenti yoxdur. Bu da indiki şəraitdə çox önəmlidir. İçməli su layihələri də icra edilməlidir. Bu layihələr insanları içməli su ilə təmin edəcək və edir, yeni iş yerləri yaradacaq.

İçməli su layihələrinin icrasında da daxili istehsal bu işləri təmin edir. Son illər ərzində daxili istehsala verdiyimiz diqqət, qoyduğumuz sərmayə bu reallığı indi təmin edir. Əgər bunu etməsəydik, biz indi idxaldan daha çox asılı vəziyyətdə olacaqdıq. Ona görə infrastruktur layihələri icra edilməlidir. Bəziləri hesab edir ki, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlı biz daha da ixtisar etməliyik. Təbii bu belədir, ancaq güman edirəm ki, biz 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha da böyük dinamizm verə bilərik və bunu biz edəcəyik".

Ümumiyyətlə, yol tikintisi respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter alıb. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Təkrar edirəm, qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı – Tbilisi – Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.

Yol infrastrukturunun yeniləşdirilməsi Bakı şəhəri və ətraf qəsəbələrində də prioritet məsələ kimi önə çəkilib. Paytaxtın prospekt və küçələrinin yenidən qurulması və genişləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. Çünki Bakının mürəkkəb nəqliyyat şəraiti, avtomobillərin sayının gündən-günə artması, tıxaclar yol probleminin həllini zərurətə çevirib. Avtomobillərin hərəkətinin intensiv olduğu ərazilərdə yeni salınan keçidlər, körpülər və yollar piyadaların təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, gözoxşayan dizaynı, ən müasir avadanlıqla təchizat baxımından paytaxt üçün çox mühüm yenilikdir.

Ötən illər ərzində paytaxtda 60-dan artıq yol ötürücüsünün, tunelin tikilməsi, metropolitenin yeni stansiyalarının istifadəyə verilməsi nəqliyyat sistemində gərginliyi xeyli azaltmaqla yanaşı, paytaxtın simasına da əlavə yaraşıq qatıb. Milli memarlıq ənənələri və müasir texnologiyalar əsasında inşa olunan, cəlbedici görkəmə malik bu qurğular nəqliyyat sahəsindəki məqsədyönlü infrastruktur siyasətinin real nəticəsidir.

İnfrastrukturun yeniləşdirilməsindən danışarkən, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin bəhrəsi kimi su təsərrüfatı sektorunda son illərdə əldə edilən müsbət göstəricilərə də nəzər salmaq istərdim. Xatırladım ki, dövlətimizin başçısı əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını prioritet elan edib. Bununla əlaqədar ötən müddətdə dövlət proqramlarının icrası çərçivəsində istehlakçıların içməli su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, bununla bağlı paytaxt Bakıda, eləcə də regionlarda nəhəng infrastruktur layihələri həyata keçirilib. Abşeron yarımadasının hər bir yaşayış massivinin fasiləsiz su ilə təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi, uzunluğu 16,5 kilometr təşkil edən Şəmkirçay – Şəmkir magistral su kəmərinin çəkilməsi, Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan sutəmizləyici qurğunun istismara verilməsi, Lənkəran, Şəmkir, Quba, Zaqatala, Füzuli, Tovuz və Yardımlı rayonlarının içməli su çatışmazlığından əziyyət çəkən 15 kənd və qəsəbəsində müasir tipli su təchizatı sistemlərinin yaradılması, eyni zamanda, Astara, Daşkəsən, Tərtər və Qobustan şəhərlərinin su təchizatı və kanalaizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılması bunun bariz ifadəsidir.

Respublikada ən müasir infrastruktur sahələrinin yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev infrastruktur layihələrinin açılış mərasimlərində şəxsən iştirak etməsi, həmçinin işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verməsi göstərir ki, zəngin iqtisadi potensiala malik Azərbaycanda ayrı-ayrı sahələr üzrə infrastrukturun inkişafı bundan sonra da mühüm prioritetlər sırasında olacaq.

Məhərrəm MƏMMƏDOV,
fəxri dəmiryolçu, iqtisadçı-ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında