İyunun 2-də Bakıda ənənəvi beynəlxalq Xəzər Neft və Qaz Konfransı (“Caspian Oil & Gas”) öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, “Avropanın enerji təchizatında Azərbaycanın rolu” adlı plenar sessiyada çıxış edən “ITE Group Plc” şirkətinin xüsusi məsləhətçisi Endrü Vud “Caspian Oil & Gas” konfransının dünyada iqtisadi böhranın yaşandığı, neftin qiymətinin ucuzlaşdığı bir dövrdə keçirildiyini deyib. Bildirib ki, bu konfrans neft-qaz sektorunun nümayəndələrinin birgə əməkdaşlığı və fikir mübadiləsi üçün olduqca əhəmiyyətli platforma rolunu oynayır.
Azərbaycanın energetika naziri Natiq Əliyev 20 ildən çoxdur ki, ənənəvi qaydada keçirilən “Caspian Oil & Gas” konfransının neft-qaz sənayesindəki ən son yeniliklərin və yaranan problemlərin həlli yollarının təqdim olunmasındakı rolunu yüksək qiymətləndirib. O, meqa layihələrin həyata keçirilməsində Azərbaycanla uzun yol qət etdiyinə görə bütün tərəfdaşlara təşəkkürünü bildirib.
Neft və qaz konfransının dünya iqtisadiyyatında ciddi qlobal təlatümlərin baş verdiyi dövrdə keçirildiyini qeyd edən N.Əliyev deyib ki, dünyada geosiyasi və iqtisadi proseslərin nəticəsi kimi baş verən böhran təkcə neft-qaz sektoruna yox, həm də maliyyə, sosial iqtisadi sahələrə də təsir göstərib. Ukrayna-Rusiya münasibətlərinin Avropanın qaz təchizatında yaratdığı problemlər, həmçinin Avropada, Şimali Afrikada, Yaxın və Orta Şərqdə, o cümlədən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrdə, xüsusilə də İraq, Liviya və Nigeriyada baş verən proseslər neftin qiymətinə təsir etməklə, qlobal təhlükəsizliyi təhdidlərlə üzləşdirib.
Dünya bazarında neftin qiymətinin 2000-ci illərdən bəri ən aşağı həddə düşdüyünü vurğulayan energetika naziri hesab edir ki, proses uzun müddət belə davam etsə, iri neft şirkətləri əsas layihələri, kəşfiyyat, qazma işlərinin həcmini azaltmağa və ekoloji, infrastruktur və sosialyönümlü proqramları dayandırmağa məcbur olacaqlar.
“Azərbaycan böhrandan ən az zərər çəkmiş ölkələr sırasında qərarlaşıb və iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində ardıcıl addımlar atılır. Neftin qiymətinin düşməsinin yaratdığı reallıqlara baxmayaraq, Azərbaycan ”Cənub Qaz Dəhlizi" kimi nəhəng layihələrin icrasını davam etdirir. Bütün hökumətlərlə güclü tərəfdaşlıq münasibətlərinə sadiqliyini qoruyub saxlayır", - deyə nazir qeyd edib.
N.Əliyev Azərbaycanın sübut edilmiş 2 milyard ton neft və 2,6 trilyon kubmetr təbii qaz ehtiyatlarının olması, neft hasilatının 1997-ci ildəki illik 9 milyon tondan, 2010-cu ildə illik 51 milyon tona çatması, ötən il 41,7 milyon ton neft və 29,7 milyard kubmetr təbii qaz hasil edilməsi barədə məlumatları da konfrans iştirakçılarının diqqətə çatdırıb. O, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyinin üstünlüklərini, enerji resurslarının nəqli üçün tranzit imkanlarının müstəsna əhəmiyyətə malik olmasını qeyd edib.
Nazir bildirib ki, uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” təkcə maliyyə deyil, həm də texniki cəhətdən çox mürəkkəb layihədir. “Cənub Qaz Dəhlizi”nin illik gücünün ilkin olaraq 25 milyard kubmetrədək artırılması üçün yeni kompressor stansiyaları və boruların quraşdırılması ilə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi nəzərdə tutulur. Yeni Trans-Anadolu qaz boru kəməri (TANAP) 1850 kilometrlik məsafədə Gürcüstan-Türkiyə sərhədindən başlayacaq və Türkiyə-Yunanıstan sərhədinə qədər davam edəcək. TANAP regional, xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çox vacib layihədir.
“Bu günə qədər Türkiyənin Rusiya qazından asılılığı 58 faiz təşkil edir. TANAP əlavə 6 milyard kubmetr qaz nəql etməklə Türkiyənin Rusiya qazından asılılığına son qoymağa kömək edəcək. Digər tərəfdən, TANAP-la nəql olunan qaz Rusiya qazından daha ucuz başa gələcək”, – deyə N.Əliyev vurğulayıb. – Qeyd edib ki, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq, Yunanıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanan “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) tikilməsi ilə enerji dəhlizinin yaradılması başa çatdırılacaq. “Cənub Enerji Dəhlizi” Avropa bazarına Azərbaycan qazının daşınması üçün kifayət qədər potensiala malik olacaq və bu layihə Avropada mürəkkəb qaz kəmərləri infrastrukturu yaratmağa imkan verəcək. Bu kəmər bir sıra ölkələri Azərbaycan qazı ilə təmin edəcək.
Nazirin sözlərinə görə, TAP Bolqarıstanın qaza olan tələbatının 40 faizini təmin etmək iqtidarındadır. Bundan başqa, İonik-Adriatik boru kəmərinin (IAP) tikintisi planlaşdırılır. Bu boru kəməri ilə Azərbaycan qazı Monteneqro, Xorvatiya, Bosniya və Herseqovinaya çatdırılacaq. Eyni zamanda, ötürücülük qabiliyyəti 6 milyard kubmetr olacaq Macarıstan-Rumıniya interkonnektorunun tikilməsi planlaşdırılır. Bu interkonnektor “Cənub Qaz Dəhlizi” sisteminə qoşulacaq.
N.Əliyev çıxışında “Cənub Qaz Dəhlizi”nin icra vəziyyətinə də toxunub. Bildirib ki, dəyəri, təxminən, 23,8 milyard dollar olan “Şahdəniz-2" layihəsi çərçivəsində işlərin 71 faizi yekunlaşıb. İlk qaz 2018-ci ilin sonunda Gürcüstan və Türkiyəyə tədarük ediləcək. Dəyəri 4,9 milyard dollar təşkil edən CQBK-nin genişləndirilməsi üzrə işlərin təxminən 55 faizi başa çatdırılıb. 9,3 milyard dollarlıq TANAP layihəsi üzrə işlərin icrası hazırda uğurla davam etdirilir. Bu il mayın 17-də təməli qoyulan və 6 milyard dollar dəyərində qiymətləndirilən TAP üzrə hazırlıq işlərinin 10 faizi yekunlaşıb.
Energetika naziri deyib ki, Azərbaycanın məqsədi çox güclü, genişmiqyaslı qaz dəhlizi formalaşdırmaqdır: “Gələcəkdə Türkmənistan və Qazaxıstan Avropa bazarına öz böyük qaz resurslarını ixrac etmək üçün tikdiyimiz infrastrukturdan istifadə edə bilər. Hesab edirəm ki, bu, sadəcə, regionda yeni qaz erasının başlanğıcıdır. Çünki İran və İraqın da qaz və enerji ehtiyatlarının əlavə edilməsi mümkündür. ”Cənub Qaz Dəhlizi" Xəzər dənizindən Avropanın ürəyinə uzanan yolda bütün ölkələrə fayda gətirməsi üçün nəzərdə tutulan unikal layihədir".
Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi xanım Baronessa Nikolson isə qeyd edib ki, Azərbaycan enerji resursları ilə Avropa və dünyada etibarlı təchizatçıdır. Azərbaycan bu işdə mühüm uğurlara imza atıb. “Hazırda ”Cənub Qaz Dəhlizi" layihəsi icra edilir. Bu layihə Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfələr verəcək. “Cənub Qaz Dəhlizi” Avropanın ən mürəkkəb layihəsi hesab edilir", - deyə B.Nikolson bildirib.
“Xəzər regionunun qaz infrastrukturu: regionda əsas layihələrin cari vəziyyəti və həyata keçirilmə statusu” adlı ikinci sessiyada çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, “Əsrin müqaviləsi” sonrakı illərdə həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üçün möhkəm bünövrə rolunu oynayıb. İyirmi ildən artıqdır ki, Azərbaycanın enerji strategiyası Xəzər dənizi hövzəsində beynəlxalq əməkdaşlıq üçün zəmin yaradıb, regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Qısa müddətdə Xəzər ilə Qara və Aralıq dənizlərini birləşdirən şaxələndirilmiş ixrac boru kəmərləri sistemi yaradılıb. Uzun müddət üçün öz enerji təhlükəsizliyini təmin etmiş Azərbaycan regionun makroiqtisadi yüksəlişində əhəmiyyətli rola, ölkə daxilində etibarlı və stabil investisiya mühitinə sahibdir.
SOCAR-ın prezidenti qeyd edib ki, Azərbaycanın neft hasilatı 2010-cu ildə pik həddinə - 50,4 milyon tona çataraq son illərdə 42-43 milyon ton səviyyəsində stabilləşib. Qaz hasilatı son 10 il ərzində 4 dəfə artaraq ildə 29 milyard kubmetr səviyyəsinə çatdırılıb: “SOCAR-ın ”Azneft" İstehsalat Birliyində 2015-ci ildə 6,8 milyon ton neft və 6,1 milyard kubmetr qaz hasil edilərək daxili və xarici bazarlara çatdırılıb. 2016-2017-ci illərdə 81 quyunun qazılmasına imkan verəcək daha 9 özül inşa ediləcək".
O bildirib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku Xəzərin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft layihəsidir. Bu layihəyə sərmayə qoyuluşu və çəkilən əməliyyat xərcləri 41 milyard dollardan çoxdur. 2024-cü ilin sonunadək AÇG-dən 5 milyard barrel neftin hasil olunması nəzərdə tutulur. Bundan başqa, yatağın tammiqyaslı işlənməsi çərçivəsində yeni investisiya qoyuluşları və neftvermə əmsalının artırılması hesabına əlavə 4 milyard barel neftin hasil edilməsi planlaşdırılır. AÇG layihəsi çərçivəsində SOCAR-ın tərəfdaşları ilə birgə əldə etdiyi ən böyük uğurlardan biri “Çıraq” platformasında həyata keçirdiyi layihədir. Qlobal istiləşmə və iqlim dəyişmələrinə təsir edən faktorların aradan qaldırılması istiqamətində SOCAR-ın apardığı bu layihə 20 ildən artıq şamda yandırılan qaz həcmini bu il 1,2 faizə qədər endirməyə imkan verib.
R.Abdullayev müasir tələblərə cavab verən 6-cı nəsil üzən qazma qurğusunun tikintisinin başa çatmaq üzrə olduğunu deyib. Bununla da “Abşeron” və “Ümid-Babək” yataqlarında qazma işlərini intevsivləşdiriləcək, “Qarabağ”, “Əşrəfi” və digər strukturlarda kəşfiyyat axtarışına başlanılmasına imkan yaranacaq. O, Heydər Əliyev adına neft emalı zavodunda və “Azərikimya” İstehsalat Birliyində aparılan yenidənqurma işləri, “SOCAR-Polymer” layihəsi, SOCAR-ın Türkiyədə inşa etdiyi “Star” neft emalı tikintisinin hazırkı vəziyyəti və “Petlim” konteyner limanı barədə ətraflı məlumat verib.
Sessiyada “Şahdəniz”: iyirmi illik uğurlu yol" adlı məruzə ilə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel deyib ki, Azərbaycanda fəaliyyət göstərdiyimiz ötən iyirmi il ərzində biz SOCAR və digər tərəfdaşlarla birgə işləyərək mühüm nailiyyətlərə imza atmışıq. Azərbaycan son iyirmi ildə yeni neft erasında əhəmiyyətli nailiyyətlər əldə edib. Bu müddətdə AŞG və “Şahdəniz” layihələrində vacib inkişaf əldə edilib.
“Hazırda bizim nəhəng dəniz əməliyyatları sisteminə ümumilikdə 9 dəniz platforması daxildir. Biz SOCAR-a məxsus ”Heydər Əliyev", “Dədə Qorqud” və “İstiqlal” adlı qazma qurğularından istifadə edirik", - deyə Q.Birrel bildirib.
“Cənub Qaz Dəhlizi” və Avropa İttifaqının vahid bazarının səmərəli inkişaf etdirilməsində infrastruktur iştirakçısının rolu" adlı məruzəsində İtaliyanın “Snam S.p.A.” şirkətinin baş icraçı direktoru Marko Alvera Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəyini deyib. Bildirib ki, “Cənub Qaz Dəhlizi” qitənin təbii qaz resurslarının şaxələndirilməsi baxımından əhəmiyyətli layihədir.
Sessiyada Böyük Britaniyanın sabiq energetika naziri və bu ölkənin Baş nazirinin Azərbaycanda xarici ticarət elçisi Çarlz Hendrinin və başqalarının məruzələri dinlənilib. Məruzəçilər ucuz neft qiymətləri fonunda enerji resurslarının hasilatı, idarə olunması və nəqli məsələlərinə toxunublar.
Konfrans işini “Şahdəniz” - 20 illik uğur və gələcəyə baxış" və “İri neft-qaz layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi” adlı sessiyalarla davam etdirib. Otuz ölkədən 400 nəfərə yaxın nümayəndənin iştirak etdiyi konfransda müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunub. Konfrans işini iyunun 3-də davam etdirəcək.
Tədbirin baş sponsoru qismində SOCAR, qızıl sponsorları qismində BP, “General Electrics” və “Snam S.p.A.”, gümüş sponsor qismində “Inpex”, bürünc sponsorları qismində isə “Caspian Geophysical”, “Dentons”, “Nobel Oil Upstream”, “SAP”, “Schlumberger”, “Statoil”, “Total” şirkətləri çıxış edir. Konfransın təşkilatçıları isə “ITE Group” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləridir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.