Muxtar respublikada əlverişli sahibkarlıq mühiti yaradılıb

Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, sahibkarlığın bütün sahələrinin inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, daxili mənbələr hesabına bazarın idxaldan asılılığının aradan qaldırılması, eləcə də yerli istehsalın gücləndirilməsi dövlətimizin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir.

İnkişaf etmiş dünya dövlətlərində olduğu kimi, bizim ölkəmizdə də məhz belə iqtisadi siyasətin davamlı xarakter alması nəticəsində əhali işlə təmin olunur, insanların gəlirləri artır və maddi rifah halı yüksəlir. Bu mənada, dövlət başçısının sahibkarlığa yaratdığı münbit şərait iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsasını təşkil edir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrası üçün sahibkarlara əsas yol xəritəsi ölkə başçısının qəbul etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarıdır. Ardıcıl şəkildə qəbul olunan bu proqramların son dərəcə operativ, dəqiq və uğurla icra edilməsində isə muxtar respublikamız bir nümunə kimi göstərilə bilər. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamları ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunub, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin vaxtında və yüksək tələbkarlıqla yerinə yetirilməsi sürətlə davam etdirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada tarazlaşdırılmış iqtisadiyyat yaradılması günün reallığıdır.

Dövlət dəstəyi ilə fəaliyyətə başlayan tikinti şirkətləri, artıq inkişaf yoluna qədəm qoymuş müxtəlif sənaye sahələri, çeşidi və həcmi çoxaldılan yerli məhsulların istehsalının davamlı xarakter alması makroiqtisadi göstəricilərin artmasına, iqtisadiyyatın inkişafına zəmin yaradıb. Sağlam sahibkarlıq mühitinin formalaşdırılması sayəsində regionumuzda ümumi daxili məhsul ötən on ildə dəfələrlə artıb. Muxtar respublikada qəbul olunan dövlət proqramlarının uğurla icra edilməsi sahibkarların fəaliyyətinin genişləndirilməsinə müsbət təsir göstərib. Bu, hər bir iş adamının da diqqətini çəkir. Belə ki, bir tərəfdən bazarda yerli məhsullara qarşı istehlakçıların yüksək tələbatı, digər tərəfdən də dövlətin iş adamlarına davamlı maddi və mənəvi dəstəyi bu işin bilicilərini və həvəskarlarını “qol çırmalamağa” təşviq edib. Hər bir sahibkar yaradılan münbit şəraitdən, göstərilən dövlət qayğısından səmərəli istifadə etdikcə, arzularını reallaşdırdıqca, yaxşı nəticələr ortaya qoyduqca dövlət də onlara dəstəyini günü-gündən artırır.

Bu gün istehsal etdikləri məhsulları ilə alıcı rəğbəti qazanan iş adamlarının hər biri göstərilən dövlət dəstəyindən yararlanaraq öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa səy göstərir. Belə sahibkarlardan biri ilə oxucularımızı tanış etmək istəyirəm. Teymur Rzayev hələ ötən əsrin doxsanıncı illərindən başlayaraq bazarlarımıza məhsul çıxaran sahibkardır. Onun rəhbərlik etdiyi “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulları muxtar respublika bazarlarında özünəməxsus yer tutub. Həm keyfiyyəti, həm də zövqlü qablaşdırılması ilə digər məhsullardan seçilən “Ləzzət” əmtəə nişanlı məhsullar qiymət baxımından da alıcı üçün sərfəlidir. Hazırda 35 adda, 88 çeşiddə məhsul istehsal edən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başladığı ilk illərdə istehsal müəssisəsində 10 nəfər işçi çalışırdısa, bu gün onların sayı dəfələrlə artıb. Cəmiyyətin tərkibində gündəlik istehsal gücü 18 ton olan kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi, qovurulması və paketlənməsi, 7 ton qənd, 2,4 ton olan vafli, peçenye, biskvit və digər qənnadı məmulatları, 45 gündə 135 ton quş əti istehsalı sahələri fəaliyyət göstərir.

Müəssisənin məhsulları daxili tələbatı ödəməklə yanaşı, İran və Gürcüstana da ixrac olunur, Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, Hindistan və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edilir.

Bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, məhsul istehsalı üçün sərf olunan xammala ehtiyac, əsasən, yerli əhalidən alınan məhsullar hesabına ödənilir. Bu da yerlərdə aqrar sektorun inkişafına, torpaq mülkiyyətçilərinin maddi marağının artmasına, istehsalın güclənməsinə, kənd adamlarının məşğulluğunun təmin olunmasına müsbət təsir göstərir. Məlumdur ki, torpaq mülkiyyətçiləri tərəfindən istehsal olunan lobya, noxud, günəbaxan və başqa bu kimi kənd təsərrüfatı məhsulları münasib qiymətə alınanda istehsalçının da alıcı problemi öz həllini tapmış olur. Digər tərəfdən də daxili bazara keyfiyyətli yerli məhsulların çıxarılması üçün münbit şərait yaranır. Deməli, “Ləzzət Qida Sənaye” MMC-nin fəaliyyət dairəsi genişləndikcə əhalinin tələbatına uyğun yüksək keyfiyyətli ərzaq mallarının istehsalı da artır. Bu isə mənşəyi məlum olmayan, insan sağlamlığına mənfi təsir göstərən məhsulların muxtar respublika bazarlarına daxil olmasının qarşısını alır.

Söhbət zamanı sadaladığım amilləri Teymur Rzayevin özü də təsdiq etdi və bir daha şahidi oldum ki, dövlətin sahibkarlığın inkişafına dəstəyi onlar üçün son dərəcə stimullaşdırıcı xarakter daşıyır. Bu məsələ ilə bağlı fikirlərini bizimlə bölüşən T.Rzayev bildirdi ki, biz elə də böyük bir iş görmürük. Yaradılan şəraitdən, dövlət qayğısından, yurdumuzun təbii sərvətlərindən istifadə edərək iqtisadi inkişafımıza dəstək olmağa çalışırıq. İstəyirik ki, dövlətimizin bizə olan etimadını doğruldaq və qeyri-neft sektorunun inkişafında müəyyən qədər payımız olsun.

Bir nüansı nəzərinizə çatdırmaq istəyirəm. Qeyri-neft sektorunun inkişafı ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif fikirlər, təkliflər səsləndirilir. Əsasən də, sahibkarlığın inkişaf etdirilməsi üçün müxtəlif yollar, vasitələr haqqında danışılır. Fikrimcə, əvvəlcə işə başlamaq, sonra kömək istəmək lazımdır. Ümumiyyətlə, hər zaman ilk addım bir işi görməyə başlamaqdır. Çünki birinci nəyəsə təşəbbüs etməlisən ki, inkişafdan və dəstəkdən də danışa biləsən. Axı bir iş görülmürsə, dövlət hansı işə dəstək göstərsin? İllər öncə qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün heç kimdən kömək gözləmirdik. Həmin vaxtlarda yenicə müstəqillik qazanmışdıq. Hələ çətinliklərimiz, həll edilməli problemlərimiz çox idi. Ona görə də dövlət tərəfindən dəstək göstəriləcəyini düşünmürdük. Çalışırdıq ki, başladığımız işin yaxşı nəticəsini görə bilək. Həmişə xaricdən aldığımız məhsullardan daha yaxşısını öz yerimizdə istehsal etmək haqqında düşünürdük. Bu düşüncə ilə araşdırmalar, təhlillər aparırdıq. 1998-ci ildə bir ədəd istehsal avadanlığı aldıq və müəssisəmizin ilk məhsulu olan qənd istehsal etməyə başladıq. Bundan qısa zaman sonra heç gözləmədiyimiz bir vaxtda əməyimizə muxtar respublika rəhbəri tərəfindən yüksək qiymət verildi. Belə ki, bizi bir neçə dövlət səviyyəli tədbirlərə dəvət etdilər. Sərgilərdə iştirakımız təmin olundu və məhsullarımız nümayiş etdirildi. Sərgilərdən birində Ali Məclis sədrinin istehsal etdiyimiz məhsullara görə xoş sözlər deməsi bizi xeyli ruhlandırdı. Bundan sonra daha yaxşı işləməyə başladıq ki, göstərilən etimada layiq ola bilək. Beləcə, inkişaf yolunu tutduq. Daha yaxşı nəticələr ortaya qoyduqca, dövlətin bizə olan dəstəyi də artdı. Böyükhəcmli kreditlər verildi, müxtəlif mükafatlarla təltif olunduq. Zaman keçdikcə bizə göstərilən dəstək o qədər güclü şəkildə oldu ki, hətta ölkə başçısı tərəfindən də əməyimizə qiymət verildi, təltif edildik. Bütün bunların nəticəsində işimizi günün tələblərinə uyğun qurmaqla istehsalın kəmiyyətində və keyfiyyətində yüksək irəliləyişə nail olduq. İndi 6-7 xarici ölkəyə məhsul ixrac etmək imkanlarına sahibik.

Dövlətimizin böyük qayğısı, təcrübəsinə, zəhmətinə güvənib hələ illər öncədən öz istehsal müəssisəsini yaradan insanların əməyi sayəsində bu gün muxtar respublikamızda ərzaq təhlükəsizliyi tam təmin olunub. Sahibkarlığın uzun illər ərzində genişlənməsi və inkişafına göstərilən qayğı nəticəsində bu gün muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrində daxili bazar üçün məhsul istehsal etməklə yanaşı, ixracyönümlü məhsulların istehsalı üçün də stimul yaranıb. Bu istiqamətdə böyük uğurlar əldə edən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər bir neçə istehsalçı müəssisə tərəfindən ən yüksək standartlar səviyyəsində məhsul hazırlanaraq xarici bazarlara çıxarılırsa, bu, muxtar respublikada illər öncədən sənaye sahəsində reallaşdırılan islahatların nəticəsidir.

Beləcə, tarixən aqrar region kimi formalaşan Naxçıvan Muxtar Respublikası aqrar-sənaye regionuna çevrilib. Sevindirici haldır ki, indi üzərində “Naxçıvan Muxtar Respublikası istehsalı” etiketli yüzlərlə adda məhsul təkcə ölkəmizdə deyil, yaxın regionlarda da tanınır. 1995-1996-cı illərdə yalnız 4-5 növ məhsula olan tələbatın az bir hissəsinin yerli istehsal hesabına ödənildiyi muxtar respublikamızda indi əhalinin 340-dan çox növ məhsula olan tələbatı daxili imkanlar hesabına ödənilir. Görünən iqtisadi mənzərəyə əsasən demək olar ki, muxtar respublikada ərzaq məhsulları istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təminatı sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, yerli xammaldan səmərəli istifadəyə şərait yaradır. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, yeni dövr yeni vəziyyət, yeni yanaşmalar tələb edir. Ona görə də indiki şəraitdə sahibkarlıq daha da genişləndirilməli, sahibkarlara daha yaxşı şərait yaradılmalı, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir.

Şəhla NƏBİYEVA,
Şahbuz rayonunda çıxan
“Oğuz səsi” qəzetinin redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında