Ölkədə aparılan çevik bank siyasəti öz müsbət nəticələrini verir

Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət dövlət büdcəsinə, onun gəlir və xərclərinin dinamikasına və strukturuna, eyni zamanda, bank sektoruna öz müsbət təsirini göstərmişdir. Aparılan uğurlu islahatlar və ardıcıl iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-ə nisbəti ilbəil dəyişmişdir. Büdcə-vergi, eyni zamanda, bank siyasəti, əsasən, makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına və büdcə kəsirinin minimuma endirilməsinə yönəldilmişdir.
Həyata keçirilən çevik bank-maliyyə siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, dövlət büdcəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq büdcəsinə çevrilmiş, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi kimi çıxış etmişdir. Bu, Dövlət Statistika Komitəsinin 2010-cu ilin yanvar-sentyabr aylarında ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı hesabatında da öz əksini tapmışdır. Hesabatda göstərilir ki, 2010-cu il sentyabr ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4589,4 milyon manat təşkil etmişdir. Bunun 2720,8 milyon manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz çoxdur. Depozitlərin 1868,6 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. 2010-cu il sentyabrın 1-nə banklara qoyulan əmanətlərin 1186,9 milyon manatı manatla, 1533,8 milyon manatı isə xarici valyuta ilə cəlb edilmişdir.
Ölkədə əhalinin bankomatlardan istifadəsi üçün geniş imkanlar yaradılmışdır. 2010-cu il sentyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1832 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 215 ədəd çoxdur. Cari ilin sentyabrın 1-nə bankomatların 1025-i Bakı şəhərində, 807-si isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə pos-terminalların sayı 8792 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 311 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 7994-ü Bakı şəhərində, 798-i isə digər regionlarda yerləşir.
2010-cu ilin sentyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı isə keçən ilin müvafiq dövrünə nisbətən 7,4 faiz artaraq 4053 min ədədə çatmışdır. Bankomatlar və pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3510 min ədəd olmuşdur. Onlardan 94,2 faizi debet kartlarının payına düşür.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-avqust aylarında dövlət büdcəsinə 6,7 milyard manat məbləğində vəsait daxil olmuşdur. Səkkiz ay ərzində dövlət büdcəsindən 6 milyard manat vəsait xərclənmiş, 664,4 milyon manat məbləğində, yaxud ÜDM-in 2,5 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 2,3 milyard manatı və ya 38,8 faizi iqtisadiyyatın inkişafına, 715,8 milyon manatı (11,8 faizi) təhsilə və 807,7 milyon manatı (13,4 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına yönəldilmişdir. Ümumiyyətlə, büdcə xərclərinin 32 faizi və ya 1,9 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf olunmuşdur.
Əhalinin banklardakı əmanətlərinin məbləği sentyabr ayının 1-nə 2,7 milyard manata çataraq 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artmışdır. Ölkə iqtisadiyyatına ötən ilin yanvar-avqust aylarında olduğundan 15,2 faiz çox və ya 8,8 milyard manat məbləğində kredit yönəldilmişdir. Kreditlərin 2,5 milyard manatı qısa müddətə, 6,3 milyard manatı isə uzun müddətə verilmişdir.
Ölkədə aparılan çevik bank siyasəti eyni zamanda kreditlərin alınması şəraitini də yaxşılaşdırıb. Bu, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının son hesabatında öz ifadəsini tapıb. Adları çəkilən beynəlxalq qurumların birgə hesabatının nəticələrinə əsasən, Azərbaycan sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 54-cü yeri tutub. Bu barədə "Doing Business"in rəsmi saytında dərc edilən məruzədə deyilir. Xatırladaq ki, araşdırmaya 183 ölkə cəlb olunub.
Son hesabata əsasən, 2009-2010-cu illərdə Azərbaycanda kreditlərin alınması və vergi ödənişləri sahələrində islahatlar effektiv aparılıb. Hesabatda deyildiyi kimi, Azərbaycan maliyyə institutlarına borclar haqqında məlumat verib və kredit almağa imkan verən "online" platforma - dövlət kredit reyestrini yaratmaqla, kreditlərin alınması şəraitini yaxşılaşdırıb. Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliklər bir sıra faiz dərəcələrinin, o cümlədən gəlir vergisi üzrə faiz dərəcələrinin azldılmasına, eləcə də korporativ gəlir vergisi və ƏDV-nin ödəniş prosesinin sadələşdirilməsinə xidmət edib. Reytinqdə MDB ölkələrindən Qazaxıstan 59-cu, Belarus 68-ci, Rusiya 123-cü yeri tutublar.
Aparıcı islahatlar onluğuna Sinqapur, Honq-Konq (Çin), Yeni Zelandiya, Böyük Britaniya, ABŞ, Danimarka, Kanada, Norveç, İrlandiya, Avstraliya daxil olublar.
"Doing Business"in hesabatları 2004-cü ildən dərc edilərək hər il kriteriyalar siyahısını artırır. Onların əsasında ölkənin reytinqi tərtib edilir. 2004-cü ildə onlar cəmi beş istiqamətdə olduğu halda, son hesabatda araşdırmalar doqquz istiqamət üzrə aparılıb: biznesin başlanğıcı, tikintiyə icazə, əmlakın qeydiyyatı, kreditlərin alınması, investorun maraqlarının qorunması, vergilərin ödənilməsi, ixrac-idxal əməliyyatlarının rəsmiləşdirilməsi, müqavilələrin yerinə yetirilməsinin təmini, biznesin bağlanması.
"Doing Business-2009" hesabatında Azərbaycan iqtisadiyyatda islahatlar sahəsində lider kimi tanınıb. Bununla da, Azərbaycan təkcə iqtisadi inkişaf templəri üzrə deyil, həm də işgüzar mühitin yaxşılaşdırılmasına yönələn iqtisadiyyatda islahatlar sahəsində lider olub.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında