Mən pambıqçı ailəsində anadan olmuşam, ali təhsilliyəm. Uzun müddət pambıqçılıq sahəsində çalışmağım nəticəsində bu sahənin əsas inkişaf istiqamətlərini, məhsulun istehsalı, emalı və satışı prinsiplərini, eləcə də idarəetmə strukturunu mükəmməl bilirəm.
Qeyd etmək istəyirəm ki, sovet dövründə-planlı təsərrüfat sistemində, digər sahələr kimi, pambıqçılıq sahəsi də inkişaf edirdi. Məhsulun sifarişçisi olan dövlət kolxoz və sovxozları lazımi istehsal vasitələri ilə təmin edirdi. Dövlət hesabına torpaqlarda meliorasiya işləri aparılır və suvarma sistemi tələbatı tam ödəyirdi. İstehsal olunan xam pambıq dövlətin emal müəssisələrində vaxtında emal olunaraq, mərkəzləşdirilmiş qaydada satılırdı. İstehsalçılar da heç bir problemlə qarşılaşmadan məhsulun pulunu vaxtında ala bilirdilər.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir müddət ölkədə yaranmış hərc-mərclik bütün sahələr kimi, kənd təssərrüfatına da mənfi təsirini göstərdi. Bir vaxtlar respublikamıza külli miqdarda vəsait gətirən, əhalinin dolanışıq, gəlir mənbəyinə çevrilən “ağ qızıl” istehsalı da tədricən unuduldu. Torpaqlar kəndlilərə verildikdən, kolxoz və sovxozlar dağıldıqdan sonra pambıq əkinində də sərbəstlik yarandı. Texnika, mineral kübrələr və məhsulu satmaq üçün bazar olmadığından pambıqçılığa olan maraq ildən-ilə zəiflədi. Bundan sonra zavodların istehsal gücü azaldıldı və bu məhsulun bazarında durğunluq yarandı.
Altı il əvvəl Milli Məclisdə “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunanda fikirləşdim ki, bu strateji məhsulun inkişafı yenidən dövlətin diqqət mərkəzinə çevriləcək və “ağ qızıl”ın əvvəlki şöhrəti qaytarılacaq. Çünki bu qanunun əsas məqsədi dövlət proqramları əsasında ölkədə pambıqçılığın, yüngül sənayenin inkişaf etdirilməsinə, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və torpaqdan səmərəli istifadə olunmasına hüquqi, təşkilati və iqtisadi zəmin yaratmaqdır. Bununla da ölkədə yeni iş yerlərinin yaradılması istiqamətində də əsaslı dönüş yaranacaqdı. Çünki Aran zonasında yaşayanlar pambığın necə qiymətli bitki olduğunu çox yaxşı bilir. Məndə belə bir ümid yaranmışdı ki, bu qanunun qəbul olunması və həyata keçirilməsi nəticəsində pambıqçılıqla bağlı olan normativ-hüquqi sənədlər yenidən işlənəcək, müvafiq dövlət proqramları qəbul olunacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçımızın digər sahələr kimi, pambıqçılığın da inkişafının zəruriliyini qeyd etməsi və bununla əlaqədar qarşıya konkret vəzifələr qoyması məndə bu sahədə əsaslı dönüş yaranacağına böyük inam yaratdı. Ölkə başçısı bildirmişdir ki, kənd təsərrüfatının sürətlə inkişaf edən sektorlarını geinşləndirməliyik, ilk növbədə pambıqçılığı. Çünki pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur.
Pambıqçılıq strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Bu məhsula dünyada böyük ehtiyac var. Pambıq məhsulunu birjalarda satmaq üçün heç bir problem yoxdur. Pambığa dünya bazarında həmişə tələbat olub. Ulu öndər Heydər Əliyev pambıqçılığın inkişafına həmişə böyük önəm verib. Təsadüfi deyilki, bir vaxtlar Heydər Əliyevin zəhməti, səyləri nəticəsində pambığın istehsalı Azərbaycanda bir milyon tona qalxmışdır.
Ötən il respublikamızda pambıq istehsalı xeyli azaldı. Təsəvvür edin ki, bir vaxtlar bir milyon tondan artıq pambıq toplanan Azərbaycanda cəmi 35 min ton pambıq yığılmışdı. Bu geriləmə pambıq məhsulu istehsalı ilə məşğul olan zavodları da pis vəziyyətdə qoydu. Təbii ki, zavodlar işləməyəndə iş yerlərinin sayı da azalır. Bütün bunlardan sonra dövlət başçımızın pambıqçılığın inkişafına xüsusi diqqət yetirməsi və bu sahənin yenidən inkişaf etdirilməsi ilə əlaqədar tapşırıqlar verməsi bizi xeyli ruhlandırıb və artıq böyük həvəs və inamla əkinə hazırlıq işlərinə başlamışıq.
Pambıqçılığın inkişaf etdirilməsi işsizlik probleminin aradan qaldırılmasında böyük rol oynayacaq. Bu sahənin daha da genişləndirilməsi ölkədə yeni sənaye müəssisələrinin, məsələn, toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılmasına kömək edəcək. Bu da yeni iş yerlərinin açılması deməkdir. Digər tərəfdən, əvvəllər ölkəmizdə fəaliyyət göstərən, son illər isə pambıq istehsalının kəskin azalması ilə əlaqədar fəaliyyətini dayandıran müəsssiələr yenidən bərpa olunacaq.
Pambıq məhsullarından həm də yeyinti sənayesində istifadə olunur. Ölkənin ərzaq təhlükəsizliyi həmişə dövlətin nəzarətində saxlanılmaqla tənzimlənir. Bu baxımdan “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da qəbul olunmuşdu. Bildiyiniz kimi, pambıq texniki bitki olsa da, onun toxumundan—çiyiddən emal olunmaqla, ərzaq üçün pambıq yağı və heyvandarlıq üçün qüvvəli yem istehsal olunur. Yüksək səviyyədə rafinə olunmuş pambıq yağı və digər məhsullar daxili və xarici bazarlarda satılır.
Rəhbərlik etdiyim “Şamo” MMC, əsasən, pambıq istehsalı ilə məşğuldur. Fəaliyyət göstərdiyimiz 5 il ərzində pambıqçılığın inkişafı ilə məşğul olmuşuq. Bu sahədə müəyyən çətinliklərlə qarşılaşsaq da, ruhdan düşmədik. Ümid edirdik ki, respublikamızda “ağ qızıl”ın əvvəlki şöhrəti yenidən bərpa olunacaq. Artıq həmin gün yetişdi. Onu da qeyd edim ki, fəaliyyət göstərdiyimiz 5 il ərzində 10 min 400 ton pambıq istehsal etmişik. Bu qədər məhsulun emalı zamanı 3 min 700 ton mahlıc, 5 min 300 ton çiyid, tiftik əldə etmişik. İstehsal etdiyimiz məhsulları həm daxili, həm də xarici bazarlarda satmışıq. Bu müddət ərzində 450 min manat vergi və sosial ödəmələrə vəsait ayırmışıq. Bu da dolayısı ilə dövlət büdcəsinə köçürmə deməkdir. “Şamo” MMC-nin nəzdində yaratdığımız pambıq zavodunun illik emal gücü 20 min tondur. Demək, biz yaradılmış fürsətdən istifadə edib həm əkin sahəmizi genişləndirə, həm də işçilərin sayını artıra bilərik.
Ötən il fermerlərlə 700 hektarda pambıq əkib-becərilməsi üçün müqavilə bağlamışdıq. Bu qədər sahədən 1500 ton məhsul topladıq və 580 ton mahlıc istehsal etdik. Məhsulumuzu iplik emalı üçün Sumqayıt “İnter Textil”ə və Türkiyədəki müəssisəyə satdıq.
Möhtərəm Prezidentimizin Nazirlər Kabinetinin 9 aprel tarixli iclasında pambıqçılığın inkişafı ilə əlaqədar tövsiyə və tapşırıqlarından sonra biz əkin sahəsini 3 dəfə artırmışıq. Bu il 2018 hektar sahədə pambıq yetişdirmək üçün 402 fermerlə müqavilə bağlamışıq. Sahələri şumlamaq və əkin aparmaq üçün fermerlərə 250 min manat avans vermişik. Ümumiyyətlə, 500 min manat güzəştli kredit verilməsini nəzərdə tutmuşuq. İşçilərin sayını artırmağı da qərara almışıq. Hazırda MMC-də 45 nəfər çalışır. Mövsümi işlərdə daha 65 nəfər işə qəbul olunacaq.
Pambığın əkilib-becərilməsi böyük zəhmət tələb edir. Bu işdə texnikaya böyük ehtiyac var. Hazırda bizim MMC-nin Aqrolizinq xətti ilə 5 ədəd CON DEER pambıqyığan maşına, 5 ədəd Pnevmatik çiyidsəpənə, 5 ədəd becərmə, 5 ədəd şum və 5 ədəd nəqliyyat traktoruna ehtiyacı var. Ümid edirəm ki, möhtərəm Prezidentimizin pambıqçılığın inkişafına xüsusi önəm verdiyi bir vaxtda, bizim də kənd texnikasına olan ehtiyacımız təmin olunacaq. Bu, həm məhsuldarlığın, həm də işçilərin sayının artmasında böyük rol oynayacaq.
Əkin sahəsini genişləndirmək və məhsuldarlığı artırmaq üçün bütün imkanlardan istifadə edirik. Bunu pambıqçılıqla məşğul olanların qarşısına konkret vəzifə kimi qoyan dövlətimizin başçısı Nazirlər Kabinetinin 9 aprel tarixli iclasında demişdir: “Bu il mən qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək-keçən ildəkindən üç dəfə çox. Ancaq indi yeni texnologiyalar, o cümlədən suvarma texnologiyaları mövcuddur və biz məhsuldarlığı artırmaqla daha da böyük nəticəyə çata bilərik. 1970-1980-ci illərdə 200-250 min hektar pambıq əkilirdi, keçən il 18 min hektar. Ona görə, məhsuldarlığın artırılması və əkin sahələrinin dövriyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, toxumla təminat məsələləri öz həllini tapmalıdır və biz bu il 100 min ton pambıq gözləyirik. Ancaq bir il ərzində, gələn ilin əkininə qədər bütün lazımi tədbirlər görülməlidir ki, 2017-ci ildə, – mən indi rəqəm demək istəmirəm, – Azərbaycanda 100 min tondan bir neçə dəfə çox pambıq yığılmalıdır. Pambıq satılacaq, ölkəmizə lazım olan valyuta gələcəkdir”.
Yaşar HÜSEYNOV,
Saatlı rayonunda
fəaliyyət göstərən
“Şamo” MMC-nin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.