Ümummilli liderimiz Heydər Əliyev iqtisadi və sosial inkişafın əsas lokomotivi olan sahibkarlıq fəaliyyətinin inkişafına xüsusi diqqət yetirir, özəl sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişini təmin etməyin qeyri-mümkünlüyünü vurğulayırdı. Dahi öndər, eyni zamanda, yaxşı bilirdi ki, dinamizm, təşəbbüs, yenilik, yüksək məhsuldarlıq anlayışları ilə assosiasiya təşkil edən sahibkarlığa önəm verilməsi inkişaf prosesini sürətləndirir. Ona görə də sahibkarlığın bazar iqtisadiyyatı şəraitində iqtisadi yüksəlişini yüksək qiymətləndirən dahi şəxsiyyətin gerçəkləşdirdiyi sistemli tədbirlər sayəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunması kontekstində özəl sektorun formalaşması üçün hüquqi baza yaradılmış, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilmişdir.
Azərbaycanda sahibkarlığın inkişafı mərhələlərində qarşıya ölkə iqtisadiyyatını böhrandan çıxarmaq, qanunvericiliyi, habelə ictimai-siyasi şüuru formalaşdırmaq və davamlı, ardıcıl hüquqi və iqtisadi islahatlar keçirmək kimi mühüm vəzifələr qoyulmuşdu. Lakin bu vəzifələri həyata keçirmək o qədər asan olmamışdır. Çünki müstəqilliyin ilk illərində ölkəmizdə ictimai-siyasi vəziyyət gərginləşmiş, beynəlxalq münasibətlər pozulmuş, iqtisadiyyatda böhran yaşanmışdır. Bax, belə bir şəraitdə Heydər Əliyev hakimiyyətə qayıtmış, ilk növbədə milli iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə qurulacağını elan etmişdir. Bunun üçün isə o zaman hüquqi bazanın yenidən təşkili, islahatların aparılması, mülkiyyət münasibətlərinin dəyişdirilməsi tələb olunurdu. Elə buna görə də ulu öndərin rəhbərliyi ilə fəaliyyət göstərən komissiya yeni konstitusiya layihəsini hazırlamış və həmin layihə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmişdir. Azərbaycan bu Konstitusiyası ilə dünya ictimaiyyətinə demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolunu tutduğunu bəyan etmişdir. Nəticədə inkişaf etmiş dövlətlər Azərbaycan ilə münasibətlər yaratmağa başladılar.
O zaman Heydər Əliyev erməni işğalçılarının başladığı müharibəni dayandıraraq atəşkəs rejimi əldə etdi, sonra daxildə hakimiyyət uğrunda gedən mübarizəni səngidərək, ordu quruculuğu prosesinə, hüquqi və iqtisadi islahatlara başladı. “Əsrin müqaviləsi” imzalandı və bununla da ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verildi.
Həmin vaxt insanların sosial problemləri ağırlaşmış, iqtisadi əlaqələr itmiş, xammal-materialların alınması çətinləşmiş, müəssisələrdə istehsalın həcmi aşağı düşmüş, bir çox müəssisə fəaliyyətini dayandırmış, nəticədə də işsizlər ordusu yaranmış, böhran dərinləşmişdi. Belə bir şəraitdə ictimai-siyasi quruluşun aparıcı qüvvəsini formalaşdırmaq zərurəti meydana gəlmişdi.
Xatırladaq ki, bazar iqtisadiyyatında cəmiyyətin aparıcı qüvvəsi sahibkarlar zümrəsidir. Sahibkarlar ölkənin milli burjaziyasıdır. Ona görə də ulu öndər özünəməxsus uzaqgörənliklə mənəvi-psixoloji baxımdan sağlam, qanunlara söykənən, Azərbaycanın gələcək inkişafını təmin edəcək tərzdə sahibkarlar zümrəsini formalaşdırmağa başladı. Bunun üçün ilk növbədə sahibkarlığın inkişafını təmin etmək üçün hüquqi baza formalaşdırıldı. Həmçinin sahibkarların dövlət məmurları ilə münasibətləri tənzimləndi, sahibkarlığın inkişafına əngəl törədən maneələr mərhələ-mərhələ aradan qaldırdı. Bir-birinin ardınca mühüm dövlət proqramlarının həyata keçirilməsinə başlanıldı. “Kiçik sahibkarlığa dövlət dəstəyi haqqında” Qanun, “Kiçik və orta sahibkarlığın inkişafı” Dövlət Proqramı (1997–2000-ci illər) qəbul edildi, “Kiçik sahibkarlığa dövlət dəstəyi haqqında” Qanuna əlavələr və dəyişikliklər olundu.
Bu dövrdə qəbul edilən qanun və proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər reallaşdırıldı, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi formalaşdırıldı. Sahibkarlıq infrastrukturunun qurulması istiqamətində əhəmiyyətli addımlar atıldı. Sahibkarlara məsləhət, informasiya və digər zəruri texniki yardım göstərən strukturlar yaradıldı. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən tədbirlər görüldü. Mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salındı, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid verginin tətbiqinə başlanıldı. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti 2 ildən 5 ilədək uzadıldı.
Azərbaycanda sahibkarlara yüksək diqqət və qayğı, onlar üçün yaradılan şərait respublikanın milli inkişaf modelinin mahiyyətindən irəli gəlmişdir. Çünki yeni təsərrüfat münasibətlərinə keçidlə bağlı ilkin təcrübə göstərirdi ki, sahibkarlığın, özəl sektorun tərəqqisinə normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial problemlərin uğurlu həllinə nail olmaq mümkün deyildir. Bunları aydın görən ulu öndər Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi siyasətin əsas hədəflərindən biri də məhz sahibkarlığa hərtərəfli dəstək verilməsi olmuşdur.
Ümummilli liderin rəhbərliyi altında sahibkarlığın inkişafına dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin mühüm rolu danılmazdır. Xatırladaq ki, bu məsələdə ilk addım kimi ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” fərmanı göstərmək olar. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi.
Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərman imzalanmışdır.
Ümummilli lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarında isə dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996–2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 1994-cü ildəki 29 faizdən 2014-cü ilin sonuna 80 faizə yüksəlmişdir.
Daha bir mühüm addım isə ulu öndərin 30 aprel 2001-ci il tarixli fərmanı əsasında İqtisadi İnkişaf Nazirliyinin yaradılması ilə sahibkarlığın inkişafına dövlət dəstəyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsi olmuşdur.
Sahibkarlığa dövlət maliyyə dəstəyinin hüquqi əsaslarının formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi təsdiqlənmiş, strukturu formalaşdırılmışdır. Fondun vəzifəsi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini təmin etmək, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır.
Ümummilli liderin sahibkarlarla keçirdiyi görüşlərdə iş adamlarının üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi də özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü olmuşdur.
2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev sahibkarlığın inkişafına daim yüksək diqqət və qayğı göstərmişdir. Son illər kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər iş adamları tərəfindən razılıqla qarşılanmışdır.
Azərbaycanda sahibkarlığın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev hazırda bu sahəyə xüsusi diqqət göstərir, iş adamlarının əsl himayədarı kimi çıxış edir. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi inkişafında sahibkarlığın rolunu yüksək qiymətləndirən dövlət başçısı demişdir: “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır.” Məhz bu strateji xəttə uyğun olaraq ötən illərdə Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilmiş, ölkəmizdə sahibkarlığın inkişafı üçün fundamental hüquqi baza yaradılmış, iş adamları dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşlar. Son illər Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı verdiyi mühüm qərarlar, imzaladığı çoxsaylı fərman və sərəncamlar bütövlükdə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına təkan vermişdir. Bütün bu tədbirlər, həyata keçirilən səmərəli və intensiv işlər isə özəl bölmənin ölkə iqtisadiyyatında rolunu əhəmiyyətli dərəcədə artırmışdır.
Yerli istehsalın artırılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə ölkə başçısının müvafiq fərmanları ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətində dayandırılıb, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə qədər azaldılaraq onların verilməsi prosedurları sadələşdirilmişdir. İxracyönümlü istehsalın stimullaşdırılması və ixrac fəaliyyətinin təşviq edilməsi ilə bağlı konkret tədbirlər görülmüşdür.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu gün qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində əsas hədəflər çoxşaxəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. Xatırladaq ki, bu konsepsiya sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir.
Hazırda ölkəmizdə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar sistemli və ardıcıl xarakter daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son zamanlar imzalanan sənədlər, qəbul edilən qərarlar sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisidir. Dövlət başçısının “Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli sərəncamına əsasən, aprelin 25-də Azərbaycanda ilk dəfə “Sahibkarlar Günü” qeyd edilməsi ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarlığın fəaliyyətinə verilən yüksək qiymətin və sahibkarlığın inkişafına göstərilən böyük diqqət və qayğının bariz ifadəsidir.
Sahibkarlığa səmərəli dövlət dəstəyi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parklarının və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, biznes forum və sərgilərin təşkili və digər tədbirlər nəticəsində ÜDM-də özəl bölmənin payı hazırda 80 faizi, məşğulluqda isə 74 faizi ötmüş, ölkə iqtisadiyyatı şaxələnmiş, özünütəminat səviyyəsi yüksəlmişdir.
Bütün bunlar isə deməyə əsas verir ki, ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı görülən işlər bundan sonra da davam etdiriləcəkdir. Özəl bölmənin inkişafına diqqət və qayğı, dövlətin sahibkara, iş adamına himayədarlıq etməsi isə iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, eləcə də mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.