Azərbaycanda azad sahibkarlığın, azad rəqabətin inkişafı sürətlə gedir. Biz hələ bu yolun başlanğıcındayıq. Əminəm ki, görülən tədbirlər və gələcəkdə iqtisadi sahədə şəffaflığın təmin edilməsi nəticəsində Azərbaycanda sahibkarlıq daha da sürətlə inkişaf edəcək.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Hazırda sahibkarlığın dəstəklənməsi Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Müstəqilliyin ötən illərində zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl bölmənin inkişafına dövlət qayğısı nəticəsində ölkəmizdə geniş sahibkarlar ordusu formalaşmış və bu təbəqə sosial-iqtisadi inkişafın avanqard qüvvəsinə çevrilmişdir.
Azərbaycanda hökm sürən əlverişli biznes mühitindən lazımınca bəhrələnən sahibkarlar ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr açmış, ölkə iqtisadiyyatına investisiya qoyuluşunu xeyli genişləndirmişlər. Hazırda Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər.
Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar və nüfuzlu xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Bir müddət bundan əvvəl Dünya Bankı tərəfindən dərc olunmuş “Doing Business 2016" hesabatında 189 ölkə üzrə sahibkarlığın inkişafının istiqamətləri, biznes mühitinin əlverişliliyi, biznesə başlamaq prosedurların sadəliyi qiymətləndirilmiş və eyni zamanda, ölkələr arasında vəziyyət müqayisə edilmişdir. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsində Azərbaycan bu hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci yerdən 63-cü yerə yüksəlmişdir.
Ölkəmizdə sahibkarların əsl himayədarı kimi çıxış edən, onların normal fəaliyyəti üçün lazımi şərait yaradan Prezident İlham Əliyev 2016-cı il aprelin 21-də Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd olunduğu kimi, bu addım Azərbaycanın iqtisadi inkişafında, ölkədə məşğulluğun təmin olunmasında getdikcə mühüm rol oynayan sahibkarlara dəstək əhval-ruhiyyəsini daha da artırmaq məqsədi daşıyır. Prezident İlham Əliyevin sözügedən sərəncamı ilə hər il aprel ayının 25-nin Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilməsi ilə bağlı qərar bütövlükdə ölkəmizdə özəl bölmənin inkişafına, iş adamlarına göstərilən dövlət qayğısının növbəti təzahürüdür.
Azərbaycanda sahibkarlığın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət göstərir, iş adamlarının əsl himayədarı kimi çıxış edir. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi inkişafında sahibkarlığın rolunu yüksək qiymətləndirən dövlət başçısı demişdir: “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır.” Məhz bu strateji xəttə uyğun olaraq ötən illərdə Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilmiş, ölkəmizdə sahibkarlığın inkişafı üçün fundamental hüquqi baza yaradılmış, iş adamları dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşlar. Son illər Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı verdiyi mühüm qərarlar, imzaladığı çoxsaylı fərman və sərəncamlar bütövlükdə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına təkan vermişdir. Bütün bu tədbirlər, həyata keçirilən səmərəli və intensiv işlər isə özəl bölmənin ölkə iqtisadiyyatında rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Hazırda Azərbaycan iqtisadiyyatının 80 faizindən çoxunun özəl sektorda formalaşması da bunun əyani sübutudur.
2015-ci ildə özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilmiş, bunun da hesabına 12600-dək yeni iş yerinin açılması üçün şərait yaradılmışdır. Həmin kreditlərin 64 faizinin regionların payına düşməsi isə öz növbəsində bölgələrdə iqtisadi fəallığın artmasına səbəb olmuşdur. Ötən il Azərbaycanda qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilmiş, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılmışdır. Bunun da nəticəsində hesabat ilində ölkədə sənaye məhsulu 2,4 faiz, o cümlədən qeyri-neft sənayesi 8,4 faiz artmışdır.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti özəl bölmənin inkişafını ləngidən, iş adamlarına süni maneələr yaradanlara qarşı həmişə barışmaz olmuş, bu sahədə müşahidə olunan neqativ halların aradan qaldırılması üçün təcili və təxirəsalınmaz tədbirlər görmüşdür. Ötən ilin oktyabr ayında dövlət başçısı tərəfindən imzalanmış sərəncama əsasən, Azərbaycanda sahibkarlıq subyektlərində yoxlamalar iki il müddətinə dayandırılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, eyni zamanda, lisenziyalar müddətsiz müəyyən edilmişdir. Bundan əlavə, dövlət rüsumunun məbləği Bakıda iki dəfə, regionlarda isə dörd dəfə azaldılmış, lisenziyaların “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılmışdır.
Göründüyü kimi, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Bununla belə, bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən, dünyaya özünün inkişaf modelini təqdim edən Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsində sahibkarların potensialı olduqca yüksəkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son illər ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasını, özəl bölməyə göstərilən dövlət qayğısının artırılmasını iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində əldə olunmuş uğurların əsas səbəblərindən biri kimi qeyd etmişdir. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini önə çəkən dövlət başçısı demişdir: “Yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Mən artıq müvafiq dövlət qurumlarına göstəriş vermişəm”. Bununla belə, Prezident İlham Əliyev hazırkı çətin iqtisadi şəraitdə sahibkarların da dövlət, cəmiyyət qarşısındakı məsuliyyətini dəqiq ifadə edərək onları ölkə iqtisadiyyatına daha çox vəsait yönəltməyə, vergiləri tam ödəməyə, qeyri-neft sektorunun prioritet sahələrinin inkişafında yaxından iştirak etməyə səsləmişdir.
Yeri gəlmişkən, müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyev bazar iqtisadiyyatına keçidi dövlətimizin iqtisadi strategiyasının başlıca istiqaməti kimi müəyyənləşdirərkən ölkədə azad sahibkarlığa geniş meydan verilməsinə xüsusi diqqət göstərmişdir. Ulu öndər ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə edərək demişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”. Ulu öndərin müəyyən etdiyi sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin yüksəlişində xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirmişdir. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşmışdır. Sahibkarların vergi yükünün azaldılması istiqamətində tədbirlər görülmüş, mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlanmışdır. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradılmış və bu sahədə müvafiq dövlət proqramları qəbul olunmuşdur.
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu artmağa başlamışdır.
Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırmışdır. 2002-ci il aprelin 25-də yerli və mayın 15-də xarici iş adamları ilə keçirilən tarixi görüşlər isə sahibkarları cəmiyyətin avanqard qüvvəsinə çevirmişdir. Xatırladaq ki, həmin görüşlərdə ölkəmizdə sahibkarlığın inkişaf yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi həmin ilin avqust-sentyabr aylarında imzalanmış çox mühum fərman və sərəncamlarla Azərbaycanda sahibkarlığın inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətini, iqtisadi islahatlar strategiyasını müasir dövrün gerçəkliklərinə uyğun yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin məhz həmin unudulmaz görüşün keçirildiyi 25 aprel tarixinin Azərbaycanda “Sahibkarlar Günü” kimi təsis etməsi də təsadüfi deyil. Bu, heç şübhəsiz, ulu öndərin zamanında həyata keçirdiyi mühüm tədbirlərin bəhrəsi, uğurlu nəticəsi kimi dəyərləndirilməlidir. Bütün bunlar, həm də onu deməyə əsas verir ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər bundan sonra da davam etdiriləcəkdir. Özəl bölmənin inkişafına diqqət və qayğı, dövlətin sahibkara, iş adamına himayədarlıq etməsi isə iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, eləcə də mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.