Azərbaycanda iqtisadiyyatın tənzimlənməsinin müasir postneft dövrü

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Hesab edirəm ki, bu gün ölkəmiz üçün yeni dövr başlanır. Əminəm ki, bu dövr də uğurlu olacaqdır. Bu postneft dövrüdür!

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Azərbaycan Respublikası müstəqilliyini ikinci dəfə 1991-ci ildə bərpa edəndən sonra keçən 25 illik bir dövrdə bütün dünyada sürətlə inkişaf edən, innovativ, davamlı iqtisadiyyatı olan bir dövlət kimi tanınır. Prezident İlham Əliyevin göstərdiyi kimi: “Azərbaycan müstəqil dövlət kimi son 10 ildə dünya miqyasında sürətlə inkişaf edən, güclü iqtisadi sistemə malik olan ölkədir. Bu, həqiqətdir, reallıqdır və bunu bütün göstəricilər təsdiqləyir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda əldə edilmiş uğurlar daim qeyd edilir”.

Hər bir ölkənin iqtisadi durumu daxili, xarici və ya qlobal problemlərin təsirləri ilə əlaqədar ayrı-ayrı dövrlərdə dəyişikliklərə məruz qalır. Belə şəraitdə dövlət başçısının idarəçilikdə həyata keçirdiyi düşünülmüş, elm və təcrübəyə əsaslanan, izaqgörən daxili və beynəlxalq müstəvidəki siyasəti ölkənin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Qeyri-neft sektorunun potensialından səmərəli istifadə edilməsi, texnoloji yeniliklərin tətbiqi tək bu sahənin deyil, ondan bəhrələnən digər sferaların da inkişafına və əhalinin rifahının yüksəldilməsinə səbəb olmuşdur. Hətta son vaxtlar dünya iqtisadiyyatının tənəzzülə uğraması, yaranmış böhran vəziyyəti ölkəmizin iqtisadi durumunda bəzi çətinliklər yaratsa da, 2015-ci ildə də ümumi daxili məhsul 1,1 faiz, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bununla əlaqədar olaraq dövlət başçısı İlham Əliyev demişdir: “2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir”.

Ölkəmizdə bazar iqtisadiyyatına keçid konsepsiyasına əsasən, idarəetmənin əsas funksiyası kimi dövlət tənzimlənməsi ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi artıq 2004-cü ildən prioritet məsələ hesab edilir. İqtisadi sistemin transformasiyası və çoxmülkiyyətçiliyə əsaslanan bazar iqtisadiyyatına keçidlə əlaqədar özəl sektorun genişlənməsi iqtisadiyyatın dövlət tənzimlənməsində daha böyük sahələri əhatə etməsinə səbəb olmaqdadır. Müxtəlif zamanlarda iqtisadi durumun dəyişməsindən asılı olaraq, ölkədə iqtisadiyyatın tənzimlənməsini dörd dövrə bölmək olar. I dövr: 1991–1993-cü illər, II dövr: 1993–2003-cü illər, III dövr: 2003–2015-ci illər, IV dövr: 2016-cı ildən başlayır.

Ayrı-ayrı dövrlərdə iqtisadiyyatın dövlət tənzimlənməsi

Birinci – iqtisadi tənəzzül dövrüdür. Ölkəmizin 1991-1993-cü illərdə müharibəyə cəlb olunması və erməni işğalına məruz qalması, Ermənistan silahlı qüvvələrinin 20 faiz torpaqlarımızı zəbt etməsi, qaçqın və köçkün problemi və idarəçilik təcrübəsi olmayan şəxslərin ölkəyə və orduya rəhbərlik etməsi nəticəsində hətta müstəqilliyin yenidən itirilməsi təhlükəsini yaratmışdı. Bu dövrdə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun ilbəil azalması (16,5 faizə qədər), inflyasiyanın ən yüksək həddə (hiperinflyasiya – 1700 faiz) çatması iqtisadiyyatda tənəzzulə səbəb olmuş və bununla əlaqədar olaraq, əhalinin maddi rifahı olduqca aşağı səviyyəyə düşmüşdü.

İkinci – 1993-2003-cü illəri əhatə edən iqtisadiyyatda sabitlik və tərəqqi dövrüdür. Bu dövr Azərbaycanın müasir dayanıqlı, innovativ iqtisadi inkişafın təməli dövrü kimi də məlumdur. Belə ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra apardığı uzaqgörən sosial-iqtisadi siyasəti, idarəçilik məharəti, təcrübəsi, beynəlxalq nüfuzu və gərgin əməyi nəticəsində tədricən ölkə iqtisadiyyatının sabitlik və tərəqqi dövrü başlamışdır. Məhz ona görə də, bu, Heydər Əliyev dövrü kimi tanınır.

Müstəqilliyin ilk illərində bazar iqtisadiyyatına keçid iqtisadi inkişafın əsası kimi qəbul olunsa da, bu sahədə əsaslı islahatlar həyata keçirilməmişdi. Yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin dediyi kimi: “Azərbaycan iqtisadiyyatı böyük dəyişikliklər dövrünü yaşayır. Bazar münasibətlərinə keçid, iqtisadi sistemin transformasiyasının ilk vaxtlarında və dünya iqtisadi sisteminə inteqrasiya olunmaqda, siyasətimizin əsas istiqamətlərini təşkil edir”.

Öz- özünü tənzimləyən bazar iqtisadiyyatında dövlət tənzimlənməsinin vacibliyini və hər bir dövlətin sosial-iqtisadi inkişafının bilavasitə ölkə başçılarının idarəçilik bacarığından asılı olduğunu öz elmi tədqiqatları ilə sübut edən C.M.Keyns göstərmişdir: “Dünyanı idarə edən ayrı-ayrı dövlətlərin başçılarıdır. Onların buraxdıqları cüzi səhvlər böyük fəlakətlərə səbəb olur”. Azərbaycan Respublikasında müstəqilliyin ilk üç ilində yaranan sosial-iqtisadi vəziyyət və ya hazırda Ermənistan da daxil olmaqla, demək olar ki, əksər ölkələri əhatə edən iqtisadi böhran və miqrant probleminin yaranması bunun bariz nümunəsidir.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsində və əhalinin sosial tələblərinin ödənilməsində ölkə üçün ən vacib məsələ iqtisadiyyatın sabitliyi və dayanıqlı inkişafa nail olmaqdır. Bununla əlaqədar olaraq, ulu öndər göstərmişdir: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. 1994-cü ilin may ayının 12-də, uzun sürən çətin və gərgin keçən danışıqlardan sonra məhz Heydər Əliyevin səyi və gərgin əməyi nəticəsində Ermənistanla aparılan müharibədə atəşkəs əldə olunmuş və ölkəyə xarici investisiyanın cəlb olunması üçün investisiya mühiti yaradılmışdır. İnvestisiya mühitinin yaradılmasının şərtləri ölkədə siyasi və iqtisadi sabitliyin olması, fəaliyyətin hüquqi bazasının yaradılması, qanunun aliliyi, müvafiq istehsal və sosial infrastrukturlarla təminat, xarici investorların öz gəlirlərinin bir hissəsini ölkədən çıxarmaq imkanına malik olması və dövlət zəmanəti idi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətini əhatə edən II dövrdə böyük idarəçilik məharəti ilə aparılan geniş yenidənqurma və inkişaf nəticəsində ÜDM 31,4 milyon manatdan 7146,5 milyon manata, adambaşına 4,3 manatdan 872,7 manata qədər artmışdır.

Üçüncü – 2003–2015-ci illər. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərliyə başlaması, dünya iqtisadi sisteminə inteqrasiya və ölkənin beynəlxalq nüfuzunun artması dövrüdür. Bu dövrdə də ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu neft strategiyasının həyata keçirilməsi, neft-qaz sektorunun inkişafı, yeni ixrac-boru kəmərlərinin tikintisi, müasir texnologiyaların tətbiqi davam etdirilmişdir.

Azərbaycanın strateji tərəfdaşları olan Türkiyə və Gürcüstanda, həmçinin digər dövlətlərdə yeni neft-qaz terminallarının tikilməsi, loqistik mərkəzlərinin yaradılması, 2012-ci ildə qəbul edilmiş fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Fondundakı valyuta ehtiyatlarının diversifikasiyası ilə qızılın, türk lirəsinin, rus rublunun, Çin yuanının ehtiyata daxil edilməsi və xarici səhmlərin alınmasına icazə verilməsi həyata keçirilmişdir.

III dövrdə Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz ixrac-boru kəmərləri istifadəyə verilmişdir.  Bakı-Tiflis-Qars beynəlxalq dəmir yolunun tikintisini qurtarmaq, TANAP və TAP kimi qaz ixrac boru kəmərlərinin tikilməsi üzrə işlər başlamaq üzrədır. Bütün bunların nəticəsidir ki, Azərbaycan investisiya cəlb edən ölkədən artıq xaricə investisiya qoyan, bütün dünyada tanınan lider bir ölkəyə çevrilmişdir.

Ölkə başçısı hakimiyyətinin ilk illərindən iqtisadi inkişafın daha da sürətləndirilməsinə və qeyri-neft sektorunun müasirləşməsinə nail olmaq üçün, regionların sosial-iqtisadi inkişafı üzrə 2004 – 2008-ci illəri əhatə edən birinci, 2009 – 2013-cü illəri əhatə edən ikinci dövlət proqramları müvəffəqiyyətlə həyata keçirilmiş və hazırda 2014 – 2018-ci illərə aid üçüncü dövlət proqramı uğurla reallaşmaqdadır. Bu proqramların həyata keçirilməsi ilə regionların, hər bir rayon və kəndin siması dəyişmiş, müasirləşmiş, istehsal, nəqliyyat, sosial, bazar və texnoloji infrastrukturlar yaradılmış və hazırda da regionlarda enerji, qaz və su təminatı davam etməkdədir.

 Qeyri-neft sektorunda əsas olan və ərzaq təhlükəsizliyini təmin edən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə 2004-cü ildə dövlət büdcəsindən 100 milyon manat vəsait ayrılmaqla “Aqrolizinq” ASC yaradılmışdır. Kənd təsərrüfatı ilə məşğul olanlar 2001-ci ildən torpaq vergisi istisna olmaqla, butun vergilərdən azad edilmişdir. Bu dövrdə qeyri-neft sektorunun prioritet sahələri olan sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat-tranzit, informasiya-kommunikasiya texnologiyaları, o cümlədən turizm sahəsində əsaslı işlər yerinə yetirilmişdir.

Bütün bunlarla bərabər əhalinin sosial tələblərinin ödənilməsi, rifahının yaxşılaşdırılması dövlətin əsas məqsədi olmuşdur. Statistik göstəricilərə görə, son 12 ildə Azərbaycanda maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artmış, 3 min məktəb, 89 köçkün qəsəbəsi tikilmiş, 225 min insan yeni mənzillərə köçürülmüşdür. Bu illər ərzində sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib, ölkəyə 200 milyard dollar sərmayə qoyulub ki, bunun da 100 milyard dolları xarici sərmayədir.  Əhalinin təbii yanacaq, elektrik enerjisi, içməli su problemi demək olar ki, 100 faiz həll edilib. Ölkədə yeni, ən müasir standartlara cavab verən sosial və iqtisadi infrastruktur yaradılmışdır. Rəqəbətədavamlı və yüksək ixrac potensiallı, innovativ, davamlı iqtisadiyyatın yaradılması məqsədilə əsaslı tədbirlər həyata keçirilmiş, həmçinin Azərbaycan brendi olan “ASAN xidmət” artıq 9 rayonda fəaliyyətə başlamışdır.

Əlbəttə III dövrə aid göstərilənlər həyata keçirilən işlərin az bir hissəsidir. Xarici investisiyanı, qabaqcıl texnologiyaları Azərbaycanın hər bir güşəsinə gətirən, əhalinin maddi rifahının yaxşılaşdırılmasını daim əsas tutan Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi nəticəsində ÜDM 2003-cü ildəki 7146 milyon manatdan 2014-cü ildə 59014,1 milyon manata, adambaşına 872,7 milyon manatdan 6264,1 manata qədər artmışdır. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin idarəçilik bacarığı və gərgin əməyi nəticəsində bu dövr ölkəmiz üçün hər bir sahədə yüksəliş dövrü olmaqla bərabər, bütün bunlar növbəti postneft dövründə sosial-iqtisadi inkişaf üçün çox önəmlidir.

Postneft dövrünün başlanğıcında iqtisadiyyatın dövlət tənzimlənməsi

2016-cı ildən başlayan müasir IV postneft dövrü. Bu dövrün başlanması neftin qiymətinin bir ildə 4 dəfə azalması, manatın devalvasiyası və dünyada baş verən geoiqtisadi və geosiyasi dəyişikliklərlə əlaqədardır. Azərbaycan Prezidenti İlham Əliyev göstərmişdir: “Hesab edirəm ki, bu gün ölkəmiz üçün yeni dövr başlanır. Əminəm ki, bu dövr də uğurlu olacaqdır. Bu postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə, 2030-2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövrünü yaşayırıq”.

Postneft dövründə bilavasitə qeyri-neft sektorunun inkişafı prioritet məsələdir. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə rəhbərliyinə başladığı 2003-cü ildən iqtisadiyyatın dövlət tənzimlənməsində, tükənən təbii sərvət olan neftdən asıllığı azaltmaq məqsədi ilə, qeyri-neft sektorunun inkişafı üzrə mühüm işlər yerinə yetirilmişdir. Belə ki, neftdən gələn valyuta gəlirlərinin bir hissəsinin qeyri-neft sektorunun inkişafına sərf etməklə dayanıqlı, şaxələndirilmiş, innovativ iqtisadi inkişafa nal olunmuşdur.

“Azərbaycan dünya iqtisadi-siyasi sistemində baş verən istənilən dəyişikliklərə, qlobal çağırışlara hazır olmalıdır. Bu isə dərin islahatlar və cəmiyyətin effektli transformasiyası yolu ilə təmin edilə bilər. Nəticə etibarilə biz artıq deyə bilərik ki, ölkədə konkret istiqamətlər üzrə bu transformasiyanın – yeni iqtisadi siyasətin həyata keçirilməsinə başlanmışdır” – deyən Prezident postneft dövründə dövlət şirkətlərinin idarəetmə mexanizmlərinin nəzərdən keçirilməsi, onların fəaliyyətinə maliyyə nəzarətinin gücləndirilməsi, izafi, səmərəsiz xərclərin qarşısının alınması və ən əsası, dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsinin öyrənilməsi və tətbiqi məsələsi də vacib hesab etmişdir.

Postneft dövründə iqtisadiyyatın dövlət tənzimlənməsi məqsədi ilə ölkədə 7 istiqamət üzrə tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir: qanunvericilik təşəbbüslərinin reallaşması; dinamik iqtisadi inkişafın təmin edilməsi; bank-maliyyə sektorunun sağlamlaşdırılması; sosial təminat sahəsində tədbirlərin həyata keçirilməsi; dövlət orqanlarında struktur islahatları; korrupsiya, rüşvətxorluq və bu kimi halların minimuma endirilməsi; süni bahalaşmaya qarşı mübarizə tədbirlərinin aparılması.

Bütün bunları həyata keçirmək üçün ölkədə yeni tənzimləmə sisteminin yaradılması əsas inkişaf strategiyası seçilmişdir ki, bu da bazar iqtisadiyyatı konsepsiyalarına müvafiq olaraq postneft dövründə də iki metodla reallaşır: inzibati və iqtisadi.

İqtisadiyyatın inzibati metodla tənzimlənməsi

Postneft dövrünün başlanması ilə əlaqədar olaraq, fəaliyyətlərin huquqi bazalarında bəzi dəyişiliklərin aparılması və dövlətin iqtisadi tənzimləmə mexanizminin işlənilməsi üçün, ölkə Prezidenti tərəfindən operativ olaraq bir sıra müvafiq qanunlar, sərəncam və fərmanlar qəbul edilmişdir. Bunlardan aşağıdakıları göstərmək olar:

– Milli iqtisadiyyatda struktur dəyişikliklərin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Maliyyə Bazarına Nəzarət Palatası rublik hüquqi, şəxsin yaradılması haqqında” fərman qəbul edilmişdir. Strateji bir sənəd olan bu fərmana əsasən, palatanın yaradılması ilə 3 qrup təşkilat birləşdirilmişdir: Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Moritorinq Xidməti. Palatanın yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri aradan qaldırmaqdadır. Bununla əlaqədar olaraq, bir sıra qanunlarda dəyişikliklərin edilməsi nəzərdə tutulur.

– “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şurasının yaradılması haqqında” fərman qəbul olunmuşdur (3 fevral 2016-cı il). Azərbaycan RespublikasınınPrezidenti yanında Appelyasiya Şurası sahibkarların şikayətlərinə baxmaqla, yeni iqtisadi şəraitdə həyata keçirdiyi dövlətin siyasətinə uyğun olaraq sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının mühafizəsi məqsədilə yaradılmışdır.

– “Satınalınmalar üzrə Dövlət Agentliyi”nin fəaliyyətinə xitam verilmiş, onun funksiyaları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasət və istehsalçıların hüquqlarının Müdafiəsi Dövlət xidmətinə həvalə olunmuşdur. “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilmişdir.

(ardı linkdə)

Roza ƏLİYEVA,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının
iqtisadiyyatın dövlət tənzimlənməsi
kafedrasının dosenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında