Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatı sahəsində vəziyyəti təhlil edərkən bildirib ki, vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələr bərpa olunmalıdır. Ulu öndər Heydər Əliyevin zamanında - 1970-ci illərdə Azərbaycanın ümumi daxili məhsulunda neft amili çox aşağı faiz təşkil edirdi. İndi məlumat verilir, məsələn, yüngül sənaye 23 faiz təşkil edirdi, kənd təsərrüfatı, maşınqayırma bəlkə ondan da daha böyük faiz təşkil edirdi.
Dövlət başçısı daha sonra deyib: “Biz o vaxt kənd təsərrüfatının sürətlə inkişaf edən sektorlarını inkişaf etdirməliyik, ilk növbədə pambıqçılığı. Çünki pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Xüsusilə, son vaxtlar sanksiyalarla əlaqədar müəyyən bazarlar bəzi məhsullar üçün bağlanıb. Əlbəttə ki, bunun bizə aidiyyəti yoxdur. Ancaq indi biz öz kənd təsərrüfatı məhsullarımızı başqa bazarlara çıxarmaq üçün gərək səylər göstərək. Ancaq pambıq məhsulunu birjalarda satmaq üçün heç bir problem yoxdur. Vaxtilə yenə də ulu öndər Heydər Əliyevin zəhməti, səyləri nəticəsində pambığın istehsalı Azərbaycanda bir milyon tona qalxmışdır. O, 1969-cu ildə hakimiyyətə gələndə, indi mənim dəqiq yadımda deyil, təqribən 100 min, 200 min ton pambıq istehsal olunurdu. Sonralar isə bir milyon, ildə orta hesabla 800 min, 900 min ton pambıq istehsal edilirdi”.
Aqrar elmləri doktoru Gəray Vəliyevin sözlərinə görə, 1925-1926-cı illərdə hər hektardan məhsuldarlıq 6-7 sentner, cəmi məhsul isə 58-60 min ton olub. Vəziyyət sonrakı illərdə də yaxşılığa doğru dəyişməyib. Lakin 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra əkinçiliyi və heyvandarlığı, ilk növbədə isə pambıqçılığı inkişaf etdirmək üçün konkret tədbirlər planı işlənib hazırlandı. 1970-ci ildən başlayaraq pambıq istehsalı və dövlətə satış planları artıqlaması ilə yerinə yetirilməyə başladı. 1969-cu ildə 162 min ton pambıq təhvil verildiyi halda, 1976-cı ildə bu, 412 min ton təşkil edirdi.
Ulu öndərimiz tərəfindən pambıqçılığın inkişaf etdirilməsi kolxoz və sovxozların iqtisadiyyatının möhkəmlənməsinə, kənd sakinlərinin maddi rifah halının yaxşılaşmasına müsbət təsir göstərdi. 1969-cu ildə pambıqçılıqdan 150 milyon manat götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatdı. 1970-1976-cı illərdə kolxoz və sovxozlar tərəfindən pambıqdan 2 milyard manat əldə edilmişdi. Bir sözlə, o dövrdə Azərbaycanda illik pambıq istehsalı bir milyon tona çatdırılmışdı. Ölkə büdcəsinin 22-25 faizini pambıqçılıq təmin edirdi.
Həmin dövrdə respublikamızda 39 sort rayonlaşdırılmışdı. Rayonlaşan hər bir yeni sort əvvəlki sortlardan təsərrüfat qiymətli göstəricilərinə, məhsuldarlığına görə fərqlənirdi və ümumi istehsalın sabit artımına zəmin yaradırdı.
Dahi öndər tez-tez pambıq tarlalarında, kənd adamları arasında olurdu və onlara öz tövsiyəsini verirdi. O, qabaqcıl pambıqçıların, sürücü- mexaniklərin əməyini həmişə yüksək qiymətləndirir və onlara ölkənin ali mükafatlarını təqdim edirdi.
Pambıqçılığın dinamik inkişafının elmi əsaslarla nizamlanmasını daim diqqətdə saxlayan ulu öndər bu sahənin inkişafına hər cür qayğı göstərir, pambıqçılıq bölgələrinin hamısında nəticəli fəaliyyət üçün əlverişli mühit yaradırdı. O, alimlərin yaradıcı əməyini də yüksək qiymətləndirir, bütün elmi-tədqiqat institutlarının məhsuldar elmi fəaliyyəti üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını daim nəzarətdə saxlayırdı.
Müstəqillik illərində isə pambıq istehsalına diqqət zəiflədi, əkin sahələri ildən-ilə azaldı. Əlbəttə, bu, bir tərəfdən “qara qızıl”ın “ağ qızıl”ı üstələməsi, arxa plana keçirməsi, digər yandan isə məhsulun dünya bazarında qiymətinin sürətlə ucuzlaşması ilə bağlı idi. Məhz bunun nəticəsi idi ki, 2005-ci ildə Azərbaycanda olan 112 min 500 hektar pambıq əkini sahəsi 10 ildən sonra nə az, nə çox
–5 dəfə azalaraq 23 min hektara endi.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında bu məqama toxunaraq deyib: “Keçən il Azərbaycanda cəmi 35 min ton pambıq yığılıbdır. Bir milyon hara, 35 min hara?! Özəl qurumlar bunu təkbaşına edə bilməyəcəklər. Pambıqçılığı inkişaf etdirmək üçün dövlət birinci rol oynayır, ikinci yerli icra orqanları və ondan sonra özəl qurumlar. Ona görə, göstəriş verilmişdir ki, vəziyyət təhlil edilsin və təhlil edilib. Mənə artıq təkliflər verilibdir. Biz pambıqçılığı bərpa etməliyik. Keçən il 18 min hektar əkilibdir. Bu il mən qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək - keçən ildəkindən üç dəfə çox. Ancaq indi yeni texnologiyalar, o cümlədən suvarma texnologiyaları mövcuddur və biz məhsuldarlığı artırmaqla daha da böyük nəticəyə çata bilərik. 1970-1980-ci illərdə 200-250 min hektar pambıq əkilirdi, keçən il 18 min hektar. Ona görə, məhsuldarlığın artırılması və əkin sahələrinin dövriyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, toxumla təminat məsələləri öz həllini tapmalıdır və biz bu il 100 min ton pambıq gözləyirik. Ancaq bir il ərzində, gələn ilin əkininə qədər bütün lazımi tədbirlər görülməlidir ki, 2017-ci ildə, - mən indi rəqəm demək istəmirəm, - Azərbaycanda 100 min tondan bir neçə dəfə çox pambıq yığılmalıdır. Pambıq satılacaq, ölkəmizə lazım olan valyuta gələcəkdir”.
Mütəxəssislərin fikrincə, hazırda dünya bazarında neftin qiymətinin ucuzlaşması pambıqçılığa marağın artmasını zəruri edir. Elə buna görə də ölkədə bu sahənin inkişaf etdirilməsi, yerli istehsalın gücləndirilməsi və yeni iş yerlərinin açılması istiqamətində dövlət başçımızın verdiyi tapşırığa uyğun olaraq, ənənəvi sahələrdən olan pambıqçılığın inkişafı perspektivlərinə bu gün daha çox önəm verilir.
Kənd Təsərrüfatı Nazirliyindən bildirildiyinə görə, bundan sonra sözügedən sahəyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq. Eyni zamanda, pambıq istehsalı və emalı müəssisələri daşınma xərclərini qarşılayacaq və istehsal xərclərinin 90 faizi emalçılar tərəfindən avans olaraq veriləcək.
Nazirliyin məlumatında o da vurğulanır ki, pambıq istehsalı və emalı müəssisələri satınalma qiymətini 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırmaqla, pambığın birinci növünün bir tonunu 500 manata, ikinci növünün bir tonunu 470 manata, üçüncü növünün bir tonunu 440 manata, dördüncü növünün bir tonunu isə 400 manata qəbul edəcək. Ümumilikdə, cari ildə əvvəlki ildəkindən 80 faiz çox –30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır.
Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin artırılması bu sahədə 15 mindən çox yeni iş yerinin açılmasına, pambıqçılıq sahəsində çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına imkan verəcək.
Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyinin Bitki-Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ölkədə pambıqçılığın inkişafına dair xüsusi təkliflər hazırlayıb. Artıq bu təkliflər Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib. Təkliflərdə pambıqçılığın yenidən dirçəldilməsi üçün bu sahəyə ilk növbədə dövlət səviyyəsində dəstək verilməsi, pambıqçılığa xüsusi subsidiyalar və güzəştli kreditlərin ayrılması ilə bağlı məsələlər əksini tapıb.
Təkliflərdə qeyd edilir ki, xam pambığın satınalma qiymətləri yüksəldilməli, pambıqçılıq klasterlər əsasında inkişaf etdirilməli (əkin, yığım, emal, son məhsul və satış) və pambıq istehsalçılarının kooperasiyası təşkil edilməlidir.
Bundan başqa, adıçəkilən nazirliyə təqdim edilən təkliflərdə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün irriqasiya sistemlərinin yenidən qurulması, torpaqların münbitliyi və məhsuldarlığın artırılması üçün pambıq-yonca-taxıl növbəli əkin sisteminə keçidin təşkili, aqrokimyəvi xidmətlərdən geniş istifadənin zərurəti xüsusi vurğulanıb.
İnstitutun sahə üzrə alimləri hesab edirlər ki, ölkədə fəaliyyət göstərən özəl pambıq zavodlarına alternativ olaraq analoji dövlət müəssisələri yaradılmalı və pilot pambıqçılıq zavodları tikilməlidir.
Təkliflərə əsasən, aqrolizinq yolu ilə pambıqçılığa dair müasir texnikalar gətirilməli, pambıq son məhsula məhz ölkə ərazisində keçməli və emal sənayesi (toxuculuq-trikotaj, yem, yağ və s.) yaradılmalıdır. Xaricə əsasən hazır məhsul çıxarılmalıdır. Buna ölkə iqtisadiyyatı tam imkan verir. Bundan əlavə, pambıq toxumçuluğu ilə məşğul olan təsərrüfatlar yaradılmalı, pambıqçılıqla məşğul olan xarici investorlar ölkəyə dəvət edilməli, pambıqçılığın inkişafına dair dövlət proqramı qəbul edilməlidir.
Bir məqamı da xatırlatmaq istərdik. Hazırda dünyanın ən inkişaf etmiş, eləcə də inkişaf etməkdə olan ölkələri pambıq istehsalına xüsusi diqqət ayırır. ABŞ, İsrail, Türkiyə, Çin, Hindistan kimi ölkələr bu sahədən kifayət qədər böyük gəlir əldə edir. Hətta vaxtilə bizim yarışdığımız Özbəkistan artıq pambıqçılığı yüksəldərək 3,5 milyon tona çatdırıb. Bu gün dünya pambıq istehsalının 15 faizi Özbəkistanın payına düşür. Bununla paralel olaraq, özbəklər toxuculuq sənayesini də inkişaf etdirib. Otuz transmilli xarici şirkətin dəvəti ilə istehsal edilən pambığın artıq 70 faizə qədəri Özbəkistanın öz ərazisində parçaya və toxuculuq məhsullarına çevrilir. Beləliklə, dünya toxuculuq məhsulları bazarında Özbəkistan artıq Çin və Türkiyənin yeni bir rəqibinə çevrilib.
Məhz bu ölkənin təcrübəsi göstərir ki, bu sahənin Azərbaycanda yenidən dirçəldilməsi olduqca vacibdir. Həm də ölkəmizdə pambıqçılığın inkişafı üçün ehtiyatlar, məhsuldarlıq adları çəkilən ölkələrdən qat-qat yüksəkdir. Statistikaya görə, Azərbaycanda hər hektardan orta hesabla 2 tona yaxın pambıq əldə etmək mümkündür. Dünyanın əksər ölkələrində isə bu göstərici 1 tona yaxındır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.