Azərbaycanda aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib.
Azərbaycan Prezidenti İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani ifadəsidir.
Xatırladaq ki, üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm önəm daşıyır. Mütəxəssislərin fikrincə, üzüm digər kənd təsərrüfatı məhsulları arasında hər 100 hektar torpaq sahəsi üzrə yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir. Məhz elə buna görə də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, son illər ərzində dövlətin dəstəyi hesabına bu sahə inkişaf edir, üzüm bağları salınır, genişləndirilir. Eyni zamanda, çalışmaq lazımdır ki, Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınsın. Əlbəttə, bu zaman təbii ki, üzümçülüyün də dinamik inkişafı diqqət mərkəzində saxlanılmalıdır.
Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü Tariyel Pənahov söhbət zamanı dedi ki, Azərbaycanın təbii-iqlim şəraiti üzümçülükdə istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu isə öz növbəsində üzüm və şərabçılıq məhsullarının ixracının artırılmasına, idxalın əvəzləşdirilməsinə şərait yarada bilər.
T. Pənahovun sözlərinə görə, əvvəllər Azərbaycanda 600-ə qədər aborigen və introduksiya olunan üzüm sortu becərilib və bunlardan təxminən 400-ü yerli üzüm sortlarına aid olub. Ölkə ərazisində üzüm sahələrinin coğrafi cəhətdən yerləşdirilməsi rayonların əlverişli torpaq-iqlim şəraiti nəzərə alınmaqla həyata keçirilib.
Vaxtilə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində respublikamızda üzümçülük sürətlə inkişaf edib. Ulu öndərin 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülən tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötüb. Bu isə aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olub.
Ötən əsrin 80-ci illərində hər il Azərbaycanda ticarət təşkilatlarına 30 min ton, o cümlədən Bakı şəhərinə 15-16 min ton süfrə üzümü göndərilirdi. Respublikadan kənara isə daha çox - 230-240 min ton süfrə üzümü ixrac edilirdi. Əhalinin qış aylarında təzə üzümlə təmin edilməsi üçün üzümçülük təsərrüfatlarında hər birinin tutumu 6 min ton olan 17 soyuducu istifadəyə verilmişdi.
T. Pənahov bildirdi ki, həmin dövrdə şərabçılıq sənayesinin inkişaf etdirilməsinə, istehsal olunan şərab məhsullarının keyfiyyətinin yüksəldilməsinə və çeşidinin genişləndirilməsinə dövlət tərəfindən böyük diqqət yetirilirdi. Azərbaycanın şərab və konyakları Macarıstan, Almaniya, Bolqarıstan, Polşa, Kuba və Monqolustana ixrac olunurdu. Azərbaycanda istehsal olunan şərablar yüksək keyfiyyət göstəricilərinə görə beynəlxalq sərgilərdə 97 qızıl medala layiq görülmüşdü.
Ümumiyyətlə, 80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasi, iqtisadi və təşkilati tədbirlər sayəsində üzümçülük sahəsinin yüksək templə inkişafına nail olunub, emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, güclü kadr potensialı yaradılıb. Lakin keçmiş ittifaq rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında 1985-ci ildə qəbul etdiyi qərar respublikamızda üzümçülüyün inkişafına ciddi zərbə vurub. Bu cür qərəzli qərardan sonra Azərbaycanda 130 min hektardan çox məhsuldar üzüm bağı məhv edilib və uzun illər böyük zəhmət hesabına yaradılan infrastruktur dağıdılıb. Respublika iqtisadiyyatına o vaxtkı qiymətlərlə 630 milyon manat dəyərində ziyan dəyib. Digər tərəfdən, 90-cı illərin əvvəllərində ölkədə hökm sürən xaos, hərc-mərclik bu sahənin inkişafına öz mənfi təsirini göstərib, istehsalçılarla istehlakçılar arasında ənənəvi münasibətlərin pozulmasına və nəticədə bir sıra üzümçülük-şərabçılıq müəssisələrinin fəaliyyətinin dayandırılmasına səbəb olub. Yeri gəlmişkən, Ermənistanın torpaqlarımıza 1988-ci ildən başlayan təcavüzü nəticəsində də 43 min hektar üzüm bağı işğal altında qalıb.
1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra üzümçülük-şərabçılıq sahəsinə diqqət yenidən artdı.Ulu öndərin məqsədyönlü siyasəti sayəsində ölkədə üzümçülük tədricən dirçəlməyə başladı. Azərbaycanın qədim üzümçülük zonaları olan Şamaxı, Cəlilabad rayonlarında və bir sıra digər bölgələrdə yerli üzüm sortlarından ibarət yeni üzüm bağları salındı. Ümummilli lider respublikamızda üzümçülük və şərabçılığı yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün onun hüquqi bazasının yaradılması məqsədilə 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” qanunun tətbiq edilməsi barədə fərman imzaladı. Sənədin qüvvəyə minməsindən sonra respublikada çoxsaylı özəl üzümçülük təsərrüfatları formalaşdı, yeni üzümlüklər salındı.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ayrı-ayrı vaxtlarda imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə müvafiq dövlət proqramları da aqrar sahənin, o cümlədən üzümçülüyün inkişafı üçün geniş perspektivlər açıb. Bununla yanaşı, dövlət başçımız bölgələrə etdiyi səfərlərdə üzümçülüyün prioritet sahə olduğunu dəfələrlə xatırladıb və bu sahənin inkişafına xüsusi diqqət yetirmək zərurətini vurğulayıb. Həyata keçirilən tədbirlər isə artıq öz müsbət nəticəsini verməkdədir.
Burada sözügedən sahənin tərəqqisində “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın da mühüm önəm daşıdığını vurğulamaq lazımdır. Adı çəkilən proqram ölkəmizdə üzümçülük sahəsində dövlət siyasətinin və strategiyasının həyata keçirilməsində, müvafiq təşkilatların bu sahədəki işlərinin koordinasiyasının və sürətləndirilməsinin təmin edilməsində xüsusi əhəmiyyətə malikdir. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib.
Xatırladaq ki, adıçəkilən dövlət proqramında respublikamızda müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin inkişafını təmin etmək məqsədilə yeni üzümlüklərin salınması, süfrə və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, tinglik təsərrüfatlarının yaradılmasının və üzümçülük təsərrüfatları üçün əsas və köməkçi materialların istehsalının dəstəklənməsi öz ifadəsini tapıb. Bütün bunlarla yanaşı, proqramda üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi, üzüm istehsalı və emalında innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi və üzüm məhsullarının “plantasiya-istehlakçı” sxemi ilə satışının stimullaşdırılması kimi vəzifələr müəyyənləşdirilib.
Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü Tariyel Pənahov daha sonra dedi:- Ölkədə üzümçülüyün məqsədyönlü inkişafının təmin edilməsində üzüm sortlarından ibarət genofondun olduqca böyük əhəmiyyəti var. Üzümçülükdə genofond kolleksiyalar formasında yaradılır. Vaxtilə Azərbaycanın müxtəlif regionlarında ampeloqrafik kolleksiya bağları mövcud idi. Hazırda həmin kolleksiyaların dirçəldilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilir. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun əməkdaşları Abşeron rayonu şəraitində Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş üzüm sortlarından kolleksiya bağı salıblar. Burada respublikanın üzüm genofondunun əsasını təşkil edən yerli və introduksiya olunan süfrə və texniki istiqamətli üzüm sortları, fillokseraya davamlı Amerika mənşəli calaqaltılar, həmçinin yabanı üzümün xəstəlik-zərərvericilərə qarşı davamlı formaları becərilir.
Bu gün bölgələrdə yeni üzümlüklər salınır, şərabçılıq məhsulları istehsalı artırılır. Alimlərimiz Azərbaycan şərabını yüksək qiymətləndirirlər. Onların fikrincə, yaxşı olardı ki, vaxtilə beynəlxalq sərgilərdə, dequstasiyalarda yüksək mükafata layiq görülən Azərbaycan şərabları və konyaklarının istehsalına üstünlük verilsin, bununla da xaricdən gətirilən keyfiyyətsiz şərab idxalının xüsusi çəkisi azaldılsın.
Onu da qeyd edək ki, hazırda ölkə Prezidentinin çoxsaylı göstəriş və sərəncamlarına müvafiq olaraq üzüm bitkisinin becərilməsi ilə bağlı fəaliyyət göstərən fermer təsərrüfatlarının normal işinin təmin olunması üçün onların maddi-texniki bazası möhkəmləndirilir, kənd təsərrüfatı istehsalçıları ilə yanaşı, fermerlərə güzəştli kreditlər verilir.
Respublikada üzümçülük rayonları (zonaları) üzrə institutda məlumat bankının yaradılması ilə əlaqədar geniş tədqiqat və araşdırmalar aparılaraq müvafiq elmi məlumatlar toplanılıb və mövcud məlumatlar daha da zənginləşdirilib. Əldə olunmuş materiallar əsasında “Azərbaycanda üzümçülük” və “Azərbaycanın üzüm sortları” adlı kitablar nəşr edilib. Bununla yanaşı, hazırda institutda respublikanın müxtəlif torpaq-iqlim şəraitinə uyğun üzümçülük və şərabçılığın inkişaf etdirilməsi və ixtisaslaşma istiqamətlərinin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri uğurla həyata keçirilir.
Burada bir məqamı da xüsusi vurğulamaq istərdik. 2012-2020-ci illəri əhatə edən üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramında nəzərdə tutulduğu kimi, son illər bölgələrdə üzüm emalı müəssisələrinin tikilməsinə xüsusi önəm verilir. Qəbələdə istifadəyə verilən bu cür müəssisə məhz bunun bariz ifadəsidir. Xatırladaq ki, ölkədə bu sahəni inkişafına bir töhfə olan və illik istehsal gücü min ton olan zavod bölgə istehsalçıları üçün əsas satış bazarı rolunu oynayır. Burada istehsal olunan məhsulların bir sıra xarici ölkələrə idxal olunması da gözlənilir.
Müvafiq dövlət proqramında, eyni zamanda, bildirilir ki, yeni üzüm plantasiyalarının salınması böyük həcmdə uzunmüddətli kapital qoyuluşu tələb etməklə bərabər, barvermə dövrünədək (təxminən 4-5 il ərzində) əkinə xidmət üçün əlavə maliyyə resurslarına ehtiyac yaradır. Odur ki, mövcud və yeni yaradılacaq üzümçülük təsərrüfatlarının uzunmüddətli maliyyə resursları ilə təminatı qarşıda duran ən vacib məsələlərdən biridir.
İstehsal olunmuş üzüm məhsullarının vaxtlı-vaxtında tədarükü (yığılması, saxlanması, qablaşdırılması, satışı və s.) xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə həmin məhsulların “plantasiya-istehlakçı (şərabçılıq və digər emal müəssisələri, üzümsaxlama anbarları, ticarət-satış şəbəkələri və s.)” sxemi üzrə reallaşdırılması məsələləri də həlli vacib olan problemlərdən biridir.
Ümumiyyətlə, 2012-2020-ci illəri əhatə edən üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramına əsasən, qarşıdakı illər ərzində ölkədə üzüm sahələrinin ümumi həcminin 50 min hektara çatdırılacağı, fermerlər üçün isə güzəştli şərtlərlə kreditlər veriləcəyi nəzərdə tutulur. Ümumiyyətlə, adıçəkilən proqramın icrası nəticəsində bölgələrdə sahibkarların üzləşdiyi çətinliklər aradan qaldırılacaq, Azərbaycanın üzümçülük şöhrəti geri qaytarılacaq.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.