Möhtərəm dövlət başçımız İlham Əliyev hər zaman aqrar sahənin inkişafına mühüm önəm verir. Məhz elə bunun nəticəsidir ki, bu gün kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub.
Hazırda əhalinin ərzaq təhlükəsizliyinin tam təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.
Cənab İlham Əliyevin tövsiyəsi ilə hazırda ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimulnlaşndınrılnmansı, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilir, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılır, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılır.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.
Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yuxarıda qeyd edilən məsələlər barədə ətraflı danışılıb. Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi özünü daha qabarıq büruzə verir. Ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı 2,7 faiz artıb”.
Dövlət başçısı sözügedən iclasda ərzaq təhlükəsizliyi məsələsinin əsas prioritet olduğunu bildirərək, yaxın zamanlarda ölkənin özünü ərzaqla tam şəkildə təmin edəcəyini də qeyd edib: “Bu məqsədlə son illər ərzində böyük işlər görülür və daha da mühüm tədbirlər həyata keçirilməlidir. Fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Əminəm ki, hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasəti aparılmalıdır. Çünki Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə halda isə kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək”.
Cənab İlham Əliyev çıxışında, həmçinin kənd təsərrüfatı məhsullarının ixracının daha da sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb: “Bu məqsədlə təşviq sistemi işə salınır. Bu, bizim üçün birinci təcrübədir. Xaricə öz məhsulunu çıxaran qurumlara, şirkətlərə dövlət kompensasiya verəcək. Baxaq, bu sistem necə işləyəcək. Bir çox ölkələrdə bu, özünü doğrultdu və hesab edirəm ki, bizdə də özünü doğrultmalıdır. Ancaq yenə də bu, bizim üçün bir sınaqdır. Biz bu təşəbbüsü etdik ki, ixracı stimullaşdıraq və ümid edirəm, buna nail olacağıq”.
Nazirlər Kabinetinin iclasında Azərbaycanda bir vaxtlar çox inkişaf edən sahələrin bərpası məsələsinə də toxunulub. Bunun neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü indiki şəraitdə respublikamızın valyuta gəlirlərinə müsbət təsir göstərəcəyi diqqətə çatdırılıb. Möhtərəm İlham Əliyev bununla bağlı deyib: “Ərzaq təhlükəsizliyi bizim üçün həmişə prioritet olubdur, bu gün də prioritetdir. Bu, imkan verir ki, biz özümüzü öz məhsullarımızla, keyfiyyətli və təmiz məhsullarla təmin edək, idxaldan asılılığı azaldaq, valyuta xaricə getməsin. Bu, birinci mərhələdir. İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Biz vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələri bərpa etməliyik”.
Dövlət rəhbəri iclasda vaxtilə kənd təsərrüfatında əsas yer tutan sektorların, ilk növbədə isə pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq və üzümçülüyün daha da inkişaf etdirilməsinin vacibliyini bildirərək, bu istiqamətdə konkret tapşırıqlarını verib.
Azərbaycan Prezidenti Nazirlər Kabinetinin sözügedən iclasında, eyni zamanda, bildirib ki, respublikamız dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır. Qarşıya belə bir vəzifə qoyulub və əminəm ki, biz bu məqsədə çatacağıq... Bu il biz gərgin işləməliyik ki, bütün vəzifələr icra edilsin, Azərbaycan iqtisadiyyatı inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar...
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Ölkə başçısı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması barədə sərəncam imzalayıb. Yeni qurumun formalaşdırılması bir çox yeniliklərə şərait yaradacaq. Belə ki, bu təşkilatın yaradılması qida sektorunun rəqabətə, kiçik istehsalçılara, kənd təsərrüfatının, kiçik və xırda biznesin inkişafına, səhmlərin Bakı Fond Birjasında kütləvi təklifə çıxardılması ilə kapital bazarında yeniliklərə, dövlət büdcəsindən birbaşa maliyyələşmənin azaldılmasına səbəb olacaq. Eyni zamanda, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti alınacaq mal və məhsulların standartını da müəyyən edəcək ki, bu da şübhəsiz ki, keyfiyyətin yüksəldilməsinə gətirib çıxaracaq.
Ölkəmizdə aqrar sahənin inkişafında daha böyük naliyyətlərin əldə edilməsi üçün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir. Regionların inkişafının sürətləndirilməsi ilə bağlı ölkə başçısının imzaladığı mühüm fərmanlar aqrar sahənin inkişafına da böyük təkan verib, bu bölmədə çalışan insanlar üçün əlverişli şəraitin yaradılmasına səbəb olub. Bu, Azərbaycan Kənd İnvestisiya Layihəsinin fəaliyyətində də özünü qabarıq büruzə verir. Xatırladım ki, son illərdə qəbul edilən və uğurla həyata keçirilən iqtisadi proqramlar arasında ölkəmizin Dünya Bankı ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Hökuməti və Dünya Bankının təşəbbüsü ilə yaradılıb maliyyələşdirilən və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL-in) xüsusi yeri var. Bu layihənin reallaşdırılması böyük sayda kənd əhalisinin yaşayış səviyyəsinin yaxşılaşmasına səbəb olub. Başqa sözlə, bu, bölgələrdə onlarca kəndin içməli və suvarma suyu ilə təmin edilməsi, kənd yollarının əsaslı təmiri və bərpası, məktəb tikintisi və təmiri, elektrik sisteminin bərpası və genişləndirilməsi, kəndlərdə drenaj kanallarının təmiri, çəkilməsi və s. işlərin görülməsi deməkdir. Dəfələrlə Dünya Bankının Nəzarət Missiyası layihələrin texniki icrası və onun keyfiyyətinin monitorinqini keçirib, nəticədə Dünya Bankı və Azərbaycan hökuməti layihələrin yüksək keyfiyyətlə icra olunduğunu qeyd ediblər.
Yuxarıda qeyd edilənlər isə onu göstərir ki, hazırda respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni və ideoloji həyatının bütün istiqamətlərində olduğu kimi, aqrar sektorda da cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs uğurla davam etdirilməkdədir. Bu ardıcıllıq və prinsipiallıq isə Azərbaycan Respublikasının dinamik inkişafının əsasıdır.
Sübhan ƏSGƏROV,
Azərbaycan Kənd İnvestisiya
Layihəsinin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.