Prezident İlham Əliyev: İqtisadi islahatlar, iqtisadi inkişaf bizim ümumi inkişafımızı müəyyən edir

Hazırda dünyada qlobal maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycanda ümumi inkişafa xidmət edən mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir, bir çox sahələrdə struktur islahatları aparılır, daha çevik idarəetmə mexanizmləri yaradılır. Elə aprelin 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da birinci rübdə ölkəmizdə sürətli iqtisadi islahatların aparıldığını vurğulayan dövlət başçısı bütövlükdə 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını bəyan etmişdir.

Prezident İlham Əliyev cari ilin əvvəlindən etibarən bu məqsədlə bir çox qanunlar, sərəncamlar imzalamışdır. Biznes mühitinin yaxşılaşdırılması, ölkənin ixrac potensialının genişləndirilməsi, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması və s. məsələləri əhatə edən çoxsaylı, fərman, sərəncam və qanunlar artıq işlək mexanizmə çevrilmiş, ölkədə maliyyə nizam-intizamının, şəffaflığın təmin edilməsi istiqamətində zəruri addımlar atılmışdır.

Nazirlər Kabinetinin iclasında Azərbaycanda bütün iqtisadi-maliyyə sektorunun dünyanın aparıcı dövlətlərinin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev bu məqsədlə, ilk növbədə, ölkədə idarəetmə mexanizmlərinin təkmilləşdiriləcəyini, şəffaflığın tam şəkildə təmin ediləcəyini bəyan etmişdir. Dövlət başçısı, onu da qeyd etmişdir ki, hazırda Azərbaycanda aparılan ciddi iqtisadi  islahatlar bir qədər də dərinləşməlidir. Elə ölkə Prezidentinin aprelin 11-də iqtisadi və struktur islahatlarının davamı olaraq imzaladığı fərman və sərəncamlar da bu fikrin məntiqi nəticəsidir. Belə ki, bu sənədlərin hər biri, dövlət başçısının qeyd etdiyi kimi, ölkənin ümumi inkişafına xidmət etməklə yanaşı, daha çevik, daha müasir idarəetmə mexanizminin yaradılması baxımından da olduqca müstəsna əhəmiyyət kəsb edir.

Son illər özünün enerji təhlükəsizliyini tam təmin edən Azərbaycan Respublikası bir çox dünya ölkələrinin də enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasına imkan yaratmaqla yanaşı, dövlətimizin ixrac potensialının da xeyli genişlənməsinə səbəb olmuşdur. Məlum olduğu kimi, hazırda dünya miqyasında hər bir ölkənin ərzaq təhlükəsizliyi məsələsi də getdikcə aktuallıq kəsb edir. Ötən illərdə Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülmüş, Prezident İlham Əliyev tərəfindən 2008-2015-ci illəri əhatə edən ərzaq təhlükəsizliyi Dövlət Proqramı qəbul edilərək icraya yönəldilmişdir. Bununla belə, dövlət başçımız ölkəmizdə ərzaq təhlükəsizliyinin əsas prioritet olduğunu dəfələrlə bəyan etmişdir. Yeri gəlmişkən, Nazirlər Kabinetinin məlum iclasında  Azərbaycanın yaxın illərdə özünü ərzaqla tam şəkildə təmin edəcəyini əminliklə söyləyən Prezident İlham Əliyev demişdir: “Ərzaq təhlükəsizliyi bizim üçün həmişə prioritet olubdur, bu gün də prioritetdir. Bu, imkan verir ki, biz özümüzü öz məhsullarımızla, keyfiyyətli və təmiz məhsullarla təmin edək, idxaldan asılılığı azaldaq, valyuta xaricə getməsin. Bu, birinci mərhələdir. İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, – əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, – ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik”.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il aprel ayının 11-də imzaladığı sərəncamla ölkəmizdə  “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu məqsədə xidmət edir. Xatırladaq ki, sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək indən belə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək. Sərəncamın ikinci bəndində qeyd olunduğu kimi, yeni qurumun əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir. Bu da, heç şübhəsiz, ölkədə kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılmasına, bu sahədə istehsalçı marağının artmasına səbəb olacaq.

Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalçılarını narahat edən bazar qıtlığı məsələsi də öz həllini tapacaq, kəndli, fermer minbir əziyyətlə yetişdirdiyi məhsulu asanlıqla realizə edə biləcək. Bütün bu məsələlər isə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda öz əksini tapmışdır. Xatırladaq ki, sözügedən sənəddə, həm də ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin prosedur və prinsiplərini, həmçinin bu məhsulların dəyərinin hesablanması ilə bağlı meyarları və digər prinsiplər geniş və əhatəli şəkildə verilmişdir. Ölkədə həyata keçirilən struktur islahatlarının məntiqi nəticəsi olaraq dövlət başçısının 2016-cı il aprelin 11-də imzaladığı digər fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmışdır. Sənəddə, həmçinin yeni qurumun və fəaliyyətinin təşkili ilə bağlı müddəalar öz əksini tapmışdır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasında əsas məqsəd ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdən ibarətdir. Dövlət başçısının 2016-cı il 11 aprel tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi haqqında Əsasnamə və qurumun strukturu təsdiqlənmişdir. 

Əsasnamədə qeyd olunur ki, agentlik ölkə ərazisində  çoxmənzilli yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil edən, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradan, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin edən, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentliyin yaradılması həm şəhərlərdə, həm də bölgələrdə mənzil fondunun daha da genişlənməsinə zəmin yaradacaq.

Bundan əlavə, Prezident fərmanından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunmuş, nizamnaməsi təsdiq edilmişdir. Bütün bunlar həm də Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunəsidir. Təsadüfi deyil ki,  Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə demişdir: “Sosial siyasət həmişə prioritet olmuşdur və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar”. Elə həmin firkin davamı olaraq yaxın zamanlarda ölkəmizdə sosial mənzillərin tikintisi proqramının ictimaiyyətə təqdim ediləcəyini bəyan edən dövlət başçısının irəli sürdüyü yeni təşəbbüsün reallaşdırılmasına mühüm töhfə sayılan bu mühüm dövlət sənədləri vətəndaşların mənzil probleminin həllinə də təkan verəcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq. Bu da aztəminatlı əhalinin aşağı qiymətlərlə və uzun müddətə kreditlə mənzillə sahib olmaq imkanlarını xeyli artıracaq. Eyni zamanda, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına imkan verən bu tip layihələrin reallaşdırılması tikinti kompleksinin inkişafına da çox böyük təkan verəcək, sözügedən sahədə məşğulluğun artmasına səbəb olacaq. 

Yeri gəlmişkən, ölkəmizdə  Sosial Mənzil Fondunun yaradılması, eləcə də dövlət başçısının məlum fərmanları ilə təsis edilmiş yeni qurumların fəaliyyətə başlaması inşaat sektorunun canlandırılmasına imkan verəcək. Belə ki, hazırda paytaxt Bakıda, eləcə də ölkənin digər şəhərlərində qəzalı vəziyyətdə olan binalar kifayət qədərdir. Həmin binaların sökülərək onların yerində daha müasir və rahat mənzillərin tikilib sakinlərin istifadəsinə verilməsinə ciddi ehtiyac yaranmışdır. Məhz bu məqsədlə artıq ilkin olaraq Bakının bəzi rayonlarında   pilot layihələr icra edilir. Elə hökumətin məlum iclasında da bu mühüm məsələyə toxunan Prezident İlham Əliyev demişdir: “Bakının hər bir rayonunda qəzalı vəziyyətdə olan binalar var. Onlar əlbəttə ki, sökülməlidir və orada yaşayan insanlar ya dövlət, ya da özəl sektor tərəfindən daha yaxşı evlərlə təmin edilməlidirlər. Burada həm dövlət, həm özəl sektor birgə işləyə bilər. Buna nail olmaq üçün, sadəcə, şərait yaradılmalıdır və yaradılır. Hesab edirəm ki, bu il bu proses çox kütləvi xarakter alacaq. Sosial mənzillərin tikintisi, eyni zamanda, qəzalı vəziyyətdəki bu evlərin yerində gözəl, çoxmərtəbəli binaların tikintisi inşaat sektoruna çox böyük təkan verəcəkdir”. 

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə ölkədə struktur islahatlarının dərinləşməsinin və bunun daimi proses olmasının vacibliyini önə çəkən dövlət başçısı demişdir: “Dövlət orqanlarının strukturu elə olmalı və imkan verməlidir ki, bu orqanlar operativ, çevik siyasət aparsınlar və bu siyasətin çox böyük səmərəsi olsun. Ona görə bir-birini təkrarlayan, yaxud da ki, o qədər də lazım olmayan dövlət qurumları ya birləşdirilir, ya da ki, ləğv edilir. Əlavə tapşırıqlar verilibdir. Bu tapşırıqlar hazırda müzakirə olunur və yaxın vaxtlarda təkliflər veriləcəkdir”. Prezident İlham Əliyevin 2016-cı il aprelin 11-də imzaladığı fərmanla Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması da məhz bu məqsədə xidmət edir. Bununla, həm də ölkədə dövlət qulluğu üçün kadrların seçilməsi və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil müəssisələrinə tələbə qəbulu beynəlxalq təcrübəyə uyğunlaşdırılması təmin ediləcək. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi  dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini həyata keçirəcək.

Göründüyü kimi,  ölkəmizdə son zamanlar  geniş strukrur islahatları həyata keçirilir, çevik və səmərəli idarəetmə mexanizmləri yaradılır. Bütün bunlar isə, heç şübhəsiz, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında