Prezident İLHAM ƏLİYEV: Azərbaycanda iqtisadi islahatlar, uğurlu neft-qaz siyasəti insanların daha da yaxşı yaşamaları məqsədini daşıyır

Azərbaycanda neft gəlirləri əsasında yaradılan möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafını və ölkə iqtisadiyyatının diversifikasiyasını, regionların tarazlı inkişafını, səmərəli beynəlxalq iqtisadi əməkdaşlığı, dünya iqtisadiyyatına inteqrasiyanı sürətləndirib və son nəticədə Azərbaycanın hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət  dəyişikliklər baş verib. 

Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin artırılması və həmin  sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Bu siyasətə uyğun olaraq görülən işlərin nəticəsidir ki, son illərdə ÜDM-in artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətədavamlı məhsul istehsalı durmadan artır.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ətraflı danışılıb. Dövlətimizin başçısı giriş nitqində bildirib ki,  hesabat dövründə iqtisadi islahatlar daha da sürətlə aparılıb. Ölkə rəhbəri, eyni zamanda, diqqətə çatdırıb ki,  2016-cı il dərin iqtisadi islahatlar ili olacaq. İlin əvvəlindən bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bir çox sərəncamlar, qanunlar imzalanıb. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması ilə bağlı ciddi qərarlar verilib. Maliyyə nizam-intizamı və  şəffaflıqla bağlı tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək. 

Azərbaycan Prezidenti, həmçinin xatırladıb ki, Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf edir. İlk növbədə, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə,   şəffaflığın tam şəkildə təmin olunmasına mühüm önəm verilir. Bu isə təbii ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə  baxmayaraq, gəlirlərə müsbət təsir göstərir.

Dövlətimizin başçısı daha sonra deyib: “Birinci rübün iqtisadi göstəriciləri o qədər də müsbət deyil. Ümumi daxili məhsul aşağı düşüb. Bu da təbiidir. Biz bunu gözləyirdik. Ancaq hesab edirəm ki, il ərzində ümumi daxili məhsul artmalıdır. Hər halda biz buna çalışırıq və çalışacağıq. Bunu deməyə əsas verən odur ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artıb... Bu, Azərbaycanda qeyri-neft sektorunun daha da sürətlə inkişaf edəcəyinə əminlik yaradır. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru Azərbaycanın ixrac strukturunda da daha böyük çəkiyə malik olsun”.

Azərbaycanda sosial məsələyə mühüm önəm verilir. Prezident İlham Əliyev iclasda bununla bağlı deyib: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar”.

İclasda, eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycan iqtisadi və maliyyə   böhranından ən az itkilərlə çıxan ölkələrdən biridir. Belə ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il respublikamızda maaşlar və pensiyalar 10 faiz artırılıb. Bu da nadir hadisələrdən biridir. Adətən, hətta neft və qazla zəngin olmayan ölkələr ya maaşları dondururlar, ya kəsirlər, ya maaşların verilməsində problemlər yaşanır. Ancaq dünyada hökm sürən  iqtisadi və maliyyə   böhranına baxmayaraq, maaşları və pensiyalar  artırılıb. 

İclasda qeyd edilib ki, hazırda regionun və Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilən Azərbaycanın enerji siyasəti bu ilin birinci rübündə də mühüm nailiyyətlərlə müşayiət olunub, tarixi əhəmiyyətli bir sıra məqamlarla yadda qalıb. “Cənub” qaz dəhlizi layihəsinin icrası istiqamətində görülən işlər bu baxımdan  xüsusilə müstəsna əhəmiyyət kəsb edir. Cari ilin ilk rübündə adı çəkilən layihə üzrə həyata keçirilən ən mühüm tədbirlərdən biri  fevralın 29-da Bakıda “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının ikinci iclasının keçirilməsidir.  

Xatırladılıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasları layihənin həm siyasi müzakirəsi, həm də tranzit ölkələrdə onun reallaşdırılması zamanı yaranan problemlərin nəzərdən keçirilməsi və müvafiq həll yollarının birgə axtarılması baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndə heyətlərinin Məşvərət Şurasının ikinci iclasında da ən yüksək səviyyədə iştirakı “Cənub” qaz dəhlizinin qlobal əhəmiyyətinin və ona olan beynəlxalq marağın təzahürüdür. 

Azərbaycan hazırda “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılmasında həlledici rol oynayır, həmçinin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz sahibinə çevrilir. Layihənin gerçəkləşdirilməsinə lazımi dəstəyin bundan sonra da davam etdiriləcəyinin iştirakçı ölkələr tərəfindən bir daha qəti şəkildə bəyan olunması da ən mühüm məqamlardan biridir. Cənab İlham Əliyevin  iclasda vurğuladığı qətiyyətli mövqeyin hamı tərəfindən yekdilliklə qəbul edilməsi də  bir daha sübuta yetirdi ki, Azərbaycan enerji siyasətini heç kimin maraqlarına xələl gətirmədən düzgün formalaşdıraraq həyata keçirməkdədir. 

İclasda “Cənub” qaz dəhlizi layihəsinin son icra vəziyyəti barədə məlumat verilərək bildirilib ki,  sözügedən layihənin əsas elementlərindən olan “Şahdəniz- mərhələ 2" və ”Cənub Qafqaz qaz boru kəmərinin genişlənməsi" üzrə işlərin mühüm hissəsi qrafikdə nəzərdə tutulan vaxtdan əvvəl yerinə yetirilib.

Hazırda layihə üzrə işlər sürətlə davam etdirilir, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal terminalında, Bakı yaxınlığındakı tikinti sahəsində, Bakı Dərin Özüllər Zavodunda və boru kəməri marşrutu boyunca irimiqyaslı tədbirlər həyata keçirilir, istehsalat sahələrində platformanın üst modulları və dayaq blokları qurulur. İlkin qazın əldə olunması üçün nəzərdə tutulan işlərin 66 faizi artıq yerinə yetirilib.

Cari ilin birinci rübündə “Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi” layihəsi çərçivəsində işlər də Azərbaycan və Gürcüstan ərazilərində uğurla davam etdirilib, respublikamızda boru kəməri boyunca torpaq sahələrinin əldə olunması 99 faiz başa çatdırılıb. Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının, habelə təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi isə davam etdirilməkdədir.

Ölkəmizdə “Şahdəniz-mərhələ 2" və “Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi" layihələri üzrə tikinti işlərinə 15 mindən çox insan cəlb olunub ki, onların da 85 faizindən çoxu Azərbaycan vətəndaşıdır. Ümumilikdə, Azərbaycan və Gürcüstan ərazisində bu işlərə 22 mindən çox işçi cəlb edilib.

Türkiyənin Qars vilayətində təməli qoyulan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə ötən ilin mart ayından başlanan tikinti işləri də fasiləsiz şəkildə davam etdirilir. Qaz kəmərinin 1350 kilometr hissəsində borular tikinti yerinə çatdırılıb və qaynaq işlərinə başlanılıb. İndiyədək TANAP-ın tikintisi üzrə ümumi işlərin 20 faizdən çoxu yekunlaşdırılıb. Hazırda 3 lot halında inşa edilən layihə üzrə tədbirlər qrafikə uyğun şəkildə tam sürətlə davam etdirilir.

Prezident İlham Əliyevin  yüksək iradəsi sayəsində “Trans-Adriatik” (TAP) layihəsi beynəlxalq aləmin lazımi dəstəyini qazanıb, layihənin reallaşdırılmasındakı çətinlikləri aradan qaldıran “Ətraf mühit və sosial təsirin qiymətləndirilməsi” kimi mühüm bir sənəd Yunanıstan-Albaniya-İtaliya hökumətləri tərəfindən qəbul olunub. Eyni zamanda, TAP layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib.

İclasda qeyd edilib ki, bu ilin mart ayının sonlarında Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində  enerji məsələlərinə, “Cənub” qaz dəhlizi kimi meqa layihəyə xüsusi diqqət yetirilməsi və onlara böyük xarici dəstəyin ifadə olunmasında, eyni zamanda, bununla bağlı qeyd edilən  sahədə ölkəmizə güclü dəstək verilməsində ölkə rəhbərinin böyük əməyi var.

Neftin dünya bazarında qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan qlobal böhranın ən şiddətli xoşagəlməz dövründə belə mühüm nailiyyətlər qazanıb. 2016-cı ilin birinci rübü ərzində respublikada 9,9 milyon ton proqnoza qarşı 10,5 milyon ton neft hasil edilib. Bu da nəzərdə tutulandan 600 min ton artıqdır. Hasil olunan neftin 82 faizi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının payına düşür. Bu dövrdə 8,9 milyon ton neft ixrac edilib ki, bunun da 8,7 milyon tonu konsorsiuma və 220 min tonu SOCAR-a aiddir. Rüb ərzində respublikada 7,5 milyard kubmetr qaz hasil edilib və bu da müvafiq proqnozdan 197 milyon kubmetr çoxdur.

İclasda diqqətə çatdırılıb ki,  əhalinin, xüsusən də onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə Prezident İlham Əliyev bu ilin birinci rübündə 25-dən artıq fərman və sərəncam imzalayıb. Bütün sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artıb. Bu artımlar 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Həmin tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2016-cı ilin büdcəsində müvafiq düzəlişlər edilib və əlavə maliyyə təminatları nəzərdə tutulub. Bunun çox riskli, çətin, eyni zamanda, düşünülən ciddi sosial addım və Azərbaycan Prezidentinin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını hər şeydən üstün tutduğunun göstəricisi olduğu vurğulanıb. 

Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq əhalinin məşğulluğunu artırmaq məqsədilə rüb ərzində dövlət şirkətləri ilə birgə səmərəli fəaliyyət həyata keçirilib. Bu şirkətlər tərəfindən qısa müddətdə məşğulluq orqanlarına 18 minə yaxın yeni vakansiya barədə məlumat təqdim edilib və işaxtaran kimi qeydiyyata alınan şəxslər göndərişlərlə həmin iş yerlərində müvafiq işlə təmin olunub. Bundan əlavə, məşğulluq orqanlarına təqdim olunan vakansiyalar üzrə 13 minə yaxın işaxtaran şəxs yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilən abadlıq və təmir-tikinti işlərinə cəlb edilib və bu şəxslərlə əmək müqavilələri bağlanıb. İlin ilk rübündə məşğulluq orqanlarına müraciət etmiş şəxslərdən ümumilikdə 33,3 min nəfəri müvafiq işlə təmin edilib.

Maliyyə-iqtisadi böhran respublikamızda idxal mallarının qiymətinə də müəyyən qədər öz təsirini göstərib. Buna görə də hazırda yerli məhsul istehsalı bolluğu yaratmaq üçün məqsədyönlü tədbirlər və ardıcıl iqtisadi islahatlar aparılır. İstehlakçıların tələbatının idxalı əvəzləyəcək yerli məhsullar hesabına tam ödənilməsinə və qeyri-neft məhsullarının ixracının təşviqinin stimullaşdırılmasına hesablanan və dövlətimizin başçısı tərəfindən imzalanan müvafiq sərəncamlarda qeyd olunan tapşırıqların vaxtında yerinə yetirilməsi üçün zəruri tədbirlər görülüb. Bu baxımdan Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda investisiyanın təşviqi sənədini almış şəxslər və fərdi sahibkarlar tərəfindən ölkəyə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisi və gömrük rüsumlarından azad olunub. 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizi və mal mövqelərinə tətbiq olunacaq əmsallara uyğun dövlət büdcəsindən əlavə vəsaitin sahibkarlara ödənilməsi kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanda sahibkarlığın inkişaf strategiyasının nəinki ölkəmizin iqtisadi tərəqqisində xüsusi rola malik göstəricisidir, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin inkişafında nümunəyə çevrilir.

Ölkəmizdə həyata keçirilən idxal-ixrac əməliyyatlarının aparılmasında şəffaflığın tam təmin olunması, idxal mallarının gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulu ilə əlaqədar “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 4 mart tarixli sərəncamından irəli gələn tapşırıqların icrasına başlanılıb.

Prezident İlham Əliyev yekun nitqində  diqqətə çatdırıb ki, ilin sonuna qədər ölkə qarşısında duran bütün vəzifələr icra olunacaq, Azərbaycan uğurlu inkişaf yoluna davam edəcək.

İslasda ölkəmizdə ordu quruculuğunun uğurla davam etdirilməsi,  biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara dəstək verilməsi, investisiyaların təşviqi, bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması istiqamətində  önəmli addımlar atılması məsələlərinə də toxunulub. 

Ölkə rəhbəri iclasda bildirib ki, qeyri-neft sektorunun sürətli inkişafı bundan sonra da təmin olunmalıdır. Artıq iki milyard manata yaxın dəyəri olan layihələr tərtib edilib. İndi iş adamları bu layihələri icra etməlidirlər. Burada əlbəttə ki, özəl bankların rolu da kifayət qədər böyükdür. Ümumiyyətlə, bank sektorunun sağlamlaşdırılması konkret olaraq bu məsələyə də xidmət göstərəcəkdir. Banklar indi kreditlər vermək üçün layihələr axtarırlar ki, o layihələr özlüyündə gəlir gətirsin. Ona görə, burada dövlət və özəl sektor tərəfdaşlıq şəraitində işləyir. Biz bir məqsədi güdürük ki, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf etsin.

İslasda yuxarıda qeyd edilənlərlə yanaşı, sənayedə və kənd təsərrüfatında qarşıda duran vəzifələr, sosial mənzillərin tikintisi proqramının yaxın zamanlarda ictimaiyyətə təqdim edilməsi, iş yerlərinin yaradılması üçün əlavə tədbirlərin həyata keçirilməsi, dövlət xətti ilə infrastruktur layihələrinin icrası, ekoloji və s. məsələlər barədə də ətraflı danışılıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında