“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin əsasıdır

Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini qoymuş “Əsrin müqaviləsi”nin həyata keçirilməsi istiqamətində görülən işlər, yeni neft strategiyası çərçivəsində reallaşdırılan ardıcıl tədbirlər, mühüm infrastruktur layihələri ölkəmizin dinamik sosial-iqtisadi  inkişafı üçün möhkəm zəmin yaratmışdır. Ötən illərdə özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir.

Artıq uzun illərdir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması ilə əsası qoyulmuş  Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaradır. Bu da öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olur. Bununla yanaşı, “Əsrin müqaviləsi” çərçivəsində yaradılmış mühüm infrastruktur obyektləri, dünyanın neftçıxarma sənayesində tətbiq olunan ən son texnolgiyalar, unikallığı ilə diqqəti cəlb edən çoxsaylı platformalar, Səngəçal sahil terminalı, sualtı boru xətləri, geniş imkanlara malik ixrac boru kəmərləri və s. Azərbaycanın yeni neft erasının misilsiz nailiyyətləri kimi diqqəti cəlb edir.

 “Əsrin müqaviləsi” nin imzalanmasından cəmi üç il sonra Xəzərin Azərbaycan sektorunda neft hasilatına başlanılmış və illər ötdükcə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində həyata keçirilmiş misilsiz tikinti-quraşdırma işləri nəticəsində hasilat tədricən artmışdır. Bütövlükdə isə artıq 18 ilə yaxındır ki, “Azəri-Çıraq-Günəşli” nefti dünya bazarlarına axaraq ölkəmizin iqtisadi inkişafına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir.

Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli”  layihəsinin səhmdarları  bp (35,8 faiz), SOCAR (11,6 faiz), Şevron (11,3 faiz), İNPEKS (11 faiz), Statoyl (8,6 faiz), EksonMobil (8 faiz), TPAO (6,8 faiz), İTOÇU (4,3 faiz), ONGC Videş Limited (OVL) (2,7 faiz) şirkətləridir.

“Əsrin müqaviləsi” çərçivəsində neft və səmt qazının hasilatı yola saldığımız 2015-ci ildə də uğurla davam etdirilmişdir. Layihənin operatoru olan bp şirkətinin ötən ilin yekunları ilə bağlı yaydığı hesabata əsasən, il ərzində “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat məsrəflərinə təqribən 760 milyon dollar, əsaslı məsrəflərinə isə 1,9 milyard dollar vəsait xərclənmişdir.

Əvvəlki dövrlərdə olduğu kimi, ötən il də konsorsium iştirakçıları tərəfindən müqavilə sahəsində neft və səmt qazının hasilatı sabit şəkildə davam etdirilmişdir. Belə ki, hesabat dövründə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda istismarda olan 6 hasilat platformasından  231 milyon barrel və ya 31,3 milyon ton neft hasil olunmuşdur. İl ərzində “Əsrin müqaviləsi” çərçivəsində sutkalıq neft hasilatının həcmi 634 min barrel təşkil etmişdir. Ümumi neftin 48 min barreli “Çıraq”, 154 min barreli “Mərkəzi Azəri”, 110 min 300 barreli “Qərbi Azəri”, 71 min barreli “Şərqi Azəri”, 141 min 400 barreli “Dərinsulu Günəşli”, 109 min 400 barreli isə “Qərbi Çıraq” platformalarının payına düşür. Bütövlükdə isə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsindəki istismar quyularından ayda təqribən 2,8 milyon tona qədər neft və 1,2 milyard kubmetr səmt qazı hasil olunur. İşlənmənin əvvəlindən isə müqavilə sahəsindən  400 milyon tona yaxın neft çıxarılmışdır.

2015-ci ildə layihənin səhmdarları tərəfindən quyu fondu üzərində də zəruri tədbirlər həyata keçirilmiş, bir sıra quyularda qazma və tamamlama fəaliyyətləri uğurla davam etdirilmişdir. Ötən il müqavilə sahəsində qazma və tamamlama fəaliyyətləri də uğurla davam etdirilmiş,  burada 15 neft hasilat quyusu və iki suvurma quyusu qazılmışdır. Bununla da,   istismarda olan quyuların sayı 133-ə çatdırılmışdır. Hazırda həmin quyuların 91-dən neft çıxarılır. Texniki məqsədlər üçün istismar olunan digər 42 quyu isə qaz və su injektor quyularıdır.

“Azəri-Çıraq-Günəşli” layihəsinin illik iş proqramının bir hissəsi olaraq may ayında “Qərbi Azəri” platformasında bir sıra profilaktik, təftiş və layihə işlərinin səmərəli şəkildə aparılmasını təmin  etmək məqsədilə hasilat təxminən 22 gün ərzində dayandırılıb. Bütövlükdə isə platformanın uzun müddət təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçün nəzərdə tutulmuş həmin işlər tam təhlükəsiz şəkildə başa çatdırılıb.

Ötən ilin əvvəlindən “Dərinsulu Günəşli” platformasından hasil edilən səmt qazının 28 düyməlik sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına göndərilməsi davam etdirilmişdir. İl ərzində “Azəri” yatağındakı üç platformadan səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri” kompressor və suvurma platformasına göndərilmiş, oradan qazın bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün “Azəriqaz” İstehsalat Birliyinə təhvil verilmişdir. Bundan əlavə, 2014-cü ildə istismara verilmiş “Qərbi Çıraq” platformasından hasil edilən səmt qazının da bir hissəsi Səngəçal terminalına göndərilmişdir. “Çıraq” platformasında hasil edilən səmt qazının müəyyən hissəsi isə mövcud 16 düyməlik  sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. Bütövlükdə isə ötən il “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində SOCAR-a Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 8,9 milyon kubmetr, ümumilkdə isə 3,2 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi də uğurla davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, terminalın texniki emal sistemlərinin gücü gün ərzində 1,2 milyon barrel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində çıxarılan səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir. 2015-ci ildə Səngəçal terminalından 296 milyon barreldən artıq net və kondensat ixrac olunmuşdur. Xam neftin 261,6  milyon barreli Bakı-Tbilisi-Ceyhan və 31,4  milyon barreli Qərb ixrac boru kəmərləri, 2,2 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır. Bundan əlavə, il ərzində buradan 0,9 milyon barrel kondensat ixrac kəməri vasitəsilə dünya bazarına göndərilmişdir. Qaz isə terminaldan, əsasən, Cənubi Qafqaz boru kəməri və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. Ötən il terminaldan  gündəlik orta hesabla 26,9 milyon standart kubmetr “Şahdəniz” qazı ixrac edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında xüsusi yer tutan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara verilməsindən 10 ilə yaxın vaxt ötür. Əvvəlki dövrlərdə olduğu kimi, 2015-ci ildə də uğurlu fəaliyyətini davam etdirən kəmərlə bağlı əməliyyat xərclərinə 155 milyon dollar, əsaslı xərclərə isə 57 milyon dollar vəsait sərf olunmuşdur. Hazırda kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrel təşkil edir. Keçən il adıçəkilən kəmərlə təqribən 35 milyon ton xam neft ixrac olunaraq Türkiyənin Ceyhan limanından 361 tanker vasitəsilə dünya bazarlarına çıxarılmışdır. Bütövlükdə isə ümumi uzunluğu 1768 kilometr təşkil edən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə istismara verildiyi 2006-cı ilin iyun ayından bəri ümumilikdə təxminən 2,36 milyard barrel (315 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3112 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Hazırda BTC boru kəməri Azərbaycandan, əsasən, “Azəri-Çıraq-Günəşli” neftini və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Yeri gəlmişkən, 16 ildən artıqdır ki, “Azəri-Çıraq-Günəşli”  layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. Azərbaycan isə 2001-ci ildən etibarən öz payına düşən “mənfəət nefti”ni dünya bazarlarına çıxarır. Həmin vaxtdan 2016-cı il fevralın 1-nə qədər “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində hasil edilən Azərbaycan neftinin satışından Dövlət Neft Fonduna 117,5 milyard dollar, 2007-ci ildən “Şahdəniz” yatağından çıxarılan qazın satışından isə 2,5 milyard dollar  vəsait daxil olmuşdur. Ötən illər ərzində mənfəət neftindən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirlməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. bp-nin illik hesabatına əsasən isə, 2015-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri  7 milyard 721,1 milyon manat, büdcə xərcləri isə  9 milyard 187,7  milyon manat təşkil etmişdir. Hesabat dövründə Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 385,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 369,6 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 11,6 milyon manat olmuşdur. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 335,6 milyon manat təşkil etmişdir.

Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində  8 milyard 130 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Ötən il qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına isə 90 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, il ərzində Dövlət Neft Fondundan Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 61,5  milyon manat,  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 35,5 milyon manat və “Cənub” qaz dəhlizi layihəsinə  692,8  milyon manat vəsaitin ayrılması təmin olunmuşdur.  2015-ci ildə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri isə 27,9 milyon manat təşkil etmişdir. Son zamanlar dünya bazarında neftin ucuzlaşması nəticəsində  fondun aktivləri 2016-cı il yanvarın 1-nə ötən ilin əvvəli ilə müqayisədə (37 milyard 104,1 milyon ABŞ dolları) nisbətən 9,5 faiz azalaraq 33 milyard 574,1 milyon ABŞ dollarına bərabər olmuşdur.

Yeri gəlmişkən, qlobal maliyyə böhranı və neftin qiymətinin əvvəlki illərə nisbətən 3-4 dəfə ucuzlaşmasına baxmayaraq, Azərbaycanda nəzərdə tutulmuş bütün sosial proqramlar, infrastruktur layihələri uğurla icra olunmuş, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Bütün bunlar isə ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş imkanlar yaradır.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında