Azərbaycanda azad ticarət zonası tipli xüsusi iqtisadi zona yaradılır

Bu gün Azərbaycan dünyada nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi tanınır.   Davamlı inkişaf nəticəsində respublikamız Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib və buna görə də bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir ki, bunun da hesabına respublikamızın beynəlxalq nüfuzu, habelə  təsir imkanları əhəmiyyətli dərəcədə artıb.

Azərbaycan müstəqillik tarixində təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və son 13 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edib.

Bütövlükdə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Bu gün Azərbaycanda xalq–iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji amil rolunu oynayır. Eyni zamanda, mütəmadi surətdə reallaşdırılan islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə, milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin həyata keçirilməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent kimi mühüm önəm daşıyır.

Ölkə Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində bütün bunlar barədə danışaraq deyib ki, Azərbaycanın uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün hazırda konkret addımlar atılır. “Əminəm, ilin sonuna qədər davam edən əsas islahatlar, yəni, qəbul ediləcək qərarlar ondan sonra elə şərait yaradacaq ki, Azərbaycan iqtisadiyyatda neft amilindən asılılığı azaldacaq və tam aradan götürəcək”, - deyə dövlətimizin başçısı dayanıqlı inkişafın əsas hədəf olduğunu vurğulayıb. Prezident daha sonra bildirib ki, biz bu məsələdə ancaq  daxili resurslarımıza əsaslanırıq. İndiyədək  öz hesabımıza yaşamışıq, yaşayacağıq. Hazırda bizim nə qədər imkanımız varsa, iqtisadi inkişafı o qədər də təmin edəcəyik... Mötəbər beynəlxalq qurumlar, xüsusilə Beynəlxalq Valyuta Fondu Azərbaycanın siyasətini, respublikada həyata keçirilən iqtisadi islahatları  dəstəkləyir və bu, dövlət siyasətimizə çox yüksək qiymət verir. İslahatların dərinləşəcəyini, bütün sahələrdə şəffaflığın tam təmin ediləcəyini vurğulayan dövlətimizin başçısı deyib: “Biz gələcək iqtisadi fəaliyyətimizi, siyasətimizi yeni iqtisadi model üzərində aparacağıq və əminəm ki, yaxın zamanlarda daha da böyük nəticələrə nail olacağıq”. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 17 mart 2016-cı il tarixli sərəncamı yuxarıda deyilən fikrin bariz ifadəsidir.  Xatırladaq ki, həmin sərəncama əsasən, azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradalmasıdır.

Sərəncamla İqtisadiyyat Nazirliyinə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə altı ay müddətində Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təkliflərini müvafiq məlumatlarla birlikdə Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə yaradılması təklif olunan zonanın ərazisinə dair təkliflərini, həmin ərazinin torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısını, zonanın ərazi sərhədlərinin dəqiq təsvirini və ərazinin planını, torpaqların tərkibi haqqında məlumatları, iqtisadi, sosial və ekoloji şəraitin təhlilinə, maddi və əmək resurslarına, kommunikasiyalar və digər infrastrukturla təminat imkanlarına dair məlumatları Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidirlər. Azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın 2017-ci ildən tam fəaliyyət göstərəcəyi gözlənilir.

Ekspertlərin fikrincə, bu sərəncamla Bakı Limanının dünyanın məşhur liman mərkəzlərindən birinə çevrilməsinin hüquqi əsası qoyulub. Bununla da Ələtdəki azad ticarət zonası tipli xüsusi iqtisadi zona dünyanın Dubay, Honkonq, Şanxay, Sinqapur kimi nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcək.  Limanın sahəsi 400 hektardır və bu ərazinin 100-115 hektarında azad iqtisadi zona yaradılacaq. Əgər bu zonanın yaradılmasında həmin sahə kifayət etməzsə, o zaman Bakı Limanı sahəsinin  genişləndirilməsi nəzərdə tutulur. Mütəxəssislər ölkəmizdə azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasını hazırkı şəraitdə çox mühüm hadisə kimi qiymətləndirirlər.

Onlar bildirirlər ki,  Azərbaycanda iqtisadi zonaların təşkili haqqında qanun çoxdan qəbul edilsə də,  bu, respublikada formalaşdırılacaq ilk iqtisadi zona olacaq. Bu zonanın Ələtdə yaradılmasının əhəmiyyəti ondan ibarətdir ki, adıçəkilən qəsəbədə liman var. Eyni zamanda, iqtisadi zonalar üçün ən vacib amil xarici dövlətlərə çıxış imkanıdır. Yeni layihəyə əsasən, Azərbaycan xarici dövlətlərə çıxış imkanı qazanacaq. Bu, çox yaxın gələcəkdə ölkədəki iqtisadi inkişafa öz töhfəsini verəcək. Liman vasitəsilə yükdaşımalar kəskin artacaq, yeni istehsal sahələri və iş yerləri açılacaq.

 Hazırda başlanan proses qısa müddət ərzində ölkədə  ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə müsbət təsir göstərəcək, biznes və investisiya mühitini daha da yaxşılaşdıracaq, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı aparılan işləri sürətləndirəcək və bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək.

 Bir sözlə, respublikamızda azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması Azərbaycana əlavə xarici valyuta axını və dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması imkanı yaradacaq. Yeri gəlmişkən,  hazırda İran və Çin iqtisadiyyatının, təxminən, 30 faizindən çoxunu belə iqtisadi zonalar təşkil edir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında