Milli Məclisdə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatı dinlənilib

Martın 15-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib. İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. İclasda əvvəlcə martın 13-də Türkiyədə törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gündəlik təsdiq olunub.

Milli Məclisin sədri Oqtay Əsədov ötən il ölkə iqtisadiyyatında əldə olunan uğurlar barədə danışıb.

Oqtay Əsədov deyib ki, ötən il dünya iqtisadiyyatında mənfi meyillər daha da güclənib, iqtisadi fəallıq xeyli zəifləyib. Təbii ki, bu mənfi meyillər Azərbaycandan da yan keçməyib. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət bu mənfi meyillərin ölkə iqtisadiyyatına təsirini minimuma endirib. Ümumi daxili məhsulun 1,1 faizlə ifadə olunan artımı indiki şəraitdə məqbul hesab edilə bilər. Artım bütövlükdə qeyri-neft sektorunun payına düşür.

Parlamentin sədri deyib ki, Azərbaycan hər zaman investisiya qoyuluşu üçün cəlbedici olub. Keçən il bu, özünü bir daha göstərib. 2015-ci ildə ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsinə 16 milyard manata yaxın vəsait qoyulub. Bu vəsaitin 56 faizi daxili maliyyələşmə hesabına təmin olunub. Ötən il ölkənin neft sektoruna 7,1 milyard, qeyri-neft sektoruna 8,8 milyard manat investisiya ayrılıb. Bu, qeyri-neft sektorunda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıb.

Qeyd edilib ki, 2015-ci ildə Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövriyyənin 47 faizi və ixracın 60 faizi Avropa İttifaqı dövlətlərinin payına düşür.

Milli Məclisin sədri vurğulayıb ki, Nazirlər Kabinetinin illik hesabatının parlamentdə dinlənilməsi dövlət hakimiyyəti orqanları arasında əlaqələrin güclənməsinə, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasına və həllinə kömək edir. Ötən il hesabatın müzakirəsi zamanı Milli Məclisin deputatlarının verdiyi təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb. Həmin təkliflərin bir çoxu hökumətin özünün gələcək işində əməli məsələlər kimi qiymətləndirilib və hesabatda əksini tapıb.

Sonra Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatla çıxış edib.

 

Baş  nazir  Artur  Rasizadənin  çıxışı

– Hörmətli sədr!

Hörmətli deputatlar!

Milli Məclisə 2015-ci ildə keçirilmiş demokratik və ədalətli seçkilər ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasətin xalq tərəfindən dəstəkləndiyini bir daha təsdiq edib.

Fürsətdən istifadə edərək, parlamentə deputat seçilməyiniz münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.

2015-ci il Avropa idmanının bayramı kimi yaddaşlarda qalacaq. Yüksək səviyyədə və uğurla təşkil olunmuş birinci Avropa Oyunları ölkəmizin artan potensialını nümayiş etdirdi. Oyunların keçirilməsi üçün qısa müddətdə tikilib başa çatdırılan, müasir tələblərə cavab verən çoxsaylı idman sarayları və qurğuları idmanın gələcək inkişafına böyük töhfələr bəxş edəcək.

Hörmətli deputatlar!

Dövlətimizin başçısının Nazirlər Kabinetinin keçən ilin yekunlarına həsr olunmuş iclasındakı nitqində görülmüş işlərin ətraflı təhlili verilib, 2016-cı ildə qarşıda duran prioritet vəzifələr və gələcək inkişaf yolları müəyyən edilib. Azərbaycan Prezidentinin yeni qlobal çağırışlara uyğun aparılacaq islahatların əsas istiqamətləri ilə bağlı verdiyi tapşırıqlar hökumət tərəfindən cari ilə və yaxın gələcəyə fəaliyyət proqramı kimi qəbul olunub.

Hesabat ilində iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun dəyəri real ifadədə 1,1 faiz artıb. Diqqətəlayiq haldır ki, qeyri-neft sənayesində artım 10 faiz təşkil edib. Əsas kapitala yönəldilən 16 milyard manat vəsaitin 55 faizindən çoxu qeyri-neft sektorunun payına düşüb.

Orta aylıq əməkhaqqı 5 faiz, əhalinin gəlirləri 5,7 faiz artıb, illik inflyasiya isə 4 faiz səviyyəsində qeydə alınıb.

Maliyyə və pul sektorlarındakı çətinliklərə baxmayaraq, hökumətin və Mərkəzi Bankın ümdə vəzifələrindən biri inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılması olub və bu, təmin edilib.

Bununla belə, qeyd olunmalıdır ki, 2015-ci ildə ölkəyə valyuta daxilolmalarının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədar makroiqtisadi tarazlığın və iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunması zərurəti manatın devalvasiyasını qaçılmaz edib.

Keçən il dövlət büdcəsinin gəlirlərinin icra səviyyəsi bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının və prioritet kəsb edən layihələrin tam həcmdə maliyyələşdirilməsinə imkan verib.

Əhalinin aztəminatlı təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği artırılıb və bu məqsədə ümumilikdə 197 milyon manatdan artıq vəsait xərclənib. Əmək pensiyalarının orta aylıq artımı 2,4 faiz təşkil edib. İmtiyazı olan şəxslərə 427 mənzil və fərdi ev verilib, 400 nəfər dövlət hesabına minik avtomobili ilə təmin olunub. Son on iki ildə sosial müavinətlərin, o cümlədən əlilliyə görə müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb.

Qaçqınların və məcburi  köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tipli daha 5 qəsəbə salınıb, 15 min məcburi köçkün yeni mənzillərlə təmin edilib və digər sosial obyektlər istifadəyə verilib.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə ümumilikdə 430 milyon manat vəsait xərclənib.

İqtisadiyyatın inkişafında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli yer tutan regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramının icrasına il ərzində bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib. Həmin Proqramda sənaye parklarının və məhəllələrinin, logistik mərkəzlərin, iri fermer təsərrüfatlarının yaradılması, yeni emal müəssisələrinin və iş yerlərinin açılması, istehsal və sosial infrastrukturun səviyyəsinin daha da yüksəldilməsi prioritet kimi qarşıya qoyulub. Belə ki, keçən il istehsal və sosial infrastrukturun yenidən qurulması ilə bağlı mühüm işlər görülüb, 400 kilometrdən artıq respublika və yerli əhəmiyyətli, 600 kilometrə yaxın kəndlərarası yollar çəkilib. Rayonlarda 2 elektrik stansiyası istifadəyə verilib, onlarla yarımstansiya quraşdırılıb və ya təmir edilib, minlərlə kilometr elektrik və qaz xətləri çəkilib, 430 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Xeyli sayda məktəb və uşaq bağçası, səhiyyə, mədəniyyət və idman obyektləri tikilib və ya əsaslı təmir edilib. Dörd şəhərdə su təchizatı layihəsi başa çatdırılıb, yüz kilometrlərlə yeni su və kanalizasiya xətləri çəkilib, çay kənarında yerləşən 58 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb.

Son illər qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb və nəzərəçarpan nəticələr əldə olunub. 2014-cü ilin “Sənaye ili” elan edilməsi, sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının təsdiqi və onun icrasına başlanılması ölkədə sənayeləşmə prosesinə dinamizm verib. Bu sektorda ənənəvi sahələrlə yanaşı, kosmik, müdafiə, alternativ enerji, gəmiqayırma və digər yeni sahələr yaradılıb və inkişaf etdirilib, xeyli sayda müasir istehsal və emal müəssisələri fəaliyyətə başlayıb. Ümumilikdə, il ərzində 269 sənaye müəssisəsi yaradılıb.

Əvvəlki illərdə çoxsaylı istehsal və sosial infrastrukturun yaradılması qeyri-neft sektorunun inkişafını şərtləndirən əsas amillərdəndir. Bəzi opponentlərimiz bunu qəbul etmək istəməsələr də, faktlar reallığı daha dəqiq əks etdirir. Belə ki, son on iki ildə ölkənin müxtəlif regionlarında 25 elektrik stansiyası tikilərək istismara verilib, 10 min kilometrdən çox elektrik xətləri çəkilib, 1500-dən artıq yarımstansiya inşa edilib və yenidən qurulub. Bölgələrdə qazlaşdırılmanın səviyyəsi 80 faizədək yüksəlib. Bu müddətdə 10 min kilometrdən artıq respublika və yerli əhəmiyyətli avtomobil yolları salınıb və yenidən qurulub, 421 yeni körpü, yol qovşağı, keçid və tunel tikilərək istifadəyə verilib.

Sosial infrastrukturun yenilənməsinə və genişləndirilməsinə xüsusi önəm verilib, 3 minə yaxın məktəb, 600-dək xəstəxana tikilib və ya təmir edilib, çoxlu sayda mədəniyyət və idman obyektləri inşa edilib. Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə irihəcmli su layihələri həyata keçirilib, 384 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılıb.

2004-2015-ci illərdə qaçqın və məcburi köçkünlər üçün 89 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 225 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Onların sosial problemlərinin həllinə ümumilikdə 4,6 milyard manat vəsait sərf olunub.

Bu illər ərzində yuxarıda qeyd etdiyim istehsal və sosial infrastruktur yaradılmasaydı, hər hansı inkişafdan, o cümlədən qeyri-neft sektorunun inkişafından söhbət gedə bilməzdi. Məhz həyata keçirilmiş bu konkret işlər və digər sahələrdə əldə olunan müsbət nəticələr sayəsində keçən il həmin sektorun ümumi daxili məhsuldakı xüsusi çəkisini 70 faizədək yüksəltmək mümkün olub.

Hesabat ilində sahibkarlığın inkişafına dəstək tədbirləri genişləndirilib, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Nəticədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya təşkilatlarının sayı 10,7 faiz artaraq 84 mini ötüb. Bundan əlavə, fərdi sahibkarların sayı 11 faiz artıb və 577 minə çatıb. Eyni zamanda, bu sahədə aparılan yoxlamalar iki il müddətinə dayandırılıb, “İri, orta və kiçik sahibkar meyarları” təsdiq edilib, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı xeyli azaldılıb. Lisenziyaların müddətsiz və sadələşdirilmiş qaydada verilməsinə başlanılıb və şəffaflığın təmin edilməsi üçün bu iş “ASAN xidmət” mərkəzlərinə tapşırılıb.

Ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 mindən artıq sahibkara 250 milyon manata yaxın güzəştli kredit verilib. Onun böyük hissəsi - 64 faizi regionların payına düşüb. 2004-2015-ci illərdə sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə verilən kreditlərin ümumi məbləği 1,7 milyard manat təşkil edib.

Hörmətli deputatlar!

Neft sektoru uzun illər ölkə iqtisadiyyatının əsas sahəsi olub və əminəm ki, bundan sonra da əhəmiyyətli yer tutacaqdır. Keçən il bu iqtisadi seqmentdə mühüm işlər görülüb. Belə ki, “Cənub” qaz dəhlizi çərçivəsində beynəlxalq əhəmiyyətli layihələr üzrə intensiv işlər aparılır. Bununla da, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsinə, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə, TANAP və TAP layihələrinin icrasına start verilib. Şübhəsiz ki, bu layihələr uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafına, xalqın sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.

Neft emalı məhsullarının həcminin və keyfiyyətinin artırılması məqsədilə Heydər Əliyev adına Bakı neft emalı zavodunun yenidən qurulması layihəsi üzrə işlərə başlanılıb.

Kimya sənayesi üçün yeni olan karbamid zavodunun, illik istehsal gücü 300 min ton olan polipropilen və yüksəksıxlıqlı polietilen istehsalı sahələrinin tikintisi davam etdirilib.

Ölkənin ərzaq təhlükəsizliyinin əhəmiyyətini və ixrac imkanlarının genişləndirilməsinin vacibliyini nəzərə alaraq, dövlətimizin başçısının 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməsi bu sahənin inkişafına ciddi təkan verib.

Kənd təsərrüfatında məhsul istehsalı əvvəlki illə müqayisədə dəyər ifadəsində 6,6 faiz artıb. Bitkiçilikdə artım 11,3 faiz, heyvandarlıqda isə 2,5 faiz təşkil edib, taxıl, ət, süd, meyvə, kartof və tərəvəz istehsalında yüksək nəticələr qeydə alınıb. İl ərzində meyvə-tərəvəz məhsullarının ixracının həcmi 7,2 faiz artaraq 312 milyon ABŞ dollarına çatıb.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın məbləği 25 faiz artırılıb. Bu artım, habelə mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiya təkrar əkinlər aparan fiziki və hüquqi şəxslərə də şamil olunub. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan herbisidlərin qiymətinə isə 70 faiz həcmində güzəşt tətbiq edilib.

Məhsul istehsalçılarının yüksəkkeyfiyyətli toxumlara olan tələbatının ödənilməsi məqsədilə Dövlət Toxum Fondu yaradılıb. Xaçmaz, Quba və Göygöl rayonlarında pilot layihə kimi “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqinə başlanılıb.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti dövlət büdcəsindən ayrılan 70,6 milyon manat və  fəaliyyətindən əldə etdiyi 39,4 milyon manat vəsait hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarını mineral gübrələr, pestisidlər, texnika, texnoloji avadanlıqlarla təmin edib və müxtəlif aqrotexniki xidmətlər göstərib.

Tikintisi başa çatdırılmış Şəmkirçay su anbarı ətraf rayonların min hektarlarla torpaqlarının su ilə təmin edilməsinə, suvarılan yeni sahələrin dövriyyəyə buraxılmasına imkan yaradacaq.

Keçən il torpaq sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, irriqasiya sistemlərində təmir-bərpa işlərinə bütün mənbələrdən 490 milyon manatdan artıq vəsait yönəldilib.

Bildiyiniz kimi, nəqliyyat sektoru iqtisadiyyat üçün xüsusi önəm kəsb edir. Məhz bu səbəbdən son illər bu sahəyə böyük sərmayələr qoyulub, regional və yerli əhəmiyyətli iri infrastruktur layihələri həyata keçirilib. Belə ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsi tranzit imkanlarını artıracaqdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin tamamlanması, ölkə ərazisindən böyük miqdarda yüklərin tranzit daşınması təkcə iqtisadi yox, həm də siyasi dividendlər gətirəcəkdir.

Hörmətli deputatlar, Azərbaycan Respublikası Prezidentinin - Ali Baş Komandanın gündəlik nəzarətində olan ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi-sənaye potensialının inkişaf etdirilməsi məsələlərinə həmişə olduğu kimi xüsusi diqqət yetirilib. Bunun da əsas səbəbi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasıdır. Qarşı tərəf yenə də vaxtı uzadaraq problemin həllindən yayınır, aidiyyəti beynəlxalq qurumlar isə ədalətsiz və hüquqazidd mövqe nümayiş etdirirlər. Bunlar nəzərə alınaraq, ordunun müasir silah-sursatla təmin edilməsi, döyüş qabiliyyətinin durmadan artırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Son zamanlar Silahlı Qüvvələrimizin işğalçı tərəfin hərbi təxribatlarına verdiyi tutarlı cavablar bunu bir daha sübut edir.

Hərbi qulluqçuların təminatının yaxşılaşdırılması məqsədilə yeni hərbi hissələr və şəhərciklər tikilib istifadəyə verilib, 1500 zabit ailəsi mənzillə təmin edilib.

Silahlı Qüvvələrə Yardım Fonduna cəmiyyətin müxtəlif təbəqələri tərəfindən ianə kimi daxil olan vəsait artaraq 70 milyon manatdan çox olub.

Ümumilikdə, Silahlı Qüvvələrlə bağlı görülən bütün işlərin maliyyələşdirilməsinə 3,3 milyard manat vəsait ayrılıb.

Hərbi-sənaye müəssisələrində müxtəlif növ atıcı silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatlar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib. Fərəhləndirici haldır ki, bu gün hərbi-sənaye kompleksinin müəssisələrində mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul istehsal edilir.

Hörmətli deputatlar, ümumilikdə bu müsbət nəticələr dünyada çox mürəkkəb proseslərin cərəyan etdiyi bir ildə qazanılıb. Neftin qiymətinin kəskin aşağı düşməsi və dövlətlər arasında müşahidə olunan geosiyasi qarşıdurmalar beynəlxalq məkanda ziddiyyətlərlə dolu qeyri-sabit durum yaradıb. Belə bir vaxtda ölkə iqtisadiyyatının inkişafının təmin edilməsi və əsas makroiqtisadi göstəricilər üzrə uğurlara nail olunması o qədər də asan deyildir. Şübhəsiz ki, nailiyyətlər təməli əvvəlki illərdə qoyulmuş iqtisadi və maliyyə potensialı, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş və ardıcıl iqtisadi siyasət sayəsində mümkün olub.

Hesab edirəm ki, bu gün dünyada gedən qlobal proseslər nəzərə alınmaqla, respublikanın dövlət orqanlarının, bütün sağlam qüvvələrinin yeganə məqsədi mövcud ictimai-siyasi sabitliyin qorunması, iqtisadi inkişafın davam etdirilməsi, xalqın rifahının yüksəldilməsi və ölkənin ərazi bütövlüyünün bərpasının təmin edilməsi olmalıdır.

Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz bu məqsədə çatacağıq.

Diqqətinizə görə sağ olun.

*    *    *

Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycanda yürüdülən sosial siyasətin mərkəzində insan amili dayanır. Ölkəmizdə görülən bütün işlər Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması, onun daha gözəl gələcəyi, cəmiyyətimizin, dövlətimizin möhkəmləndirilməsinə xidmət edir.

Bahar Muradova deyib ki, bütün bunlarla yanaşı, ötən il bir sıra problemlərin həlli üçün yeni imkanlar da yaradıldı. Bu isə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən həyata keçirilən iqtisadi, sosial və digər sahələri əhatə edən islahatlar paketi ilə bağlıdır: “Hesab edirəm ki, 2015-ci ildən başlamış, 2016-cı ildə sürətlə davam etdirilən bu islahatlar mövcud olan problemlərin də bir çoxunun aradan qaldırılmasına imkan yaradacaq”.

Ölkəmizdə qoşunların təmas xəttində yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan danışan Bahar Muradova qeyd edib ki, manatın devalvasiyası ilə yaranmış çətinliklərə baxmayaraq, Füzuli rayonu ərazisində tikiləcək fin qəsəbəsinin inşasına 48 milyon manat pul ayrılıb. Artıq hökumətin fondundan bu layihənin başladılması üçün 1 milyon 600 min manat ayrılıb və ilkin işlər tamamlanıb.

Milli Məclis sədrinin müavini qeyd edib ki, Azərbaycanda ordu quruculuğu ötən il uğurla davam etdirilib, hərbi intizam daha da möhkəmləndirilib. Büdcədən bu istiqamətdə ayrılmış 3,3 milyard manat ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına sərf olunub. Bu da özünü düşmənin təxribatlarının qarşısının alınmasında açıq-aşkar göstərib. Bütün bunlar isə Azərbaycan xalqının ordumuza olan inamını daha da artırıb.

“Bizim müdafiə təyinatlı silah-sursat istehsalı beynəlxalq sərgilərdə iştirak edir”, - deyə Bahar Muradova vurğulayıb.

Digər çıxış edən deputatlar da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatını qənaətbəxş hesab etdiklərini bildiriblər. Qeyd edilib ki, hesabat Azərbaycan hökumətinin fəaliyyətinin məhsuldarlığından xəbər verir. Hesabatda bütün sahələr üzrə nəticələr kifayət qədər aydın təhlil olunub, əhatəli və dolğun hazırlanıb. Bu da perspektiv üçün reallaşdırılacaq tədbirlərin ətraflı şəkildə proqnozlaşdırılmasına imkan verir.

Vurğulanıb ki, ötən il 2014-cü illə müqayisədə ümumi daxili məhsulun həcmi artıb. Dünya bazarında neftin qiymətinin kəskin düşməsi fonunda qeyri-neft sənayesində istehsalın həcminin 8,4 faiz artması çox mühüm amildir. Xüsusilə də qida məhsulları istehsalında 2,9 faiz, tikinti materialları istehsalında 6,3 faiz, hazır metal məmulatlarının istehsalında 54,1 faiz artımın əldə olunması mühüm göstəricidir. Ötən il Azərbaycanda qabaqcıl texnologiyalar əsasında yeni sənaye sahələri yaradılıb, iqtisadi və sosial infrastruktur layihələri uğurla icra edilib.

Azərbaycanın keçən il beynəlxalq aləmdə qazandığı uğurlardan danışan deputatlar qeyd ediblər ki, ölkəmizin ən böyük nailiyyətlərindən biri ilk Avropa Oyunlarının Azərbaycanda uğurla keçirilməsi olub.

Müzakirələrdən sonra Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatı səsə qoyularaq qəbul edilib.

Daha sonra Milli Məclisin iclasında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirə edilib.

Bildirilib ki, bu qanun layihəsi Azərbaycanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Eyni zamanda, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, maneələrin aradan qaldırılması, yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində əhəmiyyətli nəticələr verəcək.

Daha sonra “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsinə ikinci və üçüncü oxunuşlarda münasibət bildirilib.

Qeyd edilib ki, üç fəsil, 13 maddədən ibarət qanun layihəsi tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. 

Qanun layihəsi körpü və tunellərin, su anbarlarının, suvarma sistemlərinin, xəbər və konfrans mərkəzlərinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, kommersiya məqsədli binaların, sənaye, texnologiya, aqroparkların, xüsusi iqtisadi zonaların və digər infrastruktur layihələrinin “Tik, idarə et, təhvil ver” (TİT) modelinə uyğun maliyyələşmə əsasında tikintisinə, idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir.

Hər iki qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında