“Qərbi Abşeron’’ yatağında daha bir quyuda qazma işləri başa çatdırılıb

“SOCAR-AQŞ” birgə müəssisəsi “Qərbi Abşeron” yatağında 25 saylı quyunun tikintisi ilə bağlı işləri vaxtında və keyfiyyətlə tamamlayıb. Xatırladaq ki, layihə dərinliyi 890 metr olan yeni quyunun qazılmasına 2016-cı il fevralın 11-də başlanıb. Faktiki dərinliyi 840 metr təşkil edən quyuda qazma işləri isə bu ayın 2-də yekunlaşdırılıb. Quyu ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin sifarişi ilə Qırmaki dəstə-3 horizontuna maksimum 62 dərəcə bucaq altında qazılıb.

Qazma işləri çərçivəsində 25 saylı quyuya 7 düymə istismar kəməri endirilib, 720 metrdən-840 metrəyə qazılmış acıq lüləyə isə 4,5 düyməlik yüksək keyfiyyətli süzgəclər buraxılıb. Həmin süzgəclərin quyuya buraxılması quyunun məhsuldarlığının artması, qumlanmanın qarşısının alınması və sabit hasilatın bərpasına təkan verəcək.

20 saylı stasionar dəniz özülünün qurğu rəisi Səyavuş Abdullayev ‘’Qərbi Abşeron’’ yatağında açıq sonluqlu istismar quyusunun qazılmasına münasibət bildirərkən deyib ki, quyuların iqtisadi cəhətdən səmərəli və vaxtından tez qazılması, həqiqətən, təqdirəlayiq haldır. “Qərbi Abşeron” yatağındakı 20 saylı özüldə artıq 4-cü quyunun sifarişçiyə təhvil verildiyini bildirən qurğu rəisi qeyd edib ki, qazma briqadası özüldə quraşdırılan həm yeni texnika və texnologiyaları getdikcə daha yaxşı mənimsəyir, həm də əldə edilən zəngin təcrübəni digər quyuların qazılmasında uğurla tətbiq edir. Belə ki, qazmaçılar qazma vaxtı təzyiqin ölçülməsi və məhlulun ekvivalent dövran sıxlığı vasitəsilə məhlulun yaratdığı hidrostatik təzyiqi normada saxlayaraq hidravlik yarılmanın qarşısını almağa müvəffəq olurlar. Bununla yanaşı, qazma vaxtı karotaj-ölçü işlərinin aparılması və geopilot avadanlığından istifadə edilməsini “SOCAR-AQŞ” birgə müəssisəsinin növbəti uğurlarından hesab etmək olar. S.Abdullayevin fikrincə, geofiziki işlərin köməyilə quyunun layihə dərinliyini dəqiqləşdirib seksiyaların yerini müəyyənləşdirmək mümkün olur. Eyni zamanda, sifarişçi şirkətin əməkdaşları da öz iş otaqlarından qazma vaxtı laylarda gedən prosesləri anbaan izləyə bilirlər.

Yeri gəlmişkən, “SOCAR-AQŞ” birgə müəssisəsi öz əməliyyatlarında təkcə quyuların sürətlə qazılmasına deyil, həmçinin fəaliyyətinin bütün mərhələlərində təhlükəsizliyin təmin edilməsinə, ətraf mühitin qorunmasına və göstərdiyi xidmətlərin keyfiyyətlə yekunlaşdırılmasına böyük önəm verir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında