Azərbaycan dilində iqtisadi termin yaradıcılığının vacib prinsipləri

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan dilində termin yaradıcılığı
və onlardan istifadə qaydaları

 

Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya statusunun təmin olunması, onun müstəqil dövlətçiliyimizin atributlarından biri kimi xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında daha fəal işlənməsi dövlət orqanları, nazirlik, idarə, müəssisə və təşkilatlarda tərtib olunan müxtəlif sənəd və yazışmalarda, uçot və hesabat işlərində, eyni zamanda elmi-tədqiqat işlərində, kütləvi və dövri mətbuatda, hesablama texnikasının tətbiqində iqtisadi terminlərdən istifadəni xeyli genişləndirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamı ilə  təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında Azərbaycan dilində terminologiya sisteminin yenidən işlənməsi, qaydaya salınması sahəsində bir sıra mühüm vəzifələr müəyyən edilmiş, həmin vəzifələrin həyata keçirilməsini nəzərdə tutan çox vacib tədbirlər nəzərdə tutulmuş, aidiyyati qurumların bu məsələləri qısa müddətdə reallaşdırması üçün konkret tapşırıqlar verilmişdir. Proqramın qəbuledilmə zərurətini, dil və terminologiya sahəsində mövcud problemləri nəzərə alaraq bu vəzifələri aşağıdakı kimi qruplaşdırmaq olar:

Azərbaycan dilində termin və anlayışlardan  istifadə və ya tərcümədə vahid  qaydalar və təkvariantlılığın təmin olunması;

mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə vahid terminlərdən istifadə qərarlaşması;

müasir informasiya və kommunikasiya texnologiyaları əsasında iqtisadi mətnlərin  müxtəlif dillərdən – orijinaldan Azərbaycan dilinə daha dəqiq tərcüməsinin təmin olunması;

iqtisadi terminlər və anlayışlar hesabına Azərbaycan dilinin lüğət ehtiyatının, həmçinin milli iqtisadi internet resurslarının, elektron və interaktiv materialların və dərsliklərin yaradılması sahəsində işlərin gücləndirilməsi;

Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması;

beynəlxalq standartlar əsasında vahid milli terminoloji informasiya sisteminin yaradılması;

Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün informasiya və internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi;

Azərbaycan dilində yerinə yetirilən elmi-tədqiqat, dissertasiya və məqalələrin orijinallığını yoxlayan daha mükəmməl antiplagiat sistemin yaradılması;

türk dillərinin fonetika, leksika və qrammatikasının müqayisəli tədqiqi və birgə araşdırmaların daha da intensivləşməsi sayəsində ortaq iqtisadi terminologiyanın yaradılması;

iqtisadçılarla türkoloq-dilçilərin bu sahədə tədqiqatları və səylərinin əlaqələndirilməsi;

türk dillərinin (Azərbaycan dilinin də) yeni söz və termin yaratmaq imkanlarından daha geniş  istifadə edilməsi.

 

Termin və anlayışların məzmunu və mahiyyəti,
termin yaradıcılığının zəruri şərtləri

 

Nəzərə almaq lazımdır ki, iqtisadi inkişafımızda bazar münasibətlərinin möhkəmlənməsi, respublikanın beynəlxalq iqtisadi əlaqələrinin daha da genişlənməsi, bir tərəfdən, çoxlu yeni iqtisadi anlayış və terminlərin yaranmasına, digər tərəfdən, bəzi mövcud anlayış və terminlərin məna yükündə dəyişikliklərə səbəb olur. Ölkəmizdə bazar iqtisadiyyatının daha da dərinləşməsi yönündə iqtisadi islahatların aparılması, iqtisadi subyektlərin təsərrüfat fəaliyyətinin müvəffəqiyyətlə həyata keçirilməsi əhəmiyyətli dərəcədə bu terminlərin düzgün işlənməsi və dərk edilməsindən asılıdır. Eyni zamanda, bu gün iqtisadiyyat və dilçiliyə dair elmi ədəbiyyatda terminin özünün mahiyyəti, prinsipial fərqləri düzgün başa düşülmədiyindən, onu söz və anlayışla qarışdırırlar.

Nüfuzlu ensiklopedik mənbələrə görə söz – hər hansı bir predmetə, onun keyfiyyət və səciyyəsinə, qarşılıqlı münasibətlərinə ad verilməsi üçün istifadə olunan dilin əsas struktur vahidi, həmçinin insan təsəvvürünün yaratdığı xəyali və mücərrəd anlayışların adıdır. Tarixi  baxımdan, dilin tərkib hissəsi kimi söz, adətən, müxtəlif mənşəyə malikdir. Məhz mənbələrin belə çoxluğunda, ən əhəmiyyətli sözlərin əsil mənşəyini bərpa etmək naminə terminologiya və etimologiya predmetlərinin əlaqələndirilməsi fundamental tədqiqatlar üçün xüsusən perspektivli sayılır. Söz, həm də nitq fəaliyyətinin əsas vahidi kimi qəbul olunur.

Anlayış - təfəkkürün forması, predmet və hadisələrin ən mühüm xüsusiyyətlərini, əlaqələrini və münasibətlərini düşüncədə vəhdətdə ifadə edən fikir; müəyyən ümumi və məcmuca onun üçün spesifik əlamətləri fərqləndirən və ümumiləşdirən düşüncə və ya düşüncələr sistemidir. Buna görə də, anlayışın yaranmasının əsasında, predmetlərin ümumiləşdirilmiş formada aşkar edilən (mücərrədləşdirilən), yəni baxdığımız bir çox predmetlərə xas olan ümumi cizgilərində konkret xüsusiyyətləri göstərmədən ifadə edilən əlamətlər durur.

Termin (lat. terminus – hədd, sərhəd, son) – hər hansı elm, texnika, texnologiya, incəsənət və digər sahələrdə bəzi anlayışların adını bildirən söz və ya söz birləşməsi. Geniş mənada termin sözün (adın) sinonimi kimi işlənsə də, məxsusi (elmi) çalara malikdir. Başqa sözlə, termin söz və söz birləşməsi (mürəkkəb və ya deskriptiv - ümumi halda ən qısa) kimi mənası uyğun elmi nəzəriyyənin və ya hər hansı elm sahəsinin kontekstində müəyyən edilir.

Terminologiya ümumiyyətlə elmi anlayışlar sistemi ilə bağlıdır. Terminologiya istənilən dildən lüğət fondunun daha aktiv inkişaf edən tərkib hissəsi olmaqla yanaşı, həm də cəmiyyətdə, elmdə baş verən mütərəqqi dəyişiklikləri özündə əks etdirir. Müasir terminşünaslığın aktuallığı və çoxşaxəliliyi son illərdə elm, təhsil, sosial-iqtisadi və siyasi sahələrdə daha intensivliklə baş verən sıçrayışlarla bağlıdır. Onun tərifini belə də vermək olar: müəyyən elm, texnologiya və istehsal sahəsinin anlayışlar sistemində elmi anlayışları dəqiq və birmənalı adla ifadə etmək üçün istifadə edilən söz və söz birləşmələrin məcmusu. Terminlər - predmetlərin, obyektlərin, hadisələrin, onların xassələrinin və əlaqələrinin bu sahə üçün xarakterik olan xüsusi ixtisaslaşdırılmış, məhdudlaşdırıcı təyinatı kimi çıxış edir.

Hər bir elmin terminologiya  sistemi digər elmlərin sözlərlə ifadə olunan terminologiyasından təkcə anlayışların məzmununa görə deyil, həm də linqvistik əhəmiyyətlərinə (sözyaratma modellərinə) görə fərqlənir.

Terminlər - öz vacib təyinatına uyğun olaraq məhdudlaşdırılmış  xüsusi sözlərdir; anlayışların və şeylərin adlarının birmənalı, daha dəqiq ifadəsinə cəhd edən sözlərdir. Terminlərin əsas keyfiyyəti onun dəqiq və birmənalı olmasındadır. Bu, elm, texnologiya, siyasət və diplomatiyada çox vacib şərtdir. Ümumi leksikada işlədilən çoxmənalı, bəzən də emosional çalarlara malik  sözlərdən fərqli olaraq, terminlər tətbiq sferası hüdudlarında birmənalı olmaqla, həm də ekspressiyadan (yəni, onu ifadə edənin dil qanunauyğunluqlarından kənar subyektiv mülahizələrinə əsaslana bilməz) məhrumdur.

Adi dildəki sözlərin əksəriyyətinə çoxmənalılıq (polisemiya) xas olduğu halda, terminoloji sistemlərdə ona cəhd edilir ki, onun ayrıca söz və ya söz birləşməsi olmasından asılı olmayaraq ancaq bir mənada ifadə edilsin. Ümumi ədəbi dildə müxtəlif cür səslənən, lakin eyni və ya yaxın mənada olan sözlər və söz birləşmələri (sinonimlər) və eyni cür səslənən, lakin müxtəlif mənada olan sözlər və söz birləşmələri adi normal hal sayılırsa, terminologiyada sinonim və omonimlərdən uzaq durmağa çalışırlar.

Terminlər müəyyən terminologiya çərçivəsində mövcuddur, yəni dilin konkret leksik sisteminə yalnız müəyyən terminoloji sistem vasitəsilə daxil olur. Ümumi dildəki sözlərdən fərqli olaraq, terminlər hər hansı kontekstlə bağlana bilməz, onlar müəyyən terminologiyaya daxil olduqdan sonra təkmənalı sözə çevrilir. Dilin leksik sistemi çərçivəsində terminlər ideal birmənalı olmaqla, həm də sistematik və stilistik cəhətdən neytral (məsələn, “sinus”, “izafi dəyər”) olmalıdır.

İqtisadi terminlər -  iqtisadçıların peşəkar fəaliyyətində qəbul etdikləri və xüsusi şərtlərlə istifadə etdikləri xüsusi söz və ya söz birləşməsidir... Terminologiya iqtisadiyyatın elmi nəzəriyyələri və konsepsiyaları ilə sıx qarşılıqlı əlaqədədir... Bu əlaqə, həm də terminin dildəki statusuna da təsir edir, belə ki, tədqiqatçılar tərəfindən müşahidə edilən faktlar və nəzəri düşüncələr termində söz kimi ifadə olunur... İstənilən halda, termin yaradıldığı və istifadə edildiyi dilin qanunauyğunluqlarına tabedir.

 

Müasir terminologiya sisteminin formalaşması və termin
yaradıcılığının dünya təcrübəsi ilə əlaqələndirilməsi

 

İqtisadçıların  müasir professional dili – dünya iqtisad elminin çoxəsrlik inkişafının məhsuludur. Qədim Yunanıstan və qədim Roma xalqlarının mədəniyyət və elmi dünya mədəniyyətinin və elminin inkişaf tarixində böyük təsiri olmuşdur. Bu tarixi təsir, demək olar ki, dünyanın bütün inkişaf etmiş dillərinin lüğətlərində öz əksini tapmışdır.

Uzaq və yaxın keçmişin iqtisad elmi də bu baxımdan, istisna deyil. İqtisadçılar belə lüğətlərin xəbərdar olmalıdır. İqtisadi lüğətlərə bənzər ilk nəşrlər  Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələrində XVII sonu - XVIII əsrin əvvəllərində meydana gəlmişdi.  Əvvəlcə belə lüğətlər kitabın öz içində əlavə kimi verilirdi. Məsələn, Böyük Britaniyada  E.Hatton “Tacirin toplusu” adlı məcmuəsinə ayrıca  “Tacirin lüğəti” bölməsi əlavə etmişdi. XVIII əsrdən etibarən iqtisadi ensiklopediyalar və lüğətlər müstəqil nəşrlər kimi yaradılmışdı. Öz nəhəng həcminə görə alman iqtisadçısı I.G.Kryunitsin bilavasitə əsasını qoyduğu və ilk 72 cilddinin redaktoru olduğu 242 cildlik “İqtisadiyyat Ensiklopediyası” xüsusi diqqətə layiqdir.

İqtisadiyyat üzrə bir sıra əsərlərin müəllifi olan ingilis C.R.Mak-Kulloh “Ticarət və ticarət naviqasiyası üzrə praktiki, nəzəri və tarixi lüğət” yaratmışdı ki, Böyük Britaniya və ABŞ-da 1890-cı ilədək 30 dəfə təkrar nəşr olunmuşdu. 

Azərbaycan dilinin daha çox ünsiyyətdə olduğu Rusiya məkanında kommersiya, ticarət, maliyyə və mühasibat sahəsində iqtisadi ensiklopediyalar və lüğətlər yaradılmışdı. Onların arasında: İ.S.Vavilovun “Kommersiya sorğu lüğəti”ni, A.İ.İpatovun “Kommersiya lüğəti”ni vı İ.P.Babenkonun “Ticarət-sənaye lüğəti”ni göstərmək olar.

Terminologiya, lüğətlərin digər qatlarından fərqli olaraq müxtəlif nazirlik və idarə komissiyalar; dövlət və beynəlxalq səviyyələrdə daim tənzimləmə, qaydaya salınma, unifikasiya və bəzən də standartlaşdırma  predmetidir. Belə ixtisaslaşmış komissiyalar keçmiş SSRİ EA, Müttəfiq Respublikaların EA nəzdində fəaliyyət göstərmişdi. Bu gün Azərbaycan Respublikasında Terminologiya Komissiyası əsasən MEA-da fəaliyyət göstərsə də, hüquqi baxımdan daha geniş səlahiyyətlə AR Nazirlər Kabineti nəzdindədir.

Terminologiya sisteminin özü daim hərəkətdədir. Bəzi terminlər tarixi baxımdan işlənmədiyinə, elmi termin dairəsindən çıxarıldığına, daha uğurlu yeni terminlərlə əvəz olunduğuna görə yaşam dövrünü başa vurur. Sovet dövründə bütün ali məktəb tələbələrinə ciddi cəhdlə öyrədilən “Siyasi iqtisad” fənni və termini belələrindəndir. Əksinə, hamıya məlum olan “iqtisadiyyat” termininə “ekonomiks”  kimi yeni termin də əlavə olunmuşdur və “ekonomiya” sözü həm də  “iqtisadiyyat” termininin sinonimi kimi (məhz qənaət yox) işlənir.

Eyni bir termin müxtəlif elmlərdə də işlənə bilir, məsələn, reaksiya (kimya, fiziologiya, siyasət, iqtisadiyyat və s.), reduksiya (fəlsəfə, hüquq, iqtisadiyyat) və s. Terminlər digər dildən kalka (fr. calque - sözün sırf hərfi mənada tərcüməsi) üsulu ilə alına və ya dilin öz morfem alətlərinə və ya beynəlmiləl ünsürlərinə uyğun olaraq yaradıla bilər.

Terminlər dil vahidi kimi həmin dilin fonetik və qrammatik  qanunauyğunluqlarına tabedir. Dünyada elmlərin beynəlmiləlləşməsi ilə əlaqədar son onilliklərdə elmi terminologiyada yunan-latın ünsürləri böyük payla üstünlük təşkil etməkdədir. Eyni zamanda, söz birləşməsi-terminlərin də sayı artmaqdadır. Müasir elmdə dillərin fərqindən asılı olmayaraq, eyni elm daxilində terminlərin semantik unifikasiyasına, yəni müxtəlif dillərdə terminlərin birmənalı uyğunluğuna və ümumiyyətlə, terminlərin beynəlmiləlləşməsinə üstünlük verilməkdədir. Bəzi müəlliflərə görə, Avropa dillərindəki terminoloji siyahını ancaq isimlərdən ibarət olması ilə məhdudlaşdırmaq lazımdır. Lakin bu sahədə nüfuzlu dilçilər bəzi fel, sifət və zərflərin də  termin adlandırılmasını qəbul edirlər.

Bu məsələ, türk dilləri üçün daha aktualdır. Məlum olduğu kimi əksər Avropa dillərində, həmçinin dilimizin terminologiya fondunun ən çox   yararlandığı ərəb, fars  və rus dillərində yeni söz-termin yaratma imkanları həmin dillərdə mövcud olan önlüklər (prefikslər) hesabına bir qədər artıqdır. Lakin türk dillərinin məhz fel, sifət və şəkilçilərdən istifadə etməklə yeni söz-termin yaratmaq imkanları qat-qat üstündür. Bunu Mahmud Kaşqarinin “Divanu Luğati-t-Türk” (Türk dilləri lüğəti) ensiklopedik əsəri də əyani göstərir. Bu gün iqtisadiyyatın, iqtisad elminin ən vacib terminlərindən olan vergi (taxe, naloq) sözünün türk dillərindəki kimi uğurla yaradılan analoqu yoxdur. Hətta, bəzi türk xalqlarında (karluq, qırğız) işlədilən verit terminini də bu qəbildən saymaq olar.

Bəzi terminlərin qarşılığını qədim türk dillərindən uğurla tapmaq mümkündür. Mahmud Qaşqariyə görə qədim uyqur hüquq sənədlərdə natural töycü yığanlar “alımçı” kimi işlədilirdi. Bu söz kreditor terminini bütün türk dillərində uğurla əvəzləyə bilər.

Fikrimizcə, son illərdə türk xalqlarının və toplumlarının beynəlxalq əlaqələrinin və birgə araşdırmalarının daha da intensivləşməsi iqtisadi terminologiya sahəsində də əsaslı dönüş yaratmağa gətirib çıxara bilər, türk dillərinin (Azərbaycan dilinin də) yeni söz və termin yaratmaq imkanlarından daha geniş  istifadə edilə bilər. Həmçinin dilçilik, tibb, texniki və dəqiq elmlər, o cümlədən iqtisad elmində bütün türk xalqları üçün ortaq terminlərin yaradılması kifayət qədər aktualdır. 300-500 il qabaq eyni dildə danışan, eyni kökə, tarixə və folklora malik türklərin bir-birini bəzən başa düşməməsinin, ayrı-ayrı türk toplumlarında nəşr edilən elmi kitabların, məqalələrin və dərsliklərin qarşılıqlı yayılmamasının da səbəbini bunda axtarmaq lazımdır.

Termin həm də ondan törəyəcək yeni terminlərin yaradılması üçün rasional və qavramada  rahat olmalıdır. Əsas termin isimdirsə, onu sifət, fel kimi hallandırmaq, yaxud sifət vasitəsilə yeni isim yaratmaq daha asandır. Əgər əsas termin sifət formasındadırsa,  digər zəruri paralel terminlərə keçid daha çətindir. Terminlər üçün ən vacib keyfiyyətlərdən biri onların beynəlmiləlliyidir. Məhz siyasət, elm, texnika və texnologiya sahəsində beynəlxalq əlaqələr həyata keçirildiyindən, müxtəlif millətlərdən və dillərdən olan insanların bir-birini asan başa düşməsi çox vacib məsələdir. Bəzən beynəlxalq konfrans və simpoziumlarda təqdim olan materiallarda və ya məruzələrdə bütün yazılanlar və danışılanlar başa düşülməsə də, ifadə olunan ümumi elmi, siyasi-iqtisadi terminlər əksər iştirakçılara söhbətin nədən getdiyini, bəzən onun mahiyyətini də anlamağa imkan verir.

Terminlərin yaradılmasında birinci yol -xalqın öz dilində mövcud olan sözlərdən istifadə etməkdir. Bunun müsbət tərəfi odur ki, dilin lüğət tərkibi qorunur, dil xarici sözlərlə zibillənmir, o dildə danışanlar üçün  aydın başa düşülür. Lakin belə yaradılan terminlər onun mənasını tam ifadə etməyə bilər, həmin sözün termin kimi başqa metaforik, bəzən də metanomik mənası da ola bilər və bu halda da birbaşa və əsas mənasında başa düşülməyə bilər. Bundan qaçmaq üçün çox vaxt terminləri adi sözlərdən fonetik və qramatik cəhətdən fərqləndirirlər.

Başqa dillərdən alınma terminlər məhz bu çətinliyi aradan qaldırır. Alınma terminlər dilə ləqəb, etiket və şəxs adları (məsələn, kombayn, konteyner, buldozer və s.) kimi daxil olur. Alınma terminlər digər anlayışlarla qarışdırılmır, birmənalıdır və ekspressiyadan kənardır. Belə terminlərin başqa dillərdən alınması real tarixi praktika ilə, hər xalqın qarşılıqlı əlaqədə və inteqrasiyada olduğu millət və xalqların mədəniyyətinin xarakteri və səviyyəsi ilə müəyyən olunur. Məsələn, rus dilində atçılıq üzrə terminologiyanın əksəriyyəti Rusiyanı uzun illər fəth etmiş tatarların vasitəsilə türk xalqlarından alınmadır (məsələn, loşad, tabun, arkan və s.); dənizçilik terminləri - hollandizmlə zəngindir (buqşprit, fok, qrot, yut və s.); kulinariya, teatr, son vaxtlar elektrotexnika və aviasiyada - fransız terminləri (menyü, restoran, bulyon, raqu, krem, parter, rampa, antrakt, afişa, debüt və s.) ; idmanda - ingilis terminləri (sport, start, finiş, çempion, futbol, tennis, taym və s.) daxil olmuşdur.

Ayrı-ayrı dillərdən alınma sözlərin ən böyük qüsuru özünü - dilin təsadüfi yad sözlərlə zibillənməsində göstərir və bu da ilk növbədə, müxtəlif xalqların eyni sahənin terminologiyalarını müxtəlif dillərdən daxil etməsi şəraitində terminologiyanın qarma-qarışışıqlığında və beynəlxalq əlaqələrin qırılmaslnda öz əksini tapır. Məsələn, rus dilində “ştayqer” - dağ-mədən ustası sözü alman dilindən alınmışdır, birbaşa mənası mənbədə “qaldıran” deməkdir ki, bu da həmin işi xarakterizə etmir; fransız dilində bu vəzifə “maitre-mineur” adlanır ki, mənası - “şaxtaçı usta” deməkdir. Daha böyük kuryezi “üz-baş qırxma, saç burma” ilə məşğul olan, almancadan götürülən, rus dilində korlanmış “parikmaxer” sözündə görmək olar. Alman dilində bu işin adı - Perukmaxer, yəni “parik düzəldən” (Peruke - parik, maxen - düzəltmək) olmalıdır; lakin almanların özü bu peşəni fransızcadakı (Friseur - burma, buran) kimi friser; lakin fransızların özü onu “koffer - coiffeur” (darayan) adlandırırlar. Yəni ruslar eyni bir şeyi almanca, almanlar fransızca, fransızlar isə başqa cür adlandırırlar. Çəkdiyimiz bu misal göstərir ki, hətta tarixi baxımdan özünü doğruldan alınma terminlərdə belə, nə sistematiklik, nə də beynəlmiləllik prinsipi qorunur. Bundan başqa, hətta bir-biri ilə vaxtaşırı görüşən müxtəlif xalqlardan və dillərdən olan  səhətkarların səviyyəsində belə, terminlərin şifahi mənimsənilməsində xalq şivəsinə əsaslanan təhriflərə yol verilir. Bu cəhətdən alman sənətkarlardan götürülən, lakin həm də ruslaşdırılan dülgərlik terminləri daha xarakterikdir:  almanca “Werkstatt”  rusca verstak (verstat sözündən); “Schraubzwinge” - strubtsinka (rastrub sözündən); “Nadfil” - napilnik kimi qəbul olunmuşdur. Ayrı-ayrı dillərdən təsadüfən alınan sözlər ingiliscədən (Combine - birləşmə, əlaqələndirmə, kombinə etmə) götürülən kombayn terminində də özünü göstərir. Halbuki bu termin latın-fransız mənşəlidir və ondan yaranan - kombinasiya, kombinator, kombinezon və digər terminlər, məhz ingilis dilinin çalarlarına uyğun yaranmışdır.

 

Tanrıverdi PAŞA,
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında
Terminologiya Komissiyasının üzvü,
AMEA İqtisadiyyat İnstitutu
“Maliyyə, pul-kredit siyasəti” şöbəsinin müdiri

(ardını oxuyun)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında