Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bütün digər sahələr kimi aqrar bölmənin də inkişafı üçün əlverişli imkanlar yaradıb. Onu da deyək ki, hazırda əhalisinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda aqrar sahənin böhrandan çıxarılması, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı getdikcə ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməkdədir.
Azərbaycanda 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı müstəsna əhəmiyyət kəsb edir. Ötən müddətdə proqramın icrası ilə bağlı həyata keçirilmiş mühüm tədbirlər nəticəsində kənd təsərrüfatında əhəmiyyətli artım baş verib, yerli istehsal hesabına daxili bazarda məhsul bolluğu müşahidə olunub. Bu da qeyd etdiyimiz kimi, ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına, daxili bazarın tələbatının yerli istehsal hesabına ödənilməsinə mühüm töhfələr verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə ölkənin aqrar bölməsində faktiki qiymətlərlə 5 milyard 635,3 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 6,6 faiz çoxdur. Hesabat ilində bitkiçilik məhsulları 11,3 faiz, heyvandarlıq məhsulları isə 2,5 faiz artıb.
Ötən il Azərbaycanda qarğıdalı da nəzərə alınmaqla 2 milyon 999 min ton taxıl məhsulu toplanıb. Bu isə əvvəlki illə müqayisədə 617,4 min ton və ya 25,8 faiz çoxdur. Aqrar sahədə istehsalçı marağının artırılması, fermerlərin zəruri maşın və mexanizmlərlə vaxtında təmin edilməsinin nəticəsidir ki, son illər bitkiçilk sahəsində orta məhsuldarlıq getdikcə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2015-ci ildə taxılçılıq sahəsində hektarın orta məhsuldarlığı əvvəlki ilə nisbətən 7,5 sentner artaraq 31,5 sentnerə yüksəlib.
Mövsüm ərzində sahələrdən 839,8 min ton kartof, 1 milyon 273,3 min ton tərəvəz və 484,5 min ton bostan məhsulları toplanıb. Əvvəlki ilə nisbətən ölkədə kartof, tərəvəz və bostan məhsullarının istehsalı müvafiq olaraq 2,5 faiz, 7,2 faiz və 9,9 faiz artıb. Ötən il 4922 hektar sahədə emal üçün şəkər çuğunduru əkilib və həmin sahələrdən 186,1 min ton məhsul götürülüb. “Kənd təsərrüfatı” ilində Azərbaycanda meyvə və giləmeyvə istehsalı 886,3 min ton, üzüm istehsalı 157 min ton, çay yarpağı istehsalı 578,9 ton, tütün istehsalı isə 3,5 min ton təşkil edib ki, bu da 2014-cü illə müqayisədə bir qədər çoxdur.
2015-ci ildə payız-tarla işləri də müvəffəqiyyətlə başa çatdırılıb. İl ərzində payızlıq əkinlər üçün 1044,6 min hektar sahədə şum qaldırılıb. 2016-cı ilin məhsulu üçün həmin sahələrdə 944,6 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün də ötən il bir sıra vacib işlər görülüb. İl ərzində sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər heyvanların məhsuldarlığının yüksəlməsinə və mal-qaranın baş sayının, xüsusən də bu sahədə məhsul istehsalının artmasına səbəb olub. Belə ki, 2015-ci ildə ölkə üzrə diri çəkidə 515,6 min ton ət, 1 milyon 924,4 min ton süd, 1milyard 538,6 milyon ədəd yumurta və 17 min ton yun istehsal edilib. 2014-cü illə müqayisədə ölkə üzrə ət istehsalı 2 faiz, süd istehsalı 3,7 faiz, yun istehsalı 1,4 faiz artıb, yumurta istehsalında isə azalma qeydə alınıb.
Prezident İlham Əliyev yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda demişdir: “Keçən il Azərbaycanda “Kənd təsərrüfatı ili” idi. Kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Məhsuldarlıq artmışdır, xüsusilə taxılçılıqda. İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur. Ona görə, bu, bir nümunədir. Biz iri fermer təsərrüfatlarının yaradılmasını bu il də davam etdirməliyik. Bu, bizə imkan verəcək ki, idxaldan asılılığı azaldaq. Ancaq biz kiçik və orta fermer təsərrüfatlarını da yaddan çıxarmamalıyıq. Onlara da daim diqqət göstərilməlidir, şərait yaradılmalıdır".
Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi iqtisadiyyatın bu mühüm sahəsinin işində canlanmaya səbəb olub. İl ərzində fermerlərə satılan gübrəyə, yanacaq və motor yağlarına görə subsidiyaların artırılması, “Aqrolizinq” xətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər aqrar sahənin inkişafına mühüm töhfələr verib. Ötən il, həmçinin aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verilib.
Yeri gəlmişkən, son illərdə dövlətin güzəştli kreditləri hesabına ölkədə 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksi, 39 intensiv bağçılıq təsərrüfatı, 53 logistik mərkəz və 22 taxıl anbarı, 16 meyvə-tərəvəz, 9 süd və 8 ət emalı müəssisəsi, 28 çörək zavodu, 46 istixana kompleksi, 6 yem zavodu və digər müasir müəssisələr yaradılıb. Həmin müəssisələr aqrar sektorda dönüşün əldə olunmasına, ölkənin ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, bütövlükdə isə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. Elə ötən il əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsinin artması da bunu təsdiqləyir.
Dövlət başçısının tapşırığına uyğun olaraq ötən müddətdə 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatı yaradılıb. Bundan əlavə, Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Yeri gəlmişkən, artıq ölkəmizdə dövlət torpaqları hesabına yaradılan iri taxılçılıq təsərrüfatları səmərə verməyə başlayıb. Belə ki, bu təsərrüfatlarda hektarın məhsuldarlığı 58-60 sentner təşkil edir.
Son illər Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet məsələ kimi getdikcə aktuallıq kəsb edir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir.
Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün biz böyük meliorasiya layihələrini icra edilir. Taxtakörpü və Şəmkirçay su anbarlarının inşası, Samur-Abşeron kanalının yenidən qurulması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki, sözügedən obyektlər Siyəzən, Şabran, Xızı, Şəmkir və digər ətraf rayonlarda on minlərlə hektar yeni torpaq sahələrinin suvarılmasına imkan yaradıb. Yaxın vaxtlarda isə bu ərazilərdə yeni fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulur.
Kənd təsərrüfatının əsas sahələrindən sayılan heyvandarlığın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi yeni təkliflər irəli sürülüb. Bütün bunlar heyvanların cins tərkibinin yaxşılaşdırılmasına və mühüm növ heyvandarlıq məhsullarının istehsalının artırılmasına imkan yaradacaq.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bitkiçilik sahəsində daha yüksək uğurlara nail olmaq məqsədilə konkret tövsiyə və tapşırıqlar verib. Bu baxımdan pambıqçılıqla daha ciddi məşğul olmağın vacibliyini vurğulayan dövlət başçısı qeyd edib ki, bu yolla həm insanları işə cəlb etmək mümkün olacaq, həm də ölkəyə əlavə valyuta gətirmək imkanı yaranacaq. Bununla yanaşı, ölkədə tütünçülük və çayçılıq sahələrinin canlandırılması da gözlənilir.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı dövlət strategiyasının prioritet istiqamətidir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinə göstərilən dövlət qayğısı və yerli istehsalla bağlı təşəbbüslərin dəstəklənməsi bu sahədə müsbət nəticələr verib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illər Azərbaycanda əsas ərzaq məhsulları üzrə özünü təminetmə səviyyəsi xeyli artıb. Belə ki, hazırda ölkəmiz özünü mal əti ilə 92 faiz, qoyun əti ilə 99 faiz, quş əti ilə 98,6 faiz, yumurta ilə 99,6 faiz, süd və süd məhsulları ilə 80 faiz, taxılla 64 faiz, kartofla 90 faiz, soğanla 100 faizdən çox, bostan məhsulları ilə 100 faiz, meyvə və giləmeyvə ilə təxminən 110 faiz, şəkər və şəkərdən hazırlanan məhsullarla 191 faiz, duzla 87 faiz, bitki yağları və marqarinlə 67 faiz, kərə yağı ilə 60 faiz, makaronla 52 faiz və s. təmin edir. Bununla belə, əsas ərzaq məhsullarının istehsalı zamanı maya dəyərində böyük asılılıq müşahidə olunur. Bu barədə narahatlığını bildirən Prezident İlham Əliyev ərzaq mallarının maya dəyərinin idxaldan aslılığını aradan qaldırmaq üçün lazımi komponentlərin də ölkəmizdə istehsalının təşkilinə nail olmağı tövsiyə edərək bunu həm də sahibkarlar üçün yeni fəaliyyət meydanı kimi dəyərləndirib. Dövlət başçısı bu barədə deyib: “Biz son illər ərzində tarixi nailiyyətlərə imza atmışıq. Sovet dövründə biz yağı da, əti də, südü də, pendiri də – hamısını Rusiyadan, Ukraynadan gətirirdik. İndi biz özümüzü böyük dərəcədə təmin edə bilmişik. Ona görə ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti uğurla aparılır. Ancaq, eyni zamanda, onu göstərir ki, hələ görüləsi işlər çoxdur. Səsləndirdiyim bu iki cədvəl iş adamları, dövlət qurumları, yerli icra orqanları üçün əsas sənəd – yol xəritəsi olmalıdır və bunu tezliklə icra etməliyik”.
Son zamanlar ölkə fermerləri tərəfindən həyata keçirilən layihələr, irəli sürülən təşəbbüslər də diqqət çəkir. Bu yaxınlarda Azərbaycanda ilk dəfə olaraq Salyan rayonunun 4 kəndini əhatə edən kollektiv istehsalat təsərrüfatı yaradılıb. 1041 hektar sahəni əhatə edən təsərrüfat beş təsisçi tərəfindən təsis edilib. İri təsərrüfat rayonun Qarabağlı, Kərimbəyli, Təzəkənd və Kolanı kəndlərini əhatə edir və burada 1945 pay sahibi birləşir. Gələcəkdə təsərrüfatda 30 hektara qədər ərazidə istixana tikintisi nəzərdə tutulur. Sahələrdə əsasən buğda, yonca və pambıq əkiləcək. Hazırda təsərrüfatda 150-yə qədər işçi çalışır. Gələcəkdə isə işçilərin sayının iki dəfədən çox artırılması nəzərdə tutulur.
Digər bölgələrdə də fermerlər bu cür təsərrüfatların yaradılmasının tərəfdarıdırlar. Elə Kənd Təsərrüfatı Nazirliyində də hesab edirlər ki, belə təsərrüfatlar istehsalın intensivliyini təmin etməklə yanaşı, yeni iş yerləri deməkdir. Üstəlik, kredit götürmək imkanını da artırır. Fikrimizcə, indi yerli fermerlər imkanlarını birləşdirməklə, birgə səy göstərməklə yuxarıdan heç bir tapşırıq gözləmədən daha çox məhsul istehsalına nail olar, ölkəmizdə ərzaq bolluğuna mühüm töhfələr verə bilərlər. Bu, həm də iri təsərrüfatlarda daha çox adamın işlə təminatına imkan yaradar. Üstəlik, dövlətin yerlərdə irəli sürülən belə maraqlı təşəbbüslərə hər cür dəstək nümayiş etdirməsi də ümumi işin xeyrinədir.
Cari ildə bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi, aqrar sahədə bir sıra layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur. Azərbaycanın 2016-cı ilin dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 684 milyon 473 min 845 manat vəsait ayrılıb ki, bunun da 658 milyon 607 min 308 manatı bilavasitə kənd təsərrüfatı xərclərinə aiddir. Bu isə Azərbaycanı yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməyə imkan yaratmaqla yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevirəcəkdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.