Azərbaycan davamlı inkişaf naminə enerji səmərəliliyi indeksinə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək 33-cü yerdə qərarlaşıb. Bu nəticə 2015-ci ilin yekunlarına həsr olunmuş və Dünya İqtisadi Forumunun fevralın 18-də dərc edilmiş məlumatları əsasında hazırlanan beynəlxalq hesabatda öz əksini tapıb.
Hesabatda Azərbaycan Yaponiya ilə eyni göstəricilərə malikdir. Cədvələ görə, ABŞ 37, Avstraliya 38, Rusiya 39, Sinqapur 44-cü yerdədir. Qiymətləndirmə davamlı inkişaf üçün əhəmiyyətli olan 18 meyar əsasında aparılıb. Bu göstəricilər iqtisadi artım və inkişaf, ətraf mühitin və onun keyfiyyətinin idarə edilməsi, enerji mənbələrinə çıxış və onların təhlükəsizliyi kimi üç qrupa aiddir. Davamlı inkişaf üçün önəmli olan bu tədqiqat 125 ölkədə enerjidən istifadənin səmərəliliyini qiymətləndirmək üçün həyata keçirilib.
Mütəxəssislərin fikrincə, Azərbaycanın davamlı inkişaf naminə enerji səmərəliliyi indeksinə görə 125 ölkə arasında 33-cü yerdə qərarlaşması təsadüfi deyil. Çünki məqsədyönlü dövlət siyasətinin əsas tərkib hissələrindən biri kimi ölkəmizin yanacaq-enerji komleksinin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində aparılan geniş miqyaslı islahatlar nəticəsində bu gün Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, regionun və Avropanın enerji təhlükəsizliyinin təminatında əsas tərəfdaşlardan birinə çevrilib.
Hazırda ölkəmiz elektrik enerjisi təminatına 100 faiz nail olub, son 10 ildə generasiya güclərinin artırılması və yeni xətlərin çəkilməsi nəticəsində elektrik enerjisi təhlükəsizliyi məsələsininin də öhdəsindən uğurla gəlib, əhalinin qaza olan tələbatının tam ödənilməsi üçün qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması məqsədinin mühüm bir hissəsi artıq reallaşdırılıb, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə məsələləri də enerji sektorunun əhəmiyyətli inkişaf istiqaməti kimi seçilib.
Qlobal proseslərin doğurduğu bütün çətinliklərə rəğmən energetika sahəsində 2015-ci ildə də bir sıra ciddi nailiyyətlər əldə edilib, bu sahəyə böyük həcmli investisiyaların qoyulması, müasir texnologiyaların tətbiqi tədbirləri özünü doğruldub, ölkəmizdə müasir enerji infrastrukturunun yaradılması, yeni texnologiyaların tətbiqi, enerji təhlükəsizliyinin təminatı istiqamətində görülən ardıcıl işlər uğurlu nəticələrlə müşayiət olunub. Bu nəticələrin mühüm bir qismi hasilata aiddir. Belə ki, dövlət rəhbərinin ölkəmizdə karbohidrogen ehtiyatlarının işlənməsi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qarşısında hasilatda azalma prosesinin dayandırılması və yenidən artımın əldə edilməsi ilə bağlı müəyyənləşdirdiyi konkret vəzifələr, Azərbaycan Prezidentinin bu məsələdə tutduğu prinsipial mövqe, eləcə də yanacaq-enerji kompleksinə qoyulmuş böyük həcmli investisiyaların və müasir texnologiyaların tətbiqi 2015-ci ildə neft hasilatında sabitliyi, qaz hasilatında isə artımı reallaşdırıb. 2015-ci il ərzində respublikada 40,7 milyon ton proqnoza qarşı 41,6 milyon ton neft hasil edilib, hasil olunan neftin 31 milyon tonu (867 min ton proqnozdan çox) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun, 2,3 milyon tonu “Şahdəniz”in (kondensat), 8,2 milyon tonu isə SOCAR-ın payına düşüb.
Ötən il respublikadan 35,1 milyon ton neft ixrac edilib. Gündəlik ötürmə gücü 1,2 milyon barel olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə hazırda AÇG nefti və “Şahdəniz” kondensatından əlavə Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunmaqdadır.
Azərbaycanda ümumi qaz hasilatı isə 2015-ci ildə 29,1 milyard kubmetr həcmində qərarlaşıb. Bunun 22,2 milyard kubmetri AÇG (12,3 milyard kubmetr) və “Şahdəniz”
( 9,9 milyard kubmetr) yataqlarının payına düşür. Beləliklə, “Şahdəniz” yatağından il üzrə nəzərdə tutulandan 14,2 milyon kubmetr artıq təbii qaz çıxarılıb. Hazırda Azərbaycanda gündəlik təqribən 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Ümid” yataqlarından əldə olunur.
Enerji daşıyıcılarının bolluğu ölkəmizdə səmərəlilik məsələsini uzun müddət arxa planda saxlasa da, son illər bu sahəyə xüsusi diqqət yetirilməkdədir. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında da qeyd edildiyi kimi, məqsəd 2020-ci ilə qədər bütün istehlakçıların tam və etibarlı elektrik enerjisi təchizatı ilə təmin olunmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün enerji daşıyıcılarının istehsalı, çatdırılması və satışı zamanı yol verilən itkilərin azaldılması, elektrik stansiyalarının faydalı iş əmsalının artırılması və şərti yanacağın azaldılması istiqamətində ciddi tədbirlər həyata keçirilməkdədir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.