Müstəqil xarici siyasət həyata keçirən Azərbaycan Respublikası artıq dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Ötən illərdə ölkəmiz bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olmuşdur. Müstəqilliyinin ilk illərindən BMT, ATƏT və İKT-yə üzv olan Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir quruma da qəbul edilmişdir. Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verən ulu öndər Heydər Əliyev Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratmış, bu nüfuzlu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün fəal xarici siyasət həyata keçirmişdir.
Öz növbəsində böyük əhəmiyyətə malik geosiyasi və geostrateji məkanda yerləşən Azərbaycan Respublikası da ötən müddətdə dünyanın aparıcı ölkələri və nüfuzlu beynəlxalq təşkilatları üçün etibarlı tərəfdaşa çevrilməyi bacarmışdır. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri xeyli möhkəmlənmiş, ölkəmizin Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Bununla yanaşı, Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksələn Azərbaycan həm də bölgədə sülhün, təhlükəsizliyin və inkişafın simvoluna çevrilmişdir. Təsadüfi deyil ki, ölkəmiz ümumilikdə regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış edir və bu, beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heç şübhəsiz, Azərbaycanın qazandığı uğurların təməlində ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Bu gün bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng enerji, nəqliyyat və digər əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir.
Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlıq mühüm yer tutur. Ümummilli lider Heydər Əliyevin qətiyyətli mövqeyi və zəngin dövlətçilik təcrübəsi Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Bunun nəticəsi olaraq 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır. Bu, Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Ötən dövr ərzində əlaqələrin inkişafı istiqamətində baş verən müsbət proseslər kontekstində 2009-cu ildən həyata keçirilən və Azərbaycanın da iştirak etdiyi “Şərq tərəfdaşlığı” təşəbbüsü Avropa İttifaqı və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya regionlarının potensialının üzə çıxarılmasında Azərbaycan Avropa Birliyinə lazımı kömək göstərmiş, müxtəlif regional enerji, nəqliyyat və ticarət infrastrukturu layihələrinin hazırlanması və həyata keçirilməsi ölkəmizin yaxın iştirakı sayəsində mümkün olmuşdur. Elə Avropa İttifaqı da mühüm geostrateji mövqedə yerləşən, təbii sərvətlərlə zəngin olan, eyni zamanda, Cənubi Qafqaz regionunun Qərbə inteqrasiyasında hərəkətverici dövlət statusunu təsdiqləyən Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dəfələrlə bəyan etmişdir.
Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan Respublikası karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməklə regional və beynəlxalq səviyyədə dünya dövlətləri ilə enerji sahəsində əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlığın təməl prinsipi ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır. Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra qarşıya qoyduğu prioritetlərdən biri düzgün enerji strategiyasının qurulması, dünyanın qabaqcıl ölkələri ilə energetika sahəsində qarşılıqlı faydalı münasibətlərin yaradılması idi. 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsi və region ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasının əsası qoyuldu. Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə ölkəmiz üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, eləcə də Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət daşıyırdı. Regionda beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu enerji müqaviləsi, eyni zamanda, Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmağa, milli mənafelərini sonadək müdafiə etməyə qadir olduğunu göstərdi. Bu gün Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir. Ölkəmizin Avropa Birliyinə inteqrasiaysını sürətləndirən bu dialoqun əsası isə 2006-cı il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” nun imzalanması ilə qoyulmuşdur. Azərbaycanın Avropa İttifaqı ilə enerji dialoqunun genişləndirilməsi istiqamətində geniş üfüqlər açan bu sənədin əsas məqsədləri Avropa Birliyinə daxil olan dövlətlərin enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, həmçinin ölkəmizin enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir. Ötən illərdə Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan Avropanın enerji təminatında əsas rol oynayan ölkələrdən birinə çevrilmişdir. Memorandumun icrasının nəticəsi olaraq 2011-ci il yanvarın 13-də İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu “Cənub qaz dəhlizi haqqında” Birgə Bəyannamə imzalamışlar.
Ötən müddətdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verən bu sənəd enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə səbəb olmuşdur. Yeri gəlmişkən, Azərbaycanın neft-qaz ehtiyatları ilə zəngin olması artıq tam sübuta yetirilib. Təkcə “Şahdəniz” qaz yatağının ehtiyatları 1 trilyon 200 milyard kubmetr qiymətləndirilir. Ən son hesablamalara əsasən, Azərbaycandakı digər qaz yataqlarında da kifayət qədər ehtiyatlar var. Bütövlükdə isə ölkəmizin təsdiq edilmiş edilmiş qaz ehtiyatları təxminən 3,5 trilyon kubmetrə yaxındır. Bu da onu deməyə əsas verir ki, Avropa İttifaqı ilə bütün sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafının zəngin perspektivləri var. Digər tərəfdən Avropaya ixrac edilən enerji ehtiyatlarının təhlükəsizliyi Azərbaycanın ticarət əməkdaşlığı üçün olduqca vacibdir. Bu, ilk növbədə, Avropa İttifaqı üçün həyati əhəmiyyət kəsb edən enerji təhlükəsizliyi, iqtisadiyyatın bərpası, eləcə də fabrik və zavodlarını enerji, vətəndaşların isə elektrik enerjisi ilə təmin olunması üçün təhlükəsiz və etibarlı neft və qaz ehtiyatlarının əldə olunmasına öz töhfəsini verməyə imkan yaradır. Avropa İttifaqı 500 milyon insanın yaşadığı cəmiyyətdən və geniş istehlak bazarından ibarətdir. Hazırda Avropa Birliyi ölkələrinin illik qaz istehlakı 500 milyard kubmetr təşkil edir. “Cənub” qaz dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycan 2018-ci ildən sonra Avropanı ildə 10 milyard kubmetr, 2030-cu ildən etibarən isə il ərzində 25-30 milyard kubmetr qazla təmin edə biləcək. Bu isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan uzun müddətə Avropa İttifaqı sənayesinin, bazar və iqtisadiyyatının idarə olunmasına mühüm töhfə verəcəkdir.
Eyni zamanda, ölkəmiz Avropanın enerji təchizatı mənbələrinin diversifikasiyasına yardım etmək üçün fəaliyyətini davam etdirəcək ki, bu da hər iki tərəfə iqtisadi fayda gətirməklə yanaşı, həm ticarət, həm də siyasi cəhətdən məqsədəuyğundur. Bu sahədə münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev fevralın 29-da Bakıda keçirilən “Cənub” Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında demişdir: “Cənub” qaz dəhlizi layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir. Azərbaycanın nəhəng qaz ehtiyatları, xüsusən də “Şahdəniz” yatağı hazırda “Cənub” qaz dəhlizi üçün yeganə resurs mənbəyidir. Həmin yataq dünyada ən iri qaz yataqlarından biridir. Bu layihə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir. Enerji təhlükəsizliyi əməkdaşlığımızın mühüm elementidir".
Avropa İttifaqı da enerji təhlükəsizliyi sahəsində Azərbaycanın artan rolunu və mövcud imkanlarını yüksək qiymətləndirir. Azərbaycanın bu gün Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verdiyini bildirən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç “Cənub” Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında demişdir: “Bizim üçün Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxışına nail olunması uzun illər müzakirə mövzusu olub. Lakin biz heç vaxt buna indiki qədər yaxın olmamışıq. ”Cənub" qaz dəhlizini Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirilməsinin bariz nümunəsi kimi görürük. Söhbət yeni ünvandan gələn yeni təchizatçı, yeni marşrut, yeni qazdan gedir. Bu, Avropanın enerji təhlükəsizliyinə, həqiqətən, yeni elementlər gətirir və bu da Avropa İttifaqına üzv ölkələr üçün çox vacibdir".
Təqdirəlayiq haldır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq müstəqillik əldə etdikdən sonra yaransa da, artıq bu sahədə bir sıra uğurlara imza atılmışdır. Məlum olduğu kimi, Azərbaycanın karbohidrogen ehtiyatları artıq Avropa İttifaqı bazarına çıxarılır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istismara verilməsi bunun əsasını yaratmış və Azərbaycan neft-qaz kəmərlərinin şaxələndirilməsi yolu ilə Avropada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir.
Göründüyü kimi, Avropa İttifaqı ilə mövcud əlaqələr Azərbaycanın milli təhlükəsizliyinə etibarlı beynəlxalq təminat yaratmaqla yanaşı, Avroatlantik məkanının enerji təminatçılarından biri kimi ölkəmizin mövqelərini getdikcə möhkəmləndirir. Hazırda bütün dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan artıq qlobal məkanda özünün statusunu müəyyənləşdirməyə nail olmuşdur. Bu da dünya birliyinin bərabərhüquqlu üzvünə çevrilən Azərbaycanın həm Avropanın nüfuzlu təşkilatları, həm də əksər dövlətləri ilə uğurlu siyasi dialoqun davam etdirilməsinə imkan yaradır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.