“Dayanıbdı dağ təki, dağlar qoynunda Şəki”. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin misralarıdır. Bu gözəlliklər məskənindən əlimə qələm alıb nəsə yazmaq istəyəndə, nədənsə həmişə bu misraları xatırlayıram. Son illər onsuz da gözəl olan Şəki çox dəyişib. Hər sahədə uğurlar qazanılıb. 2015-ci ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov bütün bunlar barədə ətraflı məlumat verdi, ilk növbədə ölkə başçısı cənab İlham Əliyevin ənənəsi, tarixi, keçmişi olan bu müqəddəs yurda olan diqqətindən danışdı.
Bildirdi ki, keçən ilin noyabr ayı şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Noyabr ayının 4-də cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Şəki Məhkəmə Kompleksinin, 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi - uşaq bağçasının, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmiş, “Marxal” müalicə -istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısı Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşündə demişdir: “Şəki qədim Azərbaycan diyarıdır. Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə seçilən şəhərlərdəndir. Bir çox şəhərlər memarlıq, yaxud da şəhərsalma baxımından bir-birinə oxşayır. Şəki elə şəhərdir ki, heç bir şəhərə oxşamır. Buranın gözəl təbiəti gözəl memarlığı və şəhərsalma prinsipləri ilə tamamlanır. Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki bizim böyük sərvətimizdir”.
Noyabr ayının 5-də cənab Prezidentimiz Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə sərəncam imzalamışdır. Ümumiyyətlə, ölkə başçısının Şəkiyə 7 dəfə səfər etməsini, bu səfərlər zamanı 18 obyektin açılışında və təməlqoyma mərasimlərində iştirakını, qısa müddətdə Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı 11 sərəncam imzaladığını icra hakimiyyətinin başçısı xüsusi vurğuladı.
Daha sonra Elxan Usubov 2015-ci ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktları buraya toplaşanların diqqətinə çatdırdı. Qeyd etdi ki, keçən il istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 321 milyon 120 min manatlıq məhsul buraxılmışdır. Buraxılmış məhsulun 7 faizi dövlət, 93 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 1758 manatlıq məhsul istehsal olunmuşdur. 2015-ci ildə pərakəndə əmtəə dövriyyəsi 298 milyon 167 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 73 milyon 336 min manat təşkil etmişdir. Rayonda 2015-ci ildə 1569 yeni iş yeri açılmışdır ki, bunun da 1167-si daimidir. Yeni açılmış iş yerlərinin 7,6 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 27,6 faizi mövcud müəssisə və təşkilatların, 64,8 faizi isə fiziki şəxslərin payına düşür.
Sahibkarlıq inkişaf edir, onlara hər cür diqqət və qayğı göstərilir. Ölkə başçısı Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara lazımi şərait yaradılır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Cənab Prezidentimiz demişdir: “Sahibkarlara güzəştli kreditlərin verilməsi təmin edilməlidir. Keçən il güzəştli şərtlərlə təxminən 250 milyon manat məbləğində kreditlər verilmişdir. Bunun böyük əksəriyyəti aqrar sektora, regionlara verilmişdir. Bu il bu siyasət davam etdirilməlidir . Əlbəttə, indi bizim maliyyə imkanlarımız əvvəlki illərdəki kimi deyil, ancaq biz bu sahəyə mütləq vəsait təşkil etməliyik”.
Sərrast deyilmiş sözlərdir. Bunu qeyd edən natiq son illərdə ölkəmizdə sənayeləşmə ilə bağlı düşünülmüş siyasət aparıldığını xüsusi vurğuladı. Bildirdi ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən cənab Prezident hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini bir daha xüsusi olaraq vurğulamış və bu prosesin ləng getdiyini bildirmişdir.
Məlumat üçün bildirim ki, hələ əvvəlki illərdə mövcud sənaye zonalarının inkişaf etdirilməsi ilə bağlı konkret layihələr işlənib hazırlanmış və aidiyyyatı strukturlara göndərilmişdir. Rayonumuzda inkişaf etdirilməsi vacib olan sahələrdən biri ipəkçilik sənayesidir. Tarixən bu şəhərdə ipəkçiliyin zəngin təcrübəsi formalaşmışdır. Bu məqsədlə hazırlanılmış tədbirlər planının başlıca məqsədlərindən biri də ötən əsrin 70-ci illərində respublikada müvəffəqiyyətlə inkişaf edən və 14 min nəfərdən çox adamın istehsal etdiyi 1,5-2 min ton yaş barama göstəricilərinə çatmaq, müasir avadanlıq və texnologiyaların köməyi ilə daha çox istehsala nail olmaq idi.
10 il ərzində həyata keçirilməsi nəzərdə tutulan ipəkçiliyin inkişafına dəstək proqramı çərçivəsində rayonumuzda 2 min daimi, 8 min mövsüm: iş yerinin yaradılması nəzərdə tutulurdu. Və yaxud, hələ 2014-cü ildə Şəkidə hind toyuğu əti və hind toyuğu məhsullarının istehsalı istiqamətində də önəmli bir layihənin həyata keçirilməsinə başlanmışdır. Layihənin həyata keçirilməsi nəticəsində Şəki rayonunda 500-ə qədər daimi iş yerləri açılması gözlənilirdi. Hər iki layihə ilə bağlı bir çox işlər görülmüş, sahibkar tərəfindən yerin seçilməsi, mütəxəssislərin hazırlanması, qabaqcıl təcrübənin öyrənilməsi üçün 300 min avro məbləğində vəsait xərclənmişdir.
Şəkidə ən müasir texnologiyalar əsasında yeni yaradılan “Sünbül” çörək zavodunda məhsul istehsalına başlanmışdır. Müəssisədə Çex Respublikası, Almaniya və İtaliyadan gətirilmiş ən müasir çörəkbişirmə avadanlığı quraşdırılmışdır. Gündəlik layihə gücü 30 ton olan zavodda hələlik gün ərzində istehsal gücü 24 ton olan iki çeşiddə-zavod çörəyi, lavaş və şirniyyat məhsulları istehsal olunur.
Şəki kənd təsərrüfatı rayonudur. Bu sahədə qazanılan uğurlardan da həvəslə danışmaq olar. Təsadüfi deyildir ki, icra hakimiyyətinin başçısı bu barədə ətraflı danışdı. Qeyd etdi ki, 2015-ci ilin məhsulu üçün 61968 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Yetişən məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər görülmüş, taxıl biçininin tez və itkisiz başa çatdırılması üçün konkret tapşırıqlar verilmişdir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini uğurla başa çatdırılmış və yüksək məhsuldarlıq əldə edilmişdir. 2015-ci ildə 186 min ton taxıl istehsal olunmuş, hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil etmişdir.
Cənab Prezidentimizin kənd təsərrrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu əsas vəzifələrdən biri də iri fermer təsərrüfatlarının yaradılması və ixrac məsələsidir. Məhz cənab Prezidentin tapşırıq və tövsiyyəsinə uyğun olaraq rayonumuzun Orta Zəyzid bələdiyyəsinə məxsus ərazisində sahibkarlar tərəfindən icarəyə götürülmüş 78 hektar ərazidə müasir texnologiyalar əsasında yeni Aqropark təşkil edilmişdir. Burada yüksək keyfiyyətli meyvə bağı salınmış, eyni zamanda, məhsulun saxlanması, qablaşdırılması və emal olunması üçün işlər görülür. Əldə olunan məhsulun daxili bazarda satışı ilə yanaşı, həm də xaricə ixrac olunması nəzərdə tutulur. Ən müasir tələblərə cavab verən və meyvə məhsulları istehsalı və emalı üzrə ixtisaslaşacaq Aqroparkda 100-dən çox iş yerinin açılması nəzərdə tutulur.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlıq sahəsinin dinamik inkişafının təmin edilməsi, bitkiçilik eləcə də yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışına kömək göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi qarşıda duran həllivacib məsələlərdəndir.
Sonra məruzəçi Şəkinin turizm potensialından, bu sahədə görülən işlərdən danışdı. Bildirdi ki, Şəkini turizm diyarına çevirmək üçün hər cür şərait var və biz bundan tam istifadə etməliyik. Öz gözəlliyi ilə gələn turistləri heyran qoyan rayonumuz dünyanın ən nəhəng turizm kompleksləri ilə bəhsə girə bilər.
Daha sonra natiq təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurları sadaladı, onların maddi-texniki bazalarının yaxşılaşdırılması ilə bağlı görülən işləri qeyd etdi. Neçə-neçə məktəb qapılarının gələcəyin qurucularının üzünə açılacağını həvəslə diqqətə çatdırdı.
Şəkidə keçən il xeyli tikinti-quruculuq işləri də görülüb. Yazının əvvəlində qeyd etdiyimiz kimi, şəhərin siması xeyli dəyişib, yeni tikilən binalar, abadlaşdırılmış küçələr bu qədim torpağa xüsusi yaraşıq verir. Şəhər icra hakimiyyətinin başçısı bütün bunları qeyd etməklə yanaşı, işıq, su, qaz təsərrüfatlarında görülən işləri də qeyd etməyi unutmadı.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər də görülən işlərdən, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışdılar. Bildirdilər ki, onlar ölkə Prezidenti cənab İlham Əliyevin siyasətini bəyənir və daim dəstəkləyirlər.
Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış etdi.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.