Bakıda “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının ikinci toplantısının plenar iclaslarında səmərəli müzakirələr aparılıb

Fevralın 29-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Cənub” Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib.

Tədbirdə “Cənub” qaz dəhlizi layihəsinin iştirakçısı olan ölkələrin nazirləri və xüsusi nümayəndələri, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn iştirak ediblər.

Toplantı çərçivəsində təşkil olunan plenar iclaslarda və “dəyirmi masa”da səmərəli müzakirələr aparılıb.

Azərbaycanın energetika naziri Natiq Əliyev ötən müddətdə “Cənub” qaz dəhlizi ilə əlaqədar nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirildiyini, bu layihənin reallaşdırılması ilə bağlı tərəfdaş ölkələrin səylərini əsirgəmədiklərini vurğuladı. O, böyük məbləğdə sərmayə yatırılacaq və 3500 kilometr uzunluğunda olacaq “Cənub” qaz dəhlizinin texniki cəhətdən də mürəkkəb layihə olduğunu bildirdi. Nazir bu layihənin müvəffəqiyyətlə reallaşdırılmasına Avropa Komissiyası və Amerika Birləşmiş Ştatları hökumətinin də hərtərəfli dəstəyini xüsusi diqqətə çatdırdı. Natiq Əliyev həmin layihənin marşrut boyunca yerləşən bütün ölkələr üçün böyük faydalar gətirəcəyini və əlavə iqtisadi imkanlar yaradacağını dedi.

Gələcəkdə “Cənub” qaz dəhlizi ilə nəql ediləcək təbii qazın həcmi artdıqca bu layihədən bəhrələnən Balkan ölkələrinin də sayının çoxalacağını bildirən Natiq Əliyev dedi:

– Bizim arzumuz çox güclü irimiqyaslı qaz dəhlizinə nail olmaqdır. Avropa İttifaqında ən böyük sərmayə qoyuluşu olan “Cənub Qaz Dəhlizi” layihəsi sayəsində təxminən 30 min yeni iş yeri yaradılacaq. Hazırda 26 mindən çox insan “Cənub” qaz dəhlizi layihəsinin inşasına cəlb olunub, bunun 20 mini Azərbaycanda, 2 800-ü Gürcüstanda, 2 500-ü Türkiyədə və 1000 nəfəri Albaniyadadır. Layihənin əhəmiyyəti təkcə neft və qaz sahələri ilə məhdudlaşmır, o, iqtisadiyyatın digər sahələrini də əhatə edir. Bu layihə ölkəmiz və regionun gələcəyi üçün yeni imkanlar açır. Həmin layihə Xəzər dənizindən başlayan Avropanın mərkəzinə qədər uzanan marşrut boyunca yerləşən bütün ölkələrə fayda verəcək.

Natiq Əliyev “Cənub” qaz dəhlizinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edən layihə olduğunu bir daha vurğuladı.

 

*    *    *

 

İyirmi dörd il əvvəl baş verən Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqının ağrı-acılarını bölüşdüyünü diqqətə çatdıran Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak “Cənub” qaz dəhlizinin beynəlxalq səviyyədə nümunəvi bir layihə olduğunu xüsusi vurğuladı. O, TANAP layihəsi çərçivəsində nəzərdə tutulan işlərin uğurla reallaşdırıldığını və daha da sürətləndirildiyini dedi.

Türkiyənin “Cənub” qaz dəhlizi layihəsinə hərtərəfli dəstəyini əsirgəmədiyini bildirən Berat Albayrak dedi:

– TANAP-ın, yəni “Cənub” qaz dəhlizinin həyata keçirilməsi məqsədilə Türkiyənin Şərq ilə Qərbin arasında həlledici mövqeyi ilə bu layihəyə güclü sadiqliyini nümayiş etdirərək ötən on ildə olduğu kimi, siyasi, texniki və iqtisadi sahələrdə bütün dəstəyini təmin etməyə davam edəcəyini vurğulamaq istəyirəm. Bu layihəyə cəlb olunmuş tərəflərin heç nə uduzmayaraq sonda öz payına düşən faydalardan bəhrələnəcəyinə dair əminliyimi və Türkiyə Respublikasının əminliyini sizinlə paylaşmaq istəyirəm.

 

*    *    *

 

Sonra Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn çıxış edərək dedi:

– Nitqimə Məşvərət Şurasının ikinci toplantısında iştirak etmək üçün bu gün bizim hamımızı bir araya gətirən Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığımı bildirməklə başlamaq istəyirəm. Biz hamımız Azərbaycan hökumətinin bizi bir araya gətirmək üçün göstərdiyi səylərini qiymətləndiririk. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə  Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir. Məndən əvvəl çıxış edən digər natiqlərin də qeyd etdiyi kimi, bu layihə üzrə bu günədək əldə olunmuş tərəqqini davam etdirmək çox vacibdir.

Amos Hokstayn enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin vacib elementi olduğunu vurğuladı. O, beynəlxalq neft-qaz bazarında çətinliklərin yaşandığı indiki dövrdə Azərbaycanın “Cənub” qaz dəhlizinin reallaşmasına sadiqliyini yüksək dəyərləndirdi. İstər marşrutların, istərsə də mənbələrin şaxələndirilməsi baxımından “Cənub” qaz dəhlizinin mühüm əhəmiyyətini qeyd edən Amos Hokstayn Bakıda keçirilən tədbirin layihənin bundan sonra da uğurla reallaşdırılmasında vacib rol oynayacağına əminliyini bildirdi.

 

*    *    *

 

Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hosker “Cənub” qaz dəhlizinin faydalarından bəhs etdi. O bildirdi ki, bu layihə dünyada ən böyük enerji layihələrindən biridir, enerji təhlükəsizliyi və kommersiya baxımından əhəmiyyətlidir, iqtisadi artıma yeni imkanlar açır, yeni iş yerləri yaradılır, müxtəlif müqavilələr bağlanır.

Bu layihənin Azərbaycanın beynəlxalq enerji bazarındakı mühüm rolunu bir daha təsdiqlədiyini vurğulayan Edmund Hosker dedi:

– Bu layihə Azərbaycanın təkcə “Cənub” qaz dəhlizinin inkişafında yox, qlobal enerji bazarının bir iştirakçısı kimi oynadığı vacib rolunu vurğulayır. Birləşmiş Krallıq neft və qaz sektorunda Azərbaycan ilə sıx əlaqələrə və Böyük Britaniyanın enerji şirkətləri ilə Azərbaycan arasında uzunmüddətli kommersiya münasibətlərinə çox böyük əhəmiyyət verir. Biz BP-nin digər neft və qaz layihələrinin inkişafında olduğu kimi, “Cənub” qaz dəhlizi layihəsində də oynadığı böyük rolu ilə qürur duyuruq.

Edmund Hosker “Cənub” qaz dəhlizi layihəsinin bundan sonra da uğurla reallaşdırılacağına əminliyini vurğuladı.

 

*    *    *

 

Sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell çıxış edərək dedi:

– “Şahdəniz 2” layihəsi ilə bağlı əldə olunan irəliləyiş, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi, qarşıda duran planlar və fəaliyyətimizin pik nöqtəsinə doğru irəlilədikcə 2016-cı ildə üzləşə biləcəyimiz çətinlikləri müzakirə etmək üçün ”Şahdəniz" konsorsiumu və konsorsiumun operatoru olan BP-nin adından mən bu gün burada olmaqdan məmnunam. İlk növbədə, Xəzər dənizində BP-nin fəaliyyəti barədə bir neçə kəlmə demək istəyirəm. Biz 20 ildən artıqdır ki, burada fəaliyyət göstəririk. Bir çox nəhəng layihələrlə bağlı irəliləyişə nail olmaq üçün bizim SOCAR ilə, bu şirkətdə çalışan həmkarlarımız və dostlarımızla, Azərbaycan hökuməti ilə çox gözəl əməkdaşlığımız olub. Bu tərəfdaşlıq 20 il bundan əvvəl başlayıb və dünyada ən uğurlu biznes-hökumət tərəfdaşlığından birinə çevrilərək, özünü güclü, strateji və qarşılıqlı şəkildə faydalı tərəfdaşlıq kimi sübuta yetirib.

Dəyəri 45 milyard dollar olan “Cənub” qaz dəhlizi layihəsindən danışarkən Qordon Birrell bunun BP-nin tarixində ən böyük layihə və ümumilikdə qlobal neft-qaz sənayesində həyata keçirilən ən böyük layihələrdən biri olduğunu dedi. O qeyd etdi ki, layihənin həyata keçirilməsi Avropanın yeni enerji mənbəyi qazanmasına səbəb olacaq, şaxələndirməyə, qarşılıqlı əlaqələrə imkan yaradacaq, yüz minlərlə adamı sərfəli enerji ilə təmin edəcək, dəhliz boyunca yerləşən ölkələrdə yeni texnologiyaların, iş yerlərinin yaranmasına və investisiyaların artmasına gətirib çıxaracaq. Qordon Birrell layihənin təhlükəsizlik səviyyəsinin çox yüksək olduğunu, həmçinin layihənin icrasında Azərbaycan və Gürcüstanda 20 min nəfərin  çalışdığını, işlərin plan üzrə davam etdirildiyini bildirdi. Mümkün çətinliklərə toxunan Qordon Birrell ev sahibi olan ölkənin hökumətinin, tərəfdaşların, “Cənub” qaz dəhlizi boyunca yerləşən ölkələrin hökumətləri ilə birlikdə bu çətinliklərin öhdəsindən gələ biləcəklərinə əminliyini ifadə etdi.

 

*    *    *

 

Trans-Anadolu qaz kəməri layihəsinin baş meneceri Saltuk Düzyol iki il yarım əvvəl iki qardaş ölkə arasında imzalanmış sənəd əsasında başlanan işlərin uğurla davam etdirildiyini vurğulayaraq dedi:

– Bizim yolumuz iki il yarım bundan əvvəl, zati-aliləri cənab İlham Əliyev ilə cənab Rəcəb Tayyib Ərdoğanın uzaqgörənliyi və rəhbərliyi sayəsində, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Azərbaycan ilə Türkiyə arasında hökumətlərarası saziş və ev sahibi hökuməti müqaviləsinin imzalanması ilə başladı. O vaxtdan müxtəlif işlər həyata keçirilib. 2014-cü ilin ortalarınadək biz layihələndirməni, araşdırmaları tamamladıq. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqaviləsi imzalandı və biz kəmərin detallı layihələndirilməsinə başladıq. Ümumilikdə, 2014-2015-ci illər TANAP layihəsi üçün aktiv fəaliyyət dövrü olub. Təməlqoyma mərasimi Azərbaycan, Türkiyə, Gürcüstan prezidentlərinin iştirakı ilə 2015-ci il martın 17-də keçirildi. O vaxtdan indiyədək bir sıra müqavilələr imzalanıb. Biz torpaq sahələrinin əldə olunması və icazələrin alınması sahəsində əhəmiyyətli irəliləyişə nail olmuşuq. Diametri 56 düym olan boru kəmərinin ilk 1335 kilometri artıq bizim quru boru kəməri üzrə podratçılarımıza təhvil verilib. Qalan hissənin bu il aprelin 1-dək təhvil veriləcəyi gözlənilir. Biz torpaq sahələrinin əldə olunmasında layihə iştirakçıları ilə qarşılıqlı razılaşmaya xüsusi əhəmiyyət veririk.

Saltuk Düzyol dedi ki, layihənin həyata keçirilməsi prosesində, həmçinin bir sıra ekoloji, sosial və arxeoloji tədqiqatlar aparılıb. İndiyədək elmə məlum olmayan 9 heyvan və 1 bitki növü aşkara çıxarılıb. Biomüxtəliflik üzrə fəaliyyət planı hazırlanıb. O, həmçinin sosial araşdırmalara xüsusi diqqət yetirildiyini qeyd etdi. Saltuk Düzyol indiyədək məlum olmayan arxeoloji məkanlara rast gəldiklərini bildirdi.

Tədarüklə bağlı görülən işlərə toxunan Trans-Anadolu qaz kəməri layihəsinin baş meneceri  indiyədək  940 kilometr boru istehsal edildiyini və bunun da  bütün ümumi həcmin təxminən yarısına bərabər olduğunu, 720 kilometr borunun tikinti sahələrinə təhvil verildiyini, ilkin mərhələdə cəmi iki qaz-kompressor stansiyasının olacağını, genişləndirmə işləri nəticəsində kompressor stansiyalarının sayının 7-yə çatdırılmasının planlaşdırıldığını qeyd etdi.

Sonra TANAP layihəsi ilə bağlı əldə olunan layihələr barədə videoçarx nümayiş etdirildi.

 

*    *    *

 

Trans-Adriatik qaz kəməri layihəsinin icraçı direktoru İn Bradşav çox mühüm müzakirələr keçirmək üçün Bakıda yaradılmış imkanlara görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. O, TAP-ın 2016-cı ildə tikinti fazasına daxil olacağını və ilk qazın Avropaya 2020-ci ilin əvvəlində çatdırılacağını vurğulayaraq dedi:

– Artıq qeyd olunduğu kimi, “Cənub” qaz dəhlizi Avropa enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Lakin bu layihə yalnız TAP kəmərinin ərazisindən keçən ölkələr, Avropa İttifaqı, bizim Trans-Atlantik və Azərbaycandan olan tərəfdaşların dəstəyi ilə həyata keçirilə bilər. Biz bütün tərəfdaşlara dəstəyə görə təşəkkürümüzü bildirir və gələcəkdə də onlardan güclü dəstək gözləyirik. TAP boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edəcək, sonralar 20 milyard kubmetrədək artırmaq imkanı olacaq. Vacib məqamlardan biri ondan ibarətdir ki, TAP Yunanıstan-Bolqarıstan interkonnektoru və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.

İn Bradşav layihənin 6 səhmdarın dəstəyi ilə həyata keçirildiyini qeyd etdi. O, “Cənub” qaz dəhlizi layihəsində təhlükəsizliyin prioritet məsələlərdən biri olduğunu, 2015-ci ildə aparılan tikinti işlərində heç bir qəza hadisəsinin qeydə alınmadığını, bütün tədarük işlərinin Avropanın dövlət satınalmaları qaydalarına uyğun həyata keçirildiyini bildirdi.

 

*    *    *

 

“Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev dünyada iqtisadi-maliyyə böhranın hökm sürməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının dinamik və dayanıqlı inkişafının davam etdiyini bildirdi.  O qeyd etdi ki, ölkəmizin xarici borcunun ümumi daxili məhsula nisbəti 19,8 faiz təşkil edir, dövlətin ümumi valyuta ehtiyatı 38 milyard dollardır. İqtisadiyyatın şaxələndirilməsi dövlət siyasətinin başlıca hədəflərindən biri olaraq qalır və qeyri-neft sektorunun dayanıqlı inkişafı ilə bağlı islahatlar davam etdirilir. “Dəyər zənciri” ilə eyni adı daşıyan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Prezidentinin müvafiq  fərmanı ilə yaradılıb, əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının maraqlarını bu “dəyər zənciri” çərçivəsində idarə etmək, cəmləşdirmək və maliyyələşdirməkdir. Dövlətimizin başçısının Fərmanı ilə “dəyər zənciri”ndəki bütün əməliyyatların SOCAR-a həvalə edildiyini və bununla da SOCAR-ın “dəyər zənciri”ndəki 4 alt layihənin hamısında  məsul olduğu qeyd edən Əfqan İsayev dedi:

– Qapalı səhmdar cəmiyyətinin səhmdarlarının strukturuna baxdıqda görürük ki, Azərbaycan Respublikası adından “Şahdəniz”, Cənubi Qafqaz boru xətti, TAP və TANAP layihələrindəki səhmlərə sahibik. Vacib məqamlardan biri də odur ki, biz “Şahdəniz” və SCP konsorsiumunun üzvü olaraq, həm də bizim üçün qaz alıcıları ilə müqavilələr bağlayan Azərbaycan Qaz Təchizatı Şirkətinin səhmdarıyıq.

Maliyyələşdirmə haqqında danışan baş direktor bildirdi ki, 2014-cü ildən indiyədək “Cənub” qaz dəhlizi bütün 4 layihədə də maliyyələşməni dövlət vəsaiti hesabına ödədi.  Azərbaycan Respublikası bu dörd layihə üzrə 4.2 milyard dollar maliyyə ayırdı.

Sonra Əfqan İsayev “Cənub Qaz Dəhlizi” QSC-nin həyata keçirdiyi digər işlər və nəzərdə tutulan tədbirlər barədə də ətraflı məlumat verdi.

 

*    *    *

 

Asiya İnkişaf Bankının özəl sektor əməliyyatları üzrə baş direktoru Tod Frilyand da “Cənub” qaz dəhlizinin ən mühüm strateji layihələrdən biri olduğunu xüsusi diqqətə çatdırdı. Asiya İnkişaf Bankının da həmin layihə ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını vurğulayan Tod Frilyand dedi:

– Prezident İlham Əliyevin də dediyi kimi, tərəflər arasında əlaqələndirmə olduqca vacibdir. Mən burada maliyyə tərəfdaşlarımızı görməkdən məmnunam. Mən bu mühüm layihədə uğur əldə etmək üçün onlarla və masa arxasında əyləşən bir çox digər strateji əməliyyatlar üzrə tərəfdaşlarımız, o cümlədən maliyyə tərəfdaşlarımızla əməkdaşlığı səbirsizliklə gözləyirəm.

Tod Frilyand bu mühüm layihənin bundan sonra da uğurla reallaşması üçün səylərini əsirgəməyəcəklərini bildirdi.

 

*    *    *

 

Avropa İnvestisiya Bankı Qrupunun nümayəndəsi Massimo Deufemia “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının vacib əhəmiyyət kəsb etdiyini vurğuladı. O, nümayəndəsi olduğu maliyyə qurumunun Avropa Komissiyası ilə sıx əməkdaşlıq etdiyini və “Cənub” qaz dəhlizi layihəsinin vaxtında icrasına mühüm əhəmiyyət verdiyini bildirərək dedi:

– Bütün iştirakçıların da dediyi kimi, bu layihə region üçün, təkcə region üçün deyil, Avropa üçün əsas infrastrukturlardan biridir. Bu infrastruktur vasitəsilə biz Avropanı yeni enerji mənbələri ilə təmin edəcəyik və həmçinin “mavi yanacaq” bazarında rəqabət yaratmış olacağıq.

Massimo Deufemia “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində yeni komponentlər üzrə də maliyyələşdirməni həyata keçirmək üçün araşdırmalar apardıqlarını diqqətə çatdırdı.

 

*    *    *

 

Avropa Yenidənqurma və İnkişaf Bankının baş rezident-əlaqələndiricisi Nil Makkeyn “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinə xidmət etdiyini və Azərbaycanın karbohidrogen ehtiyatlarının bu bazara çıxmasına yeni imkanlar yaratdığını qeyd etdi. O, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizlə sıx əməkdaşlıq etdiyini bildirərək dedi:

– Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsi səylərinin, mən deyərdim ki, ikiqat səylərinin dəstəklənməsinə sadiqdir. Biz birlikdə daha çox iş görə bilərik və görəcəyik. Bu cür layihənin təsiri neft-qaz sektorunun hüdudlarını aşır və bunun Azərbaycanın qeyri-neft sektoruna ən böyük investisiya kimi sübutunun hər gün şahidi oluruq.

Nil Makkeyn Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bütün böyük layihələr, o cümlədən “Şahdəniz-1" və “Şahdəniz-2" üzrə maliyyələşmədə yaxından iştirak etdiklərini və bu istiqamətdə səylərini əsirgəmədiklərini vurğuladı.  

 

*    *    *

 

Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri Jan Van Bilsen də belə mühüm layihəyə qoşulmaqda maraqlı olduqlarını vurğulayaraq dedi:

– “Cənub” qaz dəhlizi yeni bazarları qazla təchiz edəcək və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək mühüm strateji layihədir. Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankının özəl sektorun maliyyələşməsi üzrə qoludur, bu da o deməkdir ki, biz özəl sektorda həyata keçirilən layihələrə xüsusi diqqət yetiririk.

Jan Van Bilsen Beynəlxalq Maliyyə Korporasiyasının da “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində maliyyələşdirmə ilə bağlı araşdırma apardığını diqqətə çatdırdı.

 

*    *    *

 

Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze “Cənub” qaz dəhlizi, eləcə də digər iri regional layihələrin uğurla reallaşmasının təməlində Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı strateji əməkdaşlığın dayandığını vurğuladı. Bildirdi ki, bu, “Cənub” qaz dəhlizi layihəsi iştirakçısı olan ölkələrin iqtisadiyyatının güclənməsinə, yeni iş yerlərinin yaradılmasına, yoxsulluğun azaldılmasına təkan verir. Ötən müddətdə layihə çərçivəsində görülən işləri yüksək dəyərləndirən Kaxa Kaladze dedi:

– Sonda bir tranzit ölkəsi kimi biz bu layihə üzrə rolumuz və üzərimizə götürdüyümüz öhdəliklə bağlı sizi əmin etmək istəyirik, eləcə də, “Cənub” qaz dəhlizi çərçivəsində həyata keçiriləcək mövcud və gələcək layihələrə siyasi dəstəyimizi ifadə edirik. Bu layihə əlbəttə ki, Avropa və layihəyə cəlb olunmuş digər ölkələr üçün enerji daşıyıcılarının nəql edilməsi marşrutlarının şaxələndirilməsi anlamı daşıyır.

 

*    *    *

 

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak enerji daşıyıcılarının şaxələndirilmiş marşrutlarının olmasını ölkəsinin böyük tranzit potensialının əyani göstəricisi kimi qiymətləndirdi. O qeyd etdi ki, “Cənub” qaz dəhlizi və bu cür beynəlxalq səviyyəli layihələrin uğurla həyata keçirilməsində səmərəli ikitərəfli və çoxtərəfli əməkdaşlığın aparılması vacibdir. “Cənub” qaz dəhlizini müstəsna layihələrdən biri kimi dəyərləndirən Berat Albayrak dedi:

– 2011-ci ildə Azərbaycan tərəfi ilə bütün müvafiq müqavilələrin imzalanmasından sonra ən qısa müddətdə böyük irəliləyişlərə nail olunub və 10 milyard dollar həcmində investisiya qərarı verilib. Digər tərəfdən, TANAP-ın təməlqoyma mərasimindən sonra bu günədək onun icrası ilə bağlı bütün müvafiq işlər də layihə cədvəlinə ciddi əməl edilərək görülmüşdü. Hətta bu gün qürur hissi ilə söyləmək istəyirəm ki, biz layihə cədvəlini bir qədər qabaqlamışıq.

Berat Albayrak layihənin vaxtında başa çatdırılması üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini bildirdi.

 

*    *    *

 

Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral ehtiyatlar üzrə baş katibi Mixail Verroiopoulos “Cənub” qaz dəhlizi layihəsini Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə kimi dəyərləndirərək dedi:

– Məşvərət Şurasının ikinci toplantısı bir daha ona dəlalət edir ki, ciddi siyasi iradə ilə yanaşı, şirkətlər arasında aparılan ahəngdar əməkdaşlıq layihələrin icrasına gətirib çıxara bilər və bu da öz növbəsində ölkələrimiz arasında dostluq münasibətlərini daha da dərinləşdirir və regional əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirir.

Mixail Verroiopoulos “Cənub” qaz dəhlizinin, o cümlədən TAP layihəsinin şaxələndirmədə vacib rol oynadığını bildirdi. O qeyd etdi ki, Yunanıstan hökuməti tərəfindən də ciddi dəstəklənən TAP-ın bu ilin may ayında təməlinin qoyulması gözlənilir.

 

*    *    *

 

Albaniyanın energetika və sənaye naziri Damian Gjiknuri “Cənub” qaz dəhlizi layihəsinin uğurla reallaşdırılmasından məmnunluğunu ifadə edərək dedi:

– Azərbaycan tərəfinə bu vacib layihədə həmişə aparıcı rol oynadığına və bizi irəli apardığına, daim məlumatlandırdığına görə təşəkkürümü bildirirəm. Azərbaycan bu layihənin əsas qüvvəsi olaraq qalmaqdadır. Hesab edirəm ki, bu tədbirə qatılan ölkələrin nümayəndələri təkcə söz demək xatirinə yox, layihənin həqiqətən irəli aparılması istiqamətində üzərinə öhdəlik götürmək üçün bu toplantıda iştirak edirlər.

Damian Gjiknuri TANAP və TAP layihələrinin icrasının müvəffəqiyyətlə davam etməsinin məmnunluq doğurduğunu dedi. O bildirdi ki, karbohidrogen ehtiyatları məhdud olan Albaniya üçün “Cənub” qaz dəhlizi olduqca mühüm əhəmiyyətə malikdir. Ona görə Albaniya hökuməti bu layihənin reallaşmasına töhfələrini əsirgəmir. Nazir Damian Gjiknuri “Cənub” qaz dəhlizini Avropanın qazla təchizatında əsas və ən təhlükəsiz marşrut kimi qiymətləndirdi.

 

*    *    *

 

İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio de Vinçenti də “Cənub” qaz dəhlizi layihəsinin icrasında ciddi irəliləyişlərin olmasından məmnunluğunu bildirdi. O qeyd etdi ki, bu layihə çərçivəsində artıq 2018-ci ildə İtaliya ərazisi ilə Avstriya və İsveçrəyə, oradan da Mərkəzi Avropaya təbii qazın ötürülməsi mümkün olacaq. TAP layihəsinin Balkan regionunda, ümumilikdə Cənubi-Şərqi Avropada qaz bazarının inkişafına, infrastrukturun daha da təkmilləşdirilməsinə təkan verdiyini qeyd edən dövlət katibi dedi:

- İtaliya Azərbaycan və digər iştirakçı ölkələr ilə yüksək səviyyəli münasibətlər çərçivəsində “Cənub” qaz dəhlizinin açılışına töhfə verməyə hazırdır. Bu dəhlizin istifadəyə verilməsi ilə Avropada yaradılmaqda olan, Maroş Şevçoviçin və komissiyasının rəhbərliyi altında fəaliyyət göstərən Enerji İttifaqının əsas pillələrindən hesab edilən təchizat mənbələrinin təhlükəsizliyi artır.

 

*    *    *

 

Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova gələcəkdə Avropanın qaz təchizatının təkmilləşdirilməsinə həsr olunmuş bu tədbirin əhəmiyyətindən danışaraq dedi:

– İlk növbədə, mən bu tədbiri təşkil etdiyinə görə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istərdim. Həmçinin mühüm layihələrin və ideyaların müzakirəsinə yaradılan şəraitə görə təşkilatçılara təşəkkür edirəm. Bolqarıstan “Cənub” qaz dəhlizinin tikintisini yekdilliklə dəstəkləyir. Bu layihə bizə Avropanın enerji təchizatının artırılması layihəsini həyata keçirməyə imkan verəcək. Bolqarıstan bu layihənin çox əhəmiyyətli bir hissəsidir. Bolqarıstan, Yunanıstan və Türkiyə arasındakı interkonnektor infrastrukturun inkişafının ən əhəmiyyətli hissələrindən biridir.

Temenujka Petkova əlavə etdi ki, hazırda layihənin Bolqarıstan və Yunanıstan ərazilərində ətraf mühitə təsiri qiymətləndirilir, mülkiyyət məsələləri nəzərdən keçirilir. Türkiyə ilə Bolqarıstan arasında birləşdirici xəttin texniki-iqtisadi əsaslandırılması aparıldığını deyən Bolqarıstanın energetika naziri bununla əlaqədar Türkiyə ilə müştərək işçi qrupu yaradılacağını diqqətə çatdırdı.

Bununla Bolqarıstanın energetika strukturunun şaxələndirilməsinə nail olacağını deyən Temenujka Petkova 2016-cı ilin sonunda bu xəttin tikintisinə başlanacağını və daha sonra  kəmərin “Cənub” qaz dəhlizinə birləşdirilməsinin Bolqarıstan üçün həyati əhəmiyyət kəsb edəcəyini vurğuladı.

 

*    *    *

 

Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirdi. O, Azərbaycan qazının öz ölkəsinə çatdıracaq və “Cənub” qaz dəhlizinə birləşdiriləcək İon-Adriatik qaz kəmərinin perspektivləri barədə məlumat verərək dedi:

– Ölkələr arasında əməkdaşlıq sayəsində bu sahədə çox işlər görülüb. Mən ilk növbədə bu layihə ilə bağlı Xorvatiya, Monteneqro, Albaniya arasında və əlbəttə ki, Azərbaycan hökuməti ilə əməkdaşlığı nəzərdə tuturam. Üç il bundan əvvəl Anlaşma Memorandumu imzalanandan sonra çox iş görülüb. Monteneqro bu layihəyə olduqca böyük əhəmiyyət verir. Mən bir daha Monteneqro hökumətinin bu layihə ilə bağlı öhdəliklərinə tam sadiqliyini, həmçinin hamımız üçün əhəmiyyətli olacaq bu layihədə təşəbbüs irəli sürməyə və fəallıq göstərməyə hazır olduğunu vurğulamaq istərdim.

 

*    *    *

 

Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Paneniç enerji təhlükəsizliyinin hər bir ölkə üçün vacib amil olduğunu və bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin Avropa üçün çox mühüm əhəmiyyət kəsb etdiyini söylədi. O, Azərbaycan qazının daha geniş bazara çıxarılmasına imkan verəcək İon-Adriatik kəməri barədə məlumat verdi. Tomislav Paneniç həmin kəmərin “Cənub” qaz dəhlizinə qoşulandan sonra bir sıra ölkələrin sərfəli yanacaqla təchizatında əsaslı dəyişikliyə səbəb olacağını diqqətə çatdıraraq dedi:

– “Cənub” qaz dəhlizi bizim üçün böyük əhəmiyyətə malikdir və biz onu tam dəstəkləyirik. Mən vurğulamaq istəyirəm ki, Xorvatiyanın “Plinacro” Dövlət Qaz Nəqli Şirkəti bunu qəbul edib və TAP layihəsində iştirak edən şirkətlər ilə hələ ilkin mərhələdə - 2006-cı ildə əməkdaşlığa başlayıb. 2013-cü il martın 11-də “Plinacro” və Azərbaycanın SOCAR şirkəti arasında Cənub-Şərqi Avropanın “mavi yanacaq” bazarında inkişaf sahəsində, həmçinin İAP layihəsi ilə bağlı anlaşma və əməkdaşlıq memorandumu imzalanıb. Biz bu layihənin digər iştirakçıları da əhatə edərək genişlənməsini gözləyirik. “Cənub” qaz dəhlizi ən böyük enerji layihəsidir və biz bu layihədə fəal tərəfdaş olmaq istəyirik. Mən bu dəhlizin inkişafı ilə bağlı danışıqları davam etdirə bilməyimiz üçün bizi bir araya gətirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm.

 

*    *    *

 

Sonra Azərbaycanın energetika naziri Natiq Əliyev, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı fikir mübadiləsi apardılar.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı Birgə Bəyannamənin imzalanması ilə başa çatdı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında