Naftalan şəhəri son illərdə ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər, regional inkişaf proqramında nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi nəticəsində yeni inkişaf yoluna çıxmış, problemlərin həlli sürətlənmişdir. Bir vaxtlar dünyada nadir turizm-sağlamlıq ünvanı kimi tanınan şəhər artıq keçmiş şöhrətini geri qaytarır, bura üz tutanların sayı getdikcə çoxalır. Bu isə Naftalanın potensialından daha geniş istifadə edilməsi ilə bağlı yeni vəzifələr irəli sürür.
Bütün bunlar barədə Naftalan Şəhər İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında geniş söhbət açılmışdır. Hesabat yığıncağının əvvəlində şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov Nazirlər Kabinetinin illik iclasında və sonrakı tədbirlərdə Prezident İlham Əliyevin ölkədəki durum, icra orqanlarının qarşısında duran vəzifələrlə bağlı söylədiyi proqram səciyyəli mülahizələri iştirakçıların nəzərinə çatdırmışdır. O bildirmişdir ki, şəhərdə bütün səylər ölkə başçısının müəyyən etdiyi tədbirlərin ardıcıl və tam həyata keçirilməsinə səfərbər edilmişdir.
Sonra ötən ilin yekunları, cari ilin önəmli məsələləri ilə bağlı məruzə ilə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsi, önəmli dövlət layihələrinin gerçəkləşdirilməsi, sahibkarlıq fəaliyyətinin geniş təşviq olunması və daxili imkanların işə salınması ötən il şəhərin sosial-iqtisadi inkişafında yeni nailiyyətlərin qazanılması ilə əlamətdar olmuşdur.
2015-ci ildə şəhər üzrə ümumi məhsul buraxılışı 13329,8 min manat olmuşdur. İqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı 1678,8 min manat təşkil etmişdir. Şəhərdə 291,7 min manatlıq nəqliyyat xidməti göstərilmişdir. Naftalanda pullu xidmətlərin həcmi əvvəlki illə müqayisədə 4,9 faiz artaraq 13995,2 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 14,3 faiz artaraq 16795,3 min manata çatmışdır. Hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti isə 185,1 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının payı 1980,5 min manat olmuşdur. 3718,4 min manatlıq tikinti-quruculuq işləri aparılmışdır.
Şəhərin yerli büdcəsi ötən il subsidya və digər gəlirlərlə birlikdə 4581,2 min manat, xərcləri isə 4401,4 min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxilolma 3159 min manat planlaşdırıldığı halda, 4,7 faiz artaraq 3307,2 min manata çatmışdır. Sığorta edənlərdən il ərzində daxilolma 1329,1 min manat təşkil etmiş, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 66,1 min manat vəsait daxil olmuşdur.Yerli gəlirlərin hesabına respublika büdcəsindən ayrılan vəsaitə qənaət edilmişdir. 901 min manat dürüstləşdirilmiş proqnoza qarşı 339,9 min manat vəsait ayrılmışdır.
Məruzəçi bildirmişdir ki, cari ildən xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına Naftalan da daxil olmuşdur. Şəhərin bu il üçün yerli xərcləri 3750 min manat, daxili gəlir isə 3762 min manat proqnozlaşdırılmışdır. Bu sevindirici uğura Naftalan öz turizm potensialı, eləcə də dünyada tanınan kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına nail olmuşdur.
İl ərzində aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Əhalinin Sosial Müdafiəsi Mərkəzi 131 ailəyə ünvanlı dövlət sosial yardım ödəmişdir. Bir ailəyə düşən yardımın məbləği 143,7 manat təşkil etmişdir. Mərkəzin işçiləri 45 nəfər tənha ahıl və əlil vətəndaşa evlərdə xidmət göstərmişdir. Şəhər icra hakimiyyəti isə imkansız ailələrə Novruz, Ramazan, Qurban və digər bayramlarda yardım çatdırmışdır. Pensiya, müavinət və sosial yardımlara 3184,6 min manat vəsait xərclənmiş, əhaliyə ödəniş üzrə borc qalmamışdır.
Məşğulluq Mərkəzində boş iş yerləri haqqında məlumat toplanmış, işsiz sakinlərin qeydiyyatı aparılmış və onların münasib işlə təmin olunması istiqamətində tədbirlər görülmüşdür. Bu müddət ərzində Məşğulluq Mərkəzinə 241 şəxs müraciət etmiş, onlardan 183 nəfəri ixtisasına və peşəsinə uyğun işlə təmin edilmiş, 6 nəfərə işsizlik statusu təyin olunmuşdur. Əmək yarmarkasında isə 58 nəfər özünə iş tapmışdır.
Məruzəçi daha sonra qeyd etmişdir ki, ötən il təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür. Məktəblərdə yeni dərs ilindən əvvəl cari təmir işləri aparılmış, onların maddi-texniki bazası gücləndirilmişdir.
Ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş 40 məzundan 20-si tələbə adı qazanmışdır. Əvvəlki tədris ili ilə müqayisədə bu göstərici 8 faiz artmışdır. 2 nəfər 600-dən, 5 nəfər 500-dən, 4 nəfər isə 400-dən yuxarı bal toplamışdır. Bir məzun Prezident təqaüdünə layiq görülmüşdür.
Əhalinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra zəruri tədbirlər görülmüş, heç bir yoluxucu xəstəlik qeydə alınmamışdır. Xəstəxananın nəzdində fəaliyyət göstərən stomatologiya, rentgen kabineti, laboratoriyalar lazımi avadanlıqlarla və dərman preparatları ilə təchiz olunmuşdur. İl ərzində 1500 nəfər imtiyazlı xəstə güzəştli dərmanlarla təmin edilmişdir. Hələlik şəhər xəstəxanası uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Ölkə başçısının sərəncamına əsasən, əhaliyə göstərilən tibbi xidmətin yeni tələblər səviyyəsinə çatdırılması məqsədilə hazırda yeni xəstəxananın tikintisi davam etdirilir.
Hesabat dövründə şəhərin mədəni həyatı da zənginləşmişdir. Xüsusən, mühüm tarixi hadisələrə, bayramlara həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Bayram günlərində sakinlərin, eləcə də şəhərdə yerləşən hərbi hissənin əsgər və zabitlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün konsert proqramları təşkil olunmuşdur. II Şəki beynəlxalq şirniyyat və III Qəbələ beynəlxalq mürəbbə festivallarında Naftalan 3-cü yerə layiq görülmüşdür.
“Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasının keçirilməsi üçün Naftalan şəhərinin seçilməsi də şəhərə olan diqqətin təzahürüdür. Bundan başqa, Naftalan şəhərinin turizm potensialını tanıtmaq və təbliğ etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, “Naftalan Hotel by Rixos” və “Garabag Resort & Spa” sağlamlıq və istirahət mərkəzlərinin təşkilatçılığı ilə Naftalan şəhərində infotur keçirilmişdir.
Əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə səy göstərilmiş və əkinçilik sahəsində müsbət irəliləyiş əldə olunmuşdur. Ötən il Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində 252,9 hektar əkin sahəsindən 657,6 ton taxıl istehsal olunmuşdur. 143 kənd təsərrüfatı istehsalçısına 15,1 min manat yardım verilmişdir. Əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün yeni artezian quyularının qazılmasına ciddi ehtiyac var. Mövcud su probleminin həlli məqsədilə ölkə başçısının müvafiq sərəncamına əsasən, Qaşaltı Qaraqoyunlu kəndində yeni subartezian quyusunun qazılması nəzərdə tutulub.
Ücüncü regional inkişaf proqramında Naftalan şəhəri üzrə aşağıdakı tədbirlər nəzərdə tutulmuşdur: tullantıların təkrar emalı; kiçik həcmli istixanaların və çörək istehsalı müəssisələrinin yaradılması; turizm sahəsinin inkişafı; rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması; əhalinin sosial müdafiəsinin gücləndirilməsi; bir sıra sosial-mədəni obyektlərin əsaslı təmiri və s. Artıq bir sıra işlər həyata keçirilməkdədir. Şəhər üzrə nəzərdə tutulmuş həmin tədbirlər Naftalanın qarşıdakı illərdə inkişafına müsbət təsir göstərəcəkdir.
Ümumiyyətlə, dövlət proqramlarına uyğun olaraq, şəhərdə istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması sahələrində işlər tam başa çatdırılmışdır. Elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yerüstü xətlər yer altına keşirilmiş, bütün abonentlərə “smart-kart” tipli sayğac quraşdırılmışdır.
Hesabat dövründə kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Naftalan Sukanal İdarəsi üçün yeni inzibatı binanın da tikintisinə başlamışdır. Elektron su sayğaclarının quraşdırılması başa çatdıqdan sonra əhali su ilə fasiləsiz təmin olunacaqdır. 2015-ci il ərzində şəhər ərazisində yeni qazlaşma, bərpa və əsaslı təmir işləri davam etdirilmişdir. Bütün istehlakçıların təbii qazla təmin olunması, ondan təhlükəsiz istifadə olunması və satılmış qazın dəyərinin tam ödənilməsi təmin edilmişdir.
Əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə binadaxili telefon kabelləri zirzəmidən keçirilməklə yenisi ilə əvəzlənmiş və şəhərdaxili hava rabitə xətlərinin kanalizasiya quyuları ilə çəkilişi davam etdirlimişdir. Yeni 256 nömrəlik ATS quraşdırılmışdır.
Çoxmənzilli yaşayış binalarının fasadında və dam örtüyündə aparılan əsaslı təmir işləri tam başa çatdırılmış, müasir üslubda işıqlandırılmış, binaların girişlərinə yeni seyf qapılar qoyulmuşdur. Yaxın vaxtlarda bloklarda təmir işlərinə başlanılacaqdır. Binaların ətrafında, küçələrdə abadlıq və yenidənqurma işləri xüsusi diqqətdə saxlanılmışdır. Ötən il yolların, səkilərin kənarlarına yeni səki daşlarının qoyulması, piyada yollarının təmiri və dekorativ tamet daş düzülməsi işləri aparılmışdır. Ardıcıl olaraq digər küçələrdə də asfaltlaşma və abadlıq işlərinə başlanılacaqdır.
Şəhər ərazisindəki köhnə elektrik dirəkləri və istismara yararsız tikililər sökülüb götürülmüşdür. Həmin ərazilər təmizlənmiş, sakinlərin və qonaqların mənalı istirahəti üçün parklar salınmışdır. Payız-qış mövsümünə hazırlıq işlərinə yay aylarından başlanılmışdır. Naftalan İstilik İstismarı Sahəsinin balansında olan bütün qazanxanalar cari təmr edilmişdir. Hazırda qazanxanalar tam gücü ilə işləyir və əhali, məktəblər, körpələr evi-uşaq bağçası fasiləsiz olaraq istiliklə təmin olunur. Hesabat dövründə yeni avtovağzal-otel komleksinin və Naftalan Bələdiyyəsinin inzibati binasının tikintisi davam etdirilmişdir. Şəhər polis şöbəsi üçün yeni inzibati bina istifadəyə verilmişdir.
Natiq Aslanov daha sonra demişdir ki, “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naftalan kurortunun yenidən qurulması ilə bağlı ötən dövrdə bir sıra tədbirlər görülmüş, müasir səviyyəli istirahət və sağlamlıq mərkəzləri istifadəyə verilmişdir. Bu gün Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, soyuq qış aylarında da turistlərin diqqətini cəlb edir. Təkcə 2015-ci ilin dekabr ayında Naftalanda 1300 nəfər turist olmuşdur.
Ölkə başçısının tapşırığına uyğun olaraq, Naftalanda son illər turizm sahəsində aparılmış kompleks işlər şəhərə Azərbaycandan kənarda da marağın artmasına səbəb olmuşdur. Artıq digər ölkələrin kurort şəhərləri Naftalanla beynəlxalq əlaqələr qurmağa can atır. Hazırda Naftalan şəhəri Fransanın Leql, İtaliyanın Pozitano, Rusiyanın Yessentuki və Polşanın Uneyov şəhərləri ilə əməkdaşlıq edir.
Ümumilikdə, 2015-ci il şəhərdə turizm sektoru üçün çox uğurlu olmuşdur. Hazırda Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 2 min nəfər qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Bu dövrdə şəhərə gələn xarici və yerli turistlərin sayı 16 min nəfəri ötmüş, son 5 illə müqayisədə 6 dəfə artmışdır. Keçən il Naftalana dünyanın bir çox ölkələrindən 3 min nəfər xarici turist gəlmişdir.
Başçı qeyd etmişdir ki, 2015-ci ildə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlar, sovet dönəmindən əhalini narahat edən bir sıra sosial problemlərin həlli bir daha onu göstərir ki, Naftalanda inkişaf dinamik xarakter daşıyır və bütün sahələri əhatə edir.
Ölkə başçısının tapşırığına uyğun olaraq, səyyar görüşlərə xüsusilə ciddi önəm verilmişdir. İcra hakimiyyəti başçısına 22 görüşdə 69 vətəndaş müraciət etmişdir. İcra hakimiyyətində isə başçı tərəfindən 140 nəfər qəbul edilmişdir. Qəbul və görüşlər zamanı şəhərin bütün idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirakı təmin edilmişdir.
Beləliklə, 2015-ci il Naftalan şəhəri üçün sosial-iqtisadi sahədə qazanılan bir çox uğurlarla yadda qalmışdır. O, cümlədən ötən il Nazirlər Kabineti “Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair baş planı”nı təsdiqləmişdir. Bu qərarda Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün əczaçılıq müəssisəsinin inşa edilməsi və əvvəllər olduğu kimi, müalicəvi neftdən dərmanların hazırlanması nəzərdə tutulur. Digər bir yenilik Naftalanda beynəlxalq aeroportun tikintisi, eləcə də turizm və sanatoriya ərazilərinin genişləndirilməsidir.
Şəhər rəhbəri demişdir ki, dövlət başçısının Nazirlər Kabinetinin iclasında turizmin inkişafı ilə bağlı dediyi kimi, biz var gücümüzlə ölkəmizə turistlərin axınını təmin etməliyik. Naftalan dünya şöhrətli kurort şəhəri olduğundan bu sahədə onun da üzərinə məsul yük düşir. Buna görə də şəhərə gələn qonaqlara xidmət yüksək səviyyədə təşkil edilməlidir.
Məruzəçi sonda bildirmişdir:
– Ötən il ölkə başçısının Naftalanın hərtərəfli inkişafı ilə bağlı irəli sürdüyü tələblərin və tapşırıqlarının həyata keçirilməsi kurort şəhəri kimi onun mövqeyini xeyli gücləndirmişdir. Bu istiqamətində əsaslı işlər cari ildə də davam etdirilməkdədir. Bütün bunlar Naftalanın problemlərinin həlli, sakinlərin rifahının daha da yaxşılaşdırılması üçün edilir. Görülmüş işlər, nəzərdə tutulmuş tədbirlər deməyə əsas verir ki, 2016-cı il də Naftalan üçün uğurlu olacaq, qarşıya qoyulmuş vəzifələr layiqincə yerinə yetiriləcəkdir.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov şəhərin hərtərəfli inkişafına göstərdiyi daimi diqqət və qayğıya görə sakinlər adından Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə etmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov toplantıda çıxış etmişdir.
Hesabat yığıncağında Milli Məclisin deputatı Mahir Aslanov iştirak etmişdir.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.