Azərbaycan bu gün Xəzər regionunda enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rola malikdir. Burada əsas strateji məqsəd ölkəmizin davamlı inkişafına və əhalinin rifahının təmin edilməsinə, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir. Qonşu ölkələr olan Azərbaycan ilə İran arasında əməkdaşlıq da hazırda bərabərhüquqlu və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Siyasi, iqtisadi və sosial-humanitar sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsrlər boyu bir yerdə yaşamış, yaratmış xalqlarımız üçün bizim tarixi irsimiz və mədəniyyətimiz çox qiymətlidir. Xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır və İran-Azərbaycan əlaqələri indi bu möhkəm zəmin üzərində qurulur.
Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ümumilikdə, dövlət başçılarının son 20 il ərzində dəfələrlə rəsmi və işgüzar səfərləri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı görüşləri, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlər bu münasibətlərin daha da dərinləşməsində böyük rol oynayıb. Bütün bunlar isə ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verib, əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoyub.
Rəsmi Tehranın Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. Azərbaycan və İran xalqları arasında din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlıq rəsmi Tehranla Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir.
Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətlərinin mövcudluğu son illər hər iki ölkə arasında əlaqələrin ən müxtəlif səviyyələrdə inkişafına ciddi təkan verib. Belə ki, həm İranın, həm də Azərbaycanın mühüm coğrafi mövqedə yerləşməsi və zəngin iqtisadi potensiala malik olması mövcud əməkdaşlığı daha da dərinləşdirib. İran hazırda Azərbaycanın ixrac-idxal əməliyyatları apardığı əsas dövlətlərdən biridir. İki dövlət arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artmaqdadır. İranlı iş adamları respublika iqtisadiyyatına investisiya qoyuluşunda mühüm paya malikdirlər. Mövcud əlaqələr çoxşaxəli olub, iqtisadiyyatın ən müxtəlif sahələrini əhatə edir.
Azərbaycanın İranla siyasi əlaqələrinin yüksək səviyyəsi və geniş müqavilə-hüquq bazası öz növbəsində iqtisadi müstəvidə münasibətlərin inkişafına geniş imkanlar açır. Bu iki ölkə iqtisadi sahədə uğurla əməkdaşlıq edir. İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ikitərəfli ticarət əlaqələri ildən-ilə genişlənir. Ticarət əlaqələrinin strukturu çoxşaxəlidir və neft-qaz, sənaye, tikinti, kənd təsərrüfatı və digər sahələri əhatə edir.
Energetika sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir. İndiyədək 330 kV-luq “Ərdəbil-İmişli” və “İmişli-Cənub” istilik elektrik stansiyaları (İES), 220 kV-luq “Cənub İES-Salyan-Masallı-Astara (İran)” elektrik verilişi xətlərinin tikintisi tam başa çatdırılıb. İmzalanmış “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş" bu sahədə əlaqələri daha da genişləndirəcək.
Nəqliyyat sahəsində həyata keçirilən layihələr də Azərbaycan-İran əlaqələrində mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan vilayəti arasında Culfa-Culfa (İran) avtomobil yolu körpüsünün istifadəyə verilməsi nəqliyyat əlaqələrinin genişlənməsi, beynəlxalq tranzit yüklərin daşınması, vətəndaşların rahatlığının təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan və İran arasında müqavilə-hüquqi bazanın genişləndirilməsi, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, meliorasiya və mədəniyyət sahələrində də əlaqələr uğurla davam etdirilir.
Prezident İlham Əliyev iki ölkə arasında mövcud olan əməkdaşlıq əlaqələrini belə xarakterizə edib: “Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bizim münasibətlərimiz bu möhkəm təməl üzərində qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri vardır. Bu gün beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzakirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik”.
Burada bir məqamı da xatırlatmaq istərdik. Prezident İlham Əliyevin dünyadakı mühüm geosiyasi reallıqlar fonunda bu günlərdə İrana rəsmi səfər etməsi ölkəmizin müstəqil siyasət yeritdiyini nümayiş etdirməklə yanaşı, həm də ikitərəfli münasibətlərin inkişafına ciddi təsir göstərəcək. Möhtərəm dövlət başçımız və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasında keçirilən görüşdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən enerji, sərmayə qoyuluşu, bank, ticarət, turizm, nəqliyyat, yüklərin daşınması, infrastruktur, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün səylərin gücləndirilməsinin zəruriliyi qeyd edilib.
Görüşdə Xəzərin dostluq və əməkdaşlıq dənizi olduğu vurğulanıb. Həmçinin Azərbaycanın və İranın birlikdə digər ölkələrlə də əməkdaşlıq imkanları müzakirə olunub. İki ölkə arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb və 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəlinib. Bu da iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq. Eyni zamanda, Araz, Ənzəli və Maku azad iqtisadi-ticarət zonalarında birgə fəaliyyət göstərilməsi də müzakirə mövzusu olub.
Son illər Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizinin çox önəmli tərəfdaşına çevrilmişlər. Respublikamızda tranzit imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilərək, nəqliyyat infrastrukturu ən müasir standartlara uyğun yenidən qurulub. İran və Azərbaycan Astarası arasında dəmir yolunun istifadəyə verilməsi isə Şimal-Cənub nəqliyyat dəhlizini önəmli dərəcədə canlandıracaqdır. Ümumiyyətlə, nəqliyyat-kommunikasiya dəhlizləri bütün iştirakçı ölkələr, o cümlədən, Azərbaycan üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir. Həmin dəhlizlər bir tərəfdən beynəlxalq yük daşımalarında hər iki dövlətin çəkisini böyük dərəcədə artıracaq, digər tərəfdən isə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrimizi gücləndirəcəkdir.
Məlumat üçün bildirək ki, İran və Azərbaycan arasında dəmir yolu şəbəkəsinin birləşdirilməsi barədə danışıqlar xeyli vaxtdır aparılır. Müvafiq layihəyə əsasən, Azərbaycan Astarası ilə İran Astarasındakı dəmir yolu xəttinin birləşdiriləcəyi nəzərdə tutulur. Bu dəmir yolu xətti İranı Avropaya, Rusiya və Qafqaz ölkələrini isə Fars körfəzinə çıxaracaq. Astara-Astara dəmiryolunun uzunluğu 7 kilometr olacaq. Bu yolun 2 kilometri İran ərazisində, qalan 5 kilometri isə Azərbaycan ərazisində inşa ediləcək.
Analitiklərin fikrincə, burada əsas məsələ Qara dəniz limanları vasitəsilə Avropa, Rusiya, Orta Asiya, Qafqaz, Fars körfəzi və Hindistana qədər uzanan bir yola çıxışdır. Bununla bağlı İran nümayəndələri ilə dəfələrlə görüş keçirilsə də, müsbət nəticə əldə edilməyib. Bunun da səbəbi bu yaxınlaradək qüvvədə olan Avropa və ya digər Qərb ölkələrinin İrana tətbiq etdiyi sanksiyalar idi. Artıq sanksiyaların ləğvindən sonra Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həmin layihəyə yenidən qayıdılır.
Sözügedən layihə gerçəkləşəndən sonra təkcə tranzitdən 5 il ərzində 50 milyon dollara yaxın xeyir götürmək mümkün olacaq. İrandan gələn yük Rusiyaya getməklə, eyni zamanda, Qərbə də yönələcək. Həmçinin həmin xəttin sonradan Bakı-Tbilisi-Qars xəttinə də qoşulması gözlənilir. Beləliklə, Qərblə Şərqi birləşdirən normal, işlək bir dəhlizin yaradılması mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına səfəri, eyni zamanda, yaxın gələcəkdə iki ölkə arasında energetika və neft-qaz sahələrində əməkdaşlığın dərinləşməsinə, Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadəyə, bank və sığorta işinin canlanmasına, Araz, Ənzəli və Maku azad iqtisadi-ticarət zonalarına marağın artmasına öz müsbət təsirini göstərəcəkdir.
Sözügedən səfər, həmçinin xalqlarımızın gediş-gəlişinin daha da asanlaşdırılması, dəniz nəqliyyatı ilə marşrutların açılması, ölkələrimizin elmi mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi məsələlərində də önəmli rol oynayacaq.
Bu gün iki ölkənin neft-qaz sektorunda səmərəli əməkdaşlıq üçün çox mühüm perspektivlər var. İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi ardıcıl müzakirə olunur və bu, müsbət nəticələrlə nəzərə çarpır. Bu da təsadüfi deyil. Çünki Xəzər dənizi hər iki ölkənin ümumi sərvətidir. Xəzər dənizinin bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olacağı heç kəsdə şübhə doğurmur.
Burada bir cəhət də diqqət çəkir. İran ilə Azərbaycan arasında uzun sərhədlər, çoxlu müştərəkliklər və yaxşı iqtisadi potensial olmasına baxmayaraq, statistik rəqəmlərdən aydın olur ki, ticarət dövriyyəsi o qədər də böyük deyil. Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri, eyni zamanda, yaxın gələcəkdə ticarət dövriyyəsinin artırılmasına da öz müsbət təsirini göstərəcək.
Xatırladaq ki, hazırda İranın Azərbaycana yatırdığı investisiya 1,2 milyard ABŞ dolları ətrafındadır. Bunun 150 milyon dolları qeyri-neft sektoruna yönəldilib. Ümumi potensialı nəzərə aldıqda daha geniş nəticələr əldə ediləcəyi gözlənilir. Hazırda Azərbaycanda İranın 430-dan artıq şirkəti fəaliyyət göstərir.
Bu gün respublikamızda qlobal iqtisadiyyatda müşahidə olunan mənfi meyillərin təsirini azaltmaq və dinamik inkişaf meyilini qoruyub saxlamaq üçün Azərbaycanda geniş iqtisadi islahatlar sürətlə davam etdirilir, geniş investisiya və özəlləşdirmə proqramları üzərində iş aparılır, həm yerli, həm də xarici investorlar üçün biznes mühiti yaxşılaşdırılır. Mütəxəssislərin fikrincə, bu, iranlı iş adamlarının Azərbaycanda fəaliyyəti üçün də yeni imkanlar yaradacaqdır.
Hazırda iki ölkə arasında müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes-forum, işgüzar görüş və sərgilər təşkil olunur, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar araşdırılır. Şübhəsiz ki, son dövrlər iranlı iş adamlarının ölkəmizə səfəri çərçivəsində təşkil edilmiş işgüzar görüşlər də əməkdaşlığın inkişafına, ticarət əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində ”Xudafərin" və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sazişdə Azərbaycan və İranın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.
Sazişdə, həmçinin hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub. Sazişə əsasən, tikinti işlərinə nəzarət və istismar prosesində azərbaycanlı mütəxəssislər iştirak edəcəklər.
Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edən bu mühüm sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran İslam Respublikası ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür.
İran bütün istiqamətlərdə olduğu kimi, enerji sahəsində də Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə hazırdır. Hər iki ölkənin zəngin enerji potensialı bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaradır. Bu potensialdan istifadə etmək dövlətlərimizin maraqlarına cavab verir. Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə əldə olunan razılaşmaya əsasən, Xoaf və Meşkinşəhərdə Günəş enerjisi stansiyası tikiləcək. Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsi var və birgə layihənin həyata keçirilməsi faydalı əməkdaşlığın əsasını yaradacaq.
Araz çayı üzərində birgə su elektrik stansiyasının tikintisi haqqında əldə edilmiş razılaşma da xüsusi əhəmiyyətə malikdir. Belə ki, sözügedən məsələ reallaşdırılandan sonra hər iki ölkənin sərhədyanı bölgələrində yaşayan əhalinin elektrik enerjisinə tələbatı daha da yaxşılaşacaqdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.