Suraxanı rayonu: 2015-ci ilin sosial-iqtisadi göstəriciləri uğurludur

Dünən Suraxanı Rayon İcra Hakimiyyətində 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzdülər, sonra parkda həmişəyaşıl ağaclar əkdilər. Bununla da rayonda ağacəkmə kampaniyasına start verildi.

Hesabat yığıncağının iştirakçıları icra hakimiyyətinin rəsm qalareyasında ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdılar, rayonun sənaye müəssisələrində buraxılan məhsullarla tanış oldular. Tədbir iştirakçılarına “Suraxanı rayonunun sosial-iqtisadi göstəriciləri və ictimai-mədəni həyatı” adlı kitabça təqdim edildi.

Yığıncaqda Suraxanıda aparılmış abadlıq-quruculuq işləri haqqında film göstərildi. Sonra rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov hesabat məruzəsi ilə çıxış etdi. Qeyd olundu ki, 2015-ci ildə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarının icrası nəticəsində paytaxtın bu rayonunda infrastruktur layihələri uğurla həyata keçirilib, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb, əhalinin həyat səviyyəsi yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Suraxanı sakinləri ilə görüşlər keçirib, onların qarşılaşdıqları problemlərlə yaxından tanış olub.

2015-ci il ərzində rayonda sənaye məhsulunun istehsalı 254,6 milyon manat, tikinti-quraşdırma işləri 48,7 milyon manat, nəqliyyat xidmətləri 5,1 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 59,4 milyon manat, kənd təsərrüfatı 3,1 milyon manat, pərakəndə ticarət dövriyyəsi 325,3 milyon manat təşkil edib.

Hesabat dövründə qaz, elektrik enerjisi, su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb, yol təsərrüfatı və nəqliyyat sahəsində bir sıra tədbirlər həyata keçirilib. Rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri davam etdirilib, “Azəryolservis” ASC, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti və rayon icra hakimiyyəti tərəfindən küçələrə və məhəllədaxili ərazilərə 103 min kvadratmetr asfalt örtüyü salınıb.

2015-ci ildə Suraxanıda kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət yetirilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına güzəştli kreditlərin ayrılması ilə bağlı iki kredit yarmarkası keçirilib, Suraxanıdan olan 21 sahibkara 5,3 milyon manat məbləğində kreditlər verilib. Bunun nəticəsində 300 yeni iş yeri yaradılıb.

İclasda “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası ilə bağlı həyata keçirilən işlərə də nəzər salındı. Xatırladıldı ki, adı çəkilən proqramda rayon üzrə 54 tədbir nəzərdə tutulub, onların 5-i icra olunub, 19-nun icrasına başlanılıb, başa çatdırılan və başlanılan tədbirlər proqramın 44,5 faizini təşkil edib.

Son illərdə rayonda müxtəlif dövlət proqramlarının icrası nəticəsində 5 yeni məktəb tikilib, 2 məktəbin yararsız binası sökülərək yerində müasir təhsil kompleksi inşa edilib, 14 məktəb üçün 17 əlavə tədris korpusu tikilərək əlavə 13 min 250 şagird yeri yaradılıb, 21 məktəb əsaslı təmir olunub. Eyni zamanda, rayonda 5 yeni səhiyyə müəssisəsi, 2 uşaq bağçası inşa edilib, 20 uşaq bağçası, 8 səhiyyə müəssisəsi əsaslı təmir edilib.

Hesabat yığıncağında 2015-ci il ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, dövlət başçısının ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının rayonda böyük ruh yüksəkliyi ilə qarşılanması və uğurla icra olunması, ekoloji məsələlərin həlli ilə bağlı mühüm tədbirlərin reallaşdırılması, rayondakı Heydər Əliyev Mərkəzinin uğurlu fəaliyyəti, rayon icra hakimiyyətinin beynəlxalq əlaqələrinin genişlənməsi, sakinlərin müraciətlərinə həssaslıqla yanaşılması və s. məsələlər barədə ətraflı danışıldı.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək 2015-ci ildə qlobal maliyyə böhranına baxmayaraq, ölkə həyatının bütün sahələrində həyata keçirilmiş islahatlar və əldə olunmuş yeni nailiyyətlər barədə danışdı, nəzərdə tutulmuş bütün sosial proqramların uğurla icra olunduğunu vurğuladı.

Hesabat dövründə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri yüksək dəyərləndirən natiq geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz mülahizələrini bildirdi, Suraxanı rayonunun ölkəmizin bütün sahələrdə inkişafına bundan sonra da yeni töhfələr verəcəyinə əminliyini ifadə etdi.

Sonra Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi “Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldılar.

Rayonun sosial-iqtisadi, ictimai həyatında fəal iştirak edən şəxslərə və təşkilatlara rayon icra hakimiyyəti başçısının fəxri fərmanları və təşəkkürnamələr təqdim olundu.

Tədbirə yekun vuran Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2016-cı ildə rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.

Hesabat yığıncağında Milli Məslisin deputatları Ağacan Abıyev, Sevinc Fətəliyeva iştirak edirdilər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında