Son illər sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycanı regionun qüdrətli dövlətlərindən birinə çevirmişdir. Ölkəmizin sosial-iqtisadi sahələrdə əldə etdiyi bütün uğurların təməlində isə, heç şübhəsiz, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasət dayanır. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra həyatın bütün sahələrində olduğu kimi, avtomobil yolları təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Ümummili lider bu sahənin ölkə iqtisadiyyatındakı rolunu düzgün dəyərləndirərək islahatların aparılmasını daim diqqətədə saxlayırdı. Ulu öndərin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri də məhz yol təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının parlaq təzahürü idi.
Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına da xüsusi diqqət göstərir. Bunun nəticəsidir ki, hazırda ölkə həyatının bütün sahələrində olduğu kimi, yol təsərrüfatında da yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızn rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla icra edilir.
Ötən illərdə ölkəmizin bütün regionlarında, eləcə də paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar yol infrastrukturunun daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Hazırda dövlət başçısının diqqət və qayğısı sayəsində bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkə rəhbəri yol infrastrukturunun yeniləşdirilməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişatı ilə şəxsən maraqlanır, açılış və təməlqoyma mərasimlərində iştirak edir. Prezident İlham Əliyevin 20 fevral 2008-ci il tarixli sərəncamı ilə fevral ayının 22-nin ölkəmizdə “Avtomobil yol işçilərinin peşə bayramı günü” kimi təsis edilməsi yol təsərrüfatına, eləcə də bu sahədə çalışanlara göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Artıq 9-cu ildir ki, peşə bayramlarını qeyd edən avtomobil yolları işçiləri dövlət qayğısına əməli işlə cavab verməyə çalışır, Azərbaycanda gedən ümumi inkişaf prosesində fəal iştirak etməklə yol infrastrukturunun təkmilləşdirilməsində mühüm rol oynayırlar.
2015-ci il dekabr ayının 28-də ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzaladı. Göstərilən məsələlərin həlli istiqamətində görülən işlərin səmərəliliyinin artırılması, habelə ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı. Bu, ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına əlavə imkan yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmir edilməsi işlərinin aparılmasını təmin edir. Hazırda cəmiyyətimizin balansında ümumi istifadədə olan 17529 kilometr uzunluğunda avtomobil yolu var ki, onun da 4385 kilometri respublika əhəmiyyətli, 13158 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmin yollardan 2670 kilometri Ermənistanın işğal altında saxladığı ərazilərdədir. Bununla yanaşı, cəmiyyətin balansında 1299 ədəd körpü var ki, onlardan da 160-ı işğal olunmuş ərazilərdə yerləşir.
Son illər ölkəmizin bütün regionlarında, eləcə də paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Peşə bayramlarını uğurlu göstəricilərlə qeyd edən kollektivimiz ötən il respublika və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı mühüm nailiyyətlərə imza atmışdır. Məlum olduğu kimi, ölkəmizin sürətli inkişafının təmin edilməsində sosial layihələrin icrası, müasir tələblərə cavab verən infrastrukturun yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı işlər də diqqəti cəlb edir. Hazırda ölkəmizdə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının da başlıca hədəflərindən biri məhz yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması ilə bağlıdır. Prezident İlham Əliyev sözügedən dövlət sənədinin uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini bildirərək demişdir: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”. Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər etmiş, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, həttə ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar vermişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində yol qurgularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir.
2015-ci ildə uzunluğu 20 kilometrə yaxın olan Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması, Ağsu-Kürdəmir-İmişli avtomobil yolu layihəsinin uzunluğu 37 kilometr təşkil edən Ağsu-Kürdəmir, Şəki-Qax-Zaqatala avtomobil yolunun uzunluğu 35 kilometr olan Şəki-Qax hissələrinin yenidən qurulması layihələri uğurla başa çatdırılaraq möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Ötən il dövlət proqramları çərçivəsində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkənin bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Belə ki, il ərzində 524,4 kilometr uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel və 9 ədəd piyada keçidi tikilərək istismara verilib. Hazırda regionlar üzrə daxili investisiya hesabına ümumi uzunluğu 381 kilometr təşkil edən avtomobil yolunun və 14 ədəd körpünün tikintisi işləri davam etdirilir.
Şübhəsiz ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Azərbaycanın avtomobil yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi yol infrastrukturunun yenilənməsini zəruri edən mühüm amillərdəndir. Avtomobil yollarının yenidən qurulması birbaşa olaraq yükdaşımalara da müsbət təsir edir. Yükdaşımanın artması isə öz növbəsində bu sahədən gələn gəlirlərin, dövlət büdcəsinə daxil olan vəsaitin həcminin çoxalmasına və nəticədə ölkənin maliyyə imkanlarının genişlənməsinə səbəb olur.
Qədim İpək yolunun üzərində yerləşən Azərbaycanda yaradılan müasir yol təsərrüfatı infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da bu sahədə imkanları artır. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidən qurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son illər birinci texniki dərəcəli yolların uzunluğu 426 kilometr artırılaraq 541 kilometrə çatdırılıb.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisindən keçən 513 kilometrlik hissəsində həyata keçirilən işlər də uğurla davam etdirilir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidən qurulması üçün tələb olunan maliyyə mənbələri dəqiqləşdirilmiş, işlərin çox hissəsi yerinə yetirilmişdir. Cənab Prezident beynəlxalq miqyaslı Böyük İpək yolunun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yoluna daha iki hərəkət zolağı əlavə edilməklə birinci texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu Şərq-Qərb istiqamətində beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. Bakıdan Gürcüstan sərhədinədək 503 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Yevlax-Gəncə hissələrinin birinci texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Magistralın Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrində isə işlər xeyli sürətləndirilib. Magistral avtomobil yolunda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkəti dayandırılmadan tikinti-quraşdırma işləri artıq başa çatdırılıb, bütün işlər beynəlxalq tikinti normalarının tələblərinə uyğun keyfiyyətlə aparılaraq yol istismara hazır vəziyyətə gətirilib. 2015-ci il dekabr ayının 30-da Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsi yenidənqurmadan sonra istifadəyə verilib. Magistralın Kürdəmir-Ucar-Yevlax hissəsinin birinci texniki dərəcəyə uyğun təkmilləşdirilməsi layihəsində isə son tamamlanma işləri aparılır. Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi hissəsinin də yenidən qurulmasına başlanılması planlaşdırılır. Sözügedən layihənin tam reallaşdırılmasından sonra Şərqdən Qərbə və əks istiqamətdə Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olmaqla Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımalarının inkişafında daha da mühüm yer tutacaq.
Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımalarında Bakı-Quba-Rusiya Federasiyası və Bakı-Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolları da mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən yollar Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Ötən müddətdə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Hazırda magistralın Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin tikintisi davam etdirilir. Şimaldan cənuba doğru və əksinə avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi də hazırda “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin reallaşdırdığı mühüm layihələrdən biri kimi texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə davam etdirilir. Layihənin icrası sözügedən dəhliz vasitəsilə məsafənin dəfələrlə qısaldılması ilə yanaşı, daşımaların daha rahat şəkildə təşkilinə səbəb olacaq. Göründüyü kimi, dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, respublika əhəmiyyətli yolların yenidən qurulması avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların həcminin artırılmasına imkan yaradacaq ki, bu da ölkə iqtisadiyyatının inkişafını, qeyri-neft sektorunun şaxələndirilməsini bir qədər də sürətləndirəcək.
Kənd yollarının yenidən qurulması da ölkə rəhbərliyinin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Təsadüfi deyil ki, son iki il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən kəndlərarası avtomobil yollarının tikintisi üçün çoxsaylı sərəncamlar imzalanıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev tərəfindən kənd yollarının təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi yol təmir-tikintisi üzrə ixtisaslaşmış “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bu da üzərimizə əlavə məsuliyyət qoyur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda da cənab İlham Əliyev bu il kənd yollarının tikintisinin sürətləndirilməsinin vacibliyini vurğuladı. Dövlət başçısı bu il kənd yollarının çəkilişi üçün əlavə vəsaitin ayrılmasının vacibliyini diqqətə çatdıraraq dedi: “Kənd yollarının tikintisi ilə bağlı görüləsi işlər də çoxdur. Mən hesab edirəm ki, bu il kənd yollarının tikintisinə əlavə böyük vəsait ayrılmalıdır. Çünki ilk növbədə buna ehtiyac var. Yerlərdən təkliflər irəli sürülür. Eyni zamanda, bu, bölgələrdə insanları bu işlərə cəlb edəcək və olan işsizliyi də aradan götürəcək. Kənd yollarının tikintisi isə bu istiqamətdə çox önəmli addımdır, iki məqsədi güdür - həm infrastruktur yaxşılaşır, həm insanlar işə cəlb olunur”. Onu da qeyd etmək istəyirəm ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda avtomobil yollarının tikintisini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədilə iki min nəfərdən artıq işsiz vətəndaş müvafiq işlə təmin edilib.
Hazırda regionlarda yol infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklər uğurla davam etdirilir. Bu tədbirlər öz növbəsində bölgələrin inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, avtomobil nəqliyyatının, eləcə də əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Onu da əlavə etmək yerinə düşərdi ki, ölkə başçısının yerli istehsalın daha da gücləndirilməsi istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti yolların tikintisi, yenidən qurulması və təmiri zamanı ancaq yerli tikinti materiallarıdan istifadə edir.
Son illər dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilmiş Bakıda nəqliyyatın intensivliyinin artması küçə və yollarda kəskin tıxacların yaranmasına səbəb olmuşdur. Ölkə başçısı İlham Əliyev bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə geniş proqramın hazırlanması ilə bağlı konkret tapşırıq vermişdir. Ötən illərdə dövlət başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında məlum sərəncamlarının icrası məqsədilə piyadaların və nəqliyyatın sıx olduğu ərazilərdə bir sıra yeraltı və yerüstü piyada keçidləri inşa olunmuşdur. Xüsusi zövqlə və dizaynla inşa edilmiş və ən müasir avadanlıqlarla təhciz olunmuş keçidlər piyadaların rahatlığına şərait yaratmaqla yanaşı, arxitektura baxımından da diqqəti cəlb edir.
2015-ci ildə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən paytaxt Bakıda avtomobil nəqliyyatının hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyır. Belə ki, Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində “Ramstore” yol qovşağında, İnşaatçılar prospekti ilə Nəriman Nərimanov və Naxçıvani küçələrinin kəsişməsində “Statistika” dairəsində, Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində “Qələbə” kinoteatrının qarşısındakı dairədə, 20 Yanvar və Sulutəpə dairələrində, həmçinin Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində yerləşən yol qovşağının alt hissəsində aparılan yenidənqurma işləri öz müsbət nəticələrini vermiş və sözügedən ərazilərdə avtonəqliyyat sıxlığının azalmasına imkan yaradıb. Bütövlükdə isə ötən il Bakı şəhərində ümumi uzunluğu 112,1 kilometr təşkil edən 42 küçə və prospektdə təqribən 440 min kvadratmetr sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yeri gəlmişkən, ötən il paytaxtımızda və regionlarda 1739 ədəd yol nişanı, 11903 ədəd siqnal dirəyi, 58 ədəd məlumatverici lövhə, 33844 paqonometr isə əyrixətli tirlər quraşdırılmış və bərpa edilib.
2015-ci ilin iyun ayında I Avropa Oyunlarnın Azərbaycanda keçirilməsi tariximizə qızıl hərflərlə yazılacaq mühüm əhəmiyyətli hadisə idi. Bu mötəbər idman tədbirinin yüksək səviyyədə və uğurla həyata keçirilməsi üçün bütün qurumlar kimi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin də üzərinə mühüm vəzifələr düşürdü. I Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində daxili investisiya hesabına Bakı Su İdmanı Sarayı ərazisundə ümumi uzunluğu 6,6 kilometr olan 4-5 hərəkət zolaqlı bağlantı yollarının və Bayıl bulvarına çıxışa imkan verən 226 metr uzunluğunda piyada keçidinin, Olimpiya Stadionu ətrafında ümumi uzunluğu 14,8 kilometr olan 4-6 zolaqlı yeni yolların və Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun, Stend Atıcılığı İdman Kompleksinədək uzunluğu 1,4 kilometr, eni isə 21,5 metr olan yolun və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yol-körpü kompleksinin tikintisi işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Bütövlükdə isə həmin vaxt “Azəryolservis” ASC-nin tabeliyində olan idarə və müəssisələr tərəfindən ümumi uzunluğu 53,4 kilometr təşkil edən 16 prospekt, küçə və avtomobil yolunda 439,5 min kvadratmetr sahəyə asfalt örtük döşənib.
Bununla belə, qarşıda görüləsi işlər hələ çoxdur və bu məsələ dövlət başçımızın da xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “Biz Bakıda son vaxtlar şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün çox böyük işlər görmüşük. Körpülər salınıb, yollar genişləndirilib, yolötürücüləri tikilib. Əgər biz bu işləri görməsəydik, indi şəhər tıxac içində boğulardı. Ancaq bundan sonra daha da məqsədyönlü və düşünülmüş işlər aparılmalıdır. Proqram şəklində, yəni pərakəndə qaydada yox. Hansı yollar harada açılmalıdır, harada köçürmələr olmalıdır. Bu il bax, bu sahəyə çox ciddi diqqət verilməlidir”.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa və meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramların, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının icrasının təmin edilməsi ilə əlaqədar avtomobil yollarının mühafizə zolağında 2015-ci il ərzində 254 min 894 ədəd müxtəlif növ ağac və bəzək kolu əkilib. Hazırda avtomobil yollarının mühafizə zolağında olan ağac və kolların sayı 1 milyon 92 min 300 ədəd təşkil edir. Göründüyü kimi, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Həyata keçirilən tədbirlər bu sahəyə investisiya qoyuluşunun, beynəlxalq yükdaşımalarının və ticarət potensialının artmasına, yeni iş yerlərinin açılmasına, eləcə də, turizmin inkişafına əlverişli şərait yaradır. Dövlət qayğısına əməli işlə cavab verən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin çoxminli kollektivi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə yol infrastrukturunun yeniləşdirilməsi ilə bağlı imzaladığı sənədlərdən, tövsiyə və tapşırıqlarından irəi gələn vəzifələrin icrası istiqamətində bundan sonra da əzmlə çalışacaq.
Saleh MƏMMƏDOV,
“Azəryolservis” ASC-nin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.