Qeyri-neft sektorunun inkişafı və vergi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə   həsr olunan iclasında,  Prezidentin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə və  regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadiyyatımızdakı  mövcud durum geniş dəyərləndirilmiş və  qarşıya çox mühüm vəzifələr qoyulmuşdur.

Cənab İlham Əliyev qeyd etmişdir ki, “2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşmiş, dünya iqtisadiyyatı hələ ki bu böhrandan çıxa bilməmişdir. Buna baxmayaraq, 2015-ci ildə Azərbaycanda bir çox məsələlər öz həllini tapmışdır. Keçən il bizim iqtisadi inkişafımız təmin edilmişdir. Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumi daxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1,1  faiz artmışdır. Ancaq indiki vəziyyətdə neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alaraq, hesab edirəm ki, bu, müsbət nəticədir. Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8,4 faiz artmışdır. Bax, budur, əsas göstərici. Çünki bu, onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir”.

Cənab Prezident onu da qeyd etmişdir ki, ölkə iqtisadiyyatında xüsusilə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır. Son illər ərzində bu istiqamətdə böyük işlər aparılmışdır... Bununla belə, iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə də iqtisadi sahədə əsas prioritet olacaqdır.

Prezident İlham Əliyev demişdir: “Verginin sahibkarlara münasibəti və başqa aidiyyatı olmayan qurumlar tərəfindən əsassız yoxlamalar sonda səbəb olmuşdur ki, bir çox sahibkarlar öz işlərini düzgün qura bilməmişlər.  Belə ki, bəzi hallarda sahibkarın yanına gəlib deyirlər ki, sən filan qədər verməlisən.Yəni, dövlətə verməlisən, mən bunu nəzərdə tuturam.Bəzən yəqin ki, başqa hallar da var. Amma bu da sahibkarları narahat edir. Çünki sahibkar əldə etdiyi gəlirə görə vergi verməlidir. Ona görə də burada uçot ən vacib məsələdir. Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər və kənd təsərrüfatına, emal sənayesinə, sənaye materiallarının istehsalına vəsait qoymalıdırlar”.

Möhtərəm Prezidentimiz İlham Əliyevin nitqlərindən irəli gələn vəzifələr, mövcud vəziyyət, iqtisadiyatımız üçün bu gün aktual olan problemlər  hər birimizi  düşündürür və bu səbəbdən də  reallıq  səylərimizi birləşdirməyi diktə edir. 

Maliyyəçi olaraq, ilk növbədə qeyd etmək istərdim ki,  keçən dövr ərzində biznes  fəaliyyəti ilə məşğul olan bir sıra şirkətlər, vergi və s. yoxlama səlahiyyəti olan dövlət orqanlarının, cənab Prezidentin də qeyd etdiyi bu yanaşmalardan istifadə edərək, təəssüf ki,  elementar uçot qaydalarına  düzgün əməl etməmişlər. Bəli, bir daha qeyd edirəm, buna, bir tərəfdən vergi yoxlaması ilə bağlı olan yanaşma səbəb olurdusa, digər tərəfdən də  deyərdim ki, sahibkarların əksəriyyətinin biznesin idarə edilməsinə dair bilgilərinin —təhsillərinin olmaması səbəb olmuşdur. Bir çox hallarda isə mücərrəd  düşüncəyə sahib olan kapital sahibləri onlara qohumluq çərçivəsindən kənara çıxmağa imkan verməmiş, öz bizneslərini ölkədə mövcud olan kənar savadlı kadrlara etibar etməmişlər. Nəticədə əksər şirkətlərin rəhbərlərinin, iqtisadiyyatdan və idarəetmədən uzaq peşə sahiblərinin olduğu meydana çıxmışdır. Onlar da aidiyyatı kadrlara öz aspektlərindən yanaşaraq, çalışdığı sahənin terminologiyasından belə xəbəri olmayan kadrları işə cəlb etmişlər. Ən əsası da maliyyə-uçot işçilərini. Əgər aidiyyatı qurumlar öz işlərinə mövcud qanunların tələb etdiyi səviyyədə yanaşarlarsa, inanın ki, bu işin məsuliyyətini dərk edən kənar peşə sahiblərinin heç biri bu məsuliyyəti gözə almaz.  Bununla belə,  cənab Prezidentimizin son iclaslarda verdiyi tapşırıq, tövsiyə və göstərişləri rəhbər tutaraq bir mütəxəssis olaraq təklif edərdim ki, mövcud vəziyyəti dəyərləndirib aparılan islahatlar çərçivəsində aşağıdakı məsələlərin  diqqətə alınması müsbət olardı:

Maliyyə və İqtisadiyyat nazirlikləri ölkənin iqtisadiyyat institutlarını və  bütün sahələr  üzrə xüsusi təcrübəyə malik sərbəst maliyyəçiləri də (nəzəriyədən kənar, işin içərisində olan mütəxəssisləri) dəvət etməklə, xüsusi bir komissiya yaradılsın.Komissiya mövcud iqtisadi durumu nəzərə alaraq qısa zamanda  bu sahədə  fərdi yox, kompleks inkişaf proqramının işlənilməsini hazırlayıb Prezidentə təqdim etsin.

Vergi qanunvericiliyin nəzərdə tutduğu aspektdən, sahibkarlığa kömək məqsədi ilə, özünün səyyar yoxlamaları vasitəsi ilə ölkədə  uçot sisteminin yaxşılaşdırılması və keçən dövr ərzində  yaranmış ikili uçot sisteminin aradan qaldırılması yönündə səylərini gücləndirsin.Gələcəkdə qurulmuş vahid,  rəsmi elektron hesabatlar əsasında hüquqi şəxslərin səyyar vergi yoxlamalarını vergi idarələrinin özündə (kameral vergi yoxlamaları kimi) aparılması üzərində iş aparsın.Yəni yoxlamaların müəssisələrdə aparılmasına (hesabatlarında anlaşılmazlıq, yaxud haqqında şikayət olan müəssisələr və s. istisnalar olmaqla) son qoyulması üçün addımlar atılsın. Təbii ki, verginin qurduğu yeni elektron sistem bütün hallarda buna imkan yaradır. 

İqtisadiyyatda rəqabət mühitinin formalaşdırılması üçün təxirə salınmadan qanunvericilik bazası yaradılaraq, icrası təmin edilsin.

Monopoliya götürülməklə mövcud durumla əlaqədar kömrükdə olan yüksək rüsum dərəcələrinə yenidən baxılsın və  yüksək təlabatlı mallara görə  rüsumlar müvəqqəti olaraq azaldılsın (sonradan ölkə daxili istehsal olunan malları qorumaq üçün rüsum dərəcələrinə dövrü olaraq yenidən nəzər salmaqla). Xaricdən gətirilən mallar ölkə içi mövcud bazar  qiymətləri  ilə  yox,  təqdim olunmuş sənədlər əsasında alış dəyərləri ilə rüsuma cəlb edilsin. Qeyd etməliyik ki, əgər yüksək təlabatlı malların rüsum dərəcələri azaldılmasa, monopoliya ləğv edilsə də belə, ölkədə bu mallarının bolluğuna nail ola bilməyəcəyik. İndiki durumda bu vacib məsələdir və nəzərə alınması  müsbət olardı.

İqtisadiyyatın bütün sahələrini əhatə edəcək və  əmək qabiliyyətli insanları işlə təmin edəcək istehsalyönümlü müəssisələrin çoxaldılması və bununla paralel iqtisadiyyatda idxal-ixrac məhsullarının tələb və təklifə uyğun balanslaşdırılması, istehsalı, satışı və emalı üzrə tədbirlər surətləndirilsin. Ən əsası da yerli istehsalçıların istehsal maraqlarının yüksək səviyyədə qorunması və istehsal etdikləri məhsul növünün xaricdən idxalı, tələbi aşmaması təmin edilsin.

Ölkəmizə investisiya yatırmaq istəyən xarici iş adamlarına münbit şəraitin  formalaşdırılması ən yüksək səviyyəyə çatdırılsın.Onların ölkəyə gəlişi, qeydiyyatı  və göstərmək istədikləri fəaliyyət növünə uyğun olaraq əmlakın və torpağın qeyd-şərtsiz, dərhal ayrılması üçün bütün hüquqi və iqtisadi bazanı təmin edəcək vahid  pəncərə sistemi möhkəmləndirilsin.

Sahibkarlara (ən əsası da istehsalla bağlı) keçmişdə yüksək faizlə verilmiş mövcud kredit borcları araşdırılsın.Yaxşı olar ki, istifadəsi zamanı təyinatına uyğunluğu sübut olunan və obyektiv səbəblərdən qaytarmaq imkanı olmayan sahibkarların kredit borclarına amnistiya verilməsi üzrə aidiyyatı qurumlar hökümət qarşısında məsələ qaldırsınlar.Veriləcək kreditlərin təyinatlarına uyğun istifadəsinə nəzarət mexanizmi işlənilsin və  bu mexanizmdə nəzarət səlahiyyəti krediti verən qurumlardan alınıb neytral bir quruma həvalə edilsin. Bunu eyni zamanda son dövrdə respublikada fəaliyyət göstərən bankların durumu tələb edir.

Qeyri-neft sektorunun inkişafına təsir edən amillərdən biri və deyərdim ki ən əsası, mövcud olan bəzi vergi növlərinin vergi dərəcələrinə  yenidən baxılması gündəmə gətirilməlidir. Elə bilirəm, artıq bunun zamanı gəlmişdir. Yaxşı olardı ki, ilk növbədə mənfəət vergisi (20 faiz), əmək haqlarına görə sosial sığorta fonduna ayırmalar (22 faiz), əlavə dəyər vergisi (18 faiz) kimi vergilərin vergi dərəcələrinin azaldılması yönündə (30-40 faiz) iş aparılsın. Yəni vergi dərəcəsi elə bir həddə olmalıdır ki, hər kəs vergini ödəməkdə maraqlı olsun. Deyərdim ki, vergidə yaranmış  əksər neqativ hallara  və ikili uçotun yaranmasına səbəb  əsasən də  bu vergi dərəcələrinin yüksək olmasıdır.

Yaxşı olardı ki, qeyd olunan vergi növləri üzrə azaldılmış faiz dərəcələrini kompensasiya etmək üçün respublikada mövcud olan vergi növlərinə yeni bir vergi növü – dəbdəbə vergisi daxil  edilsin. Bu isə özlüyündə, həm büdcə gəlirlərinin artmasına, həm də insanların öz vəsaitlərini bəhslə, mənasız dəbdəbələrə və izafi yerlərə xərcləməsinin qarşısını almış olar.

Kənd təsərrüfatının inkişafını təmin etmək üçün öncə torpaq onu becərənə qaytarılmalıdır. Bilirik ki, 1995-ci ildə torpağın özəlləşdirilməsindən pay alan kəndlilər, öz ehtiyacları  üzündən vaxtilə həmin pay torpaqlarını su qiymətinə yerlərdə möhtəkirlərə satmışlar. Yaxşı olardı ki, həmin yeni torpaq  sahiblərinin əksəriyyəti tərəfindən becərilməyən torpaqlar və örüş yerləri inventarizasiya olunub yenidən sahiblərinə qaytarılması yönündə işlər aparılsın. Bundan sonra isə torpaq vergisi (kəndli onsuz da başqa bütün vergilərdən azadddır) nəzərə çarpacaq dərəcədə artırılmalıdır ki, torpaq boş dayanmasın.

Ölkədə yenicə qəbul edilmiş “Korporasiya haqqında” Qanundan istifadə edib iri fermer təsərrüfatlarının  formalaşdırılmasına nail olunsun.

Kooperasiya  ilə bağlı məsələni  özəlləşdirmənin ilk illərində  Nazirlər Kabinetindəki iclasların birində qaldırmağımız təpki ilə qarşılansa da, (guya bu yenidən kolxozlaşma demək olardı), nəhayət  gec də olsa, bu qanun keçən ilin axırında qəbul olundu. İlk öncə bu qanunun işə keçməsi üçün fermerlər arasında iş aparılmalıdır.Çünki ölkəmizdə əhaliyə düşən kənd təsərrüfatı üzrə yararlı torpaq sahəsi bir çox ölkələrdəki göstəricilərdən çox aşağıdır. Məsələn, cənub rayonlarında bu göstərici 0,6 hektardır. Bu baxımdan da həmin sahəyə çəkilən xərc və tələb olunan texnikanın alınması imkansızdır. Ona görə də bu baxımdan kiçik fermer təsərrüfatlarının daha böyük iqtisadi gücə malik olmaları üçün maksimum səviyyədə  könüllülük əsasında birləşməsi yolunda bütün imkanlar işə salınmalıdır.

Azərbaycanda kənd təsərrüfatının inkişafında ilk olaraq istehsalçı ilə istehlakçı arasında olan boşluğu bütün mövcud imkanlarla tam təmin etmək lazımdır. Yəni, bütün kənd təsərrrüfatı məhsulları üzrə emal və tədarük məntəqələrinin formalaşdırılmasını təmin etmək ki, kəndli becərdiyi və yetişdirdiyi məhsulun  əlində qalmayacağı zəmanətini almış olsun. Bir sözlə, yetişdirəcəyi məhsulun alıcısı   bəri başdan  bəlli olmaqla, mövsumun əvvəlində müqavilə bağlamış olsun.

Emal müəssisələrinin yaradılması üçün bu yöndə olan həqiqi iş adamlarına Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən və banklardan faizsiz kreditlərlə köməklik edilsin.

İnformasiyaya bağlı strukturlar tərəfindən kütləvi informasiya vasitələrində iqtisadiyyatla bağlı mütəmadi olaraq “dəyirmi masa”lar təşkil edilməsi və buraya iqtisadiyyatın bütün sahələri üzrə sərbəst mütəxəssislərin  dəvət olunmaları  təmin  edilsin.

Cəmşid DƏRƏLƏYƏZLİ,
maliyyəçi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında