Azərbaycan üzləşdiyi iqtisadi çətinlikləri uğurla dəf etməyə qadirdir

(əvvəli linkdə)

 


 

Hökumət inkişaf etmiş ölkələr və dünya ticarət markalarına sahib şirkətlərlə birbaşa danışıqlara başlamaqla, zəmanətçi rolunda çıxış edərək, müasir bazarın konyukturasına uyğun məhsullar istehsal edən müəssisələrin yaradılmasında sahibkarlara yardımçı olmalıdır. Bu zaman siyasi motivlərin rolu sıfıra endirilməlidir.

Sahibkarlıq fəaliyyətinə inzibati müdaxilələri azaltmaq məqsədilə, hökumət tənzimləyici funksiyasını qaydaya salmalıdır. Hüquqi və fiziki şəxslərin qeydiyyatı ilə bağlı “vahid pəncərə” prinsipi, ASAN xidmətin yaradılması və göstərdiyi xidmət çeşidlərinin günbəgün genişləndirilməsi bu müdaxilələrin xeyli hissəsini aradan qaldırsa da, ölkə başçısının da zaman -zaman tənqid etdiyi bəzi bürokratik əngəllər aradan qaldırılmalı, iqtisadiyyatın şaxələndirilməsi yolundakı istənilən müdaxiləyə son qoyulmalıdır.

Ötən illərdən fərqli olaraq builki dövlət büdcəsindəki kəsirin nisbətən yüksək olması profisit gəlirləri əngəlləyə bilər. Bu müsbət haldır və xərclərin təyinatı üzrə yönəldilməsinə şərait yaradan amil olacaq. Lakin bu hal büdcə xərclərinin şəffaflığının təminatçısı ola bilməz. Azərbaycanın indiki iqtisadi durumunda xərclərin şəffaflığı olduqca vacibdir. Çünki şəffaf olmayan büdcə vəsaitləri korrupsioner məmurların eybəcər niyyətlərini gerçəkləşdirməklə, dolayısı ilə bazara yönəldilməklə nəzarətsiz pul kütləsinə çevrilərək, qıtlığa səbəb olan əsas amillərdəndir.

2016-cı il üçün nəzərdə tutulmuş subsidiyaların  ayrılması zamanı onların təyinatlılığı — məqsədyönlülüyü maksimum təmin edilməlidir. Kənd təsərrüfatının subsidiyalaşdırılması siyasət xarakterli olmalıdır və bu, kənd əhalisinin torpağa bağlılığına xidmət etməlidir. Bu zaman, dövlətin, ümumilikdə, ölkə əhalisinin maraq dairəsində  sosialyönümlü məhsul istehsal edən fermerlərin maraqları önə çəkilməli, yeni texnologiyaların tətbiqi və mənimsənilməsi, mütəxəssislərin hazırlığı və s. tədbirlərə üstünlük verilməlidir.

 Ümumiyyətlə, atılan addımlar deməyə əsas verir ki, son illərdə ölkədə bu istiqamətdə düşünülmüş qabaqlayıcı proqramlar var. Azərbaycanda nəqliyyat, elektrik enerjisi, su və təbii qazın qiyməti digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Yaxın gələcəkdə Azərbaycanın DTT-yə (Dünya Ticarət Təşkilatı) üzvlük niyyəti və ölkədə neft-qaz məhsullarının daxili satışı və bazar iqtisadiyyatı prinsipləri ilə işləyən enerji istehsalı və satış şirkətlərinin    neçə illərdir ki, subsidiyalaşdırma qaydası ilə işləməsi və onların səmərəsiz (rentabelsiz) fəaliyyəti bu istiqamətdə dövlət strategiyasının hazırlanması vaxtının çatdığından xəbər verir.

Subsidiyaların 10 faizlik həddi aşmaması barədə DTT-nin tövsiyəsi iqtisadi baxımdan arzuolunandır. Məlumdur ki, inkişaf etmiş ölkələrdə subsidiyaların həcmi ÜDM-lə münasibətdə 2 - 3 faiz arasında tərəddüd edir və əsasən elmi tərəqqiyə istiqamətləndirilir. Bu baxımdan hökumət tədricən rentabelsiz sahələrə birbaşa və ya dolayısı ilə yönəltdiyi subsidiyalaşmanı məhdudlaşdırmalıdır.

Korrupsiya. Tarixi faktlara istinad edəndə, məlum olur ki, korrupsiya bəşəriyyətlə yaşdaş olmasa da, ən azından səlahiyyətin mövcudiyyəti ilə daban - dabana bu günümüzə qədər gələ bilmişdir. İqtisadi termin kimi korrupsiya -vətəndaşın ictimai vəzifəsindən tamah məqsədi ilə istifadə etməsi kimi başa düşülür. Korrupsiyaya uğramış kəs, dövlət idarəetmə orqanlarındakı bürokrat da (onda ona dövləti korrupsiya deyilir), siyasi xadim də (siyasi korrupsiya), özəl müəssisədəki menecer də (özəl sektorda korrupsiya) ola bilər. Mahiyyət etibarilə korrupsiya rüşvət və qiymətli hədiyyə ilə yanaşı, məşğulluqda qohumbazlıq və s. ibarətdir.

Amerikanın məşhur korrupsiya nəzəriyyəçisi Robert Klitqardın təklifinə görə korrupsiya = inhisar+arxayınlıq - hesab verməkdir. Yəni, bu və ya digər şirkətə xidmət göstərilməsində bürokratın inhisarçılığı, himayə edilməsi və eyni zamanda onun üstündəki nəzarətsizlik korrupsiyaya şərait yaradır. Korrupsiya “tərbiyəsiz hərəkət” hesab edilməklə, onun nəticəsində cəmiyyətdə sosial mənəviyyatsızlıq hökm sürür.

Korrupsiyanın yaratdığı problemlərin həll edilməsi vacib məsələlərdir ki, onları aradan qaldırmadan iqtisadi və demokratik  inkişafa nail olmaq mümkün deyil. Həm siyasi sistemi, həm iqtisadiyyatı və həm də gündəlik həyat tərzimizi kökündən dəyişməliyik. Bunun üçün təkcə inzibati və hökumət tədbirləri kifayət etməz. Çünki, bu amil həm təşkilatın quruluşu və mədəniyyətilə, həm də iqtisadi inkişaf və yoxsulluqla əlaqəli sistem kimi təzahür etməklə, qanunların çevikliyi və səmərəliliyi ilə uzlaşır.

Korrupsiyaya ugramış vətəndaş üçün bu hərəkət həyat tərzi olduğundan, korrupsiya sosiallaşır, normaya çevrilir. Əslində, utanc gətirməli bu faktla mübarizədə hökumətlə yanaşı, KİV mənsublarının, ziyalıların və dini qurumların izahlarına və əhalinin mənəvi zənginləşməsinə ehtiyac var. Nəhayət, korrupsioner dərk etməlidir ki, onun lümpenə (sosial döyülmüş) çevirdiyi vətəndaşın sabahkı hədəfi elə onun özü olacaqdır. Ən azından lümpen kasıb qapısı döyməkdə faydasızlığı dərk edir.

Subsidiyalaşma səmərəsiz məşğulluqla yanaşı, korrupsiyaya da rəvac verən amildir. Bu iqtisadi eybəcərliklə mübarizə aparmaq üçün hökumət ciddi institusional dəyişikliklərə nail olmalıdır. Bunun üçün ilk olaraq, ölkədə formalaşmış milli burjuaziyanın milyardlarla manatdan artıq vəsaitlərini leqallaşdırmaq, toxunulmazlığına zəmanət verməklə onun dövriyyəyə buraxılmasını təmin etmək lazımdır. Hansı yolla əldə edilməsindən asılı olmayaraq, bu vəsaitləri toplaya bilmiş şəxslər bu və ya digər müəssisəni həm yarada və həm də inkişaf etdirə bilərlər.

Bunun üçün hazırda dövlət idarəetmə sahəsində fəaliyyət göstərən yetərincə praqmatik təfəkkürə malik korrupsiyalaşmış vətəndaşlarımız dövlət strukturlarından kənarlaşdırılmalı; onların karyerasını qoruma missiyasını həyata keçirən konservativ həlqələr pozulmalı, yeni düşüncə tərzinə sahib, əsasən yüksək biliyə malik, vətənpərvər gənclərdən ibarət yeni idarəetmə strukturları formalaşdırılmalıdır.

Korrupsiyalaşmış iqtisadi mühit ölkəyə investisiya qoyuluşunu birmənalı dəstəkləmədiyindən, iqtisadi inkişaf tempinin aşağı düşmə təhlükəsi yaranır və nəticədə, bu amil iqtisadi və siyasi stabilliyin pozulmasına rəvac verir. “Korrupsiya təkcə hamımızın bölüşdüyü ümumbəşəri demokratik dəyərləri deyil, mədəni, dini, etik, mənəvi dəyərləri də sarsıdır. Bizim hər birimiz korrupsiyanın insanların həyatında doğurduğu acı təzahürlərdən, demokratik təsisatların, iqtisadiyyatın, sosial tərəqqinin inkişafına yaratdığı əngəllərdən və mənfi nəticələrdən xəbərdarıq”. – Bu barədə Preziden Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev “Korrupsiyaya qarşı mübarizə və keçid dövrü ölkələrində islahatlar” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı bəyan edib.

Vergi-hesabat intizamı sahəsində Azərbaycanda mövcud vəziyyət. Vergi islahatları, demək olar ki, hər gün bir daha təkmilləşdirilməklə, inzibatçılıqdan siyasətə çevrilir və inkişaf etmiş ölkələrin vergi standartlarına uyğunlaşdırılmaqdadır. Bununla yanaşı, Azərbaycanın iqtisadi strategiyası və bu strategiyaya uyğun iqtisadi islahatlar çevik vergi islahatlarının aparılmasını tələb edir. Vergi islahatlarının əsas məqsədi müasir insanın təfəkkür tələblərinə uyğunlaşdırılmaqla, əsasən vergiqoymanın eyniləşdirilməsinə, ümumi vergi yükünün azaldılmasına və vergi sisteminin sadələşdirilməsinə xidmət etməlidir. Hazırkı mərhələdə bunlara nail olmaq üçün bu gün aşağıdakı şərtlər daha aktual görünür:

– sadələşdirmək məqsədilə  vergi qanunlarının təkmilləşdirilməsi;

– vergi sistemində stabilləşmə və şəffaflığın təmini;

– təşkilatların və istehlakçıların iqtisadi qərarlarına vergi sisteminin neytrallıq səviyyəsinin yüksəldilməsi;

– intizamlı vergi ödəyicilərinin ümumi vergi yükünün azaldılması;

– təbii sərvətlərdən istifadə ilə əlaqədar vergilərin büdcəyaratma əhəmiyyətinin artirilması;

– ətraf mühitə mənfi təsir göstərən bütün növlər üzrə ekoloji vergitutma sisteminin yaradılması;

– vergi güzəştlərinə yenidən baxmaqla, onların əksəriyyətinin ləğv edilməsi;

– subyektlərə fərq qoyulmadan,  sərt və operativ nəzarət həyata keçirərək, vergi qanunçuluğuna riayət etməklə, “kölgəli” iqtisadi əməliyyatları ifşa etməklə, vətəndaşların və təşkilatların məsuluyyətlərinin yüksəldilməsi;

– vergi xidmətlərinə məlumat verilmədən, bank hesablarının açılmasına qarşı mübarizə aparılması.

Bütün bu sadalananlar həyata keçirilərsə, vergi ödəyicilərinin qorunması xeyli güclənər, investisiya mühiti yaxşılaşar, kapitalın leqallaşmasına təkan olar.

Qeyd: “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı”nın icrası ilə əlaqədar tərtib edilmiş İş Planı deməyə əsas verir ki, sadaladığım prioritetlərin bir çoxu Vergilər Nazirliyinin perspektiv tədbirlər planına daxil edilmişdir.

Beynəlxalq vəziyyət. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, neftin qiymətinin dünya bazarındakı hazırkı düşüşü iqtisadi amilləri deyil, daha çox siyasi amilləri ehtiva edir. 2015-ci ilə qədər dünya iqtisadiyyatı əndişə içində vurnuxmadaydı. Rusiya ekspertlərinin araşdırmalarında bildirilirdi  ki, ABŞ neokonservativ tədqiqat institutu ilə birlikdə qənaətə gəlmişlər ki, dünya neft sənayesində Fars körfəzi ölkələrinin, xüsusən də Səudiyyə Ərəbistanının rolunu azaltmaq lazımdır.  Bu konsepsiyanın mərkəzində uzunmüddətli neft ehtiyatlarına malik Rusiya və İraqda istehsalın genişləndirilməsi durur.

Bunun üçün Qərb sərmayəçilərini Rusiyaya cəlb etmək və İraqda siyasi hakimiyyəti devirmək lazım idi. Nəhayət, “ərəb baharı” köməyə çatdı. Neft hasil edən ölkə rəhbərləri neft bazarına diqtə imkanlarını itirdi. Hakimiyyətdə yalnız Qərbin “dirijor çubuğuna baxan” rəhbərlər qala bildi. Ələlxüsus, Rusiyanın Ukraynaya təcavüzü və Krımın ilhaqı o günə qədər gedən gizli prosesi açıq müstəviyə çıxardı.

Azərbaycanda vəziyyət. Dünyada baş verənlər Qərbin gözündə Azərbaycanı daha cəlbedici edir. Təbii ki, bu “cazibədarlıqda” bizim mental dəyərlər, tolerantlığımız, sosial-psixoloji durumumuz, torpaqlarımızın bütövlüyü, dövlətçilik ənənəmiz və s. rolundan danışmağa dəyməz. Bu gün bizlərə dəyər gətirən əsas amil karbohidrogen ehtiyatlarımız, yəni Abşeron yarımadası və Xəzərin Azərbaycan sektorudur. Təbii ki, bu maraq dairəsi Azərbaycan dövlətimin və xalqının maraqları ilə üst-üstə düşə bilməz.

Karbohidrogen ehtiyatları məhdud olan inkişaf etmiş ölkələrin tərəqqi tendensiyasını öyrənəndə məlum olur ki, bu dövlətlərin inkişaf xətti, əsasən, inkişaf etmiş vətəndaşdan və texnologiyalaşmadan keçir. Bu baxımdan siyasi düşuncə tərzindən və vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşımızı, ilk öncə, Azərbaycanın gələcəyi düşündürməlidir.

Sonda bildirək ki, sabitlik və rifah dövlətin və cəmiyyətin maraqları üst-üsə düşən zaman mümkün olur. Sivil, demokratik cəmiyyətin formalaşması öz-özünə və ya yalnız dövlətin iradəsi əsasında deyil, hər bir şəxsin fəal vətəndaş mövqeyi təməlində baş tutur. Belə bir cəmiyyətdə yaşamaq arzularımızı gerçəkləşdirmək istəyiriksə, hər birimiz özümüzə hörmətdən başlamaqla, müsbət milli dəyərlərimizi qoruyaraq, həyata mövcud baxışlarımızı  dəyişməliyik.

Ölkəmiz üçün növbəti sınaq günlərində gəlin ümumölkə maraqlarını hər şeydən uca tutaq! Bir suala vətəndaş kimi cavab tapaq: bu gün bizim hər qəpiyimiz Azərbaycanın xeyrinə iş görməli deyilmi?!

Məhərrəm BAĞIRLI,
Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin
şöbə məsləhətçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında