Dövlət qayğısı sahibkarları ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verməyə ruhlandırır

Dünyanı bürüyən maliyyə böhranının ölkəmizə təsirini azaltmaq, iqtisadiyyatın neftdən asılılığını minimuma endirmək məqsədilə qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətimizin iqtisadi strategiyasının  prioritet istiqamətidir. Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə konkret işlər görülür, geniş antiböhran tədbirləri həyata keçirilir.

Əslində Azərbaycanın əvvəlki  böhranlı illərdə olduğu kimi, bu dəfə də çətin iqtisadi şəraitdən, qlobal maliyyə böhranından üzüağ çıxmaq üçün hərtərəfli imkanları, geniş resursları var. Bu, hər şeydən əvvəl əsası xalqımızın ümummilli lideri  Heydər Əliyev tərəfindən işlənib hazırlanmış islahatlar və uzunmüddətli inkişaf strategiyası ilə bağlıdır. Heydər Əliyev müstəqilliyini yenicə əldə etmiş respublikamıza rəhbərliyə başlayanda bazar iqtisadiyyatı yolunu gələcək inkişafımızın təməl prinsipi kimi seçmişdir. Sonrakı illərdə bu istiqamətdə sonsuz qətiyyət nümayiş etdirən ulu öndər Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur.

Bu gün müstəqil Azərbaycanın qazandığı  uğurlar  xalqımızın ümummilli lideri Heydər Əliyevin ölməz ideyalarından güc alır. Bu böyük tarixi  şəxsiyyətin həyata  keçirdiyi  iqtisadi islahatları  hazırda onun layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev uğurla  davam  etdirir. Azad sahibkarlığın inkişafı bu islahatlar sırasında önəmli  yer  tutur. Ötən illərdə bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən Azərbaycanda özəl bölmənin inkişafı üçün əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi islahatların, özəlləşdirmə siyasətinin başlıca məqsədi də məhz bazar iqtisadiyyatına keçidin mühüm şərtlərindən olan özəl bölmənin yaradılması, ölkədə sahibkarlığın formalaşdırılması hesabına yeni iş yerlərinin açılması təşkil edirdi. Ötən illərdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadiyyatın  çoxşaxəli istiqamət üzrə inkişafının təmin edilməsi, sahibkarlığın inkişafı istiqamətində güclü siyasi iradə nümayiş etdirmişdir. Möhtərəm Prezidentimizin  “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” məramına  uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin özəl sektorun  inkişafına göstərdiyi  xüsusi diqqət və qayğının  nəticəsidir ki, son illər Azərbaycanın dinamik inkişafında  iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan  kiçik və orta sahibkarlığın rolu artmaqda davam edir.

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizdə özəl sektorun inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini bir daha bəyan etmişdir. Bu da təsadüfi deyil. Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son illərdə investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev sahibkarlığın inkişafının  iqtisadi siyasətin əsas hədəflərindən biri olduğunu dəfələrlə bəyan edərək dövlət qurumlarının özəl sektorun fəaliyyətinə qanunsuz müdaxilələrinin, habelə əsassız yoxlamaların yolverilməz olduğunu bildirmişdir. Artıq ölkədə bu istiqamətdə ciddi tədbirlərin görülməsinə başlanılıb. Hazırda qeyri-neft sektorunun, özəl bölmənin  inkişafına əngəl törətməkdə birbaşa günahı olan, sahibkarları əsassız yerə incidən və faktiki olaraq sabotajla məşğul olan şəxslər öz layiqli cəzalarını alırlar. Bütün bunlar, həmçinin bu sahədə ciddi siyasi iradə nümayiş etdirən ölkə Prezidenti  İlham Əliyevin çıxış və nitqlərində vurğuladığı məqamlar bir daha göstərir ki, dövlət başçısı  hər an sahibkarların yanındadır. Yeri gəlmişkən, möhtərəm Prezidentimizin 2015-ci il oktyabrın 20-də imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində mühüm bir addım kimi qiymətləndirilməlidir. Bununla da, ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılmışdır. Heç şübhəsiz, bu qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək üçün tarixi əhəmiyyət kəsb edir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması və ya bu tədbirlərin sayının azaldılması iş adamlarına öz fəaliyyətlərini tam planlaşdırmağa, ən əsası, özəl sektorun genişlənməsinə imkan yaradacaq.

Məlum olduğu kimi, Azərbaycanda bir sıra sahibkarlıq fəaliyyəti növləri xüsusi razılıq (lisenziya) vasitəsilə tənzimlənir. Sirr deyil ki, iş adamları lisenziya alarkən müəyyən çətinliklərlə üzləşirdilər ki, bu da əksər hallarda haqlı narazılığa səbəb olurdu. Elə  Prezident cənab İlham Əliyev də ölkəmizdə lisenziyaların sayının çox olmasından narahatlığını bildirmişdir. Sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan növlərinin sayının çoxluğunun, lisenziya verilməsinin mövcud prosedurlarının sahibkarlığın inkişafına əlavə çətinliklər yaratdığını nəzərə alan Prezident İlham Əliyev 2015-ci il oktyabrın 19-da  “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərman imzalamışdır. Artıq bu istiqamətdə də konkret tədbirlər həyata keçirilmiş, ötən ilin noyabr ayından etibarən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində sahibkarlıq fəaliyyəti üçün lisenziyaların verilməsinə başlanılmışdır. Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı sənədlər, verdiyi tapşırıq və tövsiyələr  sahibkarlığın inkişafında yeni mərhələnin başlanmasını sübut edir. Heç şübhəsiz, Azərbaycanda özəl bölmənin inkişafına dövlət dəstəyinin növbəti təzahürü olan son islahatlar, qəbul olunmuş mühüm qərarlar, imzalanmış sənədlər sahibkarlığın inkişafında kifayət qədər müsbət dəyişikliklərə gətirib çıxaracaq, sahibkarlarla dövlət qurumları arasında birbaşa ünsiyyətin azaldılmasına və yersiz müdaxilələrin tam aradan qaldırılmasına səbəb olacaq. Bütün bunlar isə bir daha deməyə əsas verir ki, sahibkarlığın inkişaf etdirilməsi indən belə də Azərbaycan dövlətinin iqtisadi strategiyasının əsas istiqamətlərindən biri olacaqdır.

Cənab İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk illərindən etibarən ölkədə yeni iş yerlərinin yaradılmasını dövlətimizin sosial-iqtisadi strategiyasının başlıca hədəflərindən biri kimi bəyan etmişdir. Ötən illərdə dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsi olaraq ölkəmizdə 1,5 milyona yaxın iş yeri açılmışdır. Bununla belə, qlobal maliyyə böhranının təsirlərinin hiss olunduğu indiki şəraitdə bəzən iş yerlərinin bağlanması müşahidə olunur.  Bu cür halların yolverilməz olduğunu bəyan edən möhtərəm Prezidentimiz işçilərin ixtisarının mümkün qədər azaldılmasını tövsiyə edərək  ölkədə iqtisadi fəallığın artırılmasının vacibliyini bildirmişdir. Məlum olduğu kimi, ötən illərdə Azərbaycanın tikinti kompleksinin işində olan canlanma yeni iş yerlərinin yaradılmasına səbəb olmuşdu. Təəssüf ki, son zamanlar inşaat sektorunda  müşahidə edilən durğunluq həmin iş yerlərinin kəskin şəkildə azalmasına gətirib çıxarmışdır. Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə qarşıdakı dövrdə görüləcək əlavə tədbirlər nəticəsində bir çox sahələrdə olduğu kimi, tikinti sektorunda da iqtisadi fəallığın artırılmasına nail olunacağımızı bəyan edən dövlət başçısı demişdir:  “Biz iqtisadi fəallığı artırmalıyıq. Təbii ki, gəlirlər azaldıqca bizim investisiya qoyuluşumuz da, dövlət xətti ilə qoyulan investisiyaların həcmi də azalır. Bu da öz növbəsində iqtisadi fəallığı müəyyən dərəcədə aşağı salır. Bu, reallıqdır, bir-biri ilə bağlı olan məsələlərdir. Ona görə, biz görüləcək əlavə tədbirlər nəticəsində iqtisadi fəallığı artırmalıyıq, həmçinin tikinti sektorunda. Bakıda, böyük şəhərlərdə və bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər. Bəzi hallarda burada iş adamları müxtəlif çətinliklərlə üzləşirlər – bürokratiya, korrupsiya. Onlara qarşı əsassız tələblər irəli sürülür. Bütün bunlar yığışdırılmalıdır. Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir”. Ölkəmizdə tikinti sahəsində həlli vacib bir sıra məsələlər də var idi ki, bunlara da ən yüksək səviyyədə, dövlət başçısı tərəfindən münasibət bildirildi.  Bu  istiqamətlərdə çox sürətli, çevik addımların atılması, bir sıra zəruri islahatların aparılması isə, heç şübhəsiz, Azərbaycanın tikinti sektorunda yaranmış durğunluğu aradan qaldıra biləcək. Eyni zamanda, bu məsələdə Prezidentin öz iradəsini birbaşa ortaya qoyması da deməyə əsas verir ki, yaxın vaxtlarda tikinti sektorunda da yeni bir era başlanacaq.

Bununla belə, iş adamları da dövlətin bu qayğısına əməli işlə cavab verməli, ölkəmizin sosial-iqtisadi inkişafında yaxından iştirak etməlidirlər. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz biz sahibkarların qarşısına mühüm vəzifələr qoyaraq demişdir: “Sahibkarlar ölkə iqtisadiyyatına daha çox vəsait qoymalıdırlar. Mən bilirəm, indi Azərbaycan sahibkarları xaricə də investisiya qoyurlar. Mən özüm də həmişə bunun tərəfdarı olmuşam, istəyirdim ki, bizim firmalar dünya bazarlarına çıxsınlar, onları tanısınlar. Ancaq indiki şəraitdə sahibkarların əsas vəsaiti Azərbaycana qoyulmalıdır. Sahibkarlar, əlbəttə, məsuliyyətli olmalıdırlar, vergiləri tam ödəməlidirlər”.

Həyata keçirilən tədbirlər, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən olunan hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.

Qərib DADAŞOV,
İş adamı, Əməkdar mühəndis


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında