Yeni quyuların qazılmasında ən müasir texniki və texnoloji yeniliklər tətbiq olunur

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının əsas icraçısı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) hazırda regional və qlobal əhəmiyyətli layihələr həyata keçirir, ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir. Yeni yataqların açılması və istismarı sayəsində enerji ehtiyatları artır, bununla da, Azərbaycanın ixrac imkanları genişlənir.

Bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsində, neft-qaz hasilatının sabit saxlanılmasında və yeni yataqların kəşf edilib istismara verilməsində SOCAR-ın Kompleks Qazma İşləri Tresti də mühüm rol oynayır.

Hazırda trestin tərkibində 6 istehsalat və (“Bulla-8 Mart-Ümid”, “Günəşli”, “Neft Daşları”, “Qaradağ-Qalmaz”, “Abşeron” və “Siyəzən”) logistika, tamponaj və anbar təsərrüfatı bölümləri fəaliyyət göstərir. Trest ölkənin quru və dəniz əraziləri üzrə Quba-Xəzəryanı, Abşeron və Kür-Qabırrı çaylararası  neftli-qazlı rayonlarında, dəniz akvatoriyası üzrə isə Bakı və Abşeron arxipelaqında SOCAR-a məxsus 15-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə ətraf mühitə ziyan vurmadan axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır. Yeri gəlmişkən, qazma işləri zamanı işçilərin sağlamlığını təmin etmək məqsədilə tam təhlükəsiz əmək şəraitinin yaradılması, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə sifarişçinin tapşırıqlarını vaxtında və keyfiyyətlə həyata keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Eyni zamanda, trest sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, ölkədə neft-qaz hasilatının sabit saxlanılması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədilə SOCAR-ın strukturuna daxil olan və böyük elmi potensiala malik olan idarələrlə sıx əməkdaşlıq edir.

Son illər Dövlət Neft Şirkəti tərəfindən ölkədə neft-qaz hasilatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir ki, bu işlərin əsas tərkib hissəsi kimi müasir qazma avadanlıqlarının alınması, dünya standartlarına cavab verən texnika və texnologiyaların qazma işlərində geniş miqyasda tətbiqi xüsusi qeyd edilməlidir. Belə ki, ən yeni texnika və texnologiyalardan istifadə edilməklə dənizdə və quruda unikal platformalar quraşdırılır, sürətli qazma işləri aparılır, yeni-yeni neft və qaz quyuları istismara verilir. Bütövlükdə isə son illər modern, dünya səviyyəli bir şirkətə çevrilmiş SOCAR-ın uğurlarından yeraltı zənginliyə yol açan fədakar qazmaçılara da xüsusi pay düşür.

 SOCAR rəhbərliyinin qazma işlərinin aparılmasına xüsusi diqqətlə yanaşması qazmaçıları ölkəmizin iqtisadi qüdrətinin artırılması və neft sənayesinin inkişafı naminə daha böyük əzmlə çalışmağa sövq edir. Məhz bunun nəticəsidir ki, ötən hər bir il qazmaçılar üçün xüsusi nailiyyətlərlə yadda qalır. Yola saldığımız 2015-ci ildə SOCAR-ın Kompleks Qazma İşləri Trestinin kollektivi ölkəmizin quru və dəniz sahələrində 111 min 106 metr qazma işi həyata keçirib. Trest üzrə 74 quyunun qazılmasına  başlanılıb, 71 quyuda qazma işləri başa çatdırılıb, eyni sayda quyu isə sifarişçiyə təhvil verilib.

Ötən il trestin kollektivi “Eldaroyuğu” sahəsində qazma işləri apararaq SOCAR tərəfindən qarşıya qoyulmuş axtarış-kəşfiyyat planını uğurla yerinə yetirib. Bütövlükdə isə son illər trestin qazmaçıları bir sıra yüksək uğurlara imza atıblar. Azərbaycan qazmaçıları tərəfindən kəşf edilib istismara verilmiş zəngin qaz-kondensat yatağı olan “Ümid” yatağında ilk kəşfiyyat quyusu da məhz Kompleks Qazma İşləri Trestinin kollektivi tərəfindən qazılıb. Xatırladaq ki, “Ümid” strukturunda yerləşən 1 nömrəli platformada qazma işləri ABŞ və Çindən alınmış müasir texniki-texnoloji tələblərə cavab verən, “Top drive” mexanizmi ilə təchiz olunan, dünya qazmaçılarının son nailiyyətlərindən sayılan müasir ZJ 70/4500DZ qazma qurğusu ilə həyata keçirilib. “Ümid” strukturunda yerinə yetirilən bu layihə qaz proqramının vacib buraxılış obyektlərindəndir. Yeri gəlmişkən, bu platforma Xəzərin Azərbaycan sektorunda mütəxəssislərimizin öz gücü ilə quraşdırdığı ilk unikal obyektdir.

“Ümid” yatağının istismara verilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsi, Dövlət Neft Şirkətinin dünya səviyyəli bir şirkətə çevrilməsinin məntiqi nəticəsidir. Şirkətin gücü ilə inşa olunmuş unikal “Ümid-1” platformasından  10 nömrəli kəşfiyyat quyusunda qazma işləri 2012-ci ilin yayında – vaxtından dörd ay əvvəl başa çatdırılıb. Həmin quyunun qazılmasında dünya üzrə qazma sahəsində mövcud olan ən son mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə edilib. Bunlardan karbohidrogen əsaslı məhlulu, quyu dibi mühərrikləri, müasir tip hidrogenişləndiriciləri və bisentrik baltaları xüsusilə qeyd etmək lazımdır. 6400 metr dərinliyədək qazılmış quyuda layihə horizontu olan məhsuldar qatın VII horizontu tam açılaraq qarşıya qoyulmuş geoloji tapşırıqlar da tam yerinə yetirilib. Xatırladaq ki, 2012-ci  ilin iyun ayından mənimsənilən 10 nömrəli quyuda gündəlik hasilat 1 milyon 200 min kubmetr qaz və 150 ton kondensat həcmindədir. Bu quyunun məlumatları “Ümid” yatağında böyük karbohidrogen ehtiyatlarının mövcudluğunu tam təsdiqləmişdir. Beləliklə də, adıçəkilən yatağın “Şahdəniz”dən  sonra ölkəmizin ən böyük qaz ehtiyatına malik yataq olması bir daha əyani şəkildə sübut edilmişdir. Məlumat üçün bildiririk ki, hazırda bu ehtiyatlar 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Ötən müddətdə, həmçinin “Ümid-1” platformasını ölkənin qaz kəmərləri sistemi ilə birləşdirmək məqsədilə yeni kəmər çəkilərək istismara verilib. Yeri gəlmişkən, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf olunmuş ilk yataq kimi “Ümid”də qazanılmış bu nailiyyət qazmaçılarımızın daha bir mühüm uğuru kimi tarixə düşmüşdür.

“Pirallahı” yatağında qazılmış 1211 nömrəli horizontal quyu da Azərbaycan qazmaçılarının mühüm uğurlarından sayılır. Bu quyunun qazılmasında dünya üzrə qazma sahəsində mövcud olan ən son mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə edilib, quyuya hazır süzgəc endirilib. Bütün bu uğurlu əməliyyatlardan sonra quyu yüksək hasilatla mədənçilərə təhvil verilib. Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından “Bulla-dəniz” yatağı da mühüm əhəmiyyət kəsb edir. Adıçəkilən yataqda yerləşən 122 nömrəli özüldən 124 nömrəli quyuda qazma işlərinin uğurla başa çatdırılması və gündəlik 1 milyon 250 min kubmetr qaz və 250 ton kondensat hasilatı ilə mədənçilərə təhvil verilməsi qazmaçıların növbəti uğurlarındandır. 3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 10 bloklu özül dənizin 26 metr dərinliyində yerləşdirilib. 124 nömrəli quyunun qazılmasında da dünya üzrə qazma sahəsində mövcud olan ən son mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə edilib.  Trest  “Bulla-dəniz” yatağında yerləşən 122 nömrəli özüldən layihə dərinliyi 6200 metr olan növbəti 125 nömrəli quyunun qazılmasına ötən ilin iyul ayında start verib. Hazırda quyuda 5 min metrdən artıq qazma işləri aparılıb. Bu quyunun da müvəffəqiyyətlə qazılıb yüksək hasilatla sifarişçiyə təhvil verilməsi üçün bütün zəruri işlər görülür.

Kompleks Qazma İşləri Tresti kollektivinin “Çilov” yatağındakı 112 nömrəli özüldə apardığı qazma işlərinin nəticəsi də ürəkaçan olub. Artıq yataqdakı 112 saylı özüldən 3 quyu qazılaraq proqnozlaşdırılandan dəfələrlə yüksək  hasilatla (sutkada 40-50 ton) mədənçilərə təhvil verilib. Hazırda isə daha bir  quyuda  qazma işləri uğurla davam etdirilir.

Bu yaxınlarda trestə işləri daha keyfiyyətli, səmərəli və təhlükəsiz yerinə yetirmək məqsədilə Çin istehsalı olan ZJ-50 və ZJ-70 tipli və ZJ-40 tipli iki ədəd mobil qazma avadanlığı alınıb. Həmin avadanlıqlar əl əməyini tam aradan qaldırılmaqla fəhlə və mühəndislərin işini xeyli asanlaşdırmaq baxımından olduqca səmərəlidir. Hətta boruların götürülməsi, alətlərin mexanikləşdirilməsi, qüllənin çəkilməsi və s. işləri də çox asanlıqla  yerinə yetirmək mümkündür. Bu avadanlıqlardan istifadə neft sənayesinə təkcə  sürət deyil, eyni zamanda, keyfiyyət, səmərə və təhlükəsiz iş şəraiti gətirib. Müasir qazma avadanlığı əvvəlkilərlə müqayisədə ekoloji cəhətdən də çox sərfəlidir. Belə ki, əgər əvvəlki avadanlıqlarla qazma posesində dənizdə çirklənmə halları qeydə alınırdısa, yeni avadanlıqla işləyərkən dənizə, zərrə qədər də olsa, zərərli tullantılar axıdılmır. Yeri gəlmişkən, müasir avadanlığın ekoloji təmizlik prosesinə kompüterlərlə tam nəzarət edilir. Hazırda ZJ-50 mobil qazma avadanlığı ilə  “Neft Daşları” yatağındakı 2585 nömrəli özüldə qazma işləri yerinə yetirilir. Digər avadanlıqlar isə “Eldaroyuğu” sahəsində axtarış quyusunun və  “Qaradağ” Qaz Anbarında yeni quyunun  qazılmasına cəlb olunub.

 Dövlət Neft Şirkəti üzrə çıxarılan ümumi neftin 65 faizindən çoxunu verən  “Günəşli” yatağında da il ərzində qazma işləri uğurla davam etdirilib. Ötən il  8 saylı özüldən 34 saylı quyu qazılaraq gündə 1 ton kondensat və 90 min kubmetr qaz hasilatı ilə istismara verilib. Bundan əlavə, “Günəşli” yatağındakı 14 və 19 saylı özüllərdən qazılıb istismara verilmiş 353 və 37 saylı quyular da məhsuldarlığı ilə seçilir. Belə ki, 353 saylı quyudan  sutkada 30 ton kondensat və 20 min kubmetr, 37 saylı quyudan isə 110 ton neft və 15 min 400 kubmetr qaz hasil olunur. Hazırda  həmin yataqdakı 8 saylı özüldən 35 saylı quyu qazılır.

Son illər ölkə əhalisinin payız-qış mövsümündə “mavi yanacaq”la təminatının yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Dövlət Neft Şirkəti tərəfindən bu məqsədlə hazırlanmış tədbirlər proqramına əsasən, ölkə ərazisində fəaliyyət göstərən yeraltı qaz anbarlarının imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Ötən il yeni ZJ-50 və ZJ-40 tipli avadanlıqların köməyilə “Qaradağ”  sahəsində 5 quyu qazılaraq sifarişçiyə təhvil verilib. Hazırda “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” sahəsində yeni quyuların qazılması davam etdirilir. 

Ölkə qazmaçıları hazırda “Neft Daşları” yatağındakı 2585, 2150,1954A və 418A saylı, “Darvin bankası” yatağındakı 720 saylı özüldə qazma işləri aparırlar. Bundan əlavə, “Qərbi-Abşeron” yatağında 54 saylı özüldən 1 saylı  horizontal quyunun qazılması üçün tikinti-quraşdırma işləri davam etdirilir.

Göründüyü kimi, müasir avadanlıqlardan, qabaqcıl texnika və texnologiyalardan istifadə edən qazmaçılar 2016-cı ildə də ölkənin dəniz və quru sahələrində axtarış və istismar qazma işlərini müvəffəqiyyətlə davam etdirmək məqsədilə bütün imkanlarını səfərbər ediblər.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında