Bu gün biz müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştirakı ilə tarixi İpək Yolunu bərpa edirik. Hazırda Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanacaq Bakı-Tbilisi-Qars dəmir yolu da tikilir ki, bu, ilk dəfə olaraq Azərbaycanı dəmir yolu vasitəsilə Avropa ilə birləşdirəcək...Yeni Beynəlxalq Dəniz Ticarəti Limanı da tikilməkdədir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaqdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Milli iqtisadiyyatın aparıcı sahəsi olan nəqliyyat sistemi istər ölkənin iqtisadi təhlükəsizliyinin etibarlı təminatında, istərsə də ölkə üzrə ümumdaxili məhsulun (ÜDM) formalaşmasında çox mühüm əhəmiyyətə malikdir. Dünya təcrübəsi sübut edir ki, bir çox ölkələr etibarlı nəqliyyat sisteminin yaradılmasını özlərinin milli iqtisadi təhlükəsizliyinin əsas təminatı kimi qəbul edirlər. Bütün bunlar isə sürətli qlobal dəyişikliklər, informasiya, inteqrasiya və s. kimi xüsusiyyətlərlə xarakterizə edilən XXI əsrdə ölkəmizdə də nəqliyyat sisteminə yeni yanaşmanı zəruri edir.
Keçmiş SSRİ dövründən fərqli olaraq ölkəmizin milli nəqliyyat sistemi Avropa və Asiya nəqliyyat sisteminə sürətlə inteqrasiya edərək Avroatlantik məkanın mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilmişdir. Ölkə başçısının sözləri ilə desək: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk... Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır”.
Bu gün ölkəmizdə artıq yeni bir nəqliyyat sistemi formalaşdırılır. Ona görə də yeni nəqliyyat sisteminin gələcək perspektivlərinin müəyyən edilməsi, bu perspektivlərin reallaşması və ümumilikdə sistemin səmərəli fəaliyyətinin təmin olunması günümüzün aktual məsələlərindən biridir.
Aydındır ki, XX əsrin sonları XXI əsrin əvvəllərindən etibarən Azərbaycan Respublikasının təşəbbüsü və fəal iştirakı ilə nəqliyyat sektorunda irimiqyaslı regional və beynəlxalq layihələr həyata keçirilməkdədir. Bu layihələrin nəticəsində, artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşmaq üzrədir ki, hər iki layihədə də ölkəmiz çox ciddi rol oynayır. Bu layihələrin reallaşmasına Azərbaycan yüz milyonlarla dollar vəsait sərf edir və layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan nəqliyyat sahəsində əvəzolunmaz mövqeyə yiyələnəcəkdir. Coğrafi vəziyyətimiz bizə bu imkanları yaradır. Biz bu coğrafi vəziyyətə infrastruktur layihələrini əlavə edirik, böyük vəsait qoyulur. Nəqliyyat infrastrukturu Azərbaycanda bu gün ən çox sərmayə alan sahədir və bu, ölkəmiz üçün çox lazımdır, biz bunu etməliyik”.
Bu sözlərdən də göründüyü kimi, ölkəmizdə nəqliyyat sektoru, tranzit daşımalar yaxın gələcək üçün ən perspektivli, ən üstün sahələrdən biridir və bu sahədən gözləntilərin özünü doğrultması olduqca mühüm əhəmiyyət kəsb edir.
Təcrübə göstərir ki, beynəlxalq nəqliyyat əlaqələri bir çox ölkələrin valyuta daxilolmalarında əsas mənbələrdən birini təşkil edir. Liberiya, Panama, Kipr, Gibraltar, Baham adaları kimi ölkələr gəmilərə “Rahat” bayraq adı altında üzmək şəraiti yaradaraq dəniz nəqliyyatını inkişaf etdirir. Polşa, Slovakiya, Macarıstan, Litva kimi ölkələrin dəmir yolu ilə tranzit yük daşımalarından əldə etdikləri gəlirlər ÜDM-in 20-35 faizi arasında dəyişir. Belarus, Ukrayna və Qazaxıstan kimi MDB ölkələri də dəmir yolu ilə beynəlxalq daşımalardan irihəcmli gəlirlər əldə edirlər. Rusiyanın Transsibir marşrutu üzrə tranzit hava daşımalarından illik gəliri 300 milyon dollardan çoxdur.
Ümumiyyətlə, dünya nəqliyyat xidmətləri ixracında Şimali Amerika və Avropa 53,9 faiz, dünya idxalında isə 42,7 faiz paya malikdir. Asiya ölkələri üzrə bu göstəricilər uyğun olaraq, 28,8 faiz və 33,5 faiz təşkil edir. Cənubi və Mərkəzi Amerika isə nəqliyyat xidmətləri ixracında 3,1 faiz, idxalında isə 4,5 faiz paya sahibdir. Afrika, Yaxın və Orta Şərq ölkələri isə daha az çəkiyə malikdirlər. Eyni zamanda, inkişaf etmiş ölkələrdə nəqliyyat xidmətlərinin ixracı ilə xüsusi şirkətlər məşğul olurlar.
Xidmətlərin daha bir mühüm istiqaməti olan turizm xidmətlərinin ixracında Şimali Amerika və Avropa İttifaqı 52,2 faiz, idxalda isə 52,4 faiz paya malikdir. Bu göstəricilər Asiya üçün ixrac 26,4 faiz, idxal 24,7 faiz, Cənubi və Mərkəzi Amerika üçün 4,5 faiz və 4 faiz təşkil edir. Ümumilikdə isə, 2012-13-cü illərdə dünyada beynəlxalq xidmətlər ticarətinin statistik mənzərəsi ölkə qrupları üzrə aşağıdakı kimi olmuşdur.
Göründüyü kimi, istər dünyada, istərsə də ayrı-ayrı ölkə qrupları üzrə xidmətlərin idxal və ixracında əsas yeri turizm və nəqliyyat xidmətləri tutur. Bu baxımdan, heç də təsadüfi deyildir ki, ölkələr nəqliyyat, turizm sahələrinə əsas valyuta gətirən istiqamətlər kimi yanaşırlar. Başqa sözlə desək, nəqliyyat və turizm qloballaşan dünyanın ən fəal, dinamik strukturlarından birinə çevrilir.
Şərqlə Qərbin qovşağında yerləşən, unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan Respublikası da dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmamışdır. XXI əsr iqtisadiyyatı bütün dünya ölkələrində rəqabətə dözümlü, ixtisaslaşmış məhsullar istehsalını tələb etdiyi kimi, nəqliyyat sahəsində də daha çox yük tutumuna və intensiv hərəkətə malik nəqliyyat vasitələrinin olmasını tələb edir. Bu baxımdan nəqliyyat sistemində rəqabətin əsasını qısa vaxt ərzində uzaq məsafələr qət etməklə ağır tonnajlı yüklərin daşınmasının həyata keçirilməsi təşkil edir. Təbii ki, bu, həm nəqliyyat vasitələrindən, həm də müvafiq infrastruktur təminatından asılıdır. Bu istiqamətdə də ölkəmizdə genişmiqyaslı layihə və proqramlar həyata keçirilməkdədir.
Bütün bunların nəticəsində ölkəmizdə təkmil nəqliyyat-tranzit infrastrukturu formalaşdırılmış, eləcə də Azərbaycan Respublikası Avropa-Asiya arasında daşımalar sahəsində qısa yol, zaman sərfi baxımından daha rəqabət qabiliyyətlidir. Yaxın gələcəkdə isə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi ölkəmizi tranzit daşımalarda daha rəqabət qabiliyyətli edəcəkdir. Azərbaycan Respublikasının müxtəlif istiqamətləri əhatə edən nəqliyyat dəhlizlərinin qovşağına çevrilməsi milli təsərrüfatın, onun ayrı-ayrı sahələrinin davamlı inkişafı üçün münbit şərait yaratmışdır. İki və çoxtərəfli müqavilələr sayəsində artıq Azərbaycan Trans-Anadolu və Trans-Asiya nəqliyyat şəbəkəsinin strateji əhəmiyyətli bir tranzit qovşağına çevrilməkdədir. Bu da olduqca ciddi uğurlar vəd edir. Nəqliyyat sektorunun inkişafı, xüsusilə turizmin canlanmasına müsbət təsir göstərəcək.
Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Hazırda turizm sektoru dünya üzrə ümumi daxili məhsulun 9 faizini, ixracın isə 6 faizini təşkil edir. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Artıq bütün dünya dövlətləri turizm sektorunun iqtisadiyyata müsbət təsiri hesabına əhalinin məşğulluq, həyat səviyyəsi, tədiyə balansının yaxşılaşdırılması kimi makroiqtisadi problemlərlə yanaşı, onunla birbaşa əlaqədar olan sahələrin, o cümlədən, xidmət, kənd təsərrüfatı və digər infrastruktur sahələrinin də inkişafına nail olmağa çalışırlar. Bununla yanaşı, turizmin inkişaf etdirilməsi mədəniyyət, idman, səhiyyə və digər sosial sahələrin gəlirlərinin artırılmasına geniş imkanlar yaradır. Bu baxımdan, turizmin inkişaf səviyyəsi istənilən dövlətdə sosial-iqtisadi, qanunvericilik, təhlükəsizlik və s. sahələrdə dövlət siyasətinin indikatoruna çevrilmişdir.
Zəngin yeraltı və yerüstü ehtiyatlara, əsrarəngiz təbii mənzərələrə, rəngarəng iqlim müxtəlifliyinə, əlverişli coğrafi-strateji mövqeyə, yüksək mədəni dəyərlərə və tolerantlığa malik Azərbaycan Respublikasında da turizm ən sürətlə inkişaf edən sahələrdən biridir. Artıq ən ucqar kəndlərə qədər rahat yolların çəkilişi, regionlarda müasir standartlara uyğun hava limanlarının tikintisi, müasir tələbata uyğun otel və restoranların, konfrans zallarının və s. tikilməsi növündən asılı olmayaraq turizmin inkişafı üçün münbit şərait formalaşdırır. Eyni zamanda, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində əldə edilmiş inkişaf dinamikası, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları və s. turizmin inkişafına ciddi təkan verir. Bunun nəticəsidir ki, turizm sektoru üzrə əsas iqtisadi göstəricilərdə artım dinamikası təmin edilmişdir. Statistik araşdırmalar da göstərir ki, istər turizm sektorundan daxil olan gəlirlərin həcmində, istər yerli turistlərin, istərsə də ölkəyə gələn xarici turistlərin sayında nəzərəçarpacaq irəliləyişlər olmuşdur. Artıq XXI əsrin ilk illərindən başlayaraq ölkəmizin böyük şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxanalar fəaliyyət göstərir. Hazırda Azərbaycanda bütün regionları əhatə edən geniş turizm xidmətləri sistemi sürətlə formalaşır.
Qeyd olunduğu kimi, ölkəmizdə turizmin inkişafına təsir edən müxtəlif amillər vardır ki, onlara təbiət mənzərələri, dini-mədəni abidələr, təbii müalicə mərkəzləri, müxtəlif relyef və iqlim qurşaqlarının olması və s. aiddir. Bu amillərdən biri də palçıq vulkanlarıdır. Alimlərin qənaətinə əsasən, palçıq vulkanlarının ekoturizmdən əlavə, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti ola bilər. Bu baxımdan palçıq vulkanlarının yaxınlığında müalicə obyektlərinin yaradılması vacibdir. Bu isə o deməkdir ki, Azərbaycan təkcə istirahət və işgüzar turizm üçün deyil, həm də müalicə turizminin sürətli inkişafı üçün zəngin potensiala malikdir.
Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq ölkə Prezidenti cənab İlham Əliyev “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq artıq 50 palçıq vulkanına Dövlət Təbiət Qoruğu statusu verilib. Dövlət başçısının sərəncamında həmçinin palçıq vulkanlarından ekoturizm obyekti kimi istifadə olunması da önə çəkilib. Bunu əsas gətirən bir sıra mütəxəssislər həmin ərazilərə turist marşrutlarının açılmasını təklif edirlər. Bu baxımdan Xəzər-Zirə və Qarasu vulkan adalarından da turizm məqsədi ilə istifadə olunması məqsədəuyğundur.
Ölkəmizdə turizmin inkişafının prioritet istiqamətlərdən biri elan edildiyi indiki mərhələdə Azərbaycandakı palçıq vulkanlarını turistlər üçün cəlbedici yerlərə çevirmək olar. Məsələn, turistlər üçün ən çox maraq kəsb edən fəal vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda - Qobustan qəsəbəsindən cənubda, Daşgil ərazisində yerləşir. Qobustana gedən hər bir turist həmin palçıq vulkanını görmək arzusunda olur. Bu isə o deməkdir ki, qarşıda duran əsas vəzifələrdən biri, palçıq vulkanlarının reklam edilməsi, tanıdılması ilə əlaqədardır. Aydındır ki, palçıq vulkanları sönmüş və fəaliyyətdə olan vulkanlar kimi iki hissəyə ayrılır. Ölkəmizdə qeydə alınmış 300-dək palçıq vulkanının 70 faizi fəaliyyətdədir ki, bunların da hər biri özünəməxsus xassələrə və kimyəvi tərkibə malikdir.
Azərbaycanın şərqlə qərbin qovşağında yerləşməsini, bir neçə böyük dinin bu coğrafiyada birlikdə yaşamasını, yüksək tolerantlığı və qonaqpərvərlik mədəniyyətini də əlavə etsək, ilk baxışdan turizmin yüksək inkişaf potensialını görmək mümkündür. Aydındır ki, beynəlxalq təcrübədə ölkənin turizm sektorunun rəqabət qabiliyyətliliyinin müəyyən edilməsində mühüm göstəricilərdən biri də cəmiyyətin turizmə münasibətidir. Bu mənada Azərbaycan insanının xarakterik xüsusiyyətləri arasında yer alan qonaqpərvərlik və tolerantlıq turizm üçün mühüm fürsətdir.
Azərbaycan milli mətbəxinin tarixi də elə xalqımızın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə həm regionun xüsusiyyətlərini özündə birləşdirir, həm də digərlərindən xeyli fərqlənir. Bu fərqliliyi milli mətbəximizin dad və çeşid zənginliyi, əsrarəngiz təbiət abidələri, dini abidələr, müalicə imkanları və s. formalaşdırır. Qarşıda duran əsas məsələ isə yuxarıda qeyd edilənlərin layiqincə təqdim edilməsidir.
Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər kifayət qədər genişdir: turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırıl- ması, turizm marşrutlarının çoxaldılması və s. Bir sözlə, söhbət turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, səmərəli və rəqabətə davamlı sahələrindən birinə çevrilməsindən gedir.
Müxtəlif hesablamalara görə, bir nəfər xarici turistdən gələn gəlir 1 ton xam neftin satışından əldə olunan gəlirdən artıqdır. Belə olduğu halda biz nədən tükənən sərvət olan neftlə bərabər gəlir gətirən və ən əsası, tükənməz olan turizm sahəsinin inkişafında ləngiməliyik? İndiki məqamda isə iş adamlarının turizmi inkişaf etdirmələri üçün çox münbit şərait var. Belə ki, bu proses birbaşa ölkə Prezidentinin nəzarətində və marağında olan məsələdir. Neftdən gələn gəlirlərin azaldığı bir vaxtda, əgər kimsə bölgələrdə iş yerlərinin açılması, insanların yaşayış səviyyəsinin, gəlirlərinin artması ilə nəticələnəcək turizm zonaları yaratmaq üçün sərmayə qoyarsa, heç şübhəsiz, bu birbaşa ölkə rəhbərliyinin nəzarətində olan məsələ olacaq və hansısa məmur-oliqarx, inzibati orqan həmin iş adamına süni əngəllər yaratmağa cəhd göstərə bilməyəcək. Bu baxımdan sahibkarların turist zonalarının yaradılması işinə başlamaları onların qısa müddətdə böyük qazanc əldə etmələrinə səbəb olacaq. Nəticədə regionlarda yeni iş yerləri yaradılacaq, əhalinin rifah halı yaxşılaşacaq, ümumilikdə isə ölkəmizin iqtisadi imkanları artacaq.
Müasir dünyada Azərbaycan ən mühüm və böyük yol ayrıcı kimi qəbul olunur. Bu baxımdan da, “yol ayrıcın”ın yaratdığı imkanlardan səmərəli istifadəni təmin etməklə turizm və nəqliyyat-tranzit xidmətlərini postneft dövründə büdcənin əsas gəlir mənbələrindən birinə çevirmək üçün geniş imkanlar mövcuddur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Çinə səfəri zamanı demişdir: “Ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən nəqliyyat sektorudur. Bildiyiniz kimi, son illər ərzində bu sektora bəlkə də bütün infrastruktur layihələri arasında ən böyük vəsait ayrılmışdır. Çünki bizim coğrafi vəziyyətimiz diktə edir ki, burada - həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılmalı, həm də tranzit imkanlarımız genişlənməli, bizə daha da böyük həcmdə siyasi və iqtisadi dividentlər gətirməlidir”. Bu səfər çərçivəsində Azərbaycanla Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma" Memorandumu, “Nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma” Memorandumu, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmışdır. Dövlətimizin başçısının Çinə səfər nəticəsində əldə edilən razılaşmalar, heç şübhəsiz, ölkəmizdə nəqliyyat-tranzit xidmətlərinin canlanmasında və inkişafında mühüm inqilabi dönüş yaradacaq. Bütün bunlar həm də ölkəmizdə turizm sektorunun inkişafı üçün əlverişli mühit formalaşdıracaq.
Məlum olduğu kimi, bir müddət öncə Çinin Lyanyunqan vilayətindən yola düşən Avropa Birliyi, Çin, Azərbaycan, Gürcüstan, Türkiyə bayraqları ilə bəzədilmiş üçüncü konteyner qatarı Transxəzər-Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan -Türkiyə marşrutu ilə hərəkət edərək Azərbaycana çatdı. Eyni zamanda, Ukraynadan yola salınmış ilk sınaq konteyner qatarı Bakı limanında uğurla qəbul edildi. Qeyd edilən nəqliyyat marşrutları üzrə turizm potensialının da tanıdılması, turistlərin cəlb edilməsi istiqamətində müvafiq addımlar atılması məqsədəuyğun olardı. Bu halda, nəqliyyat sektorunda həyata keçirilən layihələr, formalaşmaqda olan yeni nəqliyyat sistemi yanız nəqliyyat-tranzit xidmətlərinin deyil, həm də turizmin inkişafı üçün ciddi rol oynaya bilər.
Ölkəmizin başçısı cənab İlham Əliyev demişdir: “Nəqliyyat sektorunun gələcək inkişafı daha da düşünülmüş şəkildə olmalıdır. Bu gün yüklər uğrunda mübarizə gedir. Bu gün yeni tranzit marşrutları açılır. Bölgə ölkələri rəqabət aparır. Bu da təbiidir, o vaxta qədər ki, bu, sağlam rəqabətdir. Azərbaycan da burada passiv bir müşahidəçi olmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq”.
Bu sözlər, hesab edirəm ki, turizm sektoruna da aid edilməli, müvafiq iş adamları, dövlət və özəl qurumlar xarici turistlərin ölkəmizə cəlb olunması istiqamətində sistemli işlər aparmalıdırlar. Əlbəttə, bu sahədə son illər müəyyən işlər görülməkdədir. Xüsusilə, müxtəlif ölkələrdə keçirilən turizm sərgilərində iştirak, elektron informasiya mənbələrində Azərbaycanın turizm potensialının reklam olunması və s. turizmin inkişafı istiqamətində atılan addımlardandır. Ancaq bu işlər daha sistemli və ardıcıllıqla görülməlidir.
Artıq Transxəzər-Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan- Türkiyə marşrutunun tam gücü ilə işə düşməsi, gömrük və sərhəd prosedurlarının asanlaşdırılması, əlverişli tarif siyasətinin həyata keçirilməsinə paralel olaraq turizmin inkişafına da “İpək Yolu İqtisadi Kəməri” prizmasından yanaşılmalıdır.
Qədim İpək Yolunun bərpasında əsas məqsəd Şanxaydan Berlinə qədər uzanan müasir tranzit, ticarət və iqtisadi dəhliz yaratmaqdan ibarətdir. Bu, həm də bizə bu dəhlizi bir turizm dəhlizinə çevirməyə imkanlar yaradır. Bu baxımdan dövlət başçısı tərəfindən “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi ilə bağlı imzaladığı sərəncam olduqca mühüm əhəmiyyət kəsb edir. Artıq İranla Azərbaycan arasında dəmir yolları şəbəkəsinin əlaqələndirilməsinə dair əməkdaşlıq barədə çərçivə sazişinin və Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi və maliyyələşdirilməsi haqqında müqavilə layihələrinin hazırlanmasına başlanılıb. Bu da gələcəkdə həm də bir “Rahat səyahət” dəhlizi olacaqdır. Bunun üçün, “Asan Xidmət” brendini yaradan ölkəmiz qitələrarası “Asan daşıma”, “Rahat səyahət” strategiyasını da mərhələ-mərhələ reallaşdırmalıdır.
Aydındır ki, Şərq-Qərb nəqliyyat dəhlizi istər yük, istərsə də sərnişin daşımalarının səmərəli təşkili baxımından olduqca əhəmiyyətlidir. Bu işdə tikilməkdə olan və 2016-cı ildə istismara verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük sosial-iqtisadi və strateji əhəmiyyəti vardır. Bu xətt Çindən başlayaraq, Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsilə əlavə yükləmə-boşaltma əməliyyatları olmadan yükləri birbaşa Avropaya daşımağa imkan verməklə yanaşı, qısa zamanda Bakıdan qatarla Tbilisiyə, İstanbula və əksinə gediş imkanı yaradacaqdır. Bu isə ölkəmizə, xüsusilə qonşu dövlətlərdən daha çox turist cəlb etməyə imkan verəcəkdir. Nəzərə alsaq ki, Çinin Avropa ilə illik dövriyəsi, təqribən 600 milyard ABŞ dolları civarındadır, onda həyata keçirilən tədbirlərin, imzalanmış Çin-Azərbaycan razılaşmalarının və cənab İlham Əliyevin Çin səfərinin tarixi bir səfər olduğunu, gələcəkdə ölkəmizə milyardlarla dollar vəsat qazandıra biləcəyini deyə bilərik. Bütün bunlar son nəticədə nəqliyyat-tranzit və turizm xidmətlərini inkişaf etdirməklə ölkəmizə valyuta daxil olmalarını artıracaq, hətta yaxın gələcəkdə neft sektorunu belə üstələyəcəkdir.
Ölkə başçısının və Azərbaycan hökumətinin, xüsusən “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı, tranzit daşımalarının artırılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi məsələlərini aktuallaşdırmaları strateji baxımdan çox əhəmiyyətli oldu. Bu addımlar zaman etibarilə tam yerinə düşdü. Ona görə ki, hazırda İrana qarşı sanksiyalar aradan qaldırılır, ölkə uzunmüddətli (bir neçə illik) izolyasiyadan çıxmağa hazırlaşır, Çin qlobal ticarət üçün alternativ variantlar təklif edir və belə bir şəraitdə Azərbaycan əlverişli strateji-coğrafi mövqeyi və səmərəli daşıma şərtləri ilə gündəmə gəlir. Təbii ki, bütün bunlar, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycanın qitələrarası “Asan daşıma”, “Rahat səyahət” strategiyalarının reallaşması üçün əlverişli şərait yaradır.
Beləliklə, Azərbaycanda formalaşan yeni nəqliyyat sistemi digər sahələrin, xüsusilə turizmin inkişafı üçün olduqca geniş perspektivlər və böyük səmərə vəd edir. İstər nəqliyyat-tranzit, istərsə də turizm xidmətlərində keyfiyyətli və operativ təşkilatçılıq ümumi iqtisadi yüksəlişə və Azərbaycanın dünyaya tanıdılmasına kömək etməklə bərabər, ölkəmizin qeyri-neft sektorunun inkişafı ilə bağlı bir çox məqsədləri reallığa çevirə bilər. Bunun üçün yerli turizm şirkətlərinin fəaliyyətinin dəstəklənməsi və xaricdən daha çox turistin cəlb edilməsi, eləcə də turizm sektorunda qiymətlərin cəlbediciliyinin artırılması məqsədəuyğun olardı.
Aqil ƏSƏDOV,
AMEA İqtisadiyyat
İnstitutunun şöbə müdiri,
iqtisad üzrə fəlsəfə doktoru, dosent
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.