Ağdaşda keçirilən ümumrayon konfransında ötən il rayonda əldə edilmiş sosial- iqtisadi nailiyyətlərə geniş nəzər salınmış, qarşıda duran önəmli məsələlər müzakirə edilmiş, ilin konkret vəzifələri müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov əvvəlcə iştirakçılara Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və son günlərdə keçirilmiş digər ümumrespublika toplantılarında dünyadakı və ölkədəki durumla bağlı səsləndirdiyi konseptual mülahizələri xatırlatmışdır. Rayon rəhbəri dövlət başçısının böhrandan ən az itki ilə çıxmaq, bütün sahələrdə inkişaf meyllərini qoruyub saxlamaq, xalqın rifahını yüksəltmək üçün qarşıya qoyduğu təxirəsalınmaz vəzifələri ətraflı şərh etmişdir.
Başçı qeyd etmişdir ki, dünyada gedən kəskin siyasi və iqtisadi proseslərə baxmayaraq, ötən il ölkəmizin inkişafında uğurlar qazanılmış, bütün sosial proqramlar, o cümlədən, infrastruktur layihələri tamamilə icra olunmuş, yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlər davam etdirilmişdir. Bütün bu irəliləyiş və yüksəliş digər bölgələr kimi, Ağdaş rayonu üçün də səciyyəvi olmuşdur.
Prezident İlham Əliyevin regionların hərtərəfli inkişafına göstərdiyi böyük diqqət və qayğısı Ağdaş rayonunda da sosial-iqtisadi inkişafın sürətlənməsinə təminat vermişdir. Ötən il rayonda yerli icra orqanları qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi üçün ardıcıl və məqsədyönlü iş aparılmışdır. Üçüncü regional inkişaf proqramı çərçivəsində 2015-ci ildə Ağdaşda tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir.
Məruzəçi rayonun iqtisadi göstəricilərindən söz açaraq bildirmişdir ki, keçən il rayonda 336,4 milyon manatlıq - 2014-cü ildəkindən 0,7 faiz çox ümumi məhsul istehsal olunmuşdur. Bunun 8 milyon 96,1 min manatlığı (1 faiz çox) sənayenin, 118 milyon 934 min manatlığı (4,2 faiz çox) kənd təsərrüfatının payına düşür. Bu dövrdə rayonda 122,7 milyon manatlıq tikinti-abadlıq işləri aparılmışdır.
Keçən il kənd təsərrüfatı məhsulları istehsalının artımı təmin edilmişdir.
10 338 hektardan 31, 5 min ton taxıl əldə olunmuşdur. 3696 hektarda 57, 8 min ton bostan- tərəvəz məhsulu yetişdirilmişdir. 460 hektardan 3, 73 min ton qarğıdalı dəni götürülmüşdür. Məhsuldarlıq bütün sahələrdə əvvəlki ilə nisbətən yüksəlmişdir. Dənli və dənli- paxlalı bitkilər üzrə məhsuldarlıq 4,5 sentner artaraq 31,3, buğdada 6,9 sentner çoxalaraq 30,8, qarğıdalıda 1,5 sentner yüksələrək 66,8, çəltikdə isə 0,3 sentner artaraq 21,5 sentner olmuşdur. Bu ilin məhsulu üçün 11528 hektarda şum aparılmış, payızda 11093 hektar taxıl səpilmişdir.
Rayonda heyvandarlığın inkişaf etdirilməsi üçün yem bitkilərinin, xüsusilə yonca, qarğıdalı, arpa əkini sahələrinin genişləndirilməsi və naxırın cins tərkibinin yaxşılaşdırılması ön plana çəkilmişdir. İl ərzində iri malın sayı 1058 baş artaraq 80909- a, xırda heyvan isə 4902 baş çoxalaraq 101216- ya çatmışdır. Diri çəkidə ət istehsalı 40,7 ton artaraq 12339,7, süd 1071,1 ton çoxalaraq 43761,6 ton olmuşdur.
Rayonun Ərəbocağı kəndində müasir heyvandarlıq kompleksinin və 80 başlıq atyetişdirmə məntəqəsinin genişləndirilməsi davam etdirilmişdir. Bakı şəhərində keçirilən satış-yarmarkalara fermerlər 200 tona yaxın müxtəlif növ yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxarmışlar.
Tikinti- abadlıq sahəsində görülmüş işlər barədə məlumat verən natiq qeyd etmişdir ki, ötən il Ağdaş şəhərində 32500 kvardratmetr asfaltlama işləri aparılmışdır. İl ərzində rayonda ümumi sahəsi 8,2 min kvadratmetr olan 95 fərdi yaşayış evi tikilmişdir. Ağdaş şəhərində “AFB bank”ın rayon filialı üçün binanın tikintisi davam etdirilmişdir.
Rayon mərkəzinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin əsas hissəsinin - su və kanalizasiya xətlərinin çəkilişinə başlanılmışdır. 126,9 min metr su, 143 min metr kanalizasiya xətləri çəkilmişdir. 4500 abonentə sayğac quraşdırılmış və 2300 abonentə su verilmişdir.
2014-cü ildə rayonun Tofiqi və Birinci Aral kəndlərində 220, Qarağan-Şıxlar və Qülbəndə kəndlərində 180, Ərəbşəki kəndində isə 80 şagirdlik məktəb binalarının tikintisinə başlanılmışdır. Birinci Aral kəndindəki 220 yerlik məktəb binası istifadəyə verilmiş və hazırda digər məktəblərdə son tamamlama işləri gedir.
Son illərdə Heydər Əliyev Fondu Pirkəkə kənd tam orta məktəbi və Habil Əliyev adına Musiqi Məktəbi üçün yeni binalar tikdirmişdir. Maqsud Şeyxzadə adına gimnaziyanın binası əsaslı təmir edilərək, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Son 12 ildə rayonda 17 yeni məktəb tikilmiş, 7 məktəbdə əlavə sinif otaqları inşa edilmiş, 7 məktəb əsaslı təmir olunmuşdur. Bütövlükdə isə 8 min nəfərdən artıq şagirdin təhsil şəraiti yaxşılaşdırılmışdır.
Dəhnəxəlil kənd körpələr evi-uşaq bağçasının və Orta Ləki kənd uşaq bağçasının binaları əsaslı təmir olunaraq istifadəyə verilmişdir. 10 nömrəli şəhər körpələr evi-uşaq bağçasında və Aşağı Ləki kənd uşaq bağçasında aparılan əsaslı təmir işləri isə davam etdirilir.
Hesabat dövründə rayonun 7 yaşayış məntəqəsinin - Türyançay qəsəbəsi, Yuxarı Ağcayazı, Aşağı Ağcayazı, Qoşaqovaq, Şəkili, Korarx və Cüvə kəndlərinin qazlaşdırılması işləri başa çatdırılmışdır. Hazırda 4 kənddə - Pirkəkə, Ərəbocağı, Aşağı Ləki və Hapıtlı kəndlərinə qaz çəkilişi davam etdirilir.
Keçən il ərzində 138 abonentə yeni telefon çəkilmiş və internet istifadəçilərinin sayı 2640 abonent təşkil etmişdir. Ümumilikdə Ağdaş şəhərinin 48 faizi və kəndlərin 40 faizi internetlə əhatə olunmuşdur.
Elektrik enerjisi ilə təminatı yaxşılaşdırmaq məqsədilə hesabat ili ərzində təmir işləri davam etdirilmiş, şəhər ərazisində 11, Ləki qəsəbəsində 2, Qobuüstü, Pirəzə, Yeniarx, Pirkəkə, Orta Qəsil və Qarağan Şıxlar kəndlərində isə 6 yeni transformator quraşdırılmışdır. 42 transformator yarımstansiyası əsaslı təmir edilmişdir. 14500 metr SİP kabel xətti, 1370 metr 10 kilovoltluq kabel xətti çəkilmişdir. 632 metal dayaq basdırılmış, yaşayış məntəqələrində 39 kilometr müxtəlif gərginlikli elektrik xətləri əsaslı və cari təmir olunmuşdur.
2015-ci ildə rayonda ticarət xidməti 5 milyon 429 min manat (7,2 faiz) artaraq 81 milyon 295 min manat, pərakəndə əmtəə dövriyyəsi 15 milyon 786 min manat (6,9 faiz) çoxalaraq 245 milyon 875 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 1 milyon 246 min manat (4,5 faiz) yüksələrək 28 milyon 962 min manat olmuşdur.
Sosial proqramların da uğurla icra edildiyini vurğulayan başçı demişdir ki, ötən il rayonda 1538 ailənin 7602 üzvünə 2 milyon 804 min manat ünvanlı sosial yardım ödənilmişdir. Sosial müavinətlər üçün dövlət büdcəsindən 6 milyon 946 min manat vəsait xərclənmişdir. Qarabağ əlilləri və şəhid ailələri üçün 19 fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. Rayon üzrə 2015-ci ildə 13878 nəfər pensiyaçıya xidmət göstərilmiş və pensiyaların ödənilməsinə 23 milyon 483 min manat vəsait yönəldilmişdir.
Sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görüldüyünü qeyd edən natiq bildirmişdir ki, 2015-ci ilin aprelində rayonda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir və kredit yarmarkası keçirmiş və 24 sahibkara 333 min manat güzəştli kredit verilmişdir. Bundan əlavə, fondun vəsaiti hesabına sahibkarlar il boyu 189 layihə üzrə 1 milyon 315 min manat həcmində kredit almışlar.
Rayonda əhalinin məşğulluğuna köməklik göstərlməsi, işaxtaran və işsiz vətəndaşların işlə təmin olunması üçün sentyabrda əmək yarmarkası keçirilmiş, 186 boş yer üzrə 83 nəfər işaxtarana göndərişlər verilmişdir. 2015-ci ildə, ümumilikdə, 886- sı daimi olmaqla 1956 iş yeri açılmışdır.
2015-ci ildə məzunlardan 267 nəfəri respublikanın ali məktəblərinə qəbul olunmuşdur. Onların 35- i 500 – 600, 8- i isə 600- dən yuxarı bal toplamışdır. 2 məzun yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülmüşdür. Ötən il 1 müəllim “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 təhsil işçisi isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
Rayon əhalisinə Ağdaş Mərkəzi Rayon Xəstəxanası, Ləki qəsəbə xəstəxanası, Ağciyər xəstəlikləri xəstəxanası, 2 ambulator poliklinika, 12 kənd həkim məntəqəsi, 48 tibb məntəqəsi tibbi xidmət göstərir.
Rayonun mədəniyyət müəssisələrində əhaliyə mədəni-maarif xidmətlərinin göstərilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, gənc istedadların üzə çıxarılması sahəsində tədbirlər davam etdirilmişdir. Mədəniyyət və Turizm Şöbəsi, Tarix-Diyarşünaslıq Muzeyi yeni binalara köçürülmüş, onların fəaliyyətinə əlverişli şərait yaradılmışdır.
“Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində rayonda il boyu 97 min 952 manat dəyərində 41 layihə həyata keçirilmişdir. 2016-cı ildə isə 111 min 385 manatlıq 47 layihənin gerçəkləşdirilməsi nəzərdə tutulmuşdur.
Məlumat verilmişdir ki, 2015-ci ildə rayon icra hakimiyyəti başçısı 1074 nəfəri, o aparatın şöbə müdirləri isə 646 nəfəri qəbul edərək dinləmiş, qaldırılan bütün məsələlərə həssaslıqla yanaşılmışdır. Rayon icra hakimiyyəti vətəndaşların müraciətlərinə baxılması işini daim diqqət mərkəzində saxlayır.
Ağdaş RİH- in başçısı Tofiq İbrahimov sonda demişdir ki, ölkəmizdə xalq və iqtidar arasında birlik, vətəndaşların dövlət başçısına böyük etimadı bundan sonra da qarşıda duran bütün problemlərin ardıcıl olaraq aradan qaldırılmasını təmin edəcəkdir. Prezident İlham Əliyevi bir daha əmin edirik ki, bundan sonra da bütün qüvvə və səyləri qarşıya qoyulan məsul vəzifələrin uğurla həyata keçirilməsinə yönəldəcəyik.
Məruzə ətrafında müzakirələrdə çıxış edən ayrı-ayrı qurumların rəhbərləri və təmsilçiləri uğurlardan və qarşıda duran məsələlərdən söhbət açmış, cari ildə yeni hədəflərə çatmaq üçün təklif və mülahizələrini söyləmişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov konfransda çıxış etmiş, cari məsələlərlə bağlı ölkə rəhbərliyinin mövqeyini şərh etmiş, ağdaşlılara 2016-cı ildə daha böyük uğurlar arzulamışdır.
Ziyəddin SULTANOV,
“Xalq qəzet”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.