Polad magistral yeniləşmə mərhələsində

Bu gün dünya iqtisadiyyatı özünün çətinliklər mərhələsini yaşayır. Azərbaycan Respublikası da dünyanın bir parçası olduğundan bu çətinliklərdən sığortalanmayıb. 2015-ci ilin sonlarında manatın devalvasiyası prosesinin başlaması ölkəmizdə bir sıra çətinliklər, insanlar arasında ajiotaj yaratdı. Amma Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti ölkəmizi bu çətinlikdən xilas etdi.

Belə çətin zamanda iqtisadiyyatı ayaq üstə saxlayan sütunlardan biri də dəmir yoludur. Dəmir yolunun ahəngdar işləməsi üçün onun çoxşaxəli sahələrinin müasirləşdirilməsi zamanın tələbidir. Həmin konsepsiyanın əsasını ümummilli lider Heydər Əliyev qoyub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti inamla davam etdirir. Ölkə başçısının qayğısı ilə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla onların həyata keçirilməsinə ciddi yanaşır.

Bütün çətinliklərə rəğmən, son bir il ölkə polad magistralının tarixinə əbədi  həkk olundu. Hörmətli Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədrlik etdiyi qısa zaman kəsiyində ölkə polad magistralının tranzit potensialının artırılması, texniki vasitələrin müasirləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi isiqamətində astronomik işlər görülmüşdür.

İlkin olaraq, beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəal iştirakı qeyd etmək lazımdır. Əsrin layihəsi adını alan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Bağlantının 2016-cı ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulur.

 Azərbaycanın önəm verdiyi digər beynəlxalq nəqliyyat layihələrindən biri də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir. Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin  ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri etmişdir.  Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələr səfərbər olunub.  12 yanvar 2016-cı ildə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər”adlı beynəlxalq forum - dialoq keçirilmiş, mühüm sənədlər imzalanmışdır.

Son bir il ərzində tranzit potensialının artırılması istiqamətində olduqca uğurlu addımlar atılır. 2015-ci ilin  avqust ayında beynəlxalq Transxəzər nəqliyyat marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdı. Bu məqsədlə keçirilən mərasimdə qeyd edildi ki, hələ 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi - TRASEKA müqaviləsinin məqsədi bir zamanlar iki qitə arasında ticarətin aparıldığı İpək Yolunun bərpasını təmin etmək idi. Bugünkü tədbir də məhz bu istiqamətdə səylərin davam etdiyini göstərir. Çindən gələn ilk konteyner qatarı Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin səyi nəticəsində mümkün olub. Bu komitə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çinin nəqliyyat və logistika şirkətlərini, o cümlədən Bakı, Aktau, Poti və Batumi limanlarını özündə birləşdirir. Artıq bu marşrutla üç qatar yola salınmışdır.

Bu il yanvarın 15-də Ukraynanın İliçevsk limanından yola düşən sınaq xarakterli konteyner qatarı  Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə hərəkət edərək fevralın 2-də  Cinə  çatmışdır. Onu da qeyd edək ki, sınaq qatarı Azərbaycan ərazisindən, heç bir ləngiməyə yol verilmədən, 17 saat ərzində yola salınmışdır. Əslində bu, yeni bir dəhlizin – Cənub-Qərb dəhlizinin əsasının qoyulması deməkdir.

Ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasında yüksək inkişafa nail olunmuş, həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın davamlı inkişafı üçün şərait yaratmışdır. Bu da paytaxtımıza xarici ölkələrdən gələn vətəndaşların günbəgün artmasına səbəb olmuşdur.

Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün  tələblərinə cavab verməsi üçün burada  yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdır. Son bir ilin ən uğurlu işlərindən biri Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilməsi oldu. Vağzalın  əsas binasının fasadı memarlıq üslubunun saxlanılması şərtilə yenidən qurulacaq vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcəkdir.

Bakı və Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda olan tıxac problemini aradan qaldırmaq üçün bu iki şəhər arasında bir zamanlar mövcud olan dəmir yolu əlaqəsini bərpa etmək zamanın tələbi idi. Bunun üçün, ilk növbədə, dəmir yollarının əsaslı təmirinə ehtiyac var idi.

2015-ci il martın 3-də Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda baş yolların əsaslı təmirinə start verilmiş, sentyabrın 2-də işlər başa çatdırılmışdır. Layihə çərçivəsində Bakı sərnişin, Keşlə, Xırdalan, Sumqayıt sərnişin stansiyalarının stansiya yolları və yoldəyişənləri yenilənmiş, Bakı-sərnişin və Sumqayıt-sərnişin stansiyalarında turniketlər və  pos-terminallar  quraşdırılmışdır.

2015-ci il sentyabrın 12-də Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin sürət qatarının yolasalma  mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmiş, dəmir yolunda həyata keçirilən yeniləşmə prosesini yüksək dəyərləndirmişdir. Bunun özü də dəmir yolunda bir tarixdir. Bu tarix ölkə başçısının  qayğısı sayəsində  “Azərbaycan Dəmir Yolları” QSC-nn sədri, Milli Məclisin deputatı hörmətli Cavid Qurbanovun rəhbərliyi ilə reallaşdı.

Dəmir Yolunun vaqon və lokomotiv parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zərurəti yaratmışdır. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

 2015-ci ilin mart ayında  “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod”  Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmış, artıq bu günə kimi ölkəyə 3030 yeni yuk vaqonu gətirilmişdir. Qalan 70 vaqonun da yaxın bir ay ərzində gətirilməsi nəzərdə tutulur.

Lokomotiv parkının yeniləşdirilməsi istiqamətində görülən işlər də olduqca  təqdirəlayiqdir. Qazaxstandan 10 ədəd teplovozun alınması gündəmdədir. Artıq teplovozlardan beşi ölkəmizə gətirilmişdir. Bu günlərdə yük daşımalarinda istifadə olunacaq, sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınmışdır. Həmin elektrovozlar  elektron sürətölçən və müasir dartı mühərriki ilə təchiz edilmişdir.

Hazırda Bakı-Böyük-Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Layihənin birinci mərhələsi Böyük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə-Ucar, üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə edir. Bu sahələr üzrə artıq 12 yeni yarımstansiya tikilmişdir. Hazırda tamamlama işləri görülür. Eyni zamanda, kontakt şəbəkəsində dayaqların quraşdırılması, kontakt naqillərının çəkilməsi davam edir.

Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam edir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

Bu müddət ərzində Bakı-Böyük Kəsik istiqamətində yolların əsaslı təmir edilməsi də diqqət mərkəzində olmuşdur.  Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanmışdır.

Bu sazişə əsasən, Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilmişdir. Bakı- Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanıb. Bu günə kimi 50  kilometr   dəmir yolu əsaslı təmir olunub.

 Bunlar son bir ildə reallaşdırılan layihələrin tam siyahısı deyil. Yeniləşmə prosesi fasiləsiz davam etdirilir. Bütün bu işlərdə MHİRK cəmiyyət rəhbərliyi ilə əlbir fəaliyyət göstərir. Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsində müəyyən edilmiş vəzifə və səlahiyyətlərindən geniş istifadə edir, həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının  müdafiəsi, onların maddi rifah halının yaxşılaşdırılmasını həmişə ön plana çəkir. “Azərbaycan Dəmir Yolları” QSC ilə MHİRK arasında imzalanmış saziş məhz bu ali məqsədlərə xidmət edir. Sazişin yerinə yetirilməsi həm cəmiyyətin  rəhbərliyi, həm də MHİRK tərəfindən ciddi nəzarət altında saxlanılır.

Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi hər ilin yekunlarına görə “İlin ən yaxşı müəssisəsi”, “Əla yol işçisi - ilin ən yaxşı mütəxəssisi”, “Firudin Ağayev” adına yol müsabiqələrinin keçirilməsini, AHİK-in müxtəlif təmayüllü baxış-müsabiqələrində dəmir yolu təşkilatlarının iştirakını təmin edir. Müsabiqələrinin qaliblərinə MHİRK-nin xüsusi diplomlarının və müxtəlif pul mükafatlarının verilməsi, əməkçilərin sağlamlıqlarının qorunması məqsədilə onlara sanatoriyalara və istirahət  evlərinə yollayış  vərəqələrinin, maddi yardımların verilməsi, dəmiryolçuların sosial-iqtisadi təminat və əmək hüquqlarının müdafiəsi üzrə daxil olan ərizə və şikayətlərinə vaxtlı-vaxtında baxılması və ərizələrin əksəriyyətinin müsbət həll olunması  dəmiryolçulara göstərilən qayğının bariz nümunəsidir. Məhz bu qayğının nəticəsidir ki, dəmir yolu təşkilatları dəfələrlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi bir sıra respublika müsabiqələrinin qalibləri olublar.

Cəmiyyətin yeni rəhbərliyi dəmiryolçuların sosial-iqtisadi problemlərinin həllini də öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. Rəhbərliyin bu siyasətini biz həmkarlar təşkilatı olaraq  tam dəstəkləyirik və sosial əməkdaşlıq prinsipi əsasında bütün qarşıda duran vəzifələrin yerinə yetirilməsində rəhbərliyə lazımi kömək göstəririk.

Dəmir yolunda çalışan əməkçilərin sosial problemlərinin həlli, əmək kollektivlərində  sosial gərginliyin azalması,  əmək şəraitinin yaxşılaşdırılmasını təmin  etmək məqsədi ilə Cəmiyyət rəhbərliyinin atdığı uğurlu addımlar görülən işlərin əsas tərkib hissələrindəndir. 

Ötən ilin sonunda 78 dəmiryolçu mənzillə təmin edilmişdir. Dəmiryolçuların mənzil şəraitinin  yaxşılaşdırılması  məqsədilə uzun müddət növbədə  olan işçilərin yeni mənzillərlə  təmin  edilməsi barədə cəmiyyət rəhbərliyinin qərarı hamını  sevindirmişdir. Gələcəkdə də dəmiryolçuların mənzillə təmin edilməsi nəzərdə tutulur.

Təbiidir ki, bu islahatlar həyata keçirilərkən struktur dəyişikliklərin aparılması da qaçılmazdır. Bu prosseslər zamanı işçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının qorunmasında həmkarlar ittifaqının məsuliyyəti və rolu  daha da artır.

Əməkçilərin sağlamlıqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi, istehsalatda zədəalma hallarının qarşısının alınması, onlara sağlam iş və istirahət  şəraitinin  yaradılması, bununla da  əməyin mühafizəsi sahəsində işçilərin  hüquqlarının müdafiə edilməsi Dəmiryolçuların Müstəqil HİRK-nin daimi diqqət mərkəzində olmuş və bu istiqamətdə çox saylı işlər görülmüşdür.

“ADY” QSC-nin idarə, müəssisə və təşkilatlarında əməyin mühafizəsinin ümumi vəziyyətini yaxşılaşdırmaq, bu məsələ ilə əlaqədar görülən işlərə nəzarəti gücləndirmək məqsədilə MHİRK-in iş planına   müvafiq  təsərrüfatlarda  yoxlamalar və təhlillər aparılmışdır.

“ADY” QSC-in  müəssisələrində əməkçilərə sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq  istiqamətində çoxsaylı  təmir tikinti və yenidən qurma işləri aparılmış, ağır əl əməyini yüngülləşdirmək məqsədilə dəmir yolunda aparılan  təmir  işlərində yeni maşın və mexanizmlərin tətbiqinə  geniş yer verilmişdir.

Dəmiryolçuların sanatoriya  və pansionatlarda müalicə və istirahətlərinin təşkilində də MHİRK tərəfindən lazımi işlər görmüşdür. Belə ki, cəmiyyətin təşkilat, müəssisə və idarələrindən MHİRK-nə verilən sifarişlər əsasında 2015-ci ildə AHİK-in xətti ilə sanatoriya və istirahət evlərinə dəmiryolçulara  215 min manat məbləğində 331  ədəd  yollayış vərəqəsi verilmişdir. Onlardan maddi vəziyyəti ağır olan 15 nəfər dəmiryolçuya pulsuz yollayışlar verilmişdir.

Dəmiryolçuların və onların ailə üzvlərinin istirahətini təmin etmək üçün 2015-ci ilin yay mövsümündə MHİRK-in “Lokomotiv” istirahət  mərkəzində 2200 nəfər dəmiryolçu və onların ailə üzvləri istirahət etmişdir. Bu il mərkəzdə daha 1 inzibati binanın və 6 kottec tipli ikimərtəbəli yaşayış korpusunun tikintisi davam etdirilir.

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi ilə MHİRK tərəfindən  əməkçilərin maddi rifahının yaxşılaşdırılması istiqamətində də lazımi tədbirlər görülür və bu məsələlər daim diqqətdə saxlanılır.

2015-ci il ərzində dəmiryolçu qaçqınlara, xəstələrə, əlillərə, təqaüdçülərə və maddi vəziyyəti ağır olan 3200 nəfərə komitə tərəfindən maddi yardım göstərilmişdir. 

Hər ilin  yekununa görə MHİRK tərəfindən təsis edilmiş “İlin ən yaxşı müəssisəsi”, “Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi”, “Firudin Ağayev” adına yol müsabiqələrinin qaliblərinə xüsusi diplomlar və müxtəlif pul mükafatları verilir.

Bundan başqa, 2015-ci ildə  istehsalatda yüksək nailiyyətlər əldə  etdiklərinə görə  185 nəfər dəmiryolçu  MHİRK-in fəxri fərmanı ilə təltif edilmiş və onlara ümumillikdə 36500 manat mükafat verilmişdir.

MHİRK-ə 2015-ci ildə dəmiryolçular tərəfindən sosial- iqtisadi təminat və əmək hüquqlarının müdafiəsi üzrə daxil olan ərizə və şikayətlərə vaxtlı- vaxtında baxılmış, ərizələrin əksəriyyəti müsbət həll olunaraq ərizəçilərə müvafiq cavablar  verilmişdir.

Komitənin rəyasət heyətinin qərarına əsasən, dəmir yolu kollektivləri arasında Azərbaycan Dəmir Yolunun 135, Dəmiryolçuların Həmkarlar İttifaqının 110 illik yubileylərinə həsr olunmuş idman spartakiadası keçirilmiş, qaliblərə kubok, diplom və pul mükafatları verilmişdir.

Respublika Komitəsi beynəlxalq əlaqələrin   genişləndirilməsi sahəsində də müəyyən işlər görmüşdür.

30 sentyabr - 1 oktyabr 2015-ci il  Bakı şəhərində Beynəlxalq Əmək  Təşkilatı, Nəqliyyatçıların Beynəlxalq Federasiyası və Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının təşkilatçılığı ilə “Transmilli  kompaniyalarda və şəxsi müəssisələrdə  həmkarlar İttifaqı təşkilatlarının yaradılması” mövzusunda  MDB və Baltikyanı ölkələrinin 15 həmkarlar ittifaqı nümayəndələrinin iştirakı ilə beynəlxalq  seminar   keçirilmişdir.

Hazırda Azərbaycan polad magistralı  özünün sürətli inkişaf mərhələsindədir. Son bir il ərzində müstəqil Azərbaycanın polad magistralında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə aparılan islahatlar bu nəhəng arteriyanın yenilənməsinə, müasirləşməsinə, son nəticədə, yük daşımalarının, xüsusilə tranzit yük daşımlarının həcminin artırılmasına, yüklərin və sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasına, ölkə vətəndaşlarına göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb. Bütün bu işlərdə cəmiyyət rəhbərliyinin ən böyük dəstəkçisi Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsidir.

Fəzail BAĞIROV,
Azərbaycan Dəmiryolçularının
Müstəqil Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında