Ümummilli liderimiz Heydər Əliyev ölkəmizin Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi mövqeyini, geniş tranzit-kommunikasiya imkanlarını, habelə tarixən formalaşmış dərin təsərrüfatçılıq ənənələrini və sosial-iqtisadi proseslər üzrə spesifik xüsusiyyətləri nəzərə alaraq onun tam təkmil və uzunmüddətli dövr üçün nəzərdə tutulmuş iqtisadi inkişaf strategiyasını müəyyənləşdirmişdir. Ulu öndər qısa müddət ərzində xüsusi mülkiyyətçiliyə, sahibkarlığın inkişafına, sərbəst rəqabətə geniş imkanlar açan, özəlləşdirməni və dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınlarını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə həyata keçirilməsinə nail olmuşdur.
Alternativsizliyi ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində də dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması ölkəmizin dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə və hərtərəfli tərəqqiyə ən etibarlı təminatdır. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı iqtisadi yüksəlişi dünyanın ən müxtəlif iqtisadi mərkəzləri tərəfindən XXI əsrin yeni iqtisadi fenomeni kimi qəbul edilir və inkişafın Azərbaycan modelinin məzmununun öyrənilməsinə ciddi cəhd göstərilir.
Son illər ərzində muxtar respublikanın sosial və iqtisadi inkişaf sahəsində qazandığı böyük nailiyyətlər də məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Bu gün muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılmasına və ümumilikdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmaqdadır.
Ötən müddət ərzində əldə olunmuş iqtisadi inkişafın davamlılığı qorunub saxlanılmış, cari ilin ilk doqquz ayında bu uğurların əhatə dairəsi daha da genişlənmişdir. Heç şübhəsiz ki, ötən dövrün ən mühüm hadisəsi ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfərə gəlməsi oldu. Səfər zamanı ölkə başçısı Kəngərli rayonunun mərkəzində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm abidəsinin və abadlaşdırılmış rayon mərkəzinin, Şərur rayonunun Yengicə və Maxta kəndlərində orta məktəb binalarının, Naxçıvan-Sədərək avtomobil yolunun ikinci hissəsinin, Sədərək rayonunda mərkəzi xəstəxana və orta məktəb binalarının, sözün əsl mənasında yenidən qurulmuş Heydərabad qəsəbəsinin, Ordubad rayonunda Biləv Su Elektrik Stansiyasının, Naxçıvan şəhərində məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzinin, Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksinin, Naxçıvan şəhərini içməli su ilə təmin edəcək supaylayıcı qurğunun açılışı mərasimlərində iştirak etmişdir. Həyata keçirilən quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: "Mən çox şadam ki, Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər bu gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq işləri çox sürətlə gedir. Bütün sosial məsələlər həllini tapır, yeni müəssisələr, fabriklər açılır, yollar çəkilir".
İqtisadi inkişafı xarakterizə edən əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi muxtar respublikada cari ilin ilk doqquz ayı ərzində 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artaraq 832 milyon 735 min manatdan çox olmuşdur. Bu dövr ərzində adambaşına düşən ümumi daxili məhsulun həcmi 26,2 faiz artaraq 2055,6 manata çatmışdır. Ümumi daxili məhsulun 85,7 faizi qeyri-dövlət bölməsində yaradılmışdır ki, bu da muxtar respublikada sahibkarlığın inkişafına yönəldilmiş islahatların effektivliyini daha aydın xarakterizə etməyə imkan verir.
{nl}
Sənaye
Səmərəli nəticələrin əldə olunması məqsədilə bu gün muxtar respublikada sənayenin əsas inkişaf istiqamətləri müəyyənləşdirilmiş, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixrac yönümlü istehsal sahələrinin yaradılması ciddi şəkildə təşviq olunmuş, sənaye istehsalının texnoloji cəhətdən yenidən qurulması prosesi gücləndirilmişdir. Sənaye müəssisələrinin maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsi üçün səmərəli kredit mexanizmi qurulmuş, satış problemlərinin həlli üçün sistemli tədbirlər görülmüş, yerli və xarici bazarlara çıxış imkanları maksimum sadələşdirilmişdir.
Sənaye sahəsində reallaşdırılan genişmiqyaslı islahatların nəticəsi kimi 2010-cu ilin yanvar-sentyabr ayları ərzində 237 milyon 275 min 900 manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricini 49,6 faiz üstələmişdir. Sənaye məhsulunun həcminin 91,4 faizini məhsul istehsalı, 8,6 faizini isə xidmətlərin göstərilməsi təşkil etmişdir. Sənayenin dövlət sektorunda 29 milyon 446 min 800 manatlıq, qeyri-dövlət sektorunda isə 207 milyon 829 min 100 manatlıq məhsul istehsal olunması sahibkarlığın inkişafına, qeyri-dövlət sektorunun davamlı yüksəlişinə yönəldilmiş kompleks islahatların uğurlu nəticəsidir.
2010-cu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 51 layihə üzrə istehsal və xidmət obyektləri, o cümlədən sənaye sahəsində elektrik enerjisi, metal boru, metal profil, poliestr materialından daşabənzər üzlük örtüklər, asfalt, beton, qum-çınqıl istehsalı, travertin və mərmər emalı, nəşriyyat və poliqrafiya, ət və süd məhsulları istehsalı, müxtəlif meyvələrin qurudulması və paketlənməsi, müxtəlif geyim və şirniyyat məmulatları istehsalı sahələri istifadəyə verilmişdir.
Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 43 layihə üzrə, o cümlədən sement, beton, döşəmə üçün parket, güzgü, yarımfabrikat dəri, müxtəlif geyim paltarlarının istehsalı sahələri, nəşriyyat və poliqrafiya məhsulları istehsalı sahəsi, çörək və şirniyyat məhsulları istehsalı, ətin konservləşdirilməsi, quşçuluq təsərrüfatı sahələri, məişət evi, ticarət mərkəzləri, soyuducu anbarlar, istixana kompleksi, taxıl emalı və digər bu kimi istehsal və xidmət sahələri qurulmaqdadır.
Yerli məhsulların ixrac imkanlarının artırılması istiqamətində reallaşdırılan kompleks tədbirlərin uğurlu nəticəsidir ki, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində 70 milyon 474 min ABŞ dolları dəyərində sənaye məhsulları qonşu xarici ölkələrə və respublikamızın digər bölgələrinə ixrac olunmuşdur. Bu isə 2009-cu ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2,1 dəfə çoxdur.
{nl}
Hərbi quruculuq
Muxtar respublikanın etibarlı müdafiə təminatı prioritet fəaliyyət istiqaməti kimi daim diqqət mərkəzində saxlanılır. Hərbi təmayüllü obyektlərin və ya bu sahənin alt infrastrukturunun təkmilləşdirilməsi işi davam etdirilmiş və 2010-cu ilin yanvar-sentyabr aylarında Culfa rayonunda hərbi şəhərcikdə təlim-tədris mərkəzinin tikintisi, uşaq bağçası binasının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində hərbi hissədə Qərargah binasının, mühafizə məntəqəsinin, anbarın, Şahbuz rayonunda hərbi hissədə əsgər yataqxanası kompleksinin, Kəngərli rayonunda hərbi hissədə yeməkxana kompleksinin və tibb məntəqəsinin tikintisi, Naxçıvan şəhərində Mənzil İstismar Hissəsinin binasının əsaslı təmiri, Qərargah və sanitar qovşağı binalarının təmiri hazırda davam etdirilməkdədir.
{nl}
Tikinti-quruculuq və su təchizatı tədbirləri
İqtisadi fəallığın yüksəldilməsi, idarəetmənin, iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək şəraitinin müasir standartlar səviyyəsində yaxşılaşdırılması üçün mütəmadi olaraq əsas fondların yaradılması, yeniləşdirilməsi, infrastrukturun, kommunal xidmət təminatının təkmilləşdirilməsi, istehsal, xidmət və sosial təyinatlı obyektlərin inşası hazırkı iqtisadi fəaliyyətin mühüm istiqamətlərindəndir.
2010-cu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 400 milyon 293 min 900 manat həcmində investisiya yönəldilmişdir. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 31,7 faiz və ya 96 milyon 450 min 100 manat artmışdır. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 33,2 faiz artaraq 357 milyon 838 min 200 manat olmuşdur. Bu isə əsas kapitala yönəldilmiş investisiyanın 89,4 faizini təşkil edir.
2010-cu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 504 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 193 obyektin isə tikintisi və ya əsaslı təmiri davam etdirilməkdədir.
İnzibati binaların inşası və yenidən qurulması, iş yerlərinin erqonomik tələblər səviyyəsində təşkili ötən dövr ərzində də diqqət mərkəzində saxlanılmışdır. 2010-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada ümumilikdə 20 inzibati binanın inşası başa çatdırılmış, 12 inzibati binanın isə tikintisi hazırda davam etdirilməkdədir.
Muxtar respublikada aparılan tikinti-quruculuq işləri çərçivəsində investisiyaların şəhər, qəsəbə və kəndlər üzrə proporsional bölgüsü tarazlı inkişafı təmin edən mühüm amillərdəndir. Kənd əhalisinə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq, bu sahədə idarəetməni səmərəliləşdirmək məqsədilə 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Şərur rayonunun Maxta, Babək rayonunun Aşağı Uzunoba və Yuxarı Uzunoba, Kəngərli rayonunun Təzəkənd, Xıncab və Yeni Kərki kəndlərində, Ordubad rayonunda Sabirkənddə kənd mərkəzlərinin tikintisi, Şərur rayonunun Yengicə kəndində kənd mərkəzinin yenidən qurulması başa çatdırılmış, Kəngərli rayonunun Şahtaxtı kəndində isə kənd mərkəzinin tikintisi davam etdirilməkdədir.
Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış fondunun abadlaşdırılması, elektrik enerjisi, qaz, su, kanalizasiya, istilik və lift təsərrüfatlarının infrastruktur təminatının təkmilləşdirilməsi, istehlakçılara keyfiyyətli və davamlı kommunal xidmətlərin göstərilməsi məqsədi ilə inşaat və təmir işlərinin aparılması müntəzəm xarakter almışdır. 2010-cu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 17 yaşayış binasının tikintisi, 86 yaşayış binasının yenidən qurulması və əsaslı təmiri başa çatdırılmış, 3 yaşayış binasının tikintisi, 12 yaşayış binasının əsaslı təmiri hazırda davam etdirilir. Bu dövr ərzində 24 yaşayış binasında istilik xətləri yeniləri ilə əvəzlənmiş, 35 ədəd yeni lift quraşdırılmışdır. Yaşayış mənzillərində dövlət vəsaiti hesabına daxili istilik xətlərinin çəkilişi və vətəndaşlardan hər hansı bir ödəniş tələb olunmadan panel radiatorların quraşdırılması prosesi davam etdirilməkdədir.
Tikinti sektorundakı yüksək aktivliyə paralel olaraq, yaşayış standartlarının təkmilləşdirilməsi fonunda əhalinin şəxsi vəsaiti hesabına aparılan inşaat işlərinin həcmi də davamlı şəkildə artmaqdadır. 2010-cu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 196 min 734 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 103 min 551 kvadratmetr və ya 2,1 dəfə çoxdur.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər davamlı xarakter almışdır. Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq "Şəhər su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan şəhərinə 7,5 kilometr uzunluğunda yeni su xəttinin çəkilişi başa çatdırılmışdır. Hazırda Naxçıvan şəhərinin daxili su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Layihə çərçivəsində 21,5 kilometr uzunluğunda içməli su və 18,3 kilometr uzunluğunda kanalizasiya xətləri yenidən qurulmuşdur. Bu istiqamətdə digər müvafiq işlər hazırda davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncamına uyğun olaraq Araz çayının suyundan istifadə edən yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Dünya Bankının krediti ilə maliyyələşdirilən "Birinci və ikinci milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" üzrə muxtar respublikanın bütün rayonlarında geoloji geotexniki işlər aparılmış və topoqrafik xəritələr hazırlanmışdır. Bu istiqamətdə işlər hazırda davam etdirilir.
{nl}
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Son illər ərzində muxtar respublikada aqrar bölmənin xammal istehsalı və emal sahələrinin əlaqəli inkişafı təmin olunmuş, rəqabətədavamlı məhsul istehsalının artırılması davamlı olaraq stimullaşdırılmış, aqrar sektora maliyyə dəstəyi və onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, meliorasiya və irriqasiya, baytarlıq, sanitar və fitosanitar sahələrində dövlət siyasətinin həyata keçirilmə mexanizmləri daha da təkmilləşdirilmişdir.
Bu dövr ərzində müxtəlif maddi-texniki təchizat və aqroservis müəssisələri qurulmuş, marketinq xidmətləri, yarmarkalar təşkil olunmuş, saxlama, qablaşdırma, emal müəssisələri və digər strukturlar yaradılmış, aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi işləri daha da sürətləndirilmişdir.
Aqrar sektorda yüksək iqtisadi aktivliyi təmin edən amillərdən biri kənd təsərrüfatı üzrə maşın və mexanizmlərin sayının tələbata uyğun olaraq artırılmasından ibarətdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 86 ədədi 2010-cu ilin yanvar-sentyabr aylarında olmaqla cəmi 540 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmiş və iş prosesinə cəlb olunmuşdur.
2010-cu ilin yanvar-sentyabr ayları ərzində aqrolizinq xidmətləri şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin inzibati binası, anbarları, təmir sexi və texniki parkı, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şərur-Sədərək və Culfa-Ordubad bazalarının inzibati binaları, anbarları, təmir sexləri və texniki parkları tikilərək istifadəyə verilmişdir.
Ərzaq məhsulları istehsalını artırmaq, əhalini keyfiyyətli və təhlükəsiz ərzaqla təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədilə 2008-ci il sentyabrın 17-də qəbul olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni istiqamətləri müəyyənləşdirmişdir.
Muxtar respublikada taxılçılığa mühüm əhəmiyyətli sahə kimi yanaşmanın nəticəsidir ki, bu sahədə yüksək artım meylləri müşahidə olunur. Ən əsası isə odur ki, əsas təbii ehtiyat sayılan torpaqların məhdud olması nəzərə alınır və bitkiçilik müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla, yəni məhsuldarlığın yüksəldilməsi yolu ilə inkişaf etdirilir.
2010-cu ilin məhsulu üçün muxtar respublikada 33 min 954 hektar sahədə yazlıq və payızlıq taxıl əkilmişdir ki, bunun da 25 min 276 hektarını buğda, 8 min 678 hektarını isə arpa təşkil edir. Taxıl sahələrindən 96 min 10 ton məhsul toplanmışdır ki, bu da 2009-cu ilin müvafiq göstəricisini 1,4 faiz üstələyir.
Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat, bundan başqa, buğda istehsalçılarının maddi marağının artırılması və onların stimullaşdırılması ilə əlaqədar olaraq səpilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi təmin olunmuşdur. Həmçinin, hər hektar sahə üçün tələb olunan mineral gübrələrin güzəştli şərtlərlə sahələrə çatdırılması təmin olunmaqdadır.
Ötən il 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik olan Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarının yaradılması muxtar respublikada taxıl ehtiyatlarının təşkili prosesində mühüm mərhələ oldu. 2009-cu ildə olduğu kimi, 2010-cu ildə də muxtar respublika ərazisində istehsal olunan buğdanın hər kiloqramının 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması taxıl istehsalına marağı xeyli artırmış və istehsalçılara yönəldilmiş səmərəli maliyyə dəstəyi rolunu oynamaqdadır.
Muxtar respublikada taxılçılıqla yanaşı kartof istehsalına xüsusi diqqət yetirilir. Daxili bazarın kartofla təminatında idxaldan asılılığı azaltmaq, əhali tələbatının keyfiyyətli yerli məhsul hesabına ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2005-ci il 11 aprel tarixli sərəncamı ilə təsdiq olunmuş, 2005-2010-cu illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar olaraq kartof əkini üçün əlverişli torpaq sahələri müəyyənləşdirilmiş, genişmiqyaslı kreditləşmə aparılmış, yeni texnika və avadanlıqlar əkin və məhsul yığımına cəlb olunmuş, bu sahədə toxumçuluq işi xeyli təkmilləşdirilmiş və səmərəli satış mexanizmləri formalaşdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində 2010-cu ildə 2740,5 hektar sahədə kartof əkilmişdir ki, bu da adıçəkilən proqramın qəbulundan əvvəlki - yəni 2004-cü illə müqayisədə 1138,5 hektar çoxdur.
Cari ildə muxtar respublikada əkinçilik üzrə ən çox inkişaf etdirilən məhsul növlərindən biri də şəkər çuğundurudur. Görülmüş tədbirlərin nəticəsi olaraq ötən illə müqayisədə 2010-cu ildə şəkər çuğunduru əkini sahələri 41,2 faiz artaraq 1716,4 hektar olmuşdur.
1 oktyabr 2010-cu il tarixə 36011,2 hektar sahədən 102161 ton dənli və dənli-paxlalı (qarğıdalısız), 727 hektar sahədən 2894 ton dən üçün qarğıdalı, 241 hektar sahədən 630,9 ton dən üçün günəbaxan, 2709,5 hektar sahədən 37392 ton kartof, 6004 hektar sahədən 61881,3 ton tərəvəz, 2819 hektar sahədən 38724,9 ton ərzaq üçün bostan məhsulları, barverən meyvə bağlarından 36037 ton meyvə, barverən üzüm bağlarından 8860,7 ton üzüm toplanmışdır. Bir neçə növ məhsul üzrə yığım hazırda davam etdirilməkdədir.
Muxtar respublikanın aqrar sektorunun inkişafında mühüm element kimi soyuducu anbarların yaradılması işi üstün istiqamət almışdır. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəzin yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir. Qeyd olunan amillər nəzərə alınmaqla bu dövr ərzində ümumi tutumu 2 min 300 ton olan 3 soyuducu anbarın qurulması davam etdirilmişdir.
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı üçün bu sahəyə xüsusi diqqət yetirilmiş, heyvanların baş sayında və heyvandarlıq məhsullarının istehsalında artıma nail olunmuşdur.
1 oktyabr 2010-cu il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 102 min 749 baş, qoyun və keçilərin sayı isə 621 min 133 baş olmuşdur ki, bu da müvafiq olaraq 1 oktyabr 2009-cu il tarixə olan göstəriciləri 1,4 və 1,3 faiz üstələyir.
Heyvandarlıqda baş sayının artımı öz növbəsində heyvandarlıq məhsullarının qənaətbəxş artımını şərtləndirmişdir. Belə ki, 2010-cu ilin ilk doqquz ayı ərzində muxtar respublikada diri çəkidə 13453,6 ton ət, 63228,3 ton süd istehsalı olmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4,2 və 2 faiz çoxdur.
Heyvandarlığın davamlı inkişafı üçün baytarlıq xidmətinin müasir standartlar səviyyəsində təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu xidmətin keyfiyyətini və səmərəliliyini daha da yaxşılaşdırmaq məqsədilə ötən dövr ərzində Sədərək Rayon Baytarlıq İdarəsinin binası yenidən qurulmuş, istifadəyə verilmiş kənd mərkəzlərində baytarlıq məntəqələri yaradılmışdır.
Baytarlıq tədbirləri üzrə biopreparatların, dərman vasitələrinin, müasirtipli cihaz və avadanlıqların, məhsuldar cinsdən olan mal-qara toxumlarının və süni mayalandırma avadanlıqlarının alınaraq muxtar respublikaya gətirilməsi və intensiv istifadəsi artıq davamlı xarakter almışdır. Heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, maldarlıqda qısırlığın ləğv olunması və damazlıq işinin inkişaf etdirilməsi məqsədilə muxtar respublikada mal-qara arasında süni mayalandırma işinin davamlı təşkili daha səmərəli nəticələri təmin etməkdədir. 2010-cu ilin yanvar-sentyabr ayları ərzində 3320 baş inək və düyə süni yolla mayalandırılmışdır. Əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 1874 baş sağlam buzov alınmışdır.
Muxtar respublikada maldarlıqla yanaşı yüksək tələbata uyğun olaraq quşçuluğun da inkişafı davamlı olaraq dəstəklənir. 2010-cu ilin yanvar-sentyabr ayları ərzində quşçuluq sahəsində 7 yeni təsərrüfat fəaliyyətə başlamış, 3 quşçuluq təsərrüfatının isə yaradılması istiqamətində işlər hazırda davam etdirilir.
Muxtar respublikada əmtəə məqsədilə balıqyetişdirmə işi təbii su hövzələrində, xüsusi layihələr əsasında yaradılmış göllərdə və nohurlarda müasir texnologiyalardan istifadə etməklə daha da genişləndirilir. 2010-cu ilin yanvar-sentyabr ayları ərzində 2 yeni balıqyetişdirmə təsərrüfatı istifadəyə verilmişdir.
Reallaşdırılan kompleks tədbirlər nəticəsində muxtar respublikanın kənd təsərrüfatında əldə olunmuş dinamik inkişaf templəri cari ilin ilk doqquz ayında da qorunub saxlanılmışdır. Ümumilikdə, 2010-cu ilin yanvar-sentyabr aylarında 190 milyon 643 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 2009-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 11 faiz artıma nail olunmuşdur.
Aqrar sektorda əldə olunan uğurlar meliorasiya-irriqasiya sistemlərinin davamlı olaraq təkmilləşdirilməsi və yeniləşdirilməsi işi ilə dəstəklənməkdədir. Ötən dövr ərzində suvarma əkinçiliyinin yaxşılaşdırılması məqsədilə muxtar respublikada 1 nasos stansiyası, 21 subartezian quyusu və 19 kəhriz tikinti və ya əsaslı təmirdən sonra istifadəyə verilmiş, 2 nasos stansiyasının, 2 subartezian quyusunun tikintisi, 25 kəhrizin isə əsaslı təmiri hazırda davam etdirilməkdədir.
Muxtar respublikada həyata keçirilən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin olunmasından ibarətdir. Bu istiqamətdə reallaşdırılan tədbirlərə uyğun olaraq cari ilin ötən dövründə yeni yaşıllıq zolaqlarının yaradılması, yaşıllaşdırma tədbirlərinin görülməsi təsdiq olunmuş plan əsasında aparılmış, muxtar respublika üzrə 448 hektar sahədə meşəsalma və meşəbərpa işləri həyata keçirilmişdir.
{nl}
Nəqliyyat, informasiya və rabitə, energetika
Nəqliyyat muxtar respublika iqtisadiyyatının ahəngdar fəaliyyətinin təşkilində, əhalinin artan hərəkət dinamikliyinin təmin edilməsində mühüm əhəmiyyətə malikdir.
Muxtar respublikada beynəlxalq standartlara cavab verən tranzit, şəhər və rayonlararası, şəhərdaxili və rayondaxili avtomobil yollarının yenidən qurulması işi prioritet vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılır.
2010-cu ilin yanvar-sentyabr ayları ərzində Şərur rayonunun Ələkli kəndində asfalt-beton zavodu və qum-çınqıl karxanası, ümumilikdə muxtar respublika üzrə 8 yeni körpünün tikintisi, 4 körpünün bərpası başa çatdırılmış, 1 körpünün tikintisi isə hazırda davam etdirilir. Nəqliyyat kompleksinin aktiv magistrallarından olan 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Ümumilikdə, bu dövr ərzində muxtar respublikada 235,3 kilometr uzunluğunda yeni yollar salınmış və ya əsaslı təmir olunmuşdur. İstifadəyə verilmiş yolların 152,8 kilometri magistral, 82,5 kilometri isə yerli əhəmiyyətli yollar olmuşdur.
2010-cu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada yük daşınması 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz, sərnişin daşınması isə 16,8 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 25 milyon 291 min manat gəlir əldə edilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çoxdur.
Nəqliyyat infrastrukturu quruculuğu üzrə 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Ordubad şəhərində Avtovağzal Kompleksinin tikintisi davam etdirilmiş, "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin 12 saylı Culfa Təhlükəsizlik Komandası, Yük və Sərnişin Daşımaları İdarəsinin Culfa Vaqon Deposunun Texniki Xidmət Məntəqəsi üçün binanın tikintisi başa çatdırılmış, "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad yol sahəsinin və Ordubad dəmir yolu sərnişin vağzalı binalarının tikintisi isə hazırda davam etdirilməkdədir.
{nl}
İqtisadi inkişafa paralel olaraq yük və sərnişin daşınmasında intensivliyə nail olunması, nəqliyyat əlaqələrinin gücləndirilməsi, turizmin dərinləşdirilməsi və ümumilikdə nəqliyyat kompleksinin inkişafı üçün müasir tipli hava nəqliyyatı infrastrukturunun və çoxşaxəli uçuş marşrutlarının təşkili təmin olunmaqdadır. Bu tədbirlərin davamı kimi Türk Hava Yollarının "Anadolu Jet" şirkəti ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında bağlanmış müqaviləyə əsasən cari ilin iyun ayının 24-dən başlayaraq həftədə 3 dəfə olmaqla İstanbul-Naxçıvan-İstanbul reysi üzrə uçuşların həyata keçirilməsinə başlanılmışdır.
Nəqliyyat kompleksi üzrə infrastruktur quruculuğu tədbirləri daha da gücləndirilmiş, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada avtomobil yollarının inşasına və əsaslı təmirinə, dəmiryolu nəqliyyatının inkişaf perspektivləri nəzərə alınaraq bu sahədə mövcud infrastrukturun yeniləşdirilməsinə və hava nəqliyyatı işinin təkmilləşdirilməsinə ümumilikdə 42 milyon 972 min manatdan artıq investisiya yönəldilmişdir.
Muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sosial-iqtisadi tərəqqinin sürətləndirilməsi üçün zəruri məsələlərdən birinə çevrilmişdir. Bu baxımdan inkişaf etmiş informasiya və kommunikasiya in- frastrukturunun yaradılması istiqamətində mühüm tədbir sayılan optik kabel magistrallarının tikintisi işi böyük tutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə geniş imkanlar yaratmış və hazırda bu iş muxtar respublika daxilində davam etdirilməkdədir.
Bu işlərin davamı olaraq 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan şəhərini, Babək qəsəbəsini və Nehrəm kəndini əhatə edən Yeni Nəsil Telekommunikasiya şəbəkəsi istifadəyə verilmişdir. Yeni Nəsil Telekommunikasiya şəbəkəsinin ənənəvi telefon rabitəsi sistemlərindən əsas üstünlükləri eyni vaxtda səs və şəkil siqnallarının ötürülməsi, şəbəkə üzərindən televiziya və geniş zolaqlı internetin, video-telefon və çoxlu sayda əlavə xidmətin göstərilməsindən ibarətdir.
Muxtar respublikada hazırda aktiv istifadədə olan mobil telefonların sayı 357 min ədəddən çoxdur. Əhalinin hər 100 nəfərinə düşən aktiv mobil telefonların sayı 1 oktyabr 2010-cu il tarixə 88 ədəd olmuşdur.
Cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 26 milyon 453 min manat olmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 17,2 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətinin həcmi 22 milyon 692 min manat olmaqla 2009-cu ilin müvafiq dövründəki göstəricini 18,3 faiz üstələmişdir.
Muxtar respublikanın elektroenergetika sahəsində yenidənqurma tədbirləri davam etdirilir. Belə ki, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Ordubad rayonunda Biləv Su Elektrik Stansiyasının inşası, Naxçıvan şəhərində 110/35/10 kilovoltluq "Xalçaçılıq" və 35/10 kilovoltluq "Xətai" elektrik yarımstansiyalarının yenidən qurulması işləri başa çatdırılmış, 35/10 kilovoltluq yeni "Sənaye qovşağı" elektrik yarımstansiyasının qurulması hazırda davam etdirilməkdədir. Bu dövr ərzində muxtar respublikada 36 ədəd müxtəlif güclü transformator yarımstansiyasının quraşdırılması və 59,6 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi başa çatdırılmışdır.
Naxçıvan şəhəri, Culfa və Şərur rayonlarının transformator təmiri sexlərində 3 ədəd 2500 kva güclü 35/10 kilovoltluq, 89 ədəd müxtəlif güclü 10/0,4 kilovoltluq transformatorlar əsaslı təmir olunmuşdur.
İstehsalçıların fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunması, infrastrukturun davamlı olaraq təkmilləşdirilməsi enerjidən istifadə haqlarının tam həcmdə ödənilməsi prosesini də normallaşdırmışdır. Belə ki, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində istehlak olunan 13 milyon 485 min 720 manat dəyərində 224 milyon 762 min kilovat-saat elektrik enerjisinin müqabilində 13 milyon 584 min 400 manat vəsait toplanmış, ödənilmə faizi 100,7 faiz olmuşdur.
Enerji təhlükəsizliyini təmin edən mühüm vasitələrdən biri də muxtar respublikanın təbii qazla tam təmin olunmasıdır. Təbii qaz təminatının bərpası layihəsi çərçivəsində muxtar respublika üzrə əhali təsərrüfatlarına qaz çəkilişi prosesi başa çatdırılmışdır. 1 oktyabr 2010-cu il tarixə əhali qrupu üzrə 77 min 711 abonent təbii qazla təmin olunmuşdur.
{nl}
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq səviyyəsi
Muxtar respublikada ardıcıl və sistemli olaraq iqtisadi islahatların aparılması, dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması iqtisadiyyatın davamlı inkişafına və əhalinin güzəranının daha da yaxşılaşmasına səbəb olmuşdur. Həyata keçirilən iqtisadi islahatlar sahibkarlığın inkişafına güclü təkan vermiş, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın inkişafında onun rolunu artırmışdır. Hazırda muxtar respublikada keyfiyyətli məhsul bolluğunun yaradılmasında, rəqabətədavamlı istehsal sahələrinin inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında sahibkarlıq həlledici amilə çevrilmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli sərəncamına uyğun olaraq sahibkarlıq subyektlərinin yeni mexanizm üzrə qeydiyyatı muxtar respublikada biznes mühitinin əlverişliliyinin daha da artırılmasına və biznesə başlama qaydalarının sadələşdirilməsinə münbit şərait yaratmışdır. Belə ki, əvvəllər sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər 15 prosedur üzrə sənəd toplamalı, həmin sənədləri əldə etmək üçün çoxsaylı dövlət qurumlarını keçməli idilər. "Bir pəncərə" sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar əvvəllər olduğu kimi 72 deyil, 3 gün gözləyir və 15 prosedur deyil, 5 prosedurdan keçərək sahibkar kimi qeydiyyata alınır. Təkcə 2010-cu ilin yanvar-sentyabr aylarında muxtar respublika üzrə 50 hüquqi və 950 fiziki şəxs qeydiyyata alınıb ki, bu da iqtisadi aktivliyi səciyyələndirən mühüm göstəricilərdəndir.
Kredit qoyuluşu maliyyə fəaliyyətinin tərkib hissəsi olmaqla iqtisadiyyatın dinamik inkişafında, yeni infrastrukturun yaradılmasında, insanların sahibkarlıq sferasına daxil olmasında və sair bu kimi zəruri məqsədlərə çatmaqda mühüm vasitədir. Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində fəaliyyət göstərən bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara 2010-cu ilin yanvar-sentyabr ayları ərzində verilmiş kreditlərin həcmi 25 milyon 825 min manatdan çox olmuşdur. Bu dövr ərzində sənaye sahəsinə 6 milyon 618 min manat, tikinti sahəsinə 2 milyon 746 min manat, kənd təsərrüfatı sahəsinə 7 milyon 743 min manat (o cümlədən balıqyetişdirmə sahəsinə 40 min manat, taxılçılığa 1 milyon 789 min manat, kartofçuluğa 1 milyon 354 min manat, şəkər çuğunduru istehsalına 44 min manat, limonçuluq sahəsinə 10 min manat, üzümçülük sahəsinə 65 min manat, istixana komplekslərinə 135 min manat, heyvandarlıq sahəsinə 3 milyon 336 min manat, arıçılığa 532 min manat, quşçuluğa 438 min manat), topdan və pərakəndə ticarət sahəsinə 1 milyon 789 min manat, nəqliyyat, anbar təsərrüfatı və rabitə sahəsinə 740 min manat, maliyyə fəaliyyətinə 1 milyon 700 min manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsinə 150 min manat, sosial və şəxsi xidmətlərin göstərilməsi sahəsinə isə 4 milyon 339 min manat həcmində kreditlər verilmişdir. Kreditlərin 10 milyon 634 min manatını və ya 41,2 faizini Sahibkarlığa Kömək Fondunun vəsaitləri, 9 milyon 156 min manatını və ya 35,4 faizini bankların öz vəsaitləri, 6 milyon 35 min manatını və ya 23,4 faizini isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının vəsaitləri təşkil etmişdir.
Sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dinamikasını xarakterizə edən mühüm bir fakt ondan ibarətdir ki, bu gün muxtar respublikada 108 növdə, 319 çeşiddə ərzaq, 179 növdə, 432 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 287 növdə, 751 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq olmaqla, cəmi 242 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Sahibkarlıq fəaliyyətinin inkişafı məşğulluq səviyyəsinin yüksəlişinə və əhalinin gəlirlərinin artmasına müsbət təsir göstərmişdir. 2010-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 25,2 faiz artaraq 760 milyon 776 min manat, onun adambaşına düşən həcmi isə 22,5 faiz yüksələrək 1865,4 manat təşkil etmişdir.
Əhali gəlirlərinin əsas tərkib elementlərindən biri isə əməkhaqqıdır. 2010-cu ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 290,2 manat olmuş və 2009-cu ilin müvafiq göstəricisini 9 faiz üstələmişdir.
Gəlirlərin, əməkhaqlarının davamlı artımı öz növbəsində istehlak xərclərindən sonra vəsaitlərin bir hissəsinin yığıma yönəldilməsinə imkan yaratmışdır. Əgər 1 oktyabr 2009-cu il tarixə muxtar respublika ərazisində fəaliyyət göstərən bank strukturlarında 2 milyon 802 min manatdan çox əhali əmanəti mövcud idisə, bir il sonra - yəni 1 oktyabr 2010-cu il tarixə bu göstərici 995 min manat artaraq 3 milyon 797 min manata çatmışdır.
Əldə olunmuş yüksək inkişaf templəri səmərəli məşğulluğun təşkili və yeni iş yerlərinin yaradılması üçün də əlverişli mühit formalaşdırmışdır. 2003-cü il oktyabr ayının 1-dən 2010-cu il oktyabr ayının 1-dək Naxçıvan Muxtar Respublikasında 44647 yeni iş yeri yaradılmışdır ki, onun da 29393-ü və ya 65,8 faizi daimi iş yerləridir. 2010-cu ilin yanvar-sentyabr ayları ərzində açılan 2832 iş yerinin isə 2260-ı və ya 79,8 faizi daimi iş yerlərinin payına düşür.
{nl}
İstehlak bazarı
Muxtar respublikada sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar əhalinin həyat səviyyəsinin və maddi-rifah halının yaxşılaşmasına, ən əsası isə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə zəmin yaratmışdır ki, bu da istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin həcminin artımına öz müsbət təsirini göstərmişdir. Belə ki, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 494 milyon 424 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Əmtəə satışının və pullu xidmətlərin real həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,2 faiz artmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 20,6 faiz yüksəlmişdir.
Əhalinin yaşayış standartlarının daha da yüksəldilməsi məqsədilə məişət və ticarət xidmətinin səviyyəsi hazırda ardıcıl olaraq təkmilləşdirilməkdədir. Bu istiqamətdə reallaşdırılan tədbirlərə uyğun olaraq 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Şərur şəhərində Ticarət Mərkəzi və bazar kompleksinin, Ordubad rayonunun Gənzə kəndində və Ordubad şəhərində, Sədərək rayonunun Heydərabad qəsəbəsində ticarət mərkəzlərinin, Şərur rayonunun Maxta, Babək rayonunun Aşağı Uzunoba və Yuxarı Uzunoba, Kəngərli rayonunun Yeni Kərki kəndlərində məişət evlərinin tikintisi, Şərur rayonunun Yengicə, Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərində isə məişət evlərinin yenidən qurulması başa çatdırılmış, Ordubad rayonunun Aşağı Əylis, Sabirkənd və Nüsnüs kəndlərində ticarət mərkəzlərinin tikintisi, Kəngərli rayonunun Şahtaxtı kəndində isə məişət evinin yenidən qurulması hazırda davam etdirilir.
{nl}
Xarici ticarət
Ümumi iqtisadi aktivliyi gücləndirən amillərdən biri yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasının davamlı olaraq dəstəklənməsindən, satış problemlərinin səmərəli həllindən, ixrac potensialının daha da gücləndirilməsindən ibarətdir. İxrac potensialının inkişaf etdirilməsi, qonşu xarici ölkələrin iqtisadiyyatlarına səmərəli inteqrasiyanın təşviqi ötən dövr ərzində də prioritet istiqamətlərdən olmuşdur.
2010-cu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 142 milyon 757 min 600 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır ki, bu da 2009-cu ilin müvafiq dövründəki səviyyəni 15,2 faiz üstələyir. İxracın davamlı olaraq stimullaşdırılması və buna uyğun olaraq ixrac mallarının həcminin, çeşidinin artırılması, sahibkarlarımızın xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, onların maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətlərində həyata keçirilən sistemli tədbirlər xarici ticarət üzrə pozitiv meylləri təmin etməkdədir. 2010-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsində ixracın həcmi idxalı üstələmiş və 82 milyon 706 min 600 Amerika Birləşmiş Ştatları dolları həcmində müsbət saldo yaranmışdır. Belə ki, xarici ticarət dövriyyəsinin 30 milyon 25 min 500 Amerika Birləşmiş Ştatları dollarını və ya 21 faizini idxal, 112 milyon 732 min 100 Amerika Birləşmiş Ştatları dollarını və ya 79 faizini isə ixrac təşkil etmişdir. İxracın həcmi son bir il ərzində 69,3 faiz artmış, idxal isə 47,6 faiz azalmışdır.
{nl}
Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
Bu gün böyük inkişaf yoluna qədəm qoyan Naxçıvan torpağı özünün zəngin elmi, mədəni potensialını daha da genişləndirir. Muxtar respublikada müasir tələblər səviyyəsində inşa olunan elm-təhsil müəssisələri elmin inkişafına yeni üfüqlər açır. Bu tədbirlərə uyğun olaraq 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Ordubad rayonunda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun Biokimyəvi Tədqiqatlar Laboratoriyası binasının tikintisi, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat institutlarının binasının təmiri başa çatdırılmış, bölmənin Batabat Astrofizika Rəsədxanasının, Əlyazmalar Fondunun və Təbii Ehtiyatlar İnstitutunun binalarının təmiri hazırda davam etdirilməkdədir.
Təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri ilin əvvəlindən davam etdirilmiş, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Culfa şəhərində 980 şagird yerlik (3 saylı), Şərur rayonunun Yengicə kəndində 568 şagird yerlik, Maxta kəndində 540 şagird yerlik, Kəngərli rayonunda Təzəkənddə 110 şagird yerlik, Yeni Kərki kəndində 88 şagird yerlik, Sədərək rayonunun Sədərək kəndində 594 şagird yerlik (2 saylı) orta məktəb binalarının tikintisi, Culfa şəhərində 540 şagird yerlik (2 saylı), Şərur şəhərində 738 şagird yerlik (1 saylı) orta məktəb binalarının yenidən qurulması, Babək rayonunun Yuxarı Uzunoba kəndində isə 324 şagird yerlik orta məktəb binasının əsaslı təmiri başa çatdırılmış, Naxçıvan şəhərində (15 saylı) və Şərur rayonunun Zeyvə kəndində orta məktəb binalarının yenidən qurulması davam etdirilməkdədir. Bundan əlavə, Naxçıvan Türk Liseyində yeni tədris kompleksinin tikintisi hazırda davam etdirilir.
Bu dövr ərzində Şərur şəhərində 200 yerlik, Culfa şəhərində 240 yerlik uşaq bağçaları binalarının tikintisi, Culfa rayonunda hərbi şəhərcikdə 72 yerlik uşaq bağçası binasının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində isə uşaq bağçası binasının tikintisi hazırda davam etdirilməkdədir. Şahbuz şəhərində və Babək qəsəbəsində uşaq musiqi məktəbi binalarının tikintisi hazırda davam etdirilir. Eyni zamanda, bu dövr ərzində Culfa Rayon Ekoloji Tərbiyə, Texniki Yaradıcılıq, Uşaq Yaradıcılıq, Gənc Turist və Diyarşünaslıq mərkəzləri üçün ayrılmış binanın yenidən qurulması başa çatdırılmışdır.
Yeni informasiya texnologiyalarından istifadə olunmaqla dünya təhsil sisteminə inteqrasiyaya imkan yaradan, bütövlükdə əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşıyan "2008-2012-ci illərdə Azərbnaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" üzrə hazırda informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikada bütün təhsil müəssisələrində ən müasir kompyuter avadanlıqlarından istifadə olunur. Muxtar respublikanın ümumtəhsil məktəblərində 1 oktyabr 2010-cu il tarixə 2781 dəst kompyuter quraşdırılmış, beləliklə hər 18 şagird bir dəst kompyuterlə təmin olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində istifadədə olan 2781 dəst kompyuterin 2193-ü və ya 78,9 faizi internetə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsilin daha da keyfiyyətlə aparılması məqsədilə 208 elektron lövhə quraşdırılmışdır.
Təhsildəki uğurlar özünü ilk növbədə ali məktəblərə qəbulun səviyyəsində göstərməkdədir. Əgər 2009-cu ildə abituriyentlərin 1489 nəfəri ali məktəblərə qəbul olunmuşdursa, 2010-cu ildə bu göstərici 1622 nəfərə çatmışdır. 2009-cu ildə 232 nəfər yüksək bal toplamışdırsa, 2010-cu ildə 500-700 intervalında yüksək nəticə göstərən abituriyentlərin sayı artaraq 280-ə çatmışdır.
Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Bu məqsədlə səhiyyə xidmətlərinin genişləndirilməsi və onun keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının daha da yaxşılaşdırılması, tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi, yeni səhiyyə müəssisələrinin inşası işləri müntəzəm olaraq həyata keçirilir. 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan şəhərində məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin, 85 çarpayılıq Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin yeni korpusunun, 26 çarpayılıq Sədərək Rayon Mərkəzi Xəstəxanasının, Şərur rayonunun Yengicə və Maxta kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin, Naxçıvan Əlillərin Bərpa Mərkəzinin, Naxçıvan Uşaq Bərpa Mərkəzinin və Ordubad rayonunda Sabirkənddə həkim ambulatoriyası binalarının təmiri başa çatdırılmış, Ordubad Rayon Mərkəzi Xəstəxanasının, Yoluxucu Xəstəliklər Şöbəsinin, Kəngərli rayonunun Qarabağlar və Şahtaxtı kəndlərində həkim ambulatoriyası binanlarının tikintisi, Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Xəstəxanasının təmiri davam etdirilmişdir.
Səhiyyə sahəsində prioritetlərdən biri kimi aztəminatlı ailələrdən olan xəstələrə sosial dəstək qismində, onların muxtar respublikadan kənara getmədən, tamamilə dövlət vəsaiti hesabına müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili işi 2010-cu ilin yanvar-sentyabr aylarında da aktiv şəkildə davam etdirilmişdir. Bu dövr ərzində aztəminatlı ailələrdən olan 318 xəstənin yüksək ixtisaslı həkimlərin iştirakı ilə cərrahiyyə əməliyyatı təşkil olunmuşdur. Bunlardan 177 xəstənin gözündə büllurun implantasiyası, 52 xəstənin gözündə katarakta xəstəliyinin aradan qaldırılması üçün əməliyyatlar, 28 xəstədə açıq ürək və damar əməliyyatı, 10 xəstədə laporoskopik ginekoloji əməliyyat, 34 nəfərdə plastik cərrahi, 17 xəstədə isə digər əməliyyatlar aparılmışdır. Bundan əlavə, 51 xəstədə koronarangioqrafiya manipulyasiyası aparılmış və ehtiyacı olan 8 xəstənin ürək damarlarına stend qoyulmuşdur.
Həyata keçirilən iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, ümumilikdə insanların iqtisadi müstəqillik indekslərinin normal səviyyəsi demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 6 min 919 nəfər artaraq 407 min 841 nəfər təşkil etmişdir.
2010-cu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 7 min 265 körpə doğulmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricini 1460 nəfər üstələyir.
Əhalinin sosial müdafiəsi sistemində pensiya və müavinətlər əsas sosial kriteriya kimi qəbul olunur. 2010-cu ilin yanvar - sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 50 milyon 913 min manatdan çox vəsait yönəldilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 53 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır.
Aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar da dövlət qayğısından kənarda qalmamış, Böyük Vətən müharibəsi və Azərbaycan Vətən müharibəsi əlillərinə ümumilikdə 30 ədəd "Tavriya" markalı avtomobil verilmiş, 69 nəfər əlil müxtəlif sanatoriya və pansionatlara putyovkalarla təmin edilmişdir. Bundan əlavə, Azərbaycan Vətən müharibəsi əlilləri, Azərbaycan Vətən müharibəsi şəhidlərinin ailələri, Çernobıl qəzasının aradan qaldırılması zamanı sağlamlığını itirmiş şəxslər və digər bu kimi kateqoriyadan olanlar üçün 2010-cu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 7 fərdi yaşayış evinin tikintisi başa çatdırılmış, 31 fərdi yaşayış evinin isə tikintisi hazırda davam etdirilməkdədir.
2010-cu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada adambaşına aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 2 milyon 616 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Muxtar respublikada əhalinin sağlam həyat tərzinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi məqsədilə bədən tərbiyəsi və idman sahəsi daim diqqət mərkəzində saxlanılmış və hazırda müvafiq tədbirlər həyata keçirilməkdədir. 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan şəhərində İlham Əliyev adına Olimpiya İdman Kompleksinin və Üzgüçülük Mərkəzinin təmiri başa çatdırılnmışdır.
Tarixi-mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi ilin əvvəlindən üstün istiqamət kimi saxlanılmış, mədəniyyət obyektlərinin inşası və təmiri davamlı xarakter almışdır. Bu dövr ərzində Naxçıvan şəhərində Naxçıvan Dövlət Xalça Muzeyinin, Sədərək rayonunun Heydərabad qəsəbəsində Tarix-Diyarşünaslıq Muzeyinin, Ordubad şəhərində M.S.Ordubadinin ev-muzeyinin, Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyinin tikintisi, Naxçıvan şəhərində Hüseyn Cavidin ev-muzeyinin və Bəhruz Kəngərli Muzeyinin təmiri başa çatdırılmış, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təmiri davam etdirilmişdir.
Ordubad şəhərində "Şərq hamamı" tarixi abidə kompleksinin yenidən qurulması başa çatdırılmışdır. Hazırda Naxçıvan şəhərində "Qala", "Xan Sarayı", Ordubad şəhərində "Qədim Məbəd" və "Qeysəriyyə" tarixi memarlıq abidələrinin restavrasiyası aparılmaqdadır.
Bu dövr ərzində Naxçıvan şəhərində "Bazar gölü" istirahət kompleksinin, Şahbuz şəhərində "Bulaq Abidə Kompleksi"nin tikintisi, Naxçıvan şəhərində "Pirqəmiş" məscidinin yenidən qurulması başa çatdırılmış, Fəxri Xiyabanın tikintisi, Şəhidlər Xiyabanının isə yenidən qurulması hazırda davam etdirilməkdədir.
Kəngərli rayonunda ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılmış, Naxçıvan Dövlət Musiqili Dram Teatrı və Səadət Sarayı binalarının yenidən qurulması, Məhəmməd ağa Şahtaxtlı adına Kitab Evinin isə təmiri davam etdirilmişdir.
Muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və bu prosesin stimullaşdırılması, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığın genişləndirilməsinin təşviqi, jurnalistlərin peşəkarlığının artırılmasına və sosial müdafiələrinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi kütləvi informasiya vasitələrinin işinin təkmilləşməsində başlıca amillərdəndir. Bu dövr ərzində "Şərq qapısı" qəzeti redaksiyası və "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və "Kanal-35" televiziyasının maddi-texniki bazalarının daha da gücləndirilməsi məqsədilə yeni avadanlıqlar alınıb quraşdırılmışdır.
Muxtar respublikada turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq, müasir turizm kompleksləri yaratmaq və turizmi iqtisadiyyatın gəlirli sahələrindən birinə çevirmək istiqamətində aparılan məqsədyönlü tədbirlər öz müsbət nəticələrini göstərməkdədir.
2010-cu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə, 223 min 945 nəfər turist gəlmişdir ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricini 35,6 faiz və ya 58 min 809 nəfər üstələyir.
Hüquq-mühafizə orqanları ilə iş
Muxtar respublikada məhkəmə hakimiyyəti orqanlarının və güc strukturlarının iş şəraitinin, müvafiq infrastrukturlarının təkmilləşdirilməsi işi cari ilin əvvəlindən də davam etdirilmiş, bu müddət ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin inzibati binasının yenidən qurulması başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Culfa Rayon Polis Şöbəsinin Əlincə Polis Bölməsinin inzibati binalarının tikintisi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Naxçıvan Şəhər Şöbəsinin inzibati binalarının yenidən qurulması, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər 3-cü Dövlət Notariat Kontorunun və Naxçıvan Şəhər Polis İdarəsinin inzibati binalarının isə təmiri davam etdirilmişdir.
Gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, yüksək əməkhaqqı ödənişli yeni iş yerlərinin açılması, yeniyetmələrin təhsildən və tədrisdən yayınma hallarının aradan qaldırılması, güc strukturları və təhsil müəssisələrinin ailələrlə sıx əlaqəsi, asudə vaxtın səmərəli istifadəsinə yaradılan stimul, gənclər də daxil olmaqla müxtəlif əhali qrupları ilə individual xarakterli işin təşkili, ən başlıcası isə cari iqtisadi inkişaf səviyyəsi muxtar respublikada cinayətkarlıq üzrə hadisələrin minimum həddini şərtləndirməkdədir.
2010-cu ilin yanvar-sentyabr aylarında əldə olunan nailiyyətlər muxtar respublikanın ictimai-iqtisadi, sosial-mədəni həyatında yeni bir quruculuq səhifəsi açmışdır. Bu inkişafa öz töhfəsini verən insanların əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə 51 nəfər Azərbaycan Respublikasının orden, medal və fəxri adları ilə təltif edilmiş, 6 nəfər isə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərmanları ilə 20 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuşdur.
Bu gün muxtar respublikada sosial-iqtisadi inkişaf üzrə əldə olunan nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə başlanan quruculuq missiyasının məntiqi nəticələri və daha da parlaq gələcəyimizin işarələridir.
Cari ilin oktyabr ayında muxtar respublikaya səfərə gəlmiş ölkə başçısı cənab İlham Əliyev Naxçıvan haqqında öz təəssüratlarını belə ifadə etmişdir: "Naxçıvanda iqtisadi inkişaf sürətlə gedir... Bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük. Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyətə malik olan diyardır, eyni zamanda, müasir şəhərdir, müasir respublikadır. Mən əminəm ki, gələcəkdə Naxçıvan daha da gözəlləşəcək, inkişaf edəcək və bütün işlər burada həmişə olduğu kimi, yüksək səviyyədə təşkil olunacaqdır".
{nl}
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatı əsasında hazırlanmışdır
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.