“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda V vergi forumu keçirilib

Bakı Biznes Mərkəzində Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” adlı V vergi forumu keçirilib.

Forumda Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, digər dövlət orqanları, Milli Elmlər Akademiyasının müvafiq strukturları, Dünya Bankı, yerli banklar, qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birlikləri və kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə iş adamları iştirak ediblər.

Forumda çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan öz iqtisadi potensialını ildən-ilə artırır, dünyada cərəyan edən proseslərə, zamanın yeni çağırışlarına adekvat cavablar verir.

Vurğulanıb ki, Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasının əsasında, ilk növbədə, ölkədə yaradılmış siyasi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülmüş tədbirlər dayanır.

Qeyd olunub ki, Azərbaycan hökumətinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı 2016-cı ildə ciddi iqtisadi islahatlar aparılacağını bəyan edib, dünyada və regionda baş verən hadisələrin yaratdığı fəsadların Azərbaycana təsirini minimuma endirmək üçün yaranmış yeni iqtisadi şəraitdə daha səmərəli işləməyi və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları hesabına təmin etməyi tapşırıb. Yaranmış yeni iqtisadi şərait dövlət-biznes tərəfdaşlıq münasibətlərinin qarşılıqlı faydalılıq, partnyorluq şəklində qurulmasını tələb edir.

Dövlət üzərinə düşən vəzifələri yerinə yetirməyə, sahibkarlığın inkişafı üçün mövcud biznes mühitini daha da yaxşılaşdırmağa, dünya böhranlarının Azərbaycana təsirini azaltmağa, vətəndaşlarımızı onun neqativ təsirlərindən qorumağa, ölkəmizin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına çalışır. Bu strategiyanın gələcəkdə də davamlı olması üçün dövlət büdcəsinin gəlirləri artmalıdır və bu işdə biznes strukturları və fərdi sahibkarların da üzərinə mühüm vəzifələr düşür.

Nazir müavini qeyd edib ki, neft gəlirlərinin azalması Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına müəyyən qədər təsir göstərsə də, 2015-ci il ərzində proqnoza 100,1 faiz əməl edilib, büdcəyə 7 milyard 118,2 milyon manat vergi toplanıb. Ümumi vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 70 faizdən çox olub. Azərbaycanın regionlarında həyata keçirilmiş uğurlu iqtisadi islahatlar, yeni iş yerlərinin yaradılması, vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində görülmüş tədbirlər nəticəsində regionlar üzrə vergi daxilolmaları son 5 ildə təxminən 2 dəfə artıb, paytaxtdankənar şəhər və rayonlar üzrə dövlət büdcəsinə 622,1 milyon manat vəsait daxil olub.

S.Ələkbərov diqqətə çatdırıb ki, ölkəmizin vergi xidməti əsaslı modernləşdirmə  prosesindən keçib, vergi sisteminin geniş diapazonlu texniki imkanlara malik texnoloji bazası yaradılıb. Bu gün Azərbaycanın vergi sistemi dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə 62 növ elektron xidmət göstərilir. Bu, respublikamızda dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən ən geniş elektron xidmətlər toplusudur. Sahibkar vergi orqanlarına gəlmədən bütün öhdəliklərini internet üzərindən yerinə yetirə bilir, vergi bəyannamələrinin təqdim edilməsi, vergi öhdəliklərinin icrası təmamilə elektronlaşdırılıb. Vergi ödəyicilərinin təxminən 90 faizi vergi bəyannamələrini elektron şəkildə təqdim edir. Natiq bildirib ki, cənab Prezidentin müvafiq fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası yaradılıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da Apelyasiya Şuralarının yaradılmasına başlanıb.

Vergilər Nazirliyində vergi ödəyicilərinin mübahisələndirdiyi məsələlərin məhkəməyə müraciət olunmadan vergi orqanları səviyyəsində həll edilməsi və şikayətlərə baxılmasına nəzarətin gücləndirilməsi məqsədilə yaradılmış Vergi Apelyasiya Şurasının Əsasnaməsi mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında nümunəvi Əsasnaməyə uyğunlaşdırıb. Ölkəmizin inkişafı üçün müəyyən edilmiş vəzifələrin icrası istiqamətində görülən işlərin davamı olaraq, vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizmlərinin müasir tələblərə uyğun olaraq daha da təkmilləşdirilməsi, əhalidə yüksək vergi mədəniyyəti və intizamının formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə son iki ayda nazirlikdə bir sıra struktur və kadr dəyişiklikləri aparılıb. S.Ələkbərov xatırladıb ki, Azərbaycanda vergi qanunvericiliyi sahibkarlıq fəaliyyəti üçün cəlbedicidir, vergi yükü rəqabətə davamlıdır. Çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün müvafiq vergi qanunvericiliyi bazası yaradılıb, ölkəmizin uzunmüddətli strateji inkişaf planlarının məqsədlərinə cavab verən sabit vergi sistemi formalaşdırılıb.

Sonra Dünya Bankının Azərbaycan üzrə ölkə təmsilçisi Larisa Leşçenko çıxış edərək, respublikamızın vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə V vergi forumunun ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm addım olduğunu bildirib. Qeyd olunub ki, vergi siyasəti maliyyə sabitliyinin qorunmasına, ölkəmizin iqtisadi inkişafı ilə bağlı müəyyən olunmuş hədəflərin reallaşmasına bilavasitə təsir göstərir.

Forumda açıq dialoq şəraitində keçən müzakirələrdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan-Estoniya Ticarət Palatasının rəhbəri, “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe, Vergilər, İqtisadiyyat, Maliyyə nazirliklərinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və ekspertlər, beynəlxalq auditor şirkətlərinin nümayəndələri, sahibkarlar və onların ictimai birliklərinin təmsilçiləri çıxış edərək ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün vacib hesab etdikləri məsələlər barədə fikirlərini bölüşüb, dövlət başçısı tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirləri dəstəklədiklərini bildiriblər.

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri forum iştirakçılarının, sahibkarların çoxsaylı suallarını da cavablandırıblar.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında