Azərbaycan regionun güclü sənaye dövlətinə çevrilir

2015-ci ildə ölkəmizin qeyri-neft sənayesi 8,4 faiz artmışdır

Ötən il qlobal maliyyə böhranının dünyanın əksər ölkələrinə ciddi təsir göstərməsinə baxmayaraq, Azərbaycanın iqtisadi və sosial həyatında  dinamik inkişaf prosesi davam etmiş, nəzərdə tutulmuş bütün sosial proqramlar uğurla icra olunmuşdur. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkə iqtisadiyyatının dayanıqlılığını qoruyub saxlamışdır.

 Təsadüfi deyil ki, Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Azərbaycan isə 2015-ci ildə uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır.  Ümumi daxili məhsul (ÜDM) 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir”.

Dövlət Statistika Komitəsinin 2015-ci ilin sosial-iqtisadi inkişafına dair hesabatına əsasən, ötən il Azərbaycanda 54 milyard 352,1 milyon manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki  illə müqayisədə 1,1 faiz  çoxdur. İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) 33,9 faizi sənaye sahələrinin, 12,1 faizi inşaat kompleksinin, 10 faizi ticarət və pullu xidmət sahələrinin, 6,2 faizi kənd təsərrüfatının, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatının, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2 faizi informasiya və rabitənin, 19,4 faizi isə digər sahələrin payına düşmüşdür. ÜDM-in strukturunda məhsula  və idxala görə ödənilmiş xalis vergilərin payı 8,3 faiz təşkil etmişdir.

İl ərzində ölkə iqtisadiyyatının aparıcı sahəsi sayılan sənayenin də dinamik inkişafı davam etmiş, bu sahədə 2,4 faizlik artım qeydə alınmışdır. İstehsal olunmuş sənaye məhsulunun 76,4 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 87,1 faizi sənaye mallarının, 12,9 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Sənayenin inkişaf etdirilməsi üçün ölkədə rəqabət qabiliyyətli müasir istehsal sahələrinin yaradılması,  sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icrası davam etdirilmiş, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir.  Bir sözlə, bu sahədə mühüm malların istehsalının davam etdirilməsi ölkə sənayesinin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlamışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 26 milyard 156,9 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bütövlükdə isə, son yeddi ildə ölkədə sənaye istehsalının real həcmi təqribən üç dəfə artmışdır.  Bu da heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin məntiqi nəticəsidir. Sənaye məhsulunun 61,9 faizi mədənçıxarma, 22,9 faizi emal,  7,3 faizi elektrik enerjisi, qaz və buxar  istehsalı, bölüşdürülməsi və təchizatı,  0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində yaradılmışdır.

Sənayenin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft strategiyası mühüm rol oynamışdır. Əvvəlki dövrlərdə olduğu kimi, 2015-ci ildə də “Əsrin müqaviləsi” və “Şahdəniz” sazişləri çərçivəsində Azərbaycanda neft və qaz hasilatı sabit şəkildə davam etmişdir. Yeri gəlmişkən, son illər Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırmışdır ki, bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməsinə imkan yaratmışdır.

2015-ci ildə Azərbaycanda 41 milyon 689 min ton xam neft və kondensat istehsal olunmuşdur. Hesabat ilində ölkə üzrə təbii qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 29 milyard 742,7 milyon kubmetrə çatmışdır. Hasil olunmuş “mavi yanacağın” 19 milyard 720,5 milyon kubmetrini əmtəəlik qaz təşkil etmişdir. 

Ötən il  ölkənin qeyri-neft sektorunda 37 milyard 670 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ÜDM-in 69,3 faizi deməkdir. Ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur. Məhz bunun nəticəsidir ki, 2015-ci ildə ölkəmizin qeyri-neft sənayesində 7 milyard 660,3 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 8,4 faiz çoxdur.

Son illər bu sahədə müşahidə olunan dinamik inkişaf, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir. Dövlətimizin başçısı tərəfindən “Sənaye ili” elan olunmuş 2014-cü ildə Azərbaycanda reallaşdırılan məqsədyönlü tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən işlər qeyri-neft sektorunda, xüsusən də, sənayenin qeyri-neft sahələrində böyük bir canlanmaya səbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, son iki ildə ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili istiqamətində mühüm işlər görülmüş, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılmış, bir sıra digər mühüm sənaye obyektlərinin tikintisinə başlanılmışdır. 2015-ci ildə qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş vəsaitlər hesabına Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı”, “Buzovna-2”, 35 kilovoltluq 11 elektrik yarımstansiyası tikilib istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasında sənaye kompleksi, “Günəş” elektrik stansiyası, Sumqayıt şəhərində beton məmulatı və texniki avadanlıqlar zavodları, etilen-polietilen zavodunda yeni qurğular, “Alyans Tekstil” tikiş fabriki, Abşeron rayonunda Xırdalan metal konstruksiyalar zavodu, 35 kilovoltluq “Sarıqaya”, “Fatmayı” və  “Məhəmmədi”, elektrik stansiyaları, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi və  Göçay su elektrik stansiyası da ötən ilin buraxılış obyektlərindəndir.

Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə, 2015-ci ildə mədənçıxarma və ya hasilat sənayesində 14 milyard 352,3 milyon  manatlıq  məhsul  istehsal  olunmuşdur. Ötən il mədənçıxarma bölməsinin dəmir filizi, mis filizi və konsentratların, habelə qiymətli filizlərin və konsentratların istehsalında əhəmiyyətli artım baş vermişdir. Yeri gəlmişkən, qiymətli metal filizi sayılan qızılın istehsalı 2229,3 kiloqram təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 19,1 faiz çoxdur. Mədənçıxarma sənayesinin digər mühüm məhsulu sayılan duz istehsalı da 2014-cü ilin səviyyəsini 12,2 faiz üstələyərək 39 min 460,7 tona çatdırılmışdır. Bununla yanaşı, ötən il Azərbaycanda fəaliyyət göstərən sahibkarlar  tərəfindən 531,3 min ton tikinti qumu, 337,9 min ton inşaat üçün əhəng daşı, 678,1 min ton çınqıl və s. istehsal  edilmişdir.

Ölkə sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan emal  bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının  sənaye istehsalı da  nəzərə  alınmaqla) tərəfindən 7,8 milyard  manatlıq (2014-cü illə müqayisədə 7 faiz çox) məhsul  istehsal  olunmuş,  sənaye  xarakterli  xidmətlər  göstərilmişdir. Ötən il ölkədə 2 milyard 640 milyon manatlıq qida məhsulları istehsal olunmuş, bu sahədə 2,9 faiz artım əldə edilmişdir. İl ərzində mühüm  növ qida məhsullarından  sayılan  ət, kolbasa məmulatları, süd və süd məhsulları, kərə yağı, eləcə də duru bitki yağları,  çörək və çörək-bulka məmulatları, duz istehsalı xeyli artmışdır. Bununla yanaşı, araq istisna olmaqla digər içki məhsullarının, həmçinin tütün məmulatlarının istehsalında azalma müşahidə olunmuşdur.

Emal bölməsinin toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların  və ayaqqabıların  istehsalı ilə məşğul olan  müəssisələr  tərəfindən il  ərzində 97,8   milyon manatlıq məhsul buraxılmışdır. İl ərzində sahənin əsas mallarından sayılan hazır pambıq parçalar və ayaqqabı üçün dəri istisna olmaqla digər malların istehsalında azalma qeydə alınmışdır.

Emal sənayesinin  ikinci  böyük  xüsusi çəkiyə  malik olan  neft  məhsullarının istehsalı sahəsində əvvəlki illə müqayisədə bir qədər azalma baş vermiş, məhsul buraxılışının həcmi 2 milyard 429,9 milyon manat təşkil etmişdir. Hesabat dövründə ölkəmizin neft məhsullarının istehsalı müəssisələri tərəfindən 1 milyon 224,6 min ton  avtomobil benzini, 205,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 688,6 min ton ağ neft, 2 milyon 803,7 min ton dizel yanacağı, 328,1 min ton yanacaq mazutu, 171,8  min  ton  neft  bitumu  və 25,3 min ton sürtkü yağları istehsal  olunmuşdur.

Adıçəkilən bölmənin kimya sənayesində rezin və plastmas   məmulatlarının, həmçinin əczaçılıq məhsullarının  istehsalı ilə  məşğul olan  müəssisələr isə ötən doqquz ayda 375,3 milyon manatlıq məhsul  istehsalına nail olmuşlar. Əsas kimya məhsullarından izopropil spirti, aqro, xlorid turşusu, polietilen, etilen, lak-boya məmulatlarının istehsalı  xeyli  artmışdır.

2015-ci ildə tikinti materialları sənayesində məhsul istehsalı 6,3 faiz artaraq 433,7 milyon manat təşkil etmişdir. Hesabat ilində müəssisələr tərəfindən 2 milyon 938,1 ton  sement, 195,5 min  ton tikinti gipsi, 128,5 min ton sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclər 207,7 min kubmetr tikinti kərpici, 1 milyon 296,8 min ton hazır beton qarışığı, 474,7 min ton asfalt, 11 min 769,8 ton emal edilmiş mərmər və s. mallar istehsal olunmuşdur.

Emal bölməsinin  metallurgiya  sənayesi və  hazır metal  məmulatlarının  istehsalı müəssisələri  isə il ərzində 349,1 milyon manatlıq  məhsul  istehsal  etmiş  və  xidmətlər göstərmişlər. Adıçəkilən  bölmənin  mühüm növ məhsullarından sayılan emal edilməmiş alüminium ərintiləri, qara metallardan qeyri-elektrik radiatorlar və onların hissələri, mayelər üçün çənlər istisna olmaqla digər malların istehsalında azalma qeydə alınmışdır. 2015-ci ildə Azərbaycanda kompüter, elektron və elektrik avadanlıqlarının istehsalı sahələrində 176,3 milyon manatlıq məhsul istehsal olunmuşdur. Hesabat ilində ölkəmizdə maşın və avadanlıqların, eləcə də nəqliyyat vasitələrinin, avtomobil və qoşquların istehsalı sahələrində isə məhsul istehsalının həcmi 302,3 milyon manat təşkil etmişdir. Bunun da hesabına 955 ədəd traktor, 385 ədəd yük və 728 ədəd minik avtomobili, eləcə də 142,6 ton fəvvarə armaturu, 4694 ədəd ştanqlı quyu nasosu və s. mallar istehsal edilmişdir.

Ölkə  sənayesinin digər  sahəsi olan  elektrik  enerjisi,  qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən  1 milyard 897 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. İl ərzində ölkədə 22 milyard 900,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmuş, onun 20 milyard 260,1 milyon kilovat-saatı istilik, 1 milyard 541,5 milyon kilovat-saatı isə su elektrik stansiyalarının payına düşmüşdür. Yeri gəlmişkən, son illər Azərbaycanda alternativ enerji mənbələrinin hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilmiş, ölkənin bir sıra yerlərində günəş, külək və bioenerji ilə işləyən qurğular tikilib istifadəyə verilmişdir. Keçən il ölkəmizdə alternativ enerji mənbələri hesabına 9,7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur. 2015-ci ildə  sənayenin su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 234,9 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.

Ötən il ölkənin sənaye  müəssisələrində çalışan  işçilərin  sayı 182,1 min  nəfər olmuş, onların orta aylıq əmək haqları isə 12,3 faiz artaraq 797 min manat təşkil etmişdir. 

Yaxın illərdə ölkəmizdə sənayeləşmənin daha da sürətləndirilməsi nəzərdə tutulur. “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il oktyabrın 8-də imzaladığı fərman bu baxımdan mühüm əhəmiyyətli sənəd kimi diqqəti cəlb edir. Belə ki, sənədə əsasən, ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin reallaşdırılması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən sənaye məhəllələrinin yaradılması planlaşdırılır. Elə Nazirlər Kabinetinin iclasında da Prezident İlham Əliyev bu məsələnin aktuallığını bir daha diqqətə çatdıraraq demişdir: “Sənaye istehsalı istiqamətində çox ciddi iş aparılmalıdır. Texnoparklar, sənaye klasterləri yaradılmalıdır. Bütün regionlarda sənaye zonaları yaradılmalıdır. Bu məsələ ilə bağlı mən əvvəlki müşavirələrdə də öz fikirlərimi bildirmişdim. İstəyirəm bu istiqamətdə işlər daha da sürətlə getsin ki, biz artıq nəticələri görək”. Dövlət başçısının tapşırığına uyğun olaraq artıq  Mingəçevir Sənaye Parkının yaradılmasına başlanılıb. Neftçala Sənaye Məhəlləsində isə yaxın üç ay ərzində sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq.

Göründüyü kimi, hazırda Azərbaycanda sənayenin, xüsusən də qeyri-neft sənayesinin inkişaf etdirilməsi iqtisadiyyatın şaxələndirilməsi strategiyasının prioritet istiqamətlərindən biri kimi getdikcə daha çox aktuallıq kəsb edir. Bölgələrdə iri sənaye istehsalı zonalarının yaradılması isə neft-qaz ölkəsi olan  Azərbaycanı, həm də yaxın gələcəkdə regionun qeyri-neft sənayesinin inkişaf etdiyi bir dövlətə çevirəcəkdir. 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında