Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı son on iki il ərzində dinamik inkişaf edib, istehsalın şaxələndirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Bu müddətdə Azərbaycan Respublikası bir neçə dəfə ilin ən islahatçı ölkəsi kimi “Doing Business” hesabatında qeyd olunub. Uzun illər ümumi daxili məhsulun artım tempinə görə Azərbaycan dünyada lider mövqeyini qoruyub saxlayıb.
Artıq yeddi ilə yaxındır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı ilk 40 dövlət arasındadır və Müstəqil Dövlətlər Birliyində lider mövqeyini qoruyub saxlayır. 2014-cü ilin sonundan başlayaraq neftin qiymətində kəskin enmə, 2015-ci ildə dünyada mövcud olan geosiyasi vəziyyət və bundan irəli gələn iqtisadi problemlər təbii ki, hökumətləri qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirməyə sövq edib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə hazırda qeyri-neft sektorunda genişmiqyaslı islahatlara başlanılıb. İslahatların keyfiyyətlə və nəzərdə tutulan istiqamətdə həyata keçirilməsinin əsas prinsipləri maliyyə sahəsində şəffaflığın, nəzarət mexanizmlərinin və bu bazarda likvidliyin təmin edilməsidir. Əlbəttə, bütün islahatların əsasında maliyyə sabitliyi durur və cənab İlham Əliyev vurğulayıb ki, bu sahədə dünya standartları tətbiq edilməklə maliyyə sabitliyi, bankların, maliyyə qurumlarının likvidliyi təmin edilməlidir və yalnız bundan sonra digər sahələr üzrə əsaslı islahatlara gedilə bilər. Bunun üçün hazırda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilməklə Azərbaycanda maliyyə bazarlarının iştirakçıları arasında tənzimləmə, nəzarət və icra mexanizmlərinin müəyyənləşdirilməsinə başlanılıb. Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında ölkədə yaradılan siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti vardır. 2004-cü ildən uğurla icra olunan bu proqramlar bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir.
Son vaxtlar dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı verdiyi mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olub. Başqa sözlə bu, sahibkarlara qarşı süni maneələrin aradan qaldırılması məqsədi daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlara qarşı əngəllərin yaradılmasını yolverilməz hesab etməsi də bu baxımdan təsadüfi deyil: “Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər. Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur. Biz indi post-neft dövründə yaşayırıq. Ona görə də qeyri-neft sektorunun inkişafı, ixracdan asılılığın azaldılması dayanıqlı inkişafımızı təmin edəcək”.
Bu gün iqtisadiyyatın, o cümlədən regionların davamlı və tarazlı inkişafının sürətləndirilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da reallaşdırılan məqsədyönlü tədbirlər nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənir. Hazırda sözügedən sahədə dövlət siyasəti sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsinə, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə özəl bölmənin inkişafı ilə bağlı həyata keçirilən islahatlar ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır və sahibkarlar ölkə rəhbərinin qərarlarının, tapşırıqlarının, imzaladığı fərman və sərəncamların onların fəaliyyətinə geniş imkanlar açacağına əmindirlər.
Azərbaycan bu gün 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir. Bu, ümumi daxili məhsulun həcmindən daha böyük rəqəmdir. Belə bir strateji ehtiyatları olan dövlət, təbii ki, heç bir maliyyə çətinliyi çəkə bilməz. Amma maliyyə resurslarından düzgün, səmərəli istifadə və maliyyə resurslarını sonradan əlavə dəyərə çevirməklə ümumi daxili məhsulun həcminin artırılmasında iştirak prinsiplərinin tənzimlənməsi cənab İlham Əliyevin müəyyənləşdirdiyi ən prioritet istiqamətdir.
Bax, elə buna görə də möhtərəm dövlət başçısının təşəbbüsü ilə hazırda biznes mühitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi və dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində islahatlar uğurla davam etdirilir. Bu kontekstdə ölkənin maliyyə-bank sisteminin səmərəli inkişafının təmin olunması, həmin sahədə tənzimləmə və nəzarətin mütərəqqi metod və mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması mühüm hadisə kimi dəyərləndirilməlidir.
Mütəxəssislərin fikrincə, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təşkili ilə bağlı hüquqi aktların hazırlanması üçün dövlət başçısının müvafiq fərmanı əsasında işçi qrupu yaradılıb. İşçi qrupu bu gün həm Palatanın nizamnaməsini, eyni zamanda, onun fəaliyyətini tənzimləyəcək qanunvericilik aktlarını hazırlayır. Palata öz fəaliyyətində həm sığorta, həm bank, həm də qiymətli kağızlar bazarlarını, eyni zamanda, maliyyə monitorinqi, çirkli pulların yuyulması sahələrində fəaliyyətə nəzarəti həyata keçirəcək. Həmçinin işçi qrup Mərkəzi Bank ilə Palata arasında funksiyaların dəqiq sərhədlərini müəyyənləşdirməklə bölgü həyata keçirən normativ aktlar da hazırlayacaq. Çünki Mərkəzi Bank maliyyə bazarında əsas iştirakçıdır, eyni zamanda, monetar siyasəti həyata keçirən qurumdur. Onu da deyək ki, bankların maliyyə bazarının, inflyasiyanın, qiymətlərin müəyyənləşdirilməsində Mərkəzi Bankın rolu, əhəmiyyəti olduğu kimi qalır.
Şəffaflılığın təmin edilməsi üçün sözügedən Palata kollegial prinsiplərlə idarə olunacaq. Bu zaman əməliyyat və maliyyə müstəqilliyi prinsipləri əsas götürüləcək. Xatırladaq ki, Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli fərmanına müvafiq olaraq 1 ay ərzində Palatanın nizamnaməsi, strukturu və idarəetmə tərkibi müəyyən ediləcək və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə xitam veriləcək. Bununla da müvafiq sahələrdə vahid tənzimlənmənin davamlı və ardıcıl tətbiqi təmin ediləcək.
Fərmandan göründüyü kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət orqanı deyil. Bu, publik hüquqi şəxsdir, özü-özünü maliyyələşdirən bir qurumdur. Yəni, bu qurumun fəaliyyəti üçün dövlətdən vəsaitin ayrılması nəzərdə tutulmur. Palata əsasən üzvlərinin, onun nəzarət sahəsinə aid olan qurumların üzvlük haqları və eyni zamanda, hazırlanan hüquqi sənədlərə görə ödənişlər hesabına maliyyələşdiriləcək. Palata kollegial orqandır, onun direktorlar şurası olacaq.
Bir sözlə, Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas məqsədi bu bazarın iştirakçılarının həm sağlam rəqabətini, həm də likvidliyini qorumaq və bunun üçün nəzərdə tutulan tədbirləri həyata keçirməkdir. Yeri gəlmişkən, bu gün beynəlxalq maliyyə mərkəzləri tərəfindən maliyyə bazarlarında vahid tənzimləyici yanaşma uğurla tətbiq edilir və respublikamızda yaradılan Palata da öz fəaliyyətində məhz belə mütərəqqi beynəlxalq təcrübədən yararlanacaq.
Azərbaycan Prezidentinin sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı növbəti addımlardan biri də 3 fevral 2016-cı il tarixli fərmanla mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuralarının və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılmasıdır. Həmin sənədin qəbulunda məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, onların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana təkrar şikayətlərin verilməsinə imkan yaratmaqdır.
Fərmanın qəbul edilməsindən sonra sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər üzləşdikləri çətinliklərlə əlaqədar (korrupsiya hüquqpozmaları ilə bağlı müraciətlər istisna olmaqla) yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının apellyasiya şuralarına müraciət edə biləcəklər. Bununla yanaşı, sahibkarlar yerli və mərkəzi icra hakimiyyətləri orqanlarının apellyasiya şuralarının qərarlarından narazı qaldığı təqdirdə isə fikirlərini Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasına bildirəcəklər.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” fərmanının icrası olaraq, artıq İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir.
Burada bir mühüm məqamı da qeyd etmək yerinə düşər. Belə ki, şuralar təkcə sahibkarlara deyil, vətəndaşlara da ictimai nəzarət mexanizmlərindən istifadə etmək imkanı yaradacaq. Sahibkarlar bu nəzarət mexanizmlərinin iştirakçılarına çevriləcək, öz müraciətlərini asanlıqla dövlət başçısına çatdırmaq imkanı əldə edəcəklər.
Sahibkarların hüquqlarının müdafiəsi, dövlət ilə sahibkar arasında yaranan inam, etimad təbii ki, sahibkarlıq subyektlərini yeni təşəbbüslərə, sahibkarı daha arxayın şəkildə investisiya qoymağa sövq edir. Bu isə ümumi iqtisadi inkişafa təkan verir. Digər mühüm bir məqam isə odur ki, apellyasiya şuralarının qərarları ictimaiyyətə mütləq açıqlanacaq. Ona görə də bu şuraların fəaliyyəti hər bir vətəndaş, o cümlədən sahibkar üçün tam şəffaf olacaq ki, bu da ictimai nəzarəti təmin edən bir amildir.
Prezident İlham Əliyev ötən il dekabrın 30-da Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı zamanı Xəzər rayonunun və Zirə qəsəbəsinin bir qrup sakini ilə görüşdə 2016-cı ildə Azərbaycan iqtisadiyyatının inkişaf edəcəyini, heç bir sosial proqramın icrası ilə bağlı problemin olmayacağını bildirərək demişdi ki, biz ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək.
Eyni zamanda, dövlətimizin başçısı idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işlərin görüləcəyini vurğulayaraq, struktur islahatlarının bu il də davam etdirilməsi ilə bağlı fikirlərini bildirmişdi: “Əfsuslar olsun ki, 2015-ci ildə həm dünyada, həm bölgədə qanlı toqquşmalar, müharibələr, ayrı-seçkilik və anlaşılmazlıq özünü daha qabarıq şəkildə büruzə verir. Azərbaycanda isə bütün işlər normal məcrada davam edir, xalqımızın təhlükəsizlik şəraitində yaşaması təmin edilir, milli birlik, həmrəylik hökm sürür. Əlbəttə, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Şəhərlərimizin siması dəyişdi, Bakı dünyanın ən gözəl şəhərinə çevrildi. Ancaq görüləsi işlər çoxdur. Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın”.
İdarəetmə sahəsində islahatların aparılması zəruriliyinə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da toxunulub. Dövlətimizin başçısı çıxışında bildirib ki, buna ciddi ehtiyac var. Ümumiyyətlə, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda ayrı-ayrı qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz.
Cənab İlham Əliyev daha sonra deyib ki, Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər...
Nazirlər Kabinetinin sözügedən iclasından bir neçə gün sonra artıq struktur islahatları özünün yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev hökumətdə və onun altqurumlarında struktur islahatlarının aparılması ilə bağlı bir neçə fərman imzalayıb. Həmin fərmanlara əsasən, İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilib və oradan “sənaye” sözü çıxarılıb. Bu isə nazirliyin mərkəzi aparatında və strukturlarında müəyyən dəyişikliyin aparılacağından xəbər verir.
Ölkə rəhbərinin digər fərmanları ilə Nazirlər Kabineti yanında iki struktur ləğv edilib. Onlardan biri Satınalmalar üzrə Dövlət Agentliyidir. Bu qurumun səlahiyyətləri və funksiyaları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.
Prezidentin digər sərəncamı ilə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb. Sərəncama əsasən, Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarəti, kompleksin fəaliyyətinin təmin olunması, habelə kompleksə dair proqnozlaşdırma və planlaşdırma işlərinin təşkili və kompleksin perspektiv inkişafının təmin olunması Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçiriləcək. Bu birləşmə nəticəsində ştat vahidlərinin ixtisarı və həmin idarələrin saxlanılmasına ayrılan xərclərin azalacağı gözlənilir.
Xatırladaq ki, Nazirlər Kabinetinin iclasında ölkə rəhbəri funksiyaları bir-birini təkrarlayan strukturların ləğv ediləcəyini də bildirmişdi. Bu baxımdan gözlənilir ki, struktur islahatları və idarəetmə sisteminin təkmilləşdirilməsi prosesi yaxın vaxtlarda da davam etdiriləcək. Şübhəsiz ki, həyata keçirilən islahatlar sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək. Bu, eyni zamanda, sahibkar–dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək, sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatları gücləndirəcək və insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində yeni bir səhifə açacaqdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.