Prezident İlham ƏLİYEV: Bu çətin vəziyyətdən ölkəmiz şərəflə çıxacaqdır

Qlobal maliyyə böhranının getdikcə dərinləşməsi, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda əksər ölkələrdə bir sıra çətinliklər müşahidə olunur, iqtisadiyyatda tənəzzül baş verir.

Heç şübhəsiz, bu arzuolunmaz  tendensiyanın, qlobal maliyyə böhranının mənfi təzahürləri Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, son bir il ərzində neftin qiymətinin ucuzlaşması nəticəsində ölkəmizin gəlirləri kəskin şəkildə azalmış, milli valyutamız devalvasiyaya uğramışdır. Bütün bu xoşagəlməz tendensiyalara, dünyada cərəyan edən siyasi proseslərin mənfi təzahürlərinə baxmayaraq, Azərbaycanın iqtisadi potensialı və dövlətin güclü siyasi iradəsi böhrandan üzüağ çıxmağa imkan verir.

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə dövlət başçısının proqram xarakterli nitqində səsləndirilən fikirlər də nikbinliyə tam əsas verir.  2015-ci ildə dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələrin bəzi çətinliklərlə üzləşdiyini və bu tendensiyanın hazırda da  davam etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev demişdir: “Son bir il ərzində neftin qiyməti dörd dəfə düşmüşdür. Yəni, bütün neft ixrac edən ölkələrin gəlirləri böyük dərəcədə azalmışdır. Azərbaycanın gəlirlərinin böyük hissəsi neftlə bağlıdır. Biz uzun illərdir çalışırıq ki, neftdən asılılığı azaldaq. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Belə olan halda neftin qiymətinin aşağı düşməsi bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərir. Deyə bilərəm ki, Azərbaycan bu vəziyyətdən çıxmaq üçün çox ciddi addımlar atır. Bizimlə eyni vəziyyətdə olan ölkələr arasında bu böhranlı vəziyyətdən Azərbaycan ən az itkilərlə çıxa bilmişdir... Biz əvvəllər bundan da çətin vəziyyətlərlə üzləşmişik. Azərbaycan xalqı və Azərbaycan dövləti buna oxşar bütün belə məqamlarda güclü iradə nümayiş etdirmişdir”.

Mövcud böhranlı vəziyyətdən ən az itkilərlə çıxmaq üçün bir sıra zəruri tədbirlərin, xüsusən də islahatların aparılmasının vacibliyini önə çəkən dövlət başçısı qeyd etmişdir ki, qarşıya qoyulmuş vəzifələrin icra olunması Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirəcək, ölkədə iqtisadi fəallıq artacaq, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcəkdir. Yeri gəlmişkən, vətəndaşların sosial müdafiəsi məsələlərinin daim diqqətdə saxlanılmasının Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bəyan edən Prezident İlham Əliyev son günlər imzaladığı bir sıra fərman və sərəncamlarla ölkədə pensiya və müavinətlərin, eləcə də ayrı-ayrı sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılmasını təmin etmişdir. Heç şühəsiz, bu addım Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial siyasətin, vətəndaşların rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq istiqamətində reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir.

Son zamanlar dolların manata nisbətən möhkəmlənməsi ölkəmizə idxal olunan malların qiymətinin artması ilə nəticələnmişdir. Təəssüf ki, yaranmış vəziyyətdən sui-istifadə edən bəzi işbazlar ölkə daxilində istehsal edilən  məhsulların da qiymətlərini artırmağa cəhdlər göstərməyə başlamışlar ki, bu da vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Buna isə ən yüksək səviyyədə dərhal reaksiya verilir, bu cür hallara qarşı mübarizə tədbirləri getdikcə genişləndirilir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında olduğu kimi, yanvarın 18-də keçirilən məlum müşavirədə də Prezident İlham Əliyev ölkədə süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılması ilə bağlı konkret tapşırıqlar vermişdir. Dövlət başçısı bu barədə demişdir: “Əfsuslar olsun ki, bəzi hallarda natəmiz insanlar, işbazlar bu vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə bahalaşdırmağa çalışırlar. Dövlət orqanları, prokurorluq, istehlak bazarına nəzarət edən orqanlar bu məsələ ilə ciddi məşğuldurlar. Görülən tədbirlər, o cümlədən verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu da sosial təşəbbüsdür. İlk növbədə, biz bunu çətin vəziyyətdə olan insanların mənafeyini nəzərə alaraq edirik. Çalışmalıyıq ki, gələcəkdə bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud da ki, siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaqlar. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar”.

Yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyada iştirak edən Prezident İlham Əliyev tədbirin aparıcısı, CNN-in redaktoru Con Defteriosun neftin qiymətlərinin kəskin düşməsi nəticəsində Azərbaycanın milli valyutasının devalvasiyaya məruz qalmasının bir sıra etirazlara səbəb olması ilə bağlı sualını cavablandırarkən qeyd etmişdir ki, qonşu ölkələrdə milli valyutaların kəskin ucuzlaşması bizim məhsullarımızın da rəqabətədavamlılığını azaltmış, idxal edilən malların qiymətində artım baş vermişdir. Azərbaycanın hələ də bəzi məhsullar baxımından idxaldan asılı ölkə olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirmişdir ki, qiymətlərin artmasının bir sıra narahatlıqlara səbəb olması onunla bağlı idi ki, insanlar belə bir vəziyyətə hazır deyildilər. Hazırda isə  vəziyyətin  sabitləşməyə doğru getdiyini söyləyən Prezident İlham Əliyev daha sonra demişdir: “Zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi. Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı və zənnimcə bu, bizim üçün bir qədər yüksək göstərici idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq”.

Mövcud iqtisadi şərait ölkəmizdə bir sıra struktur islahatlarının aparılmasını, daha çevik və səmərəli idarəetmə metodlarının tətbiqini zəruri edir. Bu məsələlərlə bağlı artıq müəyyən addımların atıldığını bildirən dövlət başçısı bunun daimi proses olacağını bildirmiş və qeyd etmişdir ki, dövlət orqanları operativ, çevik siyasət aparmalıdırlar.  Ona görə bir-birini təkrarlayan, yaxud da ki, o qədər də lazım olmayan dövlət qurumları ya birləşdirilməli, ya da ki, ləğv edilməlidir. Yeri gəlmişkən, Davos Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyada Prezident İlham Əliyev bildirmişdir ki, neftin qiymətinin ciddi şəkildə ucuzlaşmasının ölkəmizin büdcəsini tarazlamaq, investisiya üçün maliyyəyə malik olmaq kimi ehtiyaclardan başqa, bu, bir az da psixoloji cəhətdən yorucudur. Həmin məqama toxunan dövlətimizin başçısı bununla bağlı sualı cavablandırarakən daha sonra demişdir: “Biz sosial infrastruktura, sənaye infrastrukturuna investisiya qoymalıyıq. Eyni zamanda, istehsal gücünü sabit saxlamaq üçün də neft və qaz sənayesinə investisiya qoymalıyıq. İndiki vəziyyət, əlbəttə, ürəkaçan deyil. Ancaq, eyni zamanda, bu, Azərbaycanda islahatlar üçün əlverişli məqamdır. Biz maliyyə sektorumuzun yeni təfəkkürdə islahatlarına, iqtisadi islahatlara, ixracat yönümlü qeyri-neft məhsullarının istehsalına başlamışıq və neft amilini unutmalıyıq. Azərbaycanın iqtisadi vəziyyəti sabitdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 12 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız da, demək olar ki, ümumi daxili məhsul ilə eyni səviyyədədir. Əminəm ki, biz böhrandan çıxacağıq”.

Neftin satışından əldə edilən gəlirlərin xeyli azaldığı bir şəraitdə Azərbaycanda valyuta bazarının tənzimlənməsi qarşıda duran mühüm vəzifələrdəndir. Artıq dövlət başçısı tərəfindən bununla bağlı müvafiq göstərişlər verilmiş, hazırda lazımi təkliflər hazırlanır. Prezident İlham Əliyevin tövsiyəsi ilə bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsinin, beynəlxalq praktikanın Azərbaycanda tətbiqi imkanları araşdırılır, 2008-2009-cu illərin dünya iqtisadi böhranı zamanı inkişaf etmiş ölkələr tərəfindən atılmış addımlar təhlil edilir. 

Məlum olduğu kimi, son illər Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, dövlətin iqtisadi siyasətinin prioritetinə çevrilmişdir. Yola saldığımız 2015-ci ildə ölkəmizdə bu istiqamətdə mühüm nailiyyətlərə imza atılmış, sosial-iqtisadi inkişafın indikatoru sayılan ümumi daxili məhsul istehsalı əvvəlki illə müqayisədə 1,1 faiz artaraq 54,4 milyard manat təşkil etmişdir. Hesabat ilində iqtisadiyyatın qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 69,3 faizədək yüksəlmişdir. Qeyri-neft sənayesində isə 8,4 faizlik artıma nail olunmuşdur. Yeri gəlmişkən, Azərbaycanda həyata keçirilən antiböhran tədbirlərindən biri də indiki şəraitdə qeyri-neft sektorunun inkişafına diqqətin daha da artırılmasından ibarətdir. Bu baxımdan regionların inkişafı, bölgələrdə  infrastrukturun, sosial infrastrukturun yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması son dərəcə vacibdir. Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilmiş “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusundakı məqaləsində deyilir: “Qeyri-neft sektoru, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Məqsədimiz qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır”.

Qeyri-neft sektorunun daha ciddi artımını təmin etmək üçün həyata keçirilən  məqsədyönlü tədbirlər sırasında özəlləşdirmənin davam etdirlməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də yanvarın 18-də keçirilən müşavirədə Prezident İlham Əliyev ölkədə geniş özəlləşdirmə proqramının hazırlanması ilə bağlı hökumətə  müvafiq göstərişlər verildiyini diqqətə çatdıraraq demişdir: “Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər”.

Müşavirədə milli valyutamıza etimadın bərpa edilməsinin vacibliyini önə çəkən Prezident İlham Əliyev Azərbaycanda gedən dollarlaşma prosesindən narahatlığını ifadə edərək bunun heç bir iqtisadi əsasının olmadığını bildirməklə yanaşı, prosesin məhz ölkəmizin hüdudlarından kənarda baş verməsi ilə bağlı məqamlara toxunmuşdur. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını vurğulayan dövlət başçısı  bu sahədə islahatların dərinləşəcəyini, əlavə addımların atılacağını bəyan etmiş, vətəndaşların da bununla bağlı hökumətlə bir istiqamətdə fəaliyyət göstərməli olduqlarını diqqətə çatdırmışdır.

Dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə bank sektorunun tənzimlənməsi ilə bağlıdır. Bunun üçün, ilk növbədə, problemli banklar sağlamlaşdırılmalı, bank konsolidasiyası aparılmalı, xüsusən də əmanətlərin sığortalanması məsələsi həll olunmalıdır. Yeri gəlmişkən, Azərbaycanda artıq bir necə ildir ki, bu praktikadan istifadə olunur. Ölkə Prezidentinin təbirincə desək, əmanətlərin sığortalanması işində əlavə tədbirlərin görüləcəyi isə, heç şübhəsiz, bank sektoruna, eyni zamanda, milli valyutamıza olan inamı böyük dərəcədə artıracaq.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir.  Bununla belə, ölkəmiz hələ ki, dünya bazarlarına qeyri-neft sektoru xətti, böyük ixrac malları ilə çıxa bilmir.  Yanvarın 18-də keçirilən müşavirədə dövlət başçısı idxalı azaltmağın vacibliyini önə çəkərkən bildirmişdir ki, hazırda Azərbaycan həm tikinti materialları, həm də ərzaq malları ilə bağlı öz ehtiyaclarını böyük dərəcədə ödəsə də, yerli istehsal mallarının tərkibində  xarici komponenti aradan götürməklə ölkəmizdə istehsal olunan bütün ərzaq məhsullarının xammalının da məhz Azərbaycan mənşəli olması təmin edilməlidir.

Bu il Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcək. Bu da iqtisadiyyatın real sektoruna, o cümlədən regionların inkişafına daha çox investisiya qoyulmasına imkan yaradacaq. Eyni zamanda, bu addım ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verməklə yanaşı,  idxaldan asılılığın azaldılmasına səbəb olacaq ki, bu da öz növbəsində  qiymətlərin tənzimlənməsinə imkan yaradacaq. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində yeni yaradılan iri fermer təsərrüfatlarının, yerli müəssisələrin rolu getdikcə artır. Dövlətin bu sahəyə lazımi dəstək göstərdiyini bildirən ölkə Prezidenti İlham Əliyev bank sektorunu da bu işdə fəal olmağa səsləmiş və  banklara dövlətə lazım olan sahələrə investisiya yatırmağı, bu məqsədlə kredit ayırmağı tövsiyə etmişdir.

Göründüyü kimi, qlobal maliyyə böhranının ölkəmizə təsirlərinin azaldılması ilə bağlı dövlətin güclü iqtisadi konsepsiyası və güclü siyasi iradəsi mövcuddur. Bu konsepsiyanın uğurla reallaşdırılması üçün ölkədə islahatların dərinləşməsi, iqtisadi və maliyyə sisteminin şəffaflaşdırılması, biznes mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun sağlamlaşdırılması və s.  sahələrdə məqsədyönlü tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “AZƏRTAC”, APA və “Trend” agentiliklərinə müsahibəsində dövlət başçısı İlham Əliyevin mövcud vəziyyəti və görüləcək işləri  dərindən təhlil etməklə yeni vəzifələrin müəyyənləşdirdiyini xatırladaraq demişdir: “Qısamüddətli perspektivdə iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, maliyyə bazarında tarazlıq yaratmaqla ”dollarlaşma" prosesinin dayandırılması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, vətəndaşların maddi təminatının yüksəldilməsi və süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçiriləcəyi bəyan olundu. Uzunmüddətli perspektivdə reallaşdırılacaq strategiya isə mövcud bazaya əsaslanmaqla, beynəlxalq təcrübə nəzərə alınmaqla və cəmiyyət həyatının bütün sahələri əhatə olunmaqla Azərbaycanın yeni inkişaf mərhələsinə yüksəldilməsini nəzərdə tutur".

Elə Prezident İlham Əliyevin “Azərbaycanda düşünülmüş siyasət, iqtisadi islahatlar aparılır. Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidirlər” fikri də bunu deməyə əsas verir ki, xalqla iqtidar arasında olan sarsılmaz birlik bütün çətinlikləri dəf etməyə qadirdir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında