Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası sosial-iqtisadi inkişaf üçün yeni imkanlar yaradır

Dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə antiböhran tədbirləri həyata keçirilir, görülən işlər barədə ictimaiyyət müntəzəm məlumatlandırılır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Mərkəzi Bankın sədri Elman Rüstəmov Neftçaladakı Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin əhalinin məşğulluğunun təmin edilməsi, insanların sosial müdafiəsinin gücləndirilməsi, dinamik iqtisadi inkişaf və regionların potensial imkanlarının hərəkətə gətirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr müzakirə olunub.

Tədbirdən əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev  Neftçalada görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirilib ki, dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində rayonda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılıb. Hazırda sənaye məhəlləsinin tikintisi uğurla davam etdirilir və may ayında inşaat işlərinin yekunlaşacağı gözlənilir. Layihə çərçivəsində sənaye məhəlləsində fəaliyyətə başlayacaq müəssisələrdə ixracyönümlü məhsulların istehsalı da nəzərdə tutulur.

Görüşdə çıxış edən E.Rüstəmov bildirib ki, Azərbaycan iqtisadiyyatı öz inkişafının yeni tarixi mərhələsinə - post-neft erasına daxil olur. Ötən illərdə qazanılan uğurlar nəticəsində ölkəmiz həm xarici, həm də yerli sərmayədarlar üçün cəlbedici məkana çevrilib. Prezident İlham Əliyevin liderliyi, yüksək siyasi idarəçilik qabiliyyəti, tükənməz enerjisi ilə Azərbaycan yüksək beynəlxalq nüfuza, dayanıqlı iqtisadiyyata malik güclü və modern bir dövlət kimi aparıcı ölkələr liqasında yer alıb. Ölkəmizin əldə etdiyi nailiyyətlər post-modern və yüksək texnoloji əsrə inamlı keçid üçün də əlverişli zəmin yaradır.

Vurğulanıb ki, Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında regionların sosial-iqtisadi inkişafının müstəsna əhəmiyyəti var. Uğurla icra olunan regional inkişaf proqramları bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilir.

Təsadüfi deyil ki, ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlətimizin başçısı silsilə sərəncamlar verir və bu sənədlərə uyğun olaraq böyük həcmdə vəsaitlər ayrılır.

Mərkəzi Bankın sədri deyib ki, regionlarda əhalinin maliyyə xidmətlərinə çıxış imkanları asanlaşdırılır, maliyyə-bank xidmətləri şəbəkəsi genişləndirilir. Dövlət tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin əhəmiyyətli hissəsi regionların payına düşür. Son illərdə dövlətin güzəştli kreditləri hesabına yaradılmış çoxsaylı müəssisələr aqrar sektorun inkişafında, ümumilikdə ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Bunun nəticəsində ölkənin əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi davamlı şəkildə artmaqdadır.

E.Rüstəmov, həmçinin bildirib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Neftçala rayonu üzrə də çoxsaylı inkişaf tədbirləri müəyyənləşdirilib. Burada heyvandarlıq və əkinçilik sahələrinin inkişafının dəstəklənməsi, iri taxılçılıq təsərrüfatlarının yaradılması, kənd təsərrüfatı üzrə yerli istehsalın inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri prioritet sahələrdir. Eyni zamanda, rayon ərazisində inşaat materialları yataqlarının axtarışı və qiymətləndirilməsi işlərinin aparılması, neft-qaz istehsalı sahələrində ekoloji tədbirlərin həyata keçirilməsi, meşə zolaqlarının salınması, meliorasiya və irriqasiya işləri, rayonda səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman müəssisələrinin tikintisi və yenidən qurulması, habelə abadlıq-quruculuq layihələri mühüm tədbirlər sırasındadır.

Son müşavirə və iclaslarda Prezident İlham Əliyevin ölkənin makroiqtisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələlərə də toxunan E.Rüstəmov qeyd edib ki, dövlətimizin başçısı yeni çağırışlara uyğun olaraq ölkədə iqtisadi artımın və inkişafın yeni, daha dayanıqlı modelə keçirilməsini, sosial-iqtisadi və struktur islahatların reallaşdırılmasını, əhalinin sosial rifahının davamlı yaxşılaşdırılmasını nəzərdə tutan strateji siyasət kursu müəyyənləşdirib. Bu istiqamətdə mühüm vəzifələrin icrası barədə tapşırıqlar verib və hazırkı görüş, aparılan müzakirələr, problemlər və onların həlli istiqamətində qarşılıqlı fikir mübadiləsi həmin vəzifələrin uğurla icrasına kömək edəcək.

Elman Rüstəmov deyib: “Prezident İlham Əliyevin qeyd etdiyi ”Yeni dövr yeni yanaşmalar tələb edir!" ideyasına uyğun olaraq, orta müddətli dövrdə milli iqtisadiyyatın yeni keyfiyyətdə qurulması, özəl investisiyalara və ixraca arxalanan iqtisadi inkişafın sürətləndirilməsi qarşıda duran başlıca vəzifələrdir. Özəl sektor üçün yeni imkanların yaradılması, iqtisadiyyatın liberallaşdırılması tədbirləri islahatların başlıca istiqamətini təşkil edir. İqtisadiyyatın şaxələnməsi, son məhsulda idxal komponentlərinin payının azaldılmasına nail olunması işləri sürətləndirilir. Yerli, xüsusən də regional müəssisələrin xarici bazarlara çıxış imkanları genişləndirilir. Pul-məzənnə siyasəti də ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, iqtisadiyyatın şaxələnməsinə, ixracatın stimullaşmasına yönəldilir. Manatın yeni, daha tarazlı və ədalətli məzənnəsi ixracın təşviqi və idxalın əvəzlənməsinə, xüsusən də ölkədə məşğulluğun təxminən 40 faizini təmin edən aqrar sektorun inkişafı üçün xüsusilə geniş imkanlar açır".

Bildirilib ki, hökumətin və Mərkəzi Bankın başlıca vəzifələrindən biri qiymət və maliyyə sabitliyini qorumaqdır. Dövlətimizin başçısının birbaşa nəzarəti və tapşırığı ilə inflyasiyaya, xüsusilə də bəzi işbazlar tərəfindən süni qiymət artımlarına qarşı ciddi mübarizə aparılır. Eyni zamanda, əhalinin real gəlirlərinin qorunması üçün aztəminatlı sosial təbəqənin gəlirləri artırılır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə son qərarlar maliyyə resurslarının məhdudlaşdığı, dövlət xərclərinə sərt qənaət rejiminin tətbiq olunduğu bir şəraitdə qəbul olunub. Ümumilikdə, büdcə xərclərinin azaldılmasına baxmayaq, əsas sosial xərclər olduğu kimi qalır. Başlanmış bank islahatları da start götürən struktur islahatlar ilə birlikdə, ümumilikdə, ölkə iqtisadiyyatının, o cümlədən regionların yeni keyfiyyətdə inkişafına əhəmiyyətli töhfə verəcək.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə görüşdə çıxış edərək Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasının ölkədə, eləcə də Neftçalada sosial-iqtisadi inkişaf üçün yaratdığı yeni imkanlardan danışıb.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb, bir sıra təkliflər səslənib.

Çıxış edən ictimaiyyət nümayəndələri regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Görüş başa çatdıqdan sonra Elman Rüstəmov jurnalistlərin suallarını cavablandırıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında