Bu günlərdə İmişli rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda istehlak bazarında aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib.
Qeyd edək ki, İmişli rayonunda yerli məhsulların qiymətinin süni şəkildə artırılmasının qarşısının alınması məqsədilə rayon icra hakimiyyətində yaradılmış komissiya istehlak bazarında monitorinqlər aparır. Komissiya qiymət artımının səbəblərini araşdırır və qiymətlərlə manipulyasiya hallarına yol verən istehsalçılar və ticarət obyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görür.
Bu barədə rayonda keçirilən yığıncaqda icra hakimiyyətinin başçısı Vilyam Hacıyev məlumat verib. Qeyd olunub ki, rayonda süni qiymət artımının qarşısını almaq məqsədilə bir neçə gündür komissiya yaradılıb. Komissiyanın üzvləri bazarlara, topdan və pərakəndə satış mağazalarına nəzarət edirlər. Görülən tədbirlər nəticəsində çörək və əsas ərzaq məhsullarının satış qiymətində artım müşahidə olunmayıb. Bildirilib ki, rayonda bu tədbirlər davam etdiriləcək və qanun pozuntusuna yol verən sahibkarlar barəsində ciddi tədbirlər görüləcək.
Rayonda süni qiymət artımının qarşısının alınması istiqamətində görülən tədbirlər ictimaiyyət tərəfindən də razılıqla qarşılanır. Məsələ ilə əlaqədar bir neçə İmişli sakini ilə söhbət etdik.
Elxan ƏLİYEV, 75 yaş, ağsaqqal:
— Dünya bazarında neftin qiymətinin, Prezident İlham Əliyevin dediyi kimi, 4 dəfə aşağı düşməsi nəticəsində manatın devalvasiyaya uğraması ölkədə müəyyən çətinliklər yaradıb. Bütün bunlar barəsində cənab Prezident Nazirlər Kabinetinin 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında geniş təhlil apardı və yaranmış vəziyyətdən çıxış yollarını göstərdi. Dövlət başçısının yaranmış vəziyyətə verdiyi qiymət əhalimiz tərəfindən də başa düşüldü və demək olar ki, bütün Azərbaycan əhalisi kimi, imişlilər də çətinliklərə mərdliklə sinə gərmək haqqında düşünməyə başladı. Eyni zamanda, Prezident İlham Əliyev insanlarımızın güzəranının yaxşılaşdırılması üçün çox ciddi addımlar atdı, bir sıra əhali qruplarının əməkhaqlarının, eləcə də pensiya və müavinətlərin artırılması haqqında fərman və sərəncamlar imzaladı. Bu da istər bütün ölkə ictimaiyyəti, istərsə də İmişli camaatı tərəfindən böyük razılıq hissi ilə qarşılandı.
Amma görəndə ki, bəzi işbazlar yaranmış vəziyyətdən sui-istifadə edərək qiymətləri artırır, dövlətin xoş məramlı səylərini heçə endirmək istəyir, onda dözmək olmur. Ölkə və xalq üçün belə çətin günlərdə şəxsi maraqlarını güdmək düzgün deyil axı. Belə vəziyyətdə necə qəfil varlanmaq eşqinə düşmək olar?! Yaxşı ki, rayon icra hakimiyyəti bu cür halların qarşısını cəsarətlə alır və düşünürük ki, rayon rəhbərliyi Prezidentin bununla bağlı tapşırıqlarına əməl edərək bundan sonra da əhalinin işbazlar tərəfindən soyulmasına yol verməyəcək.
Eyvaz ŞAHBAZOV, 40 yaş, rayon sakini:
— Dövlət başçısı İlham Əliyevin istər Nazirlər Kabinetinin iclasında, istərsə də ondan sonra keçirdiyi başqa tədbirlərdə məmurlara verdiyi qəti tapşırıqlardan sonra İmişli rayonunda da qiymət artımı məsələsinə çox ciddi yanışılır. Artıq bununla bağlı rayonda xüsusi komissiya da yaradılıb və ticarət şəbəkələrində yerli malların, xüsusən çörək və digər un məhsullarının qiymətinin süni şəkildə bahalaşdırılmasına yol verilmir. Bu tədbirlər isə əhalinin dövlətə olan inam və etibarını artırır. Ümid edirik ki, dövlətin, xüsusən cənab Prezidentin qayğı və diqqəti nəticəsində gələcəkdə ölkədə sosial-iqtisadi vəziyyət daha da yaxşılaşacaq.
Seymur EYYUBOV, 35 yaş, aktiv gənc:
— İmişli gəncləri həmişə olduğu kimi, bu gün də Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir. İndi vəziyyət belə gətirib ki, Azərbaycanda müəyyən çətinliklər yaranıb. İnanırıq ki, bunlar müvəqqəti çətinliklərdir. Prezident İlham Əliyevin xalqı bu çətin vəziyyətdən də inamla çıxaracağına əminik.
Eyni zamanda, gənclərimiz rayonda əhalinin çətinliklərinin azaldılması üçün görülən tədbirlərdə fəal iştirak edirlər. İmişli RİH-də yaradılmış komissiya qiymət artımının qarşısını alır. Tezliklə ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün sosial-iqtisadi inkişaf yolunu davam etdirəcəyinə inanırıq.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.