Gəncədə biznes mühitinin daha da sağlamlaşdırılması üçün real şərait var

Maliyyə naziri Samir Şərifov fevralın 1-də Gəncədə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında görüşün regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-cı ildə həyata keçiriləcək işlər, nəzərdə tutulan tədbirlər barədə şəhər sakinlərini daha yaxından məlumatlandırmaq məqsədi daşıdığını bildirib.

Maliyyə naziri Samir Şərifov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edilib, yeni vəzifələr müəyyənləşdirilib. Bu vəzifələr əsasən iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, əlverişli istehsal mühitinin yaradılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsindən ibarətdir.

Dövlətimizin başçısının Gəncəyə göstərdiyi qayğını xüsusi vurğulayan Samir Şərifov bildirib ki, son illər bu qədim diyarda nəhəng quruculuq işləri aparılıb, sosial infrastruktur yenilənib, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, tarixi abidələrin bərpası istiqamətində xeyli iş görülüb, sənaye potensialı gücləndirilib. Azərbaycanın qüdrətli inkişafını bu gün Gəncənin timsalında da aydın görmək olar. Bu qədim şəhərdə əhalinin rifahının yüksəldilməsi daim diqqət mərkəzindədir. İqtisadi inkişaf sahəsində böyük uğurlara nail olunub. Görülən işlər və nailiyyətlər insanların rifahının yüksəlməsi ilə yanaşı, sahibkarlığın səmərəli fəaliyyət göstərməsi üçün də geniş imkanlar yaradıb. Gəncədə biznes mühitinin daha da sağlamlaşdırılması üçün real şərait vardır.

Samir Şərifov vurğulayıb ki, Gəncənin tekstil sənayesinin inkişaf etdirilməsi, aqrar maşınqayırma müəssisələrinin yaradılması, şəhərdə iri sənaye müəssisələrinin, o cümlədən alüminium sənayesinin daha da inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün qarşıya qoyulan əsas vəzifələrdir. Görüşdə AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Xalq artisti Şahnaz Haşımova, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, Azərbaycan Texnologiya Universitetinin professoru Cahangir Hacıyev və başqaları bir sıra təkliflərlə çıxış ediblər. Gəncənin iqtisadi potensialının, mədəni həyatının inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması və digər məsələlərlə bağlı səslənən təkliflərin müvafiq qurumlar tərəfindən diqqətə alınacağı vurğulanıb.

Nazir müxtəlif sahələrlə bağlı səsləndirilən təklifləri müsbət qiymətləndirib, gəncəlilərin ölkə iqtisadiyyatının inkişafı üçün öz səylərini əsirgəməyəcəklərinə, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək çətinliklərin öhdəsindən layiqincə gələcəklərinə əmin olduğunu söyləyib. Görüşdə çıxış edən ictimaiyyət nümayəndələri regionlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında