Fermerlər dövlətimizin başçısının etimadını doğruldacaqlar

Hörmətli redaksiya! Bu məktubu Quba rayonunun Birinci Nügədi kəndində yaşayan, burada bağbançılıqla məşğul olan bir fermer təsərrüfatının rəhbəri yazır. Məqsədim bu günlərdə “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda səslənən fikir və təkliflərə münasibətimi bildirməkdir.

Qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbirdəki parlaq nitqini, eləcə də digər iştirakçıların çıxışlarını dərin maraqla oxumuşam və özüm üçün təhlil aparmışam. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, regionların inkişafı ilə əlaqədar həm əvvəlki, həm də hazırkı dövlət proqramı tarixi hadisədir və onlar müstəqil ölkəmizin həyatında mühüm hadisə kimi qalacaqdır.  

Müqayisə edə bilərəm. Regionların inkişafı ilə bağlı ilk Dövlət Proqramının həyata keçirildiyi vaxtdan 12 il ötür. Bu illər ərzində Azərbaycanın hər yerində olduğu kimi, Quba rayonunda, o cümlədən yaşadığım kənddə həqiqətən böyük quruculuq işləri görülmüşdür. Hazırda kəndimizdə 10 minə yaxın əhali yaşayır. Kənd sakinlərinin su, elektrik enerjisi, təbii qazla bağlı heç bir problemi yoxdur. Son illər kəndimizin yolları da xeyli abadlaşdırılmışdır. 

Mən öz fermer təsərrüfatımda ailə üzvlərimlə bərabər hər il xeyli meyvə-tərəvəz məhsulu toplayıram. Təbii ki, heç bir məhsul asan yolla, necə deyərlər, hazır əldə olunmur. Gərək zəhmət çəkəsən, torpağa tər tökəsən ki, bol məhsul toplaya biləsən. Son illər oğlum Tehran da mənə yaxından kömək edir. Hiss edirəm ki, o da mənim kimi torpağa ürəkdən bağlanıb. Bu, məni çox sevindirir. Axı bir neçə il əvvəl oğlum deyirdi ki, özünə gün-güzəran qazanmaq üçün Rusiyaya getmək istəyir. Sonra fikrindən daşındı. İndi başa düşüb ki, elə doğma yurdda da zəhmət çəkib yaxşı  dolanışıq qurmaq olar.

Biz indi təsərrüfatımızda istehsalı genişləndirmək barədə düşünürük. Nə gizlədim, əvvəllər banklardan kredit almaq istəmirdim. Şərtlər ağır, faizlər yüksək idi. İndi yaxşı ki, vəziyyət dəyişir. Bu məsələ ilə bağlı möhtərəm Prezidentin konfransdakı bu fikri də ürəyimdən oldu. Dövlətimizin başçısı haqlı olaraq dedi: “Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu, hər bir ölkə üçün çox vacib məsələdir. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatına daha çox fayda versin, iqtisadiyyatın real sektoru daha da çox kredit resursları təşkil etsin ki, biz işləri təkcə dövlət hesabına, yaxud da ki, sahibkarların öz vəsaiti hesabına görməyək”.

Möhtərəm Prezidentin bu sözləri məni çox ruhlandırıb. İnanıram ki, bu il bankdan müyyən məbləğdə kredit götürüb istehsalı artıra biləcəyəm.  Deməli, həm ailəmin gəlirləri artacaq, həm də bazara əlavə məhsul çıxara biləcəyəm.

Bir məsələni də vurğulamaq istərdim. Azərbaycanın ən gözəl guşələrindən biri olan Quba rayonunda ölkədaxili turizmin inkişafı üçün həqiqətən böyük imkanlar var. Son illər bizim kəndə çoxlu sayda turistlər gəlir, burada mənalı istirahət edirlər. Düşünürəm ki, bu sahədə işləri müasir tələblər səviyyəsinə qaldırmaq lazımdır. Turistlərə elə xidmət göstərməliyik ki, onlar həm bizdən – yerli əhalidən, həm də infrastrukturdan razı qalsınlar. Düşünürəm ki, dövlətimiz bölgələrdə turizm infrastrukturunun inkişafına bundan sonra da qayğı və diqqətini əsirgəməyəcək.

Sonda qeyd   etmək istəyirəm ki, Azərbaycan dövlətinin son illər uğurla həyata keçirdiyi bütün Dövlət Proqramları və layihələr xalqımızın maddi və mənəvi rifahını daha da yaxşılaşdırmaq kimi xeyirxah bir məqsədə xidmət edir. Buna görə də xalqımız Azərbaycanın müdrik lideri Prezident İlham Əliyevin ölkəmizin parlaq gələcəyinə xidmət edən siyasətini tam dəstəkləyir.

Firuz BABAYEV,
fermer, Quba rayonu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında