İqtisadiyyat naziri Xaçmazda ictimaiyyət nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 28-də Xaçmazda ictimaiyyət nümayəndələri ilə görüşüb. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri və sahibkarlar iştirak ediblər.

Əvvəlcə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirilib ki, dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində Xaçmaz rayonunda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılıb, yeni iş yerləri açılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında qeyd edib ki, son illər dünyada geosiyasi risklərin artması və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik, eləcə də mənfi xarici iqtisadi təsirlərin uzunmüddətli xarakter alması nəzərə alınaraq, milli iqtisadiyyatın dayanıqlılığının gücləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar və görülən qabaqlayıcı tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlılığını təmin etmək mümkün olub. Gəlirlərin azalmasına baxmayaraq, bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri görülüb, bir sıra sahələrdə çalışan işçilərin maaşları, sosial müavinətlər, əmək pensiyasının baza hissəsi artırılıb. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təməlində insan amilinin dayandığını göstərir.

Özəl bölmənin inkişafı istiqamətində görülən işlər, xüsusilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində dövlətimizin başçısı tərəfindən qəbul edilən qərarlar bu sektorun inkişafında mühüm əhəmiyyət kəsb edir.

İstehlak bazarına xüsusi diqqət göstərildiyini vurğulayan nazir Şahin Mustafayev süni qiymət artımının qarşısının alınmasının zəruriliyini qeyd edib.

Bu günlərdə keçirilən 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev regionların inkişafı ilə bağlı tapşırıqlar verib. Bu tapşırıqların icrası ölkənin, eləcə də onun ayrı-ayrı regionlarının inkişafı üçün böyük imkanlar yaradır.

Xaçmaz rayonunda dövlətin dəstəyi ilə görülən işlər barədə danışan nazir Şahin Mustafayev bildirib ki, rayonun 87 yaşayış məntəqəsi qazla təchiz olunub, 2 yaşayış məntəqəsinin qazlaşdırılması isə davam etdirilir. Rayonun su təchizatı və kanalizasiya sistemi yaxşılaşdırılıb, su anbarları tikilib, kənd yolları çəkilib və ya yenidən qurulub. Hazırda Rusiya Federasiyası sərhədinədək çəkilən avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsinin tikintisi davam etdirilir. Rayonda 44 məktəb, 2 uşaq bağçası, 11 səhiyyə və 12 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, şəhid ailələrinin və əlillərin mənzil şəraiti yaxşılaşdırılıb. Bir sıra sosial obyektlərin tikintisi hazırda da davam etdirilir. Rayonda 610-dan artıq yeni müəssisə və təşkilat yaradılıb, 14,7 mindən çoxu daimi olmaqla, 21,6 mindən artıq yeni iş yeri açılıb.

İndiyədək Xaçmaz rayonu üzrə 722 sahibkara 50 milyon manata yaxın güzəştli kredit verilib. Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 hektar ərazidə “Yalama Aqropark”ı yaradılıb. Hazırda aqroparkda 100 nəfər çalışır və icrası davam edən süd emalı zavodunun, müasir istixana kompleksinin və intensiv bağçılıq təsərrüfatının reallaşdırılması 200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək. Bununla belə, Xaçmaz rayonunun potensialı daha böyükdür. Belə ki, rayonda süd emalı müəssisəsinin, istixana təsərrüfatlarının, intensiv taxılçılıq və bağçılıq təsərrüfatlarının, “yaşıl market”lərin və s. sahələrin yaradılması üçün real imkanlar var.

Görüşdə əkin sahələrinin suvarılması, emal güclərinin artırılması, güzəştli kreditlərin verilməsi, kənd yollarının tikintisi, sahibkarlıq fəaliyyəti üçün torpaq sahələrinin ayrılması, turizm obyektlərinin qış mövsümündə qazla təminatı, iri fermer və taxılçılıq təsərrüfatlarının yaradılması və s. məsələlər barədə müraciətlər, problemlər və təkliflər səsləndirilib. Nazir Şahin Mustafayev bir sıra məsələlərin yerindəcə həlli barədə müvafiq tapşırıqlar verərək, qaldırılan digər məsələlərin araşdırılacağını və reallaşdırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirib.

Tədbir iştirakçıları regionlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında