Qeyri-neft sektorunun inkişafı üçün əlverişli şərait yaranıb

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşdiyini, dünya iqtisadiyyatının böhrandan çıxa bilmədiyini deyib. Dövlət başçısı, eyni zamanda,  Azərbaycan iqtisadiyyatının bu gün üçün aktual olan problemlərə toxunub.

Cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən son iclaslar insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində müsbət mənada dönüş yaradır. Ötən bir ayda üçüncü müşavirənin  keçirilməsi problemlərin ölkə Prezidentinin hansı səviyyədə diqqətində olmasından xəbər verir. Qiymətləri süni şəkildə qaldıranlar cəzalandırılır, əhalinin əsas qida ehtiyacı olan məhsulların qiyməti isə endirilir. Bu da öz növbəsində cəmiyyətdə müsbət qarşılanır. Bu görüşdə möhtərəm Prezident bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı qeyd edib ki, ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır. Cənab İlham Əliyevin  sözlərinə görə, ümumilikdə Azərbaycanda investisiya mühiti yaxşıdır. Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin milli valyutalarının 100 faiz dəyərdən düşməsi manatın məzənnəsini sabit saxlamağa imkan vermədi. Ancaq nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək. Bu istiqamətdə Prezident əlavə sərəncam və fərmanlar da imzalanacağını deyib.

Cənab İlham Əliyevin çıxışı Azərbaycanın yeni mərhələyə keçidi baxımından çox önəmlidir. Bu mərhələ neftdən asılı olmayan güclü iqtisadiyyat, çevik idarəetmə və islahatlar dövrü olacaqdır. Ümumilikdə iclasda səslənən bütün tezislərə kompleks yanaşsaq, aşağıdakı strateji istiqamətlər üzrə addımların atılacağı gözləniləndir:

- Bank sektorunda ciddi islahatların aparılması, devalvasiya ilə əlaqədar sadə vətəndaşlara dəyən ziyanın minimuma endirilməsi;

- Biznes mühitinin yaxşılaşdırılması, şərtlərin yumşaldılması;

- Tender mühitinin şəffaflaşdırılması və imkanların genişləndirilməsi;

- İdxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması;

- Pensiya və əmək haqlarının istehlak səbətinə uyğun olaraq artırılması;

- Struktur islahatlarının aparılması və çevik idarəetmə mexanizmlərinin yaradılması, lazımsız qurumların ləğv olunması;

- Bütün iqtisadi və sosial əməliyyatların “ASAN”laşması;

- Maliyyə vəsaitlərinin xərclənməsinə ictimai nəzarətin gücləndirilməsi;

- Ölkənin turizm potensialının yenidən nəzərdən keçirilməsi və inkişafı üçün konsepsiyanın yaradılması;

- Xarici investorların ölkəyə cəlb olunması üçün münbit, güzəştli mühitin yaradılması;

- QHT-lərin yuxarıda sadaladığımız istiqamətlərdə fəaliyyətinin səmərəliliyini artırmaq üçün beynəlxalq və yerli donorlardan qidalanmasının təmin edilməsi;

- Regionların spesifikasına uyğun olaraq bəlli iqtisadi sahələrin inkişafı üçün güzəştli paketlərin hazırlanması  və s.

Azərbaycan xarici investorların cəlbi baxımından Cənubi Qafqazda neçə illərdir ki, liderliyini qoruyub saxlayır. Təbii ki, bu prosesdə ölkədəki siyasi və iqtisadi sabitlik önəmli səbəb kimi göstərilir. Lakin dünyada baş verən qlobal iqtisadi böhranla əlaqədar devalvasiya prosesinin getməsi bir daha onu göstərdi ki, atılan addımlar yetərli deyil. Xarici investorların ölkəmizə cəlb olunması üçün yerli biznes mühiti onlar üçün münbitləşdirilməli, şərtlər yüngülləşdirilməlidir.

Regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirmək, neftdən asılılığını aradan qaldırmaq üçün yerli və xarici sahibkarlara özündə güzəştli şərtləri ehtiva edən paketlər təqdim olunmalıdır. Eyni zamanda, statistik təhlil aparılmalı, əhalinin daha çox hansı ərzaq və qeyri-ərzaq məhsullarına tələbatı dəqiqləşdirilməlidir. Fikrimcə, ilkin mərhələdə şüşə, rezin və kimya sənayesi istiqamətləri üzrə müəssisələr fəaliyyətə başlamalıdır. Nümunə kimi qeyd edək ki, bu istiqamətdə Mingəçevir şəhəri geniş imkanlara malikdir. Əvvəllər də adıçəkilən şəhərdə bu tipdə fabrik və zavodlar olub. İstənilən halda Prezident İlham Əliyev, demək olar ki, bütün sahələr üzrə təhlillər apardı və problemlərin həlli üçün ciddi mesajlar verdi. Əminəm ki, Prezidentin son çıxışı ölkə iqtisadiyyatında yeni səhifə açacaq.

Azər VERDİYEV,
ASGA Analitik Təhlil
Mərkəzinin sədri, icmalçı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında