Baxmayaraq ki, digər ökələrdə olduğu kimi, neftin ucuzlaşması Azərbaycanda da müəyyən problemlər yaradır, dövlətimiz mərhələli şəkildə çatışmazlıqları aradan qaldırır və əhalinin sosial rifahının gücləndirilməsinə doğru addımlar atır.
Son günlər Azərbaycanda manatın devalvasiyası ilə əlaqədar bəzi işbazlar, inhisarçı qüvvələr ərzaq və tikinti məhsullarının qiymətlərini bahalaşdırmışdılar. Şübhəsiz ki, bu da əhali arasında narahatlıq doğururdu. Prezident İlham Əliyevin qəti müdaxiləsi və dövlətin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində yerli istehsal məhsullarının qiyməti endirildi. Vergi və gömrük sistemində əhəmiyyətli islahatlar aparıldı. Kənd təsərrüfatının inkişafına dair proqramların icrasının daha sürətlə aparılması qarşıya mühüm vəzifə kimi qoyuldu.
Əlbəttə, dövlət başçısı son müşavirələrdə olduğu kimi, sonuncu – “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda da iqtisadiyyatın, qeyri-neft sektorunun, kənd təsərrüfatının tərəqqisinin, istehsalın sürətləndirilməsi ilə bağlı mühüm məsələlərə toxunaraq əhalimiz üçün böyük əhəmiyyət daşıyan tapşırıqlar verdi.
Bir aqrar sahəsi mütəxəssisi olaraq dövlət başçısının kənd təsərrüfatının inkişafının daha da sürətləndirilməsi ilə əlaqədar göstərişlərini təqdir edirəm. Bu gün Azərbaycanın dünya iqtisadi sistemində yaranan böhranlı vəziyyətdən az itki ilə çıxması, əhalinin güzəranının yaxşılaşdırılması üçün kənd təsərrüfatının inkişafı, bazarda yerli məhsulların üstünlük təşkil etməsi, kəndlinin öz torpaqlarını səmərəli istismar etməsi ən vacib amillərdən biridir. Konfransda Prezident İlham Əliyev qeyd etdi ki, bu sahəyə də son vaxtlar xüsusi diqqət göstərilir və məhsul istehsalı 6,6 faiz artmışdır. Yəni, budur əsas göstəricilərimiz. Bu, onu göstərir ki, hətta böhranlı illərdə də biz inkişaf edirik, edəcəyik. Bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və biz bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək.
Dövlət başçısı dedi: “Keçən il Azərbaycanda “Kənd təsərrüfatı ili” idi. Məhsuldarlıq artmışdır, xüsusilə taxılçılıqda. İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur. Ona görə, bu, bir nümunədir. Biz iri fermer təsərrüfatlarının yaradılmasını bu il də davam etdirməliyik. Bu, bizə imkan verəcək ki, idxaldan asılılığı azaldaq. Ancaq biz kiçik və orta fermer təsərrüfatlarını da yaddan çıxarmamalıyıq. Onlara da daim diqqət göstərilməlidir, şərait yaradılmalıdır."
Əlbəttə, Prezident burada ərzaq təhlükəsizliyinin, ərzaq ixracının təmin edilməsi üçün kənd təsərrüfatının prioritet məsələ olduğunu vurğuladı: “Keçən il bir neçə fərman imzalanmışdır. Bu fərmanların praktik nəticələri artıq görünməkdədir. Əlavə vəsait ayrılmışdır. Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə, keçən il ”Kənd təsərrüfatı ili" olmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır."
Dövlət başçımız islahatların önəmli olması üçün torpaq fondunun dəqiq uçotunun aparılmasının vacib olduğunu vurğulayaraq bildirdi ki, burada da bəzi hallarda uyğunsuzluq var. Vaxtilə verilmiş torpaq sahələri, real, faktiki sahələr sənədlərdə olan sahələrlə üst-üstə düşmür. İndi bizim peyk imkanlarımız var - “Azərsky”. Mən onlara da tapşırmışam ki, mütləq bizim bu torpaq fondumuzun dəqiq uçotu aparılsın. Yəni, kağızda verilir bir sahə, amma real fermer başqa sahədə işləyir. Burada biz bu uyğunsuzluğu aradan götürməliyik. Hesab edirəm ki, əlbəttə, sənədləşmə dəqiq aparılmalıdır. Çünki biz indi fermerlərə deyə bilmərik ki, bu, sənin sahən deyil. Harada işləyir, o da onun mülkiyyətidir. Ancaq düzgün uçot və sənədləşmə aparılmalıdır. Bu iş vaxt tələb edir. Hesab edirəm ki, bu il bu istiqamətdə ciddi addımlar atılmalıdır. “Elektron kənd təsərrüfatı” proqramı icra edilir. Bu yaxınlarda mənə məruzə edilmişdir. Biz bunu daha da geniş yaymalıyıq.
Şübhəsiz ki, kənd təsərrüfatının inkişafı üçün meliorasiya layihələrinin icrası, sun anbarlarının tikintisi, su kanallarının çəkilişi, müasir təmizləmə qurğularının yaradılması, heyvandarlığın, bitkiçiliyin sürətlə inkişaf etdirilməsindən asılıdır ki, bu proses öz növbəsində uğurla davam edir. Prezident konfransda bütün bu məsələlərə ayrı-ayrılıqda toxunmaqla, əslində, bu proseslərin tez bir zamanda başa çatdırılacağının anonsunu vermiş oldu. Mən əminliklə deyə bilərəm ki, dövlət başçısının konfransda səsləndirdiyi fikirlər bütün sahələri tamlığı ilə əhatə edir və verilən tapşırıqların vaxtında icrası əhalimizin sosial problemlərinin həll olunmasında misilsiz əhəmiyyət daşıyacaq. Bütün məmurlar, bu sahənin mütəxəssisləri, əlaqədar qurumlar dövlət başçısının çəkdiyi inkişaf xəritəsinin yolunu dəqiqliklə və məsuliyyətli şəkildə getməli və Azərbaycan xalqının, dövlətinin maraqlarını qorumağı başlıca prinsip kimi qarşıya məqsəd qoymalıdırlar. Hər kəs Azərbaycanın inkişafına verəcəyi töhfəsi ilə fərqlənməyi bacarmalıdır.
Sahib ÖMƏROV,
Daşınmaz Əmlakın Kadastrı və
Ünvan Reyestri Xidməti Kadastr və
Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin şöbə müdiri,
aqrar elmləri üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.