Prezident İlham ƏLİYEV: Azərbaycanda genişmiqyaslı özəlləşdirmə həyata keçirilməlidir

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına  həsr olunmuş konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Azərbaycanda genişmiqyaslı özəlləşdirmə həyata keçirilməlidir. Çünki elə müəssisələr var, 20 ildir işləmir, ancaq nədənsə özəlləşdirməyə çıxarılmır”.

Dövlət başçısı daha sonra diqqətə çatdırmışdır ki, hər bir özəlləşdirilən müəssisənin gələcək fəaliyyəti ilə bağlı biznes-plan təqdim edilməlidir. Biznes-plan, məsuliyyət, öhdəlik nəzərə alınmalıdır. Yoxsa, elə çıxmasın ki, kimsə müəssisəni alacaq, yenə işləməyəcək. Bizə aparıcı xarici məsləhətçi şirkətlər lazımdır, çünki aparılan özəlləşdirmə şəffaf olmalı, dövlətin maraqları təmin edilməlidir.

Cənab İlham Əliyev çıxışında dövlət şirkətlərinin idarəetmə mexanizmlərinin nəzərdən keçirilməsi, onların fəaliyyətinə maliyyə nəzarətinin gücləndirilməsi, izafi, səmərəsiz  xərclərin qarşısının alınması və ən əsası, dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsinin öyrənilməsi və tətbiqi məsələsinə də toxunmuşdur. Dövlət başçısı bəzi şirkətlərin fəaliyyətinə diqqət yetirərək, nəqliyyat sahəsində fəaliyyət göstərən bir sıra qurumları tənqid etmiş  və bildirmişdir ki, onlar öz korporativ maraqlarını güdürlər, nəticədə isə dövlət ziyan çəkir. Bu mənada bəzi ekspertlər hesab edirlər ki, yaxşı potensialı olan, lakin müəyyən səbəblərdən səmərəli fəaliyyət göstərə bilməyən dövlət şirkətləri cənab Prezidentin bəyan etdiyi özəlləşdirmə proqramına daxil edilməlidir. Əlbəttə, bu sahədə təkliflər nəzərdən keçirilə, həmin qurumların imkanları, potensialı qiymətləndirilə və müvafiq qərarlar qəbul oluna bilər. Lakin bu işdə beynəlxalq təcrübə öyrənilməli, proqramın hazırlanmasına tanınmış xarici ekspertlər cəlb olunmalıdır.

Dövlət başçısı çıxışında xüsusi vurğulamışdır ki,  özəlləşdirmə proqramı tam şəffaf şəkildə həyata keçirilməlidir, hərraclar və digər tədbirlər maksimum açıq şəkildə təşkil olunmalıdır, yerli və xarici investorlar üçün elə şərait yaradılmalıdır ki, onlar həvəslə bu prosesdə iştirak etsinlər.

Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə də yeni özəlləşdirmənin prinsiplərinə toxunmuşdur. Dövlət başçısı demişdir: “Geniş özəlləşdirmə proqramı hazırlanmalıdır, müvafiq göstərişlər verilmişdir. Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artmışdır. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər”.

Ölkə Prezidentinin çıxşından aydın olur ki, əcnəbi ekspertlərin cəlb olunması şərtilə hazırda özəlləşdirmə, dövlət istiqrazlarının buraxılması və beynəlxalq təşkilatlardan güzəştli inkişaf kreditlərinin alınması qarşıda mühüm vəzifə kimi durur.

Xarici maliyyə bazarlarından valyutanın cəlb edilməsində problem yoxdur. Bu məsələnin reallaşdırılması ilə ölkə iqtisadiyyatının antiböhran vektoru istiqamətində sürətli irəliləyişə, qeyri-neft sektorunun inkişafı istiqamətində müsbət nəticələrə nail olmaq mümkündür.

Burada belə bir sual meydana çıxır: bəs hansı qurumlar özəlləşdiriləcək? Fikrimizcə, özəlləşdirilərək dövlət nəzarətindən çıxarılacaq qurumların və strukturların siyahısı hələlik ilkin hazırlıq mərhələsindədir. Lakin şübhə yoxdur ki, həmin siyahıda ilk yerləri hazırda çoxsaylı əməkdaşlara malik, amma fəaliyyəti yetərincə səmərəli olmayan, debitor borclarının həcmi yüksək strukturlar tutacaqlar.

Ümumiyyətlə, qlobal maliyyə böhranı və dünya bazarlarında xam neftin ucuzlaşmasının məngənəsinə düşmüş Azərbaycan iqtisadiyyatının mümkün qədər qısa müddətdə problemlərdən qurtulması üçün belə dövlət aktivlərinin, iri və qapalı tipli səhmdar cəmiyyətlərin yerli və xarici investorlara satılmasına ciddi ehtiyac duyulur.

Bu gün dövlət büdcəsinə milyardlarla manatlıq borcu olan bir sıra strukturların fəaliyyətində səmərəlilik əmsalını artırmaq olar. Eyni zamanda, həmin strukturların xarici borclarının ödənişləri məqsədilə dövlət büdcəsindən hər il yüz milyonlarla manatın sərf edilməsi də dayandırılmalıdır.

Ölkədə başlanan islahatlar nəticəsində ləğv olunacaq, başqa quruma birləşdiriləcək strukturların əmlaklarının da özəllləşdirilə biləcəyi ehtimalı böyükdür.

Sonda onu da deyim ki, özəlləşdirmə prosesinin, dövlət aktivlərinin satılmasının müəyyən qrupların varlanma mənbəyinə və işbazların tamah obyektinə çevrilməməsi üçün çox sərt nəzarətin həyata keçirilməsi, prosesin ictimai nəzarət altında və şəffaf aparılması da diqqət mərkəzində saxlanılmalıdır. 

Tofiq QARAYEV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında