Çevik və səmərəli islahatlar Azərbaycanın qlobal iqtisadi böhrana qarşı əzmli müqavimətini təmin edir

Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Bu gerçəkliyə nəzərən əminliklə demək olar ki, müstəqil Azərbaycanın son illərdə ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər də konkret məqsədlərə yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin nəticəsidir.

Son 12 ildə formalaşmış möhkəm iqtisadi təməlin nəticəsi olaraq Azərbaycan kifayət qədər mürəkkəb bir iqtisadi şəraitdə müvazinətini qoruyub saxlayır, qlobal böhranın mənfi təsirlərini aradan qaldırmaq istiqamətində çevik islahatlar aparmaq əzmi nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans bir daha göstərir ki, hökumətin iqtisadi siyasətində regional inkişaf tədbirlərinin prioritetə çevrilməsi əsaslı yanaşma olaraq tərəqqi prosesində davamlılığı təmin etmək məqsədindən irəli gəlir. Həmin konfransda dərin məzmunlu nitq söyləyən dövlət başçısı qlobal böhran şəraitində ölkənin inkişaf prioritetlərini bir daha bəyan etmişdir: “Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq o da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və milli valyutamızı süni şəkildə istədiyimiz səviyyədə saxlaya bilmərik. Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır”.

 

Yeni geosiyasi risklər və aktual çağırışlar

 

Son 2 ildə beynəlxalq arenada cərəyan edən geosiyasi gərginliklər, hərbi münaqişə ocaqlarının sayının çoxalması və dünya siyasətini diktə etməyə çalışan fövqəldövlətlər arasındakı siyasi ziddiyyətlərin kəskinləşərək yeni “soyuq müharibə” mərhələsinə keçməsi qlobal iqtisadiyyata son dərəcə mənfi təsir göstərərək inkişaf templərini əhəmiyyətli dərəcədə azaltmışdır. Xüsusən də tarixə çevrilmiş 2015-ci il dünya iqtisadiyyatında qeyri-müəyyənliklər - əmtəə qiymətlərinin kəskin aşağı düşməsi, milli valyutaların məzənnələrinin qeyri-sabitliyi, qlobal maliyyə bazarlarında gərginliyin artması ilə səciyyələnmiş, inkişaf etməkdə olan, habelə inkişaf etmiş bir sıra ölkələrdə iqtisadi artım zəifləmişdir.

Enerji amilinin opponent dövlətlərə qarşı siyasi təzyiq və “iqtisadi sanksiya” vasitəsi kimi nəzərdən keçirilməsi nəticəsində neftin qiymətlərinin son 2 ildə süni şəkildə 4 dəfəyədək aşağı salınması bütövlükdə dünya iqtisadiyyatında ciddi durğunluğa və tənəzzül meyillərinə gətirib çıxarmışdır. Ötən ilin neqativ iqtisadi tendensiyalarından biri də dünyanın bir çox ölkələrində valyuta ehtiyatlarının azalması olmuşdur. Azalmanın əsasən inkişaf etməkdə olan ölkələrdə baş verməsi isə, əsasən, enerji və xammal satışından kapital daxilomaları tempinin aşağı düşməsi, ABŞ-da yumşaq pul siyasətindən imtina olunması, iqtisadi və həm də psixoloji təsirlər altında mərkəzi bankların məzənnə siyasətində dəyişikliklər etmək məcburiyyətində qalması ilə izah olunur.

2015-ci ilin əvvəlindən ABŞ dolları avroya qarşı 11 faiz, Çin yuanına qarşı 4 faiz, Türkiyə lirəsinə qarşı 26 faiz, rus rubluna qarşı daha 22 faiz, Qazaxıstan tengesinə qarşı 86 faiz, Norveç kronuna qarşı 17 faiz möhkəmlənmişdir. Şübhəsiz, baş verən neqativ proseslər əsas gəlirləri neft və qaz satışı olan Azərbaycana da təsirsiz ötüşməmiş, ilin əvvəllərindən başlayaraq ölkəmizdə xarici valyuta gəlirlərinin və tədiyə balansının profisitinin azalmasına gətirib çıxarmışdır.

2014-cü ilin ortalarından Mərkəzi Bank manatın məzənnəsinin qorunub saxlanılması ilə bağlı bir sıra tədbirlər görsə də, neft ixrac edən bəzi qonşu ölkələrdəki - xüsusən də Rusiya və Qazaxıstandakı devalvasiya proseslərinin neqativ psixoloji təsirləri nəticəsində valyuta bazarında yaranmış gərginlik Azərbaycan hökumətini 2015-ci ilin fevral və dekabr aylarında devalvasiya qərarları vermək məcburiyyətində qoymuşdur. Lakin ədalət naminə demək lazımdır ki, Azərbaycan ümumdünya iqtisadi böhranından nisbətən az əziyyət çəkən ölkələrdən olmuş, milli valyutamız mənfi meyillərə uzun müddət müqavimət göstərməyi bacarmışdır. Bir sıra qonşu ölkələrdə, o cümlədən Rusiya və Qazaxıstanda devalvasiyanın Azərbaycandan xeyli əvvəl həyata keçirilməsi və milli valyutaların “üzən məzənnə” rejiminə buraxılması bunu deməyə ciddi əsaslar verir.

Şübhəsiz, devalvasiya qərarı hər bir ölkədə əhalinin sosial vəziyyəti və bir çox iqtisadi amillər baxımından ürəkaçan olmasa da, milli valyuta ehtiyatlarının qorunub saxlanılması və iqtisadiyyatın rəqabətqabiliyyətinin təmin edilməsi, ixracın stimullaşdırılması baxımından bəzən qaçılmaz addım olur. Milli valyutanın həddən artıq möhkəmlənməsi bir çox hallarda daxili istehsalçılara zərbə vurur və idxalın həcminin artmasını stimullaşdırır. Azərbaycan hökuməti də məhz bu səbəblər, eyni zamanda neftin qiymətlərinin durmadan aşağı enməsi nəticəsində büdcə öhdəliklərinin yerinə yetirilməsi zərurətini nəzərə alaraq devalvasiya barədə qərarlar qəbul etmək məcburiyyətində qalmışdır. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişləri ilə ilk gündən devalvasiya proseslərinin müxtəlif əhali qruplarının sosial vəziyyətinə mənfi təsirlərinin mümkün dərəcədə aradan qaldırılması, eyni zamanda sahibkarların mənafeyinin qorunması ilə bağlı zəruri tədbirlər görülmüşdür.

 

Neqativ təsirlərə qarşı səmərəli strategiya

 

Nazirlər Kabinetinin hələ 2015-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasının yekunları göstərirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müəyyən geosiyasi konyunktura ilə bağlı neftin qiymətlərinin ciddi şəkildə aşağı düşdüyü bir şəraitdə qeyri-neft sektorunun əsas lokomotivi olan sahibkarlığın inkişafı üçün daha liberal və şəffaf mühitin formalaşdırılmasını vacib sayır. Məqsəd keyfiyyətcə yeni mərhələdə sahibkarlar sinfinin inkişafına mane olan inzibati-hüquqi maneələrin aradan qaldırılması, biznes mühitinin daha da yaxşılaşdırılmasıdır.

Bu mərhələdən imzalanan sərəncamlar, qəbul edilən qərarlar, iş adamlarının hüquqlarının bərpası istiqamətində atılan addımlar ölkədə sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələnin başladığını göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına əsasən, sahibkarlıq fəaliyyətinin bəzi növləri üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılmışdır. Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul olunmuş qanuna əsasən, sahibkarlıq subyektlərində yoxlamalar 2015-ci il noyabrın 1-dən iki il müddətində dayandırılmışdır.

2015-ci ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda qeyd olunduğu kimi, aparılan uğurlu islahatların nəticəsi olaraq ötən il ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artmışdır. 

 

İqtisadi inkişafda yeni keyfiyyət mərhələsi

 

 Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında, yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə, nəhayət, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunları ilə bağlı konfransda böhranın mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı həyata keçirilməli olan təxirəsalınmaz tədbirlər barədə dəyərli fikirlərini bölüşmüş, hökumət üzvlərinə konkret tapşırıqlarını vermişdir.

Ümumilikdə, hökumət üzvlərinin iştirakı ilə keçirilən son müşavirələr Azərbaycanın dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq islahatları davam etdirmək, idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, biznes mühitini liberallaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək istiqamətində islahatlar aparmaq, milli iqtisadiyyatı yeni şəraitə - neftsiz dövrdə uyğunlaşdırmaq istəyini bariz təcəssüm etdirmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin açıqladığı antiböhran paketi Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq, neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişaf strategiyası seçdiyini göstərir. Bu mərhələdə ölkə başçısının müəyyənləşdirdiyi başlıca hədəflərdən biri məhz ölkədə çevik və qlobal böhran dövrünün çağırışlarına adekvat cavab verə biləcək hökumət idarəetmə modelinin formalaşdırılması, şəffaflığın və hesabatlılığın artırılması, büdcə vəsaitlərindən qənaətlə istifadə olunmasıdır.

“Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır” - deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin vətəndaş üçün çalışan, onun mənafeyini daim uca tutan idarəçilik modeli formalaşdırmaq niyyəti ilkin olaraq “ASAN xidmət”in yaradılması ilə öz həllini tapmışdır. Korrupsiyaya və neqativ hallara qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Azərbaycanın elmi innovasiyalar sahəsində qazandığı uğurlar yüksək dəyərləndirilir, habelə “ASAN xidmət” dünyada yeni və unikal model kimi səciyyələndirilir.

Bu da təsadüfi deyildir ki, Nazirlər Kabinetinin son iclasında ölkə başçısı “ASAN xidmət”in fəaliyyətinin və səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı tapşırıqlarını vermişdir. Məsələ bundadır ki, neft gəlirlərinin azaldığı yeni iqtisadi şəraitdə idarəçiliyin tam şəffaflaşdırılması, çevik və işlək mexanizmlərlə həyata keçirilməsi, xüsusilə də özəl sektorun mənafeyinin qorunması məsələləri son dərəcə aktual məsələlər kimi gündəliyə gəlmişdir. “ASAN xidmət” nümunəsində sivil idarəçilik modelinin formalaşdırılması üçün həm ciddi siyasi iradənin, həm də kardinal dəyişiklikləri dəstəkləyən ictimai münasibətlər sisteminin mövcudluğu təsdiqlənmişdir. 

 

Struktur islahatları – çevik hökumət modelinə keçid

 

İdarəetmənin təkmilləşdirilməsi tədbirlərinin davamı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev struktur islahatlarının davam etdirilməsini, bir-birini təkrarlayan dövlət qurumlarının ləğvini, dövlətin yaratdığı iri şirkətlərin idarəçiliyində şəffaflığın artırılmasını, ümumən maliyyə intizamının gücləndirilməsini vacib sayır.

İqtisadi və sosial məsələlərin həllinə həsr olunmuş iclasda bununla bağlı dövlət başçısı demişdir: “Struktur islahatlarının dərinləşdirilməsi üçün müvafiq addımlar atılır. Dövlət orqanlarının strukturu operativ, çevik və səmərəli siyasət aparılmasına şərait yaratmalıdır. Bir-birini təkrarlayan, yaxud bir o qədər də lazım olmayan dövlət qurumları birləşdiriləcək, ya da ləğv ediləcək”.

Artıq bu istiqamətdə müəyyən addımlar atılmış, bəzi dövlət qurumları ləğv edilmiş və ya birləşdirilmişdir. Növbəti mərhələdə fəaliyyət istiqamətləri oxşar olan dövlət qurumlarının konsolidasiyasının həyata keçirilməsi, dövlət aparatının saxlanılması xərclərinin maksimum dərəcədə optimallaşdırılması, büdcə yükünün azaldılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Məqsəd həm də dövlət qurumlarının fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, sahibkarların fəaliyyətinə dolayısı və birbaşa mane olan, onlara qarşı əsassız tələblər irəli sürən dövlət qurumlarının ləğv edilməsidir. Bundan başqa, böhran şəraitində idarəçilik xərclərinin, dövlət dotasiyalarının azaldılması da başlıca məqsədlərdəndir. Artıq bir neçə ildir ki, Bakı şəhəri də daxil olmaqla, bir sıra rayonlara dövlət büdcəsindən dotasiyaların verilməsi dayandırılmış, onlar özünümaliyyələşdirmə mexanizminə keçmişlər. Dövlət başçısı haqlı olaraq digər rayonların da bu mexanizmə keçmələrini, yerli xərclərin daxili gəlirlər hesabına təmin edilməsini vacib sayır.

Ən nəhayət, struktur islahatları çərçivəsində səhmlərində dövlətin payı olan bəzi şirkətlərin özəlləşdirilməyə çıxarılması antiböhran paketinin mühüm hədəflərindən biridir. Özəlləşdirmə prosesi böyük həcmdə yerli və xarici investisiyaların ölkə iqtisadiyyatına axınını təmin edə, eyni zamanda, biznes mühitini yaxşılaşdıra, iqtisadi canlanmanı sürətləndirə bilər.

 

Sahibkarlığın inkişafı daim prioritetdir

 

Antiböhran tədbirlərinin ana xəttində yenə də sahibkarlıq fəaliyyətinə mane olan süni maneələrin aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələləri dayanır. Etiraf etməliyik ki, hazırda respublikamızda inkişaf dövrünü yaşayan qeyri-neft sektoru neftin qiymətinin 4 dəfəyədək aşağı düşdüyü bir şəraitdə ölkənin mövcud tələbatını təmin etmək iqtidarında deyildir. Məhz buna görə də dövlət başçısı hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda da qeyd olunduğu kimi, dövlət başçısı İlham Əliyevin son 12 ildə imzaladığı bir sıra dövlət proqramları, ilk növbədə, regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmdirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks proqram sənədləri olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına təkan vermişdir. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını qoymuş, sahibkarlığın yüksəlişinə zəmin yaratmışdır.

Həyata keçirilən tədbirlər nəticəsində əhalinin ərzaqla təminatında idxaldan asılılıq əsaslı dərəcədə aradan qaldırılsa da, bu sahədə müəyyən məsələlər hələlik tam həllini tapmamışdır. Söhbət ölkədə idxalı tam əvəz edən yeni istehsal müəssisələrinin yaradılmasından, ixrac potensialının gücləndirilməsindən gedir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda haqlı olaraq qeyd etdiyi kimi, “Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas məsələsidir. Ancaq, eyni zamanda, inhisarçılığa da yol vermək olmaz. Bəzi hallarda bizdə təbii inhisarçılıq yaradılır. Çünki bazar o qədər də böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə görürsən ki, bütün bazarı öz əlinə götürür. Burada əlbəttə ki, Antiinhisar Xidmətinin rolu xüsusilə əhəmiyyətlidir. Biz elə etməliyik ki, sərbəst rəqabətə mane olan bütün amillər aradan götürülsün”.

Söhbət indiki halda Azərbaycanda ərzaq məhsullarının sırf daxili xammal əsasında istehsalı zəruriliyindən gedir. Belə olan təqdirdə beynəlxalq səviyyədə cərəyan edən hadisələr, o cümlədən devalvasiya prosesləri ölkənin daxilində istehsal olunan məhsulların qiymətlərinə mənfi təsir göstərə bilməyəcək. Onu da bildirək ki, antiböhran tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu il ərzində 100-dək belə müəssisənin yaradılması üçün sahibkarlara təxminən 250 milyon manat güzəştli kredit verməyi nəzərdə tutur. Sahibkarların yerli istehsala yatıracağı vəsaitlər də nəzərə alınmaqla, iqtisadiyyatın real sektoruna investisiyaların həcminin 1 milyard manata yaxın olacağı proqnozlaşdırılır.

İqtisadçı alim və iş adamı olaraq hesab edirəm ki, Azərbaycan məhsullarının beynəlxalq bazarda rəqabətqabiliyyətlilik imkanları geniş araşdırılmalı və bu xüsusda yeni istehsal müəssisələrinin açılması stimullaşdırılmalıdır. Xarici ticarətdə inhisarçılığın tamamilə aradan qaldırılması, idxalda azad rəqabətin təmin edilməsi də böhran şəraitində vacib addımlar sırasında olmalıdır. Bu sahədə ictimai nəzarət mexanizmləri gücləndirilməlidir. Ölkəyə xarici investisiyaların cəlbi üçün xüsusi rejimli - gömrük və vergi güzəştlərinin tətbiq olunduğu xüsusi iqtisadi zonaların yaradılması prosesi sürətləndirilməlidir.

Dövlət başçısının bir neçə gün əvvəl imzaladığı fərmanla ixracyönümlü məhsullar istehsal edən müəssisələr üçün güzəştlərin tətbiqi böhran dövründə mühüm addımlar sırasındadır. Ümumilikdə, 2016-cı il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin böyük əksəriyyəti məhz vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına xidmət edir.

Vergi Məcəlləsinə dəyişikliklər həm də tikinti sektorunun inkişafına təkan verəcəkdir. Ölkə başçısı cənab İlham Əliyev bu sahənin böhrandan çıxarılması vacibliyini xüsusi qeyd etmişdir: “İqtisadi fəallıq bütün sferaları, o cümlədən tikinti sektorunu da əhatə etməlidir. Tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər”.

Şübhəsiz, tikinti sektoru sahibkarlığın inkişafının əsas lokomotivlərindən biridir və iş yerlərinin təmin olunmasında önəmli rol oynayır. Bu sektorda fəallığın azalması həm məşğulluq problemlərinə yol açır, həm də tikinti məhsulları istehsal edən yerli müəssisələrin fəaliyyətinə mənfi təsir göstərir. Məhz buna görə də dövlət başçısı hesab edir ki, iş adamlarına qarşı əsassız tələblər yığışdırılmalı, tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. İpoteka kreditləşməsi yolu ilə böyük tikinti layihələri icra edilməli, bu sahədə təxirəsalınmaz tədbirlər görülməlidir.

Tikinti sektorunun inkişafı və böhrandan çıxarılması üçün bu sahədə idxalı əvəz edən tikinti materiallarının istehsalına ciddi diqqət yetirilməlidir. Məsələn, Azərbaycan şirkətləri uzun illərdir ki, pəncərə şüşəsini xaricdən baha qiymətə idxal etməyə məcbur qalmışlar, çünki bu məhsullara sektorda ciddi tələbat var. Fikrimizcə, ölkədə şüşə sənayesinin tənəzzüldən çıxarılması, idxaldan asılılığın azaldılması istiqamətində ciddi addımların atılmasına, o cümlədən fəaliyyətini dayandırmış Sumqayıt şüşə zavodunun əsaslı rekonstruksiyasına ehtiyac var. İnanırıq ki, ölkə başçısının siyasi iradəsilə sənayenin bu mühüm sahəsinin inkişafı üçün yaxın perspektivdə ciddi tədbirlərin həyata keçirilməsinə başlanılacaqdır.

 

Bankların fəaliyyəti və valyuta bazarı tənzimlənir

 

 Devalvasiya prosesləri ilə bağlı hazırda valyuta bazarında mövcud olan süni ajiotajı aradan qaldırmaq, milli valyutaya etimadı gücləndirmək hazırda antiböhran tədbirlərinin ana xəttini təşkil etməlidir. Dövlət başçısı cənab İlham Əliyev iqtisadi və sosial məsələlərin həllinə həsr olunmuş müşavirədə bununla bağlı vətəndaşlara şəxsən müraciət etmiş, indiki şəraitdə dollarlaşmanın təbii əsaslarının olmadığını bildirmişdir: “Manatın məzənnəsinin sabit saxlanması təkcə hökumətdən asılı deyil, vətəndaşlar da bu məsələdə hökumətlə bir istiqamətdə fəaliyyət göstərməlidirlər”.

Əhali tərəfindən manatın kütləvi şəkildə xarici valyutaya konvertasiyası ilkin dövrlərdə vətəndaşlar üçün sərfəli görünə bilərdi. Lakin uzunmüddətli perspektivdə bu, milli manata etimadın azalmasına, dollarlaşma prosesinin güclənməsinə, bank sisteminin problemlərlə üzləşməsinə, daha sonra isə maliyyə sisteminin və valyuta bazarının ciddi zərbə almasına, vətəndaşların özlərinin əziyyət çəkməsinə səbəb ola bilər. Hesab edirik ki, hazırda əlində olan son manatını belə dollara çevirməyə çalışan vətəndaşlara bu prosesin sonda nə ilə nəticələnə biləcəyi geniş izah edilməlidir.

Hökumət üzvlərinin də qeyd etdiyi kimi, manatın hazırkı məzənnəsi neftin 25 dollarlıq qiymətinə hesablanmışdır. Son günlər neftin qiymətlərində artım meyilləri müşahidə edilir və ekspertlər ilin ortalarında qiymətlərin 40-50 dollaradək yüksələcəyini proqnozlaşdırırlar. Bundan əlavə, Azərbaycanın 40 milyard dollardan çox olan strateji valyuta ehtiyatları, beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştirak etməməsi maliyyə böhranının təsirini zəiflədən əsas amillər sırasındadır. Belə olan halda, vətəndaşların kütləvi şəkildə dollar almaları heç bir iqtisadi məntiqə sığmır və sırf psixoloji amillərin nəticəsidir.

Onu da nəzərə almaq lazımdır ki, hökumətin bank və valyuta bazarının sabitləşdirilməsi istiqamətində atdığı addımlar, məbləğindən asılı olmayaraq bütün əmanətlərin sığortalanması mexanizminə keçid, habelə əmanətlərin dividendinin vergidən azad edilməsi, ölkədən valyuta çıxarılmasına vergilərin tətbiqi və digər addımlar manata etimadın zamanla bərpa olunmasına zəmin yaradır.

Yaranmış şəraitdə əsas antiböhran tədbirlərindən biri də xarici borclanmaya gedilməklə, ölkəyə valyutanın cəlb edilməsi olacaqdır. Hazırda bir çox ölkələrin xarici borclanması ÜDM-də 100-150 faiz təşkil etdiyi halda, Azərbaycanda bu göstərici cəmi 12,4 faiz təşkil edir. Belə vəziyyətdə Azərbaycan hökuməti xarici valyuta bazarlarından əlavə valyuta resursları cəlb edə bilər və bunun ölkənin iqtisadi-maliyyə sistemi üçün təhlükəsi minimal səviyyədədir. 

 

Vətəndaşların sosial müdafiəsi tədbirləri genişləndirilir

 

Respublikamızda son 12 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, bazar münasibətləri şəraitində qiymətlərin optimallaşdırılması əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir.

Devalvasiya prosesləri ilə əlaqədar vətəndaşlara dəymiş ziyanın maksimum dərəcədə kompensasiyası, sosialyönümlü tədbirlərin həyata keçirilməsi, süni qiymət artımlarına qarşı mübarizə tədbirləri, pensiya və məvaciblərin 10 faiz artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış önəmli addımdır. Müqayisə üçün bildirək ki, neftlə zəngin olan ölkələrin, bu gün neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində maaşların artırılması müşahidə edilməmişdir.

Ümumilikdə, ölkə başçısının irəli sürdüyü antiböhran tədbirləri ölkənin yeni iqtisadi siyasətə keçidinin əsas konturlarını müəyyən edir. Şübhəsiz, bu tədbirlərin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi devalvasiya ilə əlaqədar əhalinin keçirdiyi “şok terapiyası”nı tədricən aradan qaldıracaq, beləliklə, böhranın sabitləşmə və inkişafın bərpası mərhələlərinə keçidi təmin olunacaqdır. Bu tədbirlər, həmçinin iqtisadiyyatın bütün sahələrinin qarşılıqlı kömək mexanizmi əsasında sabitləşməsinə, biznes mühitinin liberallaşmasına və neftdən asılılığın minimuma endirilməsinə imkan yaradacaqdır.

Hazırda hər bir Azərbaycan vətəndaşı, o cümlədən özəl sektorun çoxsaylı təmsilçiləri ölkə başçısının yürütdüyü siyasət ətrafında sıx birləşərək hökumətin apardığı antiböhran tədbirlərini dəstəkləməli, bu prosesə öz dəstək və töhfələrini verməlidilər. Şübhəsiz ki, məhz xalq-iqtidar birliyinin nəticəsi kimi Azərbaycanın ən qısa zamanda üzləşdiyi böhranlı vəziyyətdən çıxacağına, sabit və tarazlı inkişaf yoluna qədəm qoyacağına qəti əminlik mövcuddur.

Qüdrət KƏRİMOV,
“Xəzər” ASC-nin sədri,
iqtisad elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında